El sözüdür ki, adam adama oxşayar. Qardaşın-bacının, qohumun-əqrəbanın bir-birinə bənzəməsi təbiidir. Amma hərdən buna da rast düşürsən ki, yaxından-uzaqdan bir-birinə əsla aidiyyəti olmayan iki nəfər bir-birinə qoşa alma kimi bənzəyir.
Böyük Salman Mümtazın şəklinə baxıb nəvəsi Urxun Qalabəyovu görən elə Ustadla üz-üzə dayanmış kimi olur - şişirdib eləmirəm, məhz bənzəyiş o qədər çoxdur. Təsəvvür edin ki, bu, hələ Mümtazın qızı tərəfdən nəvəsidir. Qanın gücünə baxın! Odur ki, tələbəlik illərindən - 1970-lərin ortalarından yaxın olduğumuz və indi də vaxtaşırı görüşümə gələn Urxunu hər görəndə sevinirəm, özümü elə baba Mümtazla qarşı-qarşıya dayanmış kimi sayıram. Urxunun zahirən Salman Mümtaza oxşayışında təəccüblü olan heç nə yoxdur, biri baba, biri nəvədir - dost-doğma. Amma çox illər öncə Salman Mümtazın cavanlıq şəkillərindən biri ilə ilk dəfə qarşılaşanda mat qalmışdım, elə bil Ədalətin fotosu idi, sadəcə, geyimi ayrı bir çağın dəbində. Eyni nəsildən olmaya-olmaya, heç bir-birinə ən uzaq qohumluğu da çatmayan, fərqli vaxtın insanlarının belə oxşarlığının gizlinci nədir? Bu sualın cavabını Allah Özü bilir, ancaq arxada qalan onillərin, həmin uzun zaman parçasında Ədalət Tahirzadənin gördüyü işlərin həcmi və fəlsəfəsi açıqca təsdiqləyir ki, elə birbaşa qohumdurlar. Ruh qohumluğu, mənəviyyat üst-üstə düşməkliyi elə tədricən adamı zahirən də oxşar edə bilir!
Ədalət gəlib yetişdi 75-nə və bu münasibətlə işlədiyi Bakı Avrasiya Universiteti 2026-cı il mayın 15-də bir elmi konfrans təşkil etmişdi. Amma belə yuvarlaq ildönümlü elmi məclislərin əvvəlində adətən yubilyar haqqında söz demək ənənəsi var. Mən də o konfransda həm Ədalət haqqında çıxış etdim, həm sonra bölmə iclasında məruzəm oldu.
Rəhmətlik Əkrəm Cəfərin bir sözü vardı ki, fikrin quşunu qaçırmaq olmaz, gəldimi, gərək dərhal tutasan, çünki fürsəti fövtə verəndə çox olur ki, o fikir heç bir də təzədən geri qayıtmır.
Həmin gün də mən sözümü dedim, zal dolusu adam dinlədi və söylənənlər efir boşluğunda əriyib itdi. Ha çalış, bir də heç vaxt o cür deyə bilməzsən. Qələm götürüb, ya bilgisayar arxasına keçib yeni nəsə yazarsan, ancaq həmin anda başqa ilhamla, başqa ovqatla söylədiklərindəki hərarət və çırpıntı yazdığında heç vədə bütünlüyü ilə görünə bilməyəcək. Yaxşı ki, ogünkü çıxışlar çəkilirmiş və mən də özümün hissəmi xahiş edib aldım, kağıza köçürdüm, bu minvalla da fikrin quşunu tutdum ki, uçub getməsin, məndən Ədalətin 75 illiyinə yadigar kimi qalsın.
***
Ədalət Tahirzadənin bu yaşa çatana qədər yaşadığı ömür Azərbaycan ziyalısının millətə xidmət örnəyidir. Ona görə də bu ömür haqqında düşünmək və danışmaq Azərbaycan ziyalısının, Azərbaycan ziyalılığının ortaya qoyduğu işlərin gələcəyinin necə davam edəcəyi və necə davam etməsini arzulamağımız haqqında fikir bölüşmək deməkdir. Ədalət Tahirzadənin keçdiyi yol bir ülgüdür. Bu ülgüyə uyğun olaraq təhsilimizi, elmimizi, ziyalılığımızın düşüncə istiqamətini qura bilsək, gələcəkdə uğurlarımız və millət olaraq yüksəlmək imkanımız daha çox ola bilər.
Ədalət Tahirzadəni düşünərkən Azərbaycan elmində ad çıxarmış, iz qoymuş sıra-sıra insanlar göz önündən keçir. O qafilədən olan məşhurlardan biri - unudulmaz alimimiz, akademik Həmid Araslının atası Məhəmmədtağı Ərəszadə (1867-1911) XIX yüzilin sonları, XX əsrin əvvəllərində Gəncənin çox görkəmli və izzətli din xadimlərindən, seçkin ziyalılarından olmuşdu. Məhəmmədtağı Ərəszadənin əsərlərindən günümüzə çatanları da var. O, dinin fəlsəfəsi, din ilə həyat arasındakı əlaqələr mövzusunda və biliyə söykənən, mövhumatdan gözəl əsərlər yazıb. Kitablarından savayı, dövrün bir sıra dərgilərində də onun yazıları qalmaqdadır. Ancaq onun haqqında Sabirin bir taziyanəsi də əvvəlcə "Molla Nəsrəddin"in, sonra isə "Hophopnamə"nin səhifələrində tarixləşib. Molla Ərəszadə qəzetə uzun bir yazı təqdim edibmiş, hər nömrədə "ardı var" qeyd edərək mabədini növbəti nömrədə verirlərmiş. Mirzə Ələkbər də o ara redaksiyaya müraciət edir, yeni şeirlərinin çap olunmasını arzulayırmış, amma hər dəfə bu cavabı alırmış ki, gözləyin, Ərəszadənin silsiləsi bitsin, sonra sizin də şeirləri dərc edərik. Sabirin səbr kasası daşır, məşhur taziyanəsini - qırmanclamasını qələmə alır:
Molla Ərəszadənin, vay, yenə mabədi var,
Yazdığının yox sonu, ənənə mabədi var.
Gündə çıxan qəztənin bircəsi boş keçməyir,
Bir gecəlik mətləbin yüz sənə mabədi var.
Ədalət Tahirzadə elə dolu bir həyat yaşayıb ki, onun təxminən 50 ilə sığan yaradıcılıq ömrü haqqında hələ tam yox, ən zəruri təfsilatları ilə danışası olsaq, gərək mabədi çox davam edəcək neçə belə yığıncaq təşkil edilə.
1970-ci illərin sonlarında mən və başqa dostlarımız Elmlər Akademiyasının aspiranturasında Ədalət Tahirzadə ilə birlikdə təhsil alırdıq. Tanışlığımız da məhz həmin dövrə təsadüf edir. Əsrin yarısı uzunluqlu bu müddət boyunca Ədalətin hansı elm, ziyalılıq, vətənçilik yolu keçdiyini irili-xırdalı ayrıntıları ilə yaxşı bilirəm, çünki həmin onillər gözlərim önündə, şahidliyimlə keçib.
Ədalətin bu müddət ərzində gördüyü işləri sadəcə sadalamaq onun kim olduğunu, Azərbaycan elmi, təhsili, milli düşüncəmiz tarixində hansı yükü daşıdığı və hansı izləri qoyduğunun əyani xəritəsini canlandırar.
Ədalətin gördüyü ayrı-ayrı işlər - elmimizdə, publisistikamızda, tariximizdə yadigar qoyduğu əsərlər haqqında, bu araşdırmaların və yazıların fəlsəfəsi barədə düşüncələri qısaca da olsa bölüşməyə ehtiyac var.
Ədalətin gördüyü işlər ondan onillər və yüzillər qabaq millət aydınlarının xalqı və yurdu qaldırmaq, dəyərlərimizi qoruyub saxlamaq, bizimki olan yaddaşı hifz etmək istiqamətindəki fəaliyyətlərinin yeni çağa uyğun davamı deməkdir.
O, ali məktəbi bitirincə bir kənd məktəbində dərs deməyə başlayıb, müəllimlik edib. Yaşın və yaradıcılığın müəyyən mərhələsində jurnalistika və publisistika ilə məşğul olub, qəzetçilik həyatının vacib bir hissəsinə çevrilib.
Bunlar elə istiqamətlərdir ki, bizim köhnə maarifçilərin təqribən hamısı üçün səciyyəvidir - həm bilavasitə sinif otağında dərs demək, həm də müəllimliyini uzaq məsafədən - qəzet-jurnal səhifələrindən davam etdirmək.
Yolunun başlanğıcında Ədalət Elmlər Akademiyasının "Elm" qəzetinin ilk redaktoru oldu. O zaman həmin qəzetə mən də yazırdım. Bu qəzetçilik, mətbuatçılıq və həmin gedişatda publisistikanın da sirlərinə yiyələnmək ona imkan verdi ki, elmlə publisistikanın, araşdırıcılıqla yazıçılığın arasında bir xətt tutaraq Azərbaycan maarifçiliyini yaşatsın.
Özü də onillər üst-üstə qalaqlanandan sonra anlayırsan ki, sanki bu, alın yazısı kimi bir şeymiş, gərək bütöv olmaqçün o mərhələlərdən də keçəsənmiş.
Ədalət bütün digər gərəkli fəaliyyətlərini bir kənara qoyaraq əvvəldən yalnız dilçiliklə məşğul olsaydı, Azərbaycan dilinin müxtəlif məsələləri ilə bağlı türkoloji araşdırmalarını bir xətt üzrə sona qədər davam etdirsəydi, onun bu sahədəki uğurları indikindən qat-qat çox olardı, həm özü ən öndəgedən dilşünaslardan biri kimi şöhrətlənərdi, həm də onun araşdırmalarının vasitəçiliyi ilə bugünkü Azərbaycan dilçiliyinin mənzərəsi də daha sağlam və daha bəhrəli olardı. Çünki bu istiqamətdə bizim görəcək işlərimiz hələ həddən artıq çox, heyiflər ki, ildən-ilə də umduqlarımızın müqabilində əldə etdiklərimiz həddən artıq cüzidir. Azərbaycan dilşünaslığının arıtlanmağa, durulmağa çox ciddi ehtiyacı var.
İndiyəcən hətta dilçiliyimizin terminolojisini anadilliləşdirə bilməmişiksə, artıq nə deyəsən? Hətta "mübtəda", "isim", "feil", "ədat" və digər əcnəbi kəlmələrə haçansa dəyişilər deyə birtəhər dözmək mümkünsə də, azərbaycancanın, bütövlükdə türkcənin ruhuna zidd olan "feili sifət", "tərzi-hərəkət" kimi bir silsilə sanki dilin dibinə işləmiş qanqal ifadələri görüncə dil təmizliyi yolunda, "sərf-nəhv"imizin sonacan özümüzünküləşdirilməsi səmtində görülməli işlərin nə qədər çox olduğu üzə çıxır. Dilşünaslıq dilimizin özünün kifayət qədər sağlam olmaması, müalicəyə ehtiyac duyması Ədalət düşüncəli və səriştəli dilçilərimizin özləri ola-ola yerlərinin nə qədər görünməsinin nişanəsidir. Bir var sən hansısa dildən söz götürürsən - bu, təbii bir gedişatdır. Dünyanın hər xalqı başqa dillərdən sözlər götürür, istifadə edir və onları müəyyən zaman keçəndən sonra vətəndaşlaşdırır, ya onunla xudahafizləşir. Amma elə məsələlər var ki, o, dilin təbiəti ilə bağlıdır. Biz ayrı bir dildən o dilin qrammatik ruhu ilə bağlı olan qəlibləri hazır şəkildə gətirib öz dilimizdə tətbiq etməməliyik. Onda biz dilimizin təməllərini zədələyirik. Əgər bu günə qədər izafət tərkibləri dilimizdə (və daha pisi, dilçiliyimizdə) qalırsa, qrammatikamızda bu cür ifadələri işlətməyə davam ediriksə, deməli, dilimizi hələ çox sığallamalı və çox islah etməliyik.
Bunlar çox mühüm siyasi və milli mənası olan mətləblərdir ki, Ədalət Tahirzadə kimi kökə bağlı, dilin saflığı aşiqinin bayramında səsləndirilməyib harada dilə gətiriləsidir ki!
Elm yolunu linqvist kimi başlayan Ədalət dilçilik çərçivəsinə sığmadı. O, dilçilik müstəvisində peşəkar araşdırmalarını apara-apara analitik elmin, akademik tədqiqatçılığın qəliblərinə yiyələndi.
Ədalət Tahirzadənin bugünkü Azərbaycan gerçəkliyində, yurdun ziyalı mühitindəki qabarıq görünən başlıca keyfiyyəti azərbaycançılıqdan və maarifçilikdən ibarətdir.
Onun maarifçiliyinin iki istiqamətinin bizə son dərəcə qiymətli və əks-sədası çox uzaqlara çatacaq məhsulları olub.
Tariximizdə təzkirəçiliyin yeri məxsusidir. Bu qaynaqlar keçmişləri görməkçün mötəbər gözlüklərdir. Təzkirəçiliyin təxminən XI əsrdən gələn tarixi var. "Lübab ül-əlbab" adlı ilk təzkirəni XI əsrdə Məhəmməd Övfi tərtib edib. O vaxtdan bəri təxminən 800 tutarlı (hamısını saysan, miqdar ikiqat artar) təzkirə var ki, onların əsasında biz keçmiş ədəbiyyatımızı, tariximizi, şəxsiyyətlərimizi tanıyıb öyrənirik.
Dünənə körpü atan ikinci istiqamət isə salnaməçilikdir. Bu da keçmişi görmək, dünənlərdəki həyatı dərk eləmək, tarixin içindən keçmiş insanlar haqqında bilgilər əldə etmək üçün əvəzolunmaz şahidlərdir. Salnaməçiliyin müsəlman Şərqində zəngin təcrübəsi, ərəb-fars, türk dillərində mötəbər örnəkləri var. Milli elmi təfəkkürdə yeri olan bu ənənələr gərək mütləq yaşasın, amma yaşayan ənənələr hökmən çağdaş qəliblərə, çağdaş təliflərə də uyğunlaşdırılmalıdır.
Günlərin birində Ədalət Tahirzadə Azərbaycanda 1980-ci illərin sonlarının taleyüklü hadisələrinin baş verdiyi günləri izləyə-izləyə vaxtına qızırqanmadı, vaxt güzgüsü olan "Meydan: 4 il 4 ay" əsərini - Azərbaycanın müstəqillik qazanması yolunda Meydan hərəkatı başda olmaqla, ölkəmizdə yaşanmış ən önəmli hadisələrin salnaməsini yaratdı.
Belə salnamə yaradıcılığı Azərbaycanda və Şərqdə yeni bir hadisə deyildi. Salnamə yaradıcılığının arxada qalan tarix içərisində çoxlu örnəkləri vardır. Ancaq Ədalət Tahirzadə bu əsəri ilə məhz yeni çağın tələblərinə uyğun salnaməçiliyin yeni bir modelini yaratmağı bacardı.
Müasir Azərbaycan salnaməçiliyində bir ad var ki, biz onu həmişə minnətdarlıqla qiymətləndirməliyik və gələcəkdə də o insanı müdam sayğıyla yad edəcəklər. Çağdaş Azərbaycan salnaməçiliyində misilsiz zirvə olan Qulam Məmmədli (1897-1994) bütöv Azərbaycan salnaməçiliyi tarixində büsbütün yeni bir xətt açdı. Onun yaratdığı Azərbaycan teatrı salnaməsi, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Üzeyir Hacıbəyli, Mirzə Cəlil, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Nəriman Nərimanov kimi parlaqların ömür salnamələri həm ənənəvi idi, həm də ənənəvi salnamələrə qətiyyən tay olmayan büsbütün yeni ömürnamələrdi.
Qulam Məmmədli o salnamələri yaradarkən bəzən öz müşahidələrinə arxalansa da, daha çox köhnə mətbuatdan, arxiv sənədlərindən istifadə etmişdi. Ədalət Tahirzadə isə Meydan Salnaməsini qələmə alarkən özü hadisələrin tən mərkəzində idi. İştirakçı kimi yox, müşahidəçi olaraq. Qolundakı saata baxaraq. Baş verən hadisənin, danışılan sözün saatını, dəqiqəsini də qeyd edərək! Elə buna görədir ki, onun salnaməsini tarix araşdırıcıları ən danılmaz, ən inanılmalı qaynaq sayırlar.
Bir dəfə idman mövzusunda çəkilmiş bir məzəli rəsm qarşıma çıxdı - yüngül atletlər start xəttində düzülüblər, işarəni gözləyirlər ki, qaçışa başlasınlar. Onlardan az aralıda bir fotoreportyor dayanıb. Bunlar qaçmağa başlayınca o da götürülür, məqsədi finiş xəttini birinci keçərək lenti qıracaq qalib idmançını həmin anda çəkməkdir. Fotoreportyor elə sürətlə şığıyır və o qədər məqsədyönlüdür ki, medal almaqçün qaçışanların hamısını ötür, finiş xəttinə qaçışçıların ən birincisindən daha əvvəl çatıb keçir. Ədalət Tahirzadə də aşağı-yuxarı elə bu sayaq. Həmin fırtınalı dörd il dörd ayın içərisində Ədalət yayda, qışda, gecə, gündüz, soyuqda, qarda, qızmarda əlində qələm ayaq üstə, oturmuş, bükülmüş, bir küncə qısılmış halda canlı tarixi nəfəs duyumu yaxınlığından yazıya alıb ki, onları gələcək nəsillərə ötürsün.
Əslində hadisələrin qaynar nöqtəsində bu cür əliqələmli azərbaycanlı obrazı da bizimçün təzə deyil. Yaxın zamanın, elə Ədalət Tahirzadənin də müasiri olduğu dövrün içində Xəlil Rza Ulutürk kimi də vaxt stenoqrafçısı vardı ki, hansı məclisdə görsən, qoltuğunda bir dəftər, əlində bir qələm baş verənləri yazardı; yaxud nisbətən uzaqda, XVI yüzildə Füzulinin cavan müasiri Rindi Bağdadi var idi - Füzuli əhatəsindəki Bağdad şairlərindən və salnaməçilərindən biri; ya onun çağdaşı Əhdi Bağdadi. Xəlil Rzanı görmüş, onları görmüş. "Gülşən-i şüəra" təzkirəsi Rindidən bəhs edərkən təsdiqləyir ki, haçan, harada görsən, əlində bir dəftər vardı, bu məclisdən o məclisə gedər, insanların söylədiklərini kağıza köçürərdi.
Bir var ağızdan çıxanları, gözünün önündən keçənləri qeydə alıb kağıza köçürəsən, bu, sadə salnamə deməkdir. Amma təfəkkürlü bir insan, xüsusən Ədalət Tahirzadə kimi elmdən salnaməçiliyə gəlmiş adamın ortaya qoyduğu bəhrələr başverənləri sadalamaq çərçivəsindən çıxaraq ciddi bir tarixi mənbə siqləti daşımağa başlayır.
Azərbaycanın xaricdə təhsil almış gənclərinin, o cümlədən, Azərbaycanda Şura hökuməti gələnədək - 1920-ci ilə qədərki təhsil tariximizin araşdırılması və onun nəticələrinin bəhrələrinin ortaya qoyulması çox mühüm işdir. Çünki uzun müddət insanların şüuruna belə bir saxta müddəanı yeritməyə çalışırdılar ki, Azərbaycana maarif, işıq, elm yalnız sovet hakimiyyəti qurulandan sonra, XX yüzillikdə gəlib, insanlar ziyalanıblar və geridə qalmış, çökmüş bir yurd və cahil xalq imperiyanın açdığı qapı, göstərdiyi lütfkarlıq, səxavətlə verdiyi maarif, bilik sayəsində irəliləmiş bir ölkəyə çevrilib.
Ədalət Tahirzadənin tanınmış maarif xadimi Misir Mərdanovla bir yerdə araya-ərsəyə gətirdiyi on cildlik "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı əsər həm də milli təzkirəçiliyimizin çağdaş zamandakı yeni bir şəklidir.
Təzkirə nə idi? Ayrı-ayrı insanların ömür yolu, yaradıcılığı barədə qısa bilgilər verən qaynaqlar. Çox zaman da həmin məlumatlar daha çox tarixi lətifələr biçimində olurdu və həmin soraqlara əsaslanaraq gerçək tarixi bərpa etmək çətindən-çətin bir işdir. Ancaq, necə deyərlər, arxivlərdə saç-saqqal ağartmış, yazdığı hər cümləni bir arxiv bəlgəsi ilə möhürləyən Ədalət Tahirzadə təzkirəçiliyinin ardında ciddi elm dayanır. O, sadəcə, ayrı-ayrı adamlar haqqında bilgi vermir, həm də gələcəkdə o şəxsiyyətlər, o period haqqında, o dövrün içində cərəyan edənlərdən ortaya çıxacaq daha ciddi elmi araşdırmalar üçün bir təkan nöqtəsinə çevrilir. Ona görə Ədalət Tahirzadənin bu istiqamətdə gördüyü işlər müstəsna dəyərə malikdir.
Hər bir xalq yeni zaman qoynunda irəliləyərkən çalışır ki, onun daha uğurlu sabahlarını quracaq layiqli övladlar yetişdirsin, zamana uyğun kadrlar tərbiyələndirsin. Vaxtilə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulduqdan dərhal sonra gələcəyə bağlı ən təxirsiz işlərdən biri olaraq qərara alınıb ki, 100 tələbə xaricdəki aparıcı təhsil ocaqlarında oxumağa göndərilsin. Ölkənin maddi baxımdan ən ağır bir dönəmində xəzinə hesabına 100 gənc Qərbi Avropaya, Rusiyaya ali təhsil almağa yola salınıb. 1946-cı ildə Cənubi Azərbaycanda Milli Hökumət qurularkən də eyni niyyət aktual idi. Azərbaycana sovet hökuməti illərində rəhbərlik edən Heydər Əliyev də çalışırdı ki, sərhədlərin qapalı əyyamlarında Azərbaycanın gəncləri heç olmazsa əlimiz çatan coğrafiyada ali təhsilə, Azərbaycanda öyrədilməyən ixtisaslara yiyələnsinlər. Bunun səmərini bərpa edilmiş müstəqillik dönəmində Azərbaycandan kənardakı qabaqcıl ali məktəblərdə təhsil almış və respublikaya qayıtmış cavan mütəxəssislərimizin yeni dövrdə vətən quruculuğunda fəal iştirakı əsnasında bütün əyaniliyi ilə duyduq.
Bu modelə ən müxtəlif yeniləşmə dönəmlərində həmişə üz tutulub. İranın özü 1940-cı illərdə 100 tələbəni müxtəlif ölkələrə, o cümlədən, Türkiyəyə göndərmək haqqında düşünürdü və göndərmişdi də. Getmişdilər, təhsil almışdılar. Onların içindən Azərbaycanın Turxan Gənceyi (1925-2005), Həmid Nitqi (1920-1999), Cavad Heyət (1925-2014) kimi çox qiymətli şəxsiyyətləri çıxdılar və millətin tarixində və taleyində parlaq, dərin izlərini qoydular.
Ədalət Tahirzadənin oğlu Oğuztoğrul Tahirli ilə birlikdə yazdığı "Azərbaycan Cümhuriyyəti tələbələri" adlı qiymətli və zəhmətli əsəri həm də qarşımızda Cümhuriyyət hökumətinin Azərbaycanın gələcəyini qurmaq yolunda təhsil tariximizdə hansı işlər gördüyünün xəritəsini açır.
Bu əsər həm öyrədir, həm də təklif edir ki, güclü millət olmaq, tarixdə güclü səsinlə və silinməz izlərinlə qalmaq istəyirsinizsə, sizdən əvvəl görülmüş işləri, müdrik babaların, sizdən öncəki daha ağıllı insanların, millət qurucularının fəaliyyətini nəzərə alın, onların zamanın sınağından keçmiş düsturlarından istifadə edin.
Mənbəşünaslıq və mətnşünaslıq Ədalət Tahirzadənin yaradıcılığında çoxdan həlledici istiqamətlərdən birinə çevrilib. Yəni o, digər araşdırmalarını gərəyincə başa çatdırmaqçün onsuz da mətnşünas vərdiş və üsullarından yararlanmalıdır. Ancaq bir də var bu müstəqil elm sahələrinin başqa elmi və ədəbi niyyətləri həyata keçirməkçün yalnız vasitə kimi istifadəsi yox, artıq sırf mətnşünaslıq və mənbəşünaslığın peşəkar meyarları əsasında tədqiqatlar aparasan. Ədalət bu yöndə də diqqətəlayiq xidmətlər göstərməyə müvəffəq olub.
Söz sözü gətirmişkən, buradaca ürək ağrısı ilə bir acı həqiqəti etiraf etmək gərəkdir. Bizim əsl milli yatır olan çox qiymətli məxəzlərimiz, Əlyazmalar İnstitutu kimi xəzinəmiz var. Bu ocağın qədrini layiq olduğu qədərincə bilməliyik. Bu xəzinədəkilər illərin ağır zəhmətləri hesabına fədakar insanların yaratdığı milli mirasdır. Təəssüf ki, o irsi oxuyub, araşdırıb, ortaya çıxara biləcək gücdə kadrlarımız bu gün azdır. Məqamı düşdükcə vaxtaşırı dilə gətirdiyim ümdə istəklərimdən və çağırışlarımdan biri ondan ibarətdir ki, bizə milli maraqlarımız naminə gərək olan ixtisasları, xüsusilə öyrənmək imkanımız olan sahələri inkişaf etdirək. Türkiyədə orta əsrlərə aid ərəbcə, farsca, osmanlıca əlyazmaları oxumaq, araşdırmaq, üzə çıxarmaq sahəsində mükəmməl təcrübəli və kamil mütəxəssislər var. Bizim indi çox sayda universitetlərimiz, ayrıca şərqşünaslıq fakültəmiz fəaliyyətdədir. Mütləq vaxtaşırı gənc mütəxəssislərimizi mətnşünaslıq üzrə təcrübə mübadiləsinə, təkmilləşmə kurslarına, təhsil almağa, oradakı mütəxəssisləri bura müvafiq universitetlərdə dərs verməyə dəvət etmək gərəkdir. Əgər yubanmadan çox sayda bacarıqlı mətnşünas kadrlar yetişdirməsək, qızıla bərabər bolluca qaynaqlarımız bizimçün lal qalacaq.
Ədalət Tahirzadə gücü çatan qədər əlyazmanı araşdırıb, transliterasiya edib, hamınınkılaşdırıb. Bəzilərinisə ilk dəfə özü taparaq ortaya çıxarıb. İsmayıl bəy Qutqaşınlının (1809-1861- yeri gəlmişkən ədibin doğum tarixini dəqiqləşdirən də Ədalət Tahirzadfə olub) "Səfərnamə" əsərinin naməlum əlyazmalarını Qəbələnin Həmzəlli kəndindəki Şıx baba pirindən tapması, ərəb əlifbasından çevirib şərhlərlə birgə nəşr etdirməsi bunun danışan örnəyidir.
Ədalətin mətnlərlə işləməsində bir başqa cəhət də var. O, mətnləri araşdırmaqla yanaşı, əlyazmaların vərəqləri içindəki və ardındakı insan səslərini də sükutdan qurtarmağa cəhd edib və etməkdədir.
Mətnşünaslıq elmimizin təməlini min il əvvəl böyük azərbaycanlı Xətib Təbrizi qoydusa, XX əsrdə digər böyük azərbaycanlı - Salman Mümtaz bu elmi milli özünütəsdiq və özünütəqdimin qüdrətli vasitəsinə çevirdi. Bu gün Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının, mədəniyyətşünaslığının varlığına, bu cür yüksək səviyyədə mövcudluğuna görə bir çox cəhətdən məhz Salman Mümtaza minnətdar olmalıyıq.
Yüzlərcə Azərbaycan söz ustadının irsini ilk dəfə araşdırmış bu nadir şəxsiyyətin özünün irsini və həyatını araşdırmağa Ədalət Tahirzadə əvəzsiz töhfələr verib. Ədalət Mümtaz ailəsi ilə çox yaxın idi, onun qızı Şəhla xanımla hədsiz mehriban ünsiyyətlərdə idi və həmin təmaslar, canlı xatirələr Ədalət Tahirzadənin araşdırmalarına diri insan nəfəsi və hərarətini də əlavə etdi.
Canayatan tədqiqat odur ki, özündə insanla mənbəni birləşdirməyə qadir olsun. Mənbənin içindəki ürəyi döyündürə bilmirsənsə onun təsir gücü də olmayacaq. Ədalət həmişə çalışıb ki, araşdırmalarından bu məziyyət əskik olmasın.
Yaddan çıxanları yada salmaq, unudulan irsi bu günə qaytarmaq Ədalət Tahirzadənin daşıdığı mənəvi missiyalardan biridir. Yarım əsrə yaxın bir müddətdə həmişə bu vəzifəni ləyaqətlə yerinə yetirib.
Ədalət Tahirzadə Azərbaycan filologiya elminin inkişafında hələ 1970-ci illərin sonları, 1980-ci illərin əvvəllərində nəşrinin gerçəkləşməsində önəmli rol oynadığı üç buraxılışlı "Azərbaycan filologiyası məsələləri" toplusu ilə əhəmiyyətli rol oynadı. Mərhum görkəmli filoloq alim Aydın Məmmədov (1944-1991) və Kamil Vəli Nərimanoğlunun (1946-2023), eləcə də professor Firidun Cəlilovun səyləri ilə meydana qoyulmuş bu məcmuənin məsul katibi olan Ədalət Tahirzadənin oradakı araşdırma yazıları, özəlliklə Seyid Əhməd Kəsrəviyə (1890-1946) və onun "Azəri, yaxud Azərbaycanın qədim dili" əsəri ilə bağlı məqaləsindəki yanaşma modelləri, milli irsi, türkoloji sərvətləri tədqiq metodları yetərincə müasir və cəsarətli idi.
O gündən indiyə uzanan yolda Ədalət Tahirzadənin gördüyü bütün işlərin faydası öz yerində, onların hamısına özünədək olan modellərdən qırağaçıxma, hüdudlarıaşma, cəsarətin sərhədlərini genişləndirməyə canatma xas olub.
Ədalət Tahirzadə yolunun lap əvvəlində olduğu kimi, indi də müəllimdir, amma yolun əvvəlindəkindən fərqli olaraq, orta məktəbdə deyil, universitetdə dərs deyir. Ancaq onun tədrisi də başqa müəllimlərin dərslərindən seçilir. Onun tədrisi yalnız bilavasitə auditoriyalarda oxuduğu mühazirələrlə məhdudlaşmır, əsərləri də tədrisin bir başqa formasına çevrilir.
Ədalət müəllim ailəsindən çıxıb. Atası Şərif müəllim də ömrünü təhsilə, maarifə həsr etmiş bir insandı. Övladı da gözünü açıb elə evlərinin içindəcə öyrədicilik, maarif, məktəb, müəllim görüb və müəllim surəti onun bütün varlığına sirayət edib. Odur ki, Ədalətin başqa cür yox, elə bu cür də olmağı bir qismət idi.
Həsən bəy Zərdabinin Mirzə Fətəliyə o məşhur məktubu gərək həmişə millət və yurd sevən hər insanın yaddaşının üst qatında ola. Çünki Həsən bəy Zərdabinin də yazdığı kimi, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə "sağ ol" ummaq fikrini özündən kənar etməlisən; xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını işini görə-görə öz vicdanından alacaqdır.
Ədalət Tahirzadə son yarım əsrə çatan müddətdə həyatını Azərbaycan elmində, Azərbaycan maarifçiliyində, Azərbaycan tədrisində hiss edilən boşluqları doldurmağa həsr edib və könül ləzzəti ilə gördüyü bu işlərin müqabilində nə bir təşəkkür gözləyib, nə bir mükafat diləyib. İnsanın özü ilə təkbətək qalıb vicdanı ilə danışarkən duyduğu həmin Həsən bəy söyləyən mükafatdan artıq hansı təltif olar ki?!
Müasir texnologiyalar zamanında yaşayırıq, üçüncü minillik başlanıb, artıq XXI əsr yavaş-yavaş irəliləməkdədir və bu dövrün çağırışları tamam fərqli, üfüqləri indiyəcən olanlara oxşamayandır. Ayrı bir zaman gəlir və ola bilsin ki, 10-20 il sonra biz sağ qalacağıqsa, axarında olduğumuz mühitdə özümüzü qərib hiss edəcəyik. Bizə Bill Qeyts zəmanəsini də görmək yazılıbmış.
İndi adını dünyada az qala hamının eşitdiyi Bill Qeyts "Microsoft"un yaradıcısıdır, fərqli gələcəkdən xəbər verən texnologiyalara yol açan bələdçidir və onun etdikləri sel kimi gələn, qarşısıalınmaz "sabah" deməkdir.
Ancaq yeni dünyanın bu məşhur Bill Qeytsinin yanında bizim də səslənişcə ona bənzəyən Bilqeyisimiz var. Bilqeyis bir addır ki, Şərqdə, o cümlədən, Azərbaycanda geniş yayılıb və o Bilqeyislərdən birinin Ədalətin gəlib bugünkü Ədalət Tahirzadə mərtəbəsinə çatmasında həlledici yeri var.
Həmin sadə azərbaycanlı qadını Bilqeyis xanım vaxtilə o zamanlar respublikada tək olan Azərbaycan Dövlət Universitetində çalışıb, balaca da bir vəzifə tutub. Bilqeyis xanım görkəmli alim, unudulmaz akademik Məmməd Arif Dadaşzadənin (1904-1975) bacısı idi və çox illər öncə, 1969-cu ildə universitetə daxil olarkən Ədalət Tahirzadəyə tanımaya-bilməyə əsl mələklərə yaraşan bir köməyi dəyib. Onun böhranlı bir anda ilahi pıçıltını eşidibmiş kimi, heç gözlənilməyən halda əl uzatması, xeyirxahlıq göstərməsi sayəsində Ədalət Tahirzadə universitet tələbəsi olub və taleyi dəyişib. Bu, bir tarixdir, həm də Pərvərdigarın iradəsi ilə basılmış bir tarixdir. Gərək ayrıntıları da bilinə. Deməli, abituriyent Ədalət Tahirzadə üç imtahan verib, ikisindən "5", birindən "4" alıb, növbədəki sonuncu imtahan xarici dildəndir. O isə kənd məktəbini bitirib və xarici dil keçməyib. Ümumi qaydaya görə, orta məktəbdə əcnəbi dil keçməyənlərə imtahansız "3" yazılırmış.
Qəbul komissiyasında sənədləri yığan və tələbələrə yazılı imtahanların nəticələrini bildirən Bilqeyis xanım üçüncü yazılı imtahandan "5" almış Ədalətə qiymətini deyəndən sonra soruşur ki, hansı xarici dildən imtahan verəcəksən? Ədalət qayıdır ki, heç birindən. Xarici dil keçmədiyinə görə ona avtomatik "3" yazılacağını yaxşı bilən Bilqeyis xanım bildirir ki, bir yerə 25 ərizə var, müsabiqədə sıxlıqdır, sən sonuncu imtahandan "3" alsan, girmə şansın yoxdur. Sonra soruşur ki, universitetdə bir tanışınız varmı? Kənd uşağı Ədalətinsə nəinki universitetdə, ümumən Bakıda heç bir qohum-qardaşı, tanış-bilişi yoxmuş.
Bura gəlib çatanacan aldığı yüksək qiymətlərdən də, indi elə iki-üç dəqiqəlik söhbətindən də istər-istəməz ürəyində bu gəncə hüsn-rəğbət yaranan Bilqeyis xanım deyir ki, a bala, heyifdir axı zəhmətin, məgər sən heç ərəb əlifbası-filan da bilmirsən? Ədalət babası Molla Çərkəz əfəndidən (1882-1970) ərəb əlifbasını öyrəndiyini, fars dilindən də bir az təsəvvürü olduğunu söyləyir və Bilqeyis xanım həyatda ilk dəfə gördüyü, əsla tanımadığı Ədaləti xilas etmək üçün fars dili imtahanı götürəcək professor Əhməd Şəfaiyə (1912-1993) ağız açır. Bilqeyis xanımı təmənnasız və nəcib bir insan kimi tanıyan Şəfai müəllim onun sözünü yerə salmır və imtahanda Ədaləti vəziyyətdən çıxararaq "4" yazır, bununla da məsələ müsbət həll olunur.
Əhməd Şəfai şərqşünaslıq fakültəsinin müəllimi idi, bizə dərs də deyirdi. Bilikli alim idi, həm də mübarizəli ömür yolu keçmiş çətin taleli, prinsipial insan idi. O, iranlı idi. Şah ordusunda polkovnik rütbəsinədək yüksəlmiş, sonra inqilabi hərəkata qoşulmuşdu. Rejim onun haqqında ölüm hökmü çıxarmışdı və canını labüd ölümdən minbir müsibətlə qurtararaq Arazı aşmış, Azərbaycana sığınmışdı. Şəfai müəllimin hərbçiliyi sona qədər onun duruşunda, oturuşunda, sərtliyində itmədi. Zahirən soyuq, adamayovuşmaz təsiri buraxırdı, amma həssas, kövrək qəlbi vardı. Axı o həm də şair idi. Sabirin "Hophopnamə"sini farscaya elə ustalıqla çevirib ki, elə bil Mirzə Ələkbər o şeirləri elə məhz həmin dildə yazıb.
Görün ürəyində Bilqeyis xanıma necə hörmət bəsləyirmiş ki, bu xanımın bircə təvəqqesi ilə Ədalətə fars dilindən yaxşı qiymət yazır və bu gəncin universitetə qapısı açılır. Bilqeyis xanım Dadaşzadənin o yaxşılığı, Şəfai müəllimin o lütfkarlığı olmasaydı, bu sehrli kimi görünən yardım əli uzanmasaydı, müsabiqədən keçməyən onlarla və yüzlərlə başqa gənclər kimi, Ədalət də qayıdacaqdı kəndə, ən azından ömründən bir faydalı il itirəcək, tələbə adı uğrunda mübarizəsini növbəti ildə, ya illərdə davam etdirəcəkdi. Ancaq ola da bilərdi ki, bir çox başqaları kimi, elə həyat onu kənddə qapılıb qalmağa məcbur etsin. Ancaq İlahinin hökmü ilə Ədalət nəinki il və illər itirdi, əksinə, tələbə adı qazandı, gecə-gündüz oxudu, çalışdı, Bilqeyis xanımın, Əhməd Şəfainin yanılmadığını sübut etdi - universiteti fərqlənmə diplomu ilə bitirdi, aspiranturanı başa vurdu, müdafiə etdi və asan olmayan mərhələlərdən adlaya-adlaya bugünkü Ədalət Tahirzadə mərtəbəsinə ucaldı. Gərək belə də olaymış! Çünki senarini yazan Pərvərdigar belə buyurmuşdu - bu gəncə istedad işığı bağışlayan Allah rəva görməzdi ki, pay verdiyi o nur itib-batsın. Tanrı rəva görmədi, Şərif oğlu Ədalət şərəfli ömür yaşayaraq Azərbaycanın ən parlaq ziyalılarından birinə çevrildi.
Bu anlarda böyük ölçüdə biz hamımız o iki rəmzi məntəqənin arasındayıq: biri Bill Qeyts - müasir çağırışlar, bugünkü texnologiyalar, çağdaş tələblər, yeniləşən ayrı dünya, biri də Bilqeyis Dadaşzadə - Azərbaycan mənəviyyatı, dəyərlərə sayğı vərdişləri, köhnəlməyən nəciblik ənənələri, əski ruh dünyamız.
Professor Ədalət Tahirzadənin fikir uçuşlarının gözəlliyi ondadır ki, bu iki məntəqə arasında körpüdür - yorulmaz alimin və aydının gördüyü işlər həm keçmiş mənəvi irsi yaşatmaq, həm də bunları yeni dövrün çağırışlarına uyğunlaşdırmaq məqsədlidir. Qarşıda hələ yaşanası çox illər, görüləsi çox işlər, ürəkdə, beyində bəslənən, hamımıza çatmaq növbəsini gözləyən çox əsərlər var. Əlbəttə ki, Ədalət nail olacaq. Ədalətin sabahkı nailiyyətlərinin indiyəcənkilərdən də artıq olacağına inamımızın səbəbkarı yarım əsrin yaşam çarpışmasında onunla birgə usanmadan addımlamış sədaqətli ömür-gün yoldaşı Nailə xanımdır!
Ömrümüzün yataqxana illərini, Ədalətlə Nailənin Akademiyanın Aspirantlar evində balaca bir otaqda üst-üstə qalaqlanmış kitablar arasında başlanmış birgəlik yolunun başlanğıcını dünənmiş kimi xatırlayıram. Yolun əvvəlində gəncsən, hər şeyin yaxşı olacağına, gələcəyin səni sevindirəcəyinə yalnız arzulu deyil, hətta əmin olursan, ancaq asta-asta cavanlığın şeiriyyətini həyatın nəsri əvəzləyir, ötüşən illər tədricən gözləri daha geniş aça, sənə məişəti daha iri miqyaslarda göstərə, hansısa həvəsləri soyuda da bilir. Ədalətin nail olduqlarının hamısında o vəfalı qadının, etibarlı Nailənin danılabilməz böyük payı var. O, bir ömür boyu səbir edə, dözə, barışa, arxa dura, hayan ola, həvəsləndirə, ilhamlandıra bilib, kökdən düşməyə qoymayıb.
lll
Ədalətin 75 yaşının tamamında, Azərbaycanın ən seçmə ziyalılarını, aydınlarını qovuşduran bayramda həyatında ilk dəfə onillərin birgələri - xoşbəxt Nailə ilə bəxtiyar Ədalət səhnədə yanaşıydılar.
Bu gün həm də onun - Nailə xanımın əsəri idi.
Bu an onların ikisinə də taleyin ən ali mükafatı idi.
Bu ana doğru onlar ləyaqət və sədaqətlə yarım əsrlik yol gəlmişdilər.
Yarım əsrlik yol müqabilində qısa dəqiqələrə sığacaq böyüklükdə səadət məgər azdır?
Bu yanaşılıq Bakı Avrasiya Universiteti səhnəsində hamının şahid olduğu daha bir həyat dərsi deyildimi?
Kiminçünsə gecikmiş, kiminçünsə ibrətli və gələcəkli həyat dərsi!
25 iyun 2026
çap et