525.Az

Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans


 

HİROKAZU KOREEDANIN "MAĞAZA OĞRULARI" FİLMİ

Oğurluqdan başlayan insanlıq hekayəsi - <b style="color:red"> Kinoseans</b>

Yapon kinosunun görkəmli nümayəndəsi Hirokazu Koreedanın 2018-ci ildə ekranlaşdırdığı "Mağaza oğruları" (Shoplifters, Manbiki Kazoku) XXI əsr dünya kinosunun ən mühüm sosial-humanist ekran əsərlərindən biri hesab olunur. Ssenarisi də rejissorun özünə məxsus olan film 71-ci Kann Film Festivalında nümayiş etdirilib və festivalın ali mükafatı - "Qızıl Palma budağı"na layiq görülmüşdür. Bununla Koreeda uzun illərdən sonra bu nüfuzlu mükafatı qazanan ilk yapon rejissoru oldu. Film daha sonra ABŞ Kino Akademiyasının "Ən yaxşı beynəlxalq film" nominasiyasında "Oskar" mükafatına namizəd göstərildi, həmçinin Asiya və Avropanın nüfuzlu festivallarında çoxsaylı mükafatlar qazandı.

Hirokazu Koreeda yaradıcılığı boyunca ailə münasibətləri, uşaqların taleyi, yaddaş, ölüm, tənhalıq və sosial bərabərsizlik mövzularına müraciət edən müəllif rejissor kimi tanınır. Onun filmlərində hadisələrin xarici dinamikasından daha çox personajların daxili psixologiyası, gündəlik həyatın ritmi və adi insanların mənəvi seçimləri ön plana çəkilir. Bu baxımdan "Mağaza oğruları" rejissorun müəllif üslubunun ən yetkin nümunələrindən biri hesab edilir.

Filmin mərkəzində Tokio şəhərinin kənarında darısqal evdə yaşayan Sibata ailəsi dayanır. Ailə əsasən yaşlı nənənin təqaüdü və təsadüfi qazanc hesabına dolanır. Maddi sıxıntılar onları vaxtaşırı marketlərdən xırda oğurluqlar etməyə vadar edir. Bu işdə ailənin azyaşlı üzvü Şota da iştirak edir. Bir gün onun polis tərəfindən saxlanılması ailənin bütün sirlərini üzə çıxarır. Məlum olur ki, bu insanların heç biri bir-biri ilə qan qohumu deyil. Onları bir araya gətirən ortaq tale, tənhalıq hissi və qarşılıqlı qayğıdır.

Koreeda klassik dramaturji konfliktə deyil, müşahidəçi kamera estetikasına üstünlük verir. Uzun planlar, təbii işıqdan istifadə, minimalist mizansenlər, statik kadrlar və gündəlik məişət detallarının ardıcıl təsviri filmin vizual poetikasını formalaşdırır. Personajların birlikdə yemək hazırlaması, süfrə arxasında söhbət etməsi, uşaqların oyunları və adi məişət epizodları ilk baxışdan süjetsiz təsir bağışlasa da, məhz bu səhnələr ailədaxili münasibətlərin emosional xəritəsini qurur. Rejissor montaj ritmini qəsdən ləng saxlayaraq tamaşaçını personajların daxili aləminə yaxınlaşdırır.

Filmin əsas ideyası ailə anlayışının yenidən düşünülməsidir. Koreeda göstərir ki, ailəni müəyyən edən yalnız bioloji qohumluq deyil; sevgi, mərhəmət, məsuliyyət və qarşılıqlı etibar da insanları ailəyə çevirə bilər. Rejissor cinayət faktını bəraətləndirmir, əksinə, oğurluğu sosial ədalətsizliyin və yoxsulluğun doğurduğu mənəvi dilemmanın nəticəsi kimi təqdim edir. Bu baxımdan film sosial realizmlə humanist fəlsəfənin uğurlu sintezini yaradır.

Baş rollarda Lili Franki, Sakura Ando, Kirin Kiki, Mayu Matsuoka, Jyo Kairi və Miyu Sasaki çıxış edirlər. Xüsusilə Kirin Kiki və Sakura Andonun yaratdığı obrazlar yapon kino tənqidçiləri tərəfindən son illərin ən güclü aktyor işlərindən biri kimi qiymətləndirilmişdir. Aktyor oyununun təbiiliyi filmin sənədli təsir gücünü artırır və tamaşaçıda personajların real insanlar olduğu təəssüratını yaradır.

Beynəlxalq kino tənqidçiləri "Mağaza oğruları"nı humanizm, vizual təmkin və emosional dürüstlüyün nadir nümunəsi kimi dəyərləndirmişlər. "The Guardian", "Variety", "The New York Times" və "Sight & Sound" kimi nüfuzlu nəşrlər filmi ilin ən yaxşı ekran əsərləri sırasında göstərmiş, Koreedanı isə müasir müəllif kinosunun aparıcı simalarından biri adlandırmışlar. Tənqidçilər filmin sosial problemləri melodramatik şişirtmədən, incə psixoloji müşahidələrlə təqdim etməsini xüsusi vurğulamışlar.

Lakin filmin beynəlxalq uğuru Yaponiya daxilində birmənalı qarşılanmadı. O dövrün Baş naziri Şinzo Abe rejissoru Kann Festivalındakı qələbəsi münasibətilə təbrik etmədi. Hakimiyyət nümayəndələrinin bir qismi hesab edirdi ki, film yoxsulluğu, sosial bərabərsizliyi və ailə institutunun böhranını ön plana çıxarmaqla Yaponiyanın rifah dövləti imicinə zərbə vurur. Koreeda isə bu iradlara cavab olaraq bildirmişdi ki, sənətin vəzifəsi cəmiyyətin görmək istəmədiyi həqiqətləri görünən etməkdir. Məhz buna görə "Mağaza oğruları" təkcə uğurlu ailə dramı deyil, həm də müasir Yaponiyanın sosial portretini böyük humanizm və yüksək bədii ustalıqla yaradan müəllif kinosunun parlaq nümunələrindən biri kimi kino tarixində önəmli yer tutur.

"525"

 

https://www.youtube.com/watch?v=9382rwoMiRc  

https://filmix.my/film/drama/126448-v-magazinnje-vorishki-2018.html

https://webteizle.info/izle/dublaj/manbiki-kazoku 

 





03.07.2026    çap et  çap et