İbrahim Nəbioğlu, jurnalist:
- İtalyan Ançelotti Braziliyanın himnini oxuyurdu, gördünüzmü?
Azərbaycan millisini türlü-türrü xaricilər çalışdırdı.
Bir dənəsi himnimizin bircə misrasını söyləyibmi heç?
Yox, təbii ki.
Niyə təbii ki?
Çünki çörəyimizin duzu yoxdur.
lll
- Qərbin hədəfli zərbələri Rusiyanın neft emalı sənayesini iflic etmək üzrədir. Bu şəraitdə Lukaşenkonun Pekinə uçması və yoldaş Siyə sığınmaq cəhdləri Kremlin geosiyasi çətinliyinin ən bariz göstəricisidir.
Məntiq deyir ki, Rusiyanın çöküşü Çinə sərf etmir, çünki növbəti hədəf Pekin olacaq. Amma Çinin praqmatik və ehtiyatlı xarici siyasəti Moskvaya gözlənilən açıq hərbi və ya böyük iqtisadi qalxanı verməyə bilər. Əgər Pekin geri çəkilərsə, Rusiyanın Qərb qarşısında müqavimət gücü tamamilə qırılacaq.
Proseslərin bu ssenari ilə getməsi təkcə Rusiyanın daxili sabitliyini deyil, bütün Avrasiya məkanındakı güc balansını kökündən sarsıdacaq. Neft sənayesi çökmüş bir Rusiya nələrlə üzləşəcək? Biz bəlkə də tarixin ən böyük geosiyasi qırılma nöqtələrindən birini canlı izləyirik.
Kəramət Böyükçöl, şair:
- Həmişə İsraili Azərbaycana dost ölkə hesab etmişəm. Amma bu dostluq mənim üçün Türkiyə ilə qardaşlıqdan öndə deyil, sonradır. Nə yaxşı ki, Azərbaycanın dövlət mövqeyi də bu cür oldu.
Aydın məsələdir ki, İsrailin qondarma erməni soyqrımını tanıması Ermənistanı sevdiyinə görə deyil, Türkiyəni sevmədiyinə görədir.
Buna ən gözəl cavabı isə Paşinyan verdi. İsrailə təşəkkür etmək əvəzinə dedi ki, sənin bu qərarın bizim dövlət maraqlarımıza uyğun deyil.
Adil Həsənoğlu, publisist:
- Bakı-Tbilisi qatarına bilet almağı bacaran olubmu mənim dostluğumda?
Yalçın İslamzadə, təhsil üzrə ekspert:
- Təhsil naziri hörmətli Emin müəllimin hesabatlılığı və açıqsözlülüyü cəmiyyət tərəfindən təqdir olunur. Yaxşı haldır ki, bir nazir tez-tez ictimaiyyət qarşısında çıxış edir, mübahisə yaradan məsələləri belə açıqca müzakirə etməkdən çəkinmir.
Bu kontekstdə üç məsələ maraqlı görünür:
1. Sertifikasiya
Belə görünür ki, sertifikasiya nəticəsində minlərlə müəllim işsiz qalır, onların bundan sonra nə ilə məşğul olacaqları məlum deyil. Aşağı balla pedaqoji fakültələrə qəbul aparmaq, şişirdilmiş büdcə ilə hamısını işlə təmin etmək, büdcə kiçiləndə isə işdən çıxarmaq doğru deyil. Öz ixtisasına dair imtahandan keçə bilməyən müəllimlər günahkar deyil, qurbandırlar.
Sertifikasiya pedaqoji fakültələrin müəllimləri arasında da aparılmalıdır. İmtahana xarici dil də daxil edilməlidir. Bu gün xarici dil bilməyən bir şəxs öz ixtisasındakı yenilikləri izləyə, dünyayala ayaqlaşa bilməz. Pedaqoji fakültələrdə çoxsayda müəllim var ki, təhsilin fəlsəfəsini, nəzəriyyəsini, müasir tədris və ölçmə metodlarını bilmirlər. Staja gələn 4-cü kurs tələbələri ilə yüngülvari müsahibə kifayət edir ki, onların necə hazırlıqsız olduğu görünsün.
Maraqlıdır, neçə fakültə, müəllim "American educator" və ya "International journal of science education" jurnallarına abunədir? O jurnallarda pedaqoji fakültələrin müəllimləri son tədqiqatlarını nəşr edirlər.
Sosial institutun (universitetin) legitimliyi etimada dayanır. Pedaqoji fakültələr müəllim hazırlama etimadını doğruldurmu?
2. Tarix kitablarının xronologiyadan ibarət olması tənqidi
Haqlı tənqiddir, ancaq meyarları ETN müəyyən edib müəlliflərdən bu meyarlara görə dərslik yazmalarını tələb etməlidir. Müəllifə qalsa, vərdiş etdiyi formada yazacaq, qaçılmazdır.
3. Əhalinin oxuduğunu anlamaması təndiqi
Təəccüblüdür? Xeyr. Azərbaycan dili və ədəbiyyat birlikdə 6 saatdır. 3 saata dil+ədəbiyyat dərsi keçmək, digər 3 saata isə fəlsəfə, sosiologiya, psixologiya kimi humanitar fənləri sintez edib başqa bir dərs təqdim etmək olar. İndiki dövrdə terminologiya və tənqidi təfəkkür çox vacibdir. Şifahi xalq ədəbiyyatı və klassiklər tənqidi təfəkkürü inkişaf etdirə bilməz. Ana dilinə hörmət sadəcə ana dili dərs saatı ilə müəyyən olunmur, ana dilində düşünməklə müəyyən olunur.
Belə görünür ki, yaşlı pedaqoji fakültə mənsubları, dil-ədəbiyyat saatlarının azalmasına qarşı "vətən-millət" arqumentləri ilə etiraz edəcək filoloqlar və tarixi xronologiyadan başqa şəkildə təqdim edə bilməyən müəlliflər yeniliklərə ciddi müqavimət göstərirlər.
Elçin Rüstəmli, jurnalist:
- Bayaq AMAY-da yerləşən "Araz market"də çox təsirli mənzərə ilə qarşılaşdım. İşçi geyimində, tər-su içində orta yaşlı bir kişi kolbasa satılan piştaxtanın qarşısında xeyli dayandı, qiymətlərə baxdı, çək-çevir elədi, sonra bir qutu ucuz peçeniya götürüb marketdən çıxdı. 15-20 addım aralanmışdı, bir polis əməkdaşı onu arxadan səslədi, kişi eşitmədi, sonra qaça-qaça ona yaxınlaşıb əlində tutduğu paketi ona uzatdı.
- "Kolbasa və çörəkdi, bir də su. Halal xoşun olsun əmi, naharda yeyərsən" deyib cavab gözləmədən uzaqlaşdı...
lll
- Ursula xanım Bakıdan nə istədi, bizə nə təklif etdi?
İyunun 1-də Bakıda Prezident İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bəyanatlarını diplomatik dildən normal dilə tərcümə etsək, ortada çox maraqlı mənzərə var.
Avropa İttifaqı (Aİ) bizdən real olaraq nə istəyir və qarşılığında nə təklif edir?
Aİ-nin 3 əsas istəyi var.
Sülhü sürətləndirmək:
Vaşinqtonda Trampın şahidliyi ilə paraflanan sülh mətninin tam icrasını, Ermənistanla iqtisadi-nəqliyyat əlaqələrinin dərhal canlanmasını istəyirlər. Bakının İrəvana benzin/dizel verməsini və elektrik xətti təklifini xüsusi alqışlayırlar.
Daha çox qaz:
Avropanın bizim qaza ehtiyacı var. Ursula xanım açıq deyir: "Daxildə yaşıl enerjiyə keçin ki, əlinizdə qalan qazı bizə satın".
Yeni saziş:
İllərdir masada qalan Hərtərəfli Sazişin tezliklə imzalanmasını istəyirlər.
Bəs qarşılığında nə verirlər?
200 milyon avro qrant (və bunun sayəsində 2 milyard avroyadək investisiya cəlb etmək imkanı). Bu pul Naxçıvandan keçən dəmir yolu və Bakı Limanının genişləndirilməsinə xərclənəcək.
20 milyon avro sülhün inkişafı və minatəmizləmə üçün maliyyə paketi.
Onun mətbuta bəyanatında daha 2 mühüm detal var.
Ursula xanım "Zəngəzur dəhlizi" ifadəsini işlətmir, amma diplomatik şəkildə "Naxçıvandan keçən dəmir yolu bağlantısı" deyərək bura pul ayırdıqlarını elan edir. Yəni Qərb bu xətti dəstəkləyir.
Rəsmi Bakı isə sülh prosesində ABŞ-ın və xüsusilə Tramp administrasiyasının şahidliyini xüsusi vurğulamaqla Avropaya öz mesajını verir.
Beləliklə, Avropa deyir ki, regionda yolları açın, inteqrasiyanı başladın, bizim də enerji təhlükəsizliyimizi təmin edin - biz də sizi regional "hab" edək və milyardlarla investisiya yönəldək.
Asif Nərimanlı, jurnalist:
- İsrailin qondarma "erməni soyqırımı"nı tanıması Ankara-Tel-Əviv xəttində Qəzzada başlayan, Suriyada açıq müstəviyə keçən, İran müharibəsində daha da kəskinləşən prosesin məntiqi nəticəsidir. Təl-Əviv bundan Ankaraya qarşı kart kimi istifadə edir, eyni zamanda, erməni məsələsini Yaxın Şərq siyasətində təsir imkanlarını genişləndirə biləcək fürsət olaraq görür. Gideon Saarın hökumətin qərarını əsaslandıran çıxışında "Livan və İranda böyük erməni icması, Qüdsün erməni məhəlləsi" mesajı da bu kontekstdə oxuna bilər.
Lakin Netanyahu hökumətinin qərarının ən çox İsrail üçün qeyri-məqbul nəticələrini görmək mümkündür.
Birincisi, Yaxın Şərqin erməni icması siyasi və praktiki olaraq, İsrailin bölgə ilə bağlı planlarında təsiredici potensialına malik deyil.
İkincisi, Ermənistan hökumətinin Türkiyə ilə normallaşma xətti İsrailin qərarının rəsmi müstəvidə effektini minumuma endirir.
Üçüncüsü, bu qərar beynəlxalq müstəvidə nəticəsizklə üzləşəcək, çünki erməni məsələsində Türkiyə üçün mənfi, Ermənistan üçün müsbət mənada ən pik nötqəsi Baydenin "soyqırımı" deməsi olub və bundan sonra veriləcək qərarlar, deyiləcək sözlər "mənfi saldo"ya bərabərdir.
Dördüncüsü, İsrailin qərarı Holokosta alternativ olması baxımından "öz ayağına sıxmaq" kimi də qəbul edilə bilər.
Bu qərar Türkiyə üçün nə hüquqi, nə siyasi müstəvidə ciddi təhlükə yaradır, əksinə, mənfi nəticələr fonunda İsrailin özünə ziyanlıdır. Və hər iki ölkə ilə yaxın münasibəti olan, qardaşla dost arasında körpülərin tamamilə yanmamasına çalışan Azərbaycanın siyasəti üçün arzuolunan hal deyil.
Qərarın tam qüvvəyə minməsi üçün Knessetdə keçiriləcək səsvermənin müsbət nəticələnəcəyi ehtimalı yüksək görünmür.
Etibar Əliyev, fəlsəfə üzrə fəlsəfə doktoru:
- QOCALIQ KRİTERİYASI
Böyük fransız yazıçısı Andre Morua yazır: "Canlı varlıqlar təbiətə nə qədər sıx bağlı olursa, onların öz ahıllarına münasibəti də bir elə şərtləşir. Məsələn, yaşlanan qurd öz şikarını saxlayıb, parçaladığı müddətcə öz sürüsündə böyük nüfuz sahibi sayılır. Kiplinq özünün "Cəngəllik kitabı"nda getdikcə zəifləyən yaşlı canavarın sürünün qabağına düşüb, ova yollandığı zaman cavan həmnövlərinin ona necə dərin hiddət duyduğunu qələmə alıb. Akelanın öz şikarını caynağından qaçırdığı gün onun sürü başçısı kimi sonuncu gününə çevrilir. Cavan canavarlar bu dişsiz heyvanı qovmaqla, sürüdən cüda salırlar. Bu baxımdan ibtidai insanlar da vəhşi heyvanlar kimi davranmışlar. Afrikaya səfər edən bir səyyah ahıl yaşdakı yerli qəbilə başçısının yalvararaq, ondan saç boyasının istədiyini və bunu nə ilə əsaslandırdığına diqqəti çəkib: "Başçısı olduğum qəbilənin üzvləri saçıma dən düşdüyünü görsələr, mütləq canıma qıyacaqlar". Cənub dənizindəki adaların birində məskunlaşan insanlar yaşlıları kokos ağacına dırmaşmağa məcbur edir, sonra isə həmin ağacları silkələyirlər. Ağacdan yerə düşməyən qoca dərhal yaşamaq hüququ qazanır. Əgər o, dəymiş meyvə kimi ağacdan qopurdusa, əlüstü ölümə məhkum edilirdi. Bu, bizə qəddar yanaşma kimi görünə bilər, amma bizim də özümüzə xas "kokos ağaclarımız" var axı!
Yüksək inkişafa malik ölkələrdə isə bunların tam əksi yaşanır: orada zənginlərin əksər qismi məhz ahıllar olduğundan onlara xüsusi sayğı və qayğı ilə yanaşırlar. Orada ahılları gərəksizmiş kimi bir kənara atmırlar, çünki ciddi sosial islahatların aparıldığı toplumlarda həyat təcrübəsi görünməmiş bir dəyər qazanır. Amma cavan yaşda özünə uğurlu karyera quran ahıl insan da illah, cavan görünməkdən ötrü istənilən yola baş vurur. Ahıl canavar kimi, o da öz çarəsizliyini hər vəchlə gizlətməyə çalışır. Beləliklə, təbii ritmə uyğunlaşmaqla, cavanlıq ilə qocalıq bir-birini qarşılıqlı biçimdə əvəzləyir. Bunun əksini arzulamaq isə tamamilə mənasızdır. Bəlkə iki nəslin dinc yanaşı mövcudluğunun ən əlverişli üsulu da elə budur: cavanlar sükan arxasına keçir, müdrik qocalar isə dövlət müşaviri vəzifəsini tuturlar".
Tərcümə Azad Yaşarındır.
çap et