Nədənsə hər zaman ehtiramla xatırladığım və ya pərəstiş etdiyim, söhbətlərini və düşüncələrini heyranlıqla dinlədiyim insanlarla ünsiyyətdən sonra görkəmli zəka sahibi Xudu Məmmədovun adı ilə bağlı olan, ancaq xalq yaddaşının əzbəri olan bu kiçik bayatı dilimdə dolaşır:
Bu qala bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Elə bir insandan bəhs etmək istəyirəm ki, varlığı bu gün çıraq kimi gəncliyə işıq tutur. Elə bir insan ki, şəxsiyyətində və qələmə aldığı hər sətrində elmdən, ədəbdən, haqdan, ədalətdən, cəsarətdən, humanistlikdən, işgüzarlıqdan, insanpərvərlikdən, yurdsevərlikdən, milli-mental dəyərlərə, həyata, yaradıcılığa sevgidən qala yox, saray qurub. Çalışmaqdan, yaşamaqdan, yaratmaqdan usanmayan bir insan...
İnsan ömrü var ki, sadəcə təqvim yarpaqlarının sürətlə dəyişməsindən, zamanın axınında səssizcə əriyib getməkdən ibarətdir. Lakin elə ömürlər də var ki, onlar keçdikləri hər cığırı ucalda-ucalda böyük bir yola çevirir, addım-addım öz zirvəsini inşa edirlər. Əməkdar hüquqşünas, ədalət və qanun keşikçisi İkram Kərimovun həyat hekayəsi məhz belə - zirvəyə doğru gedən və o zirvədən arxaya baxarkən alnıaçıq, üzüağ görünən şərəfli bir ömrün aynasıdır. Onun "Letterpress" nəşriyyat evində işıq üzü görmüş "Zirvədən zirvəyə" III cildlik bioqrafik memuardan sonra sayca dördüncü "Zirvədən görünən ömür" kitabı sadəcə bioqrafik bir xatirə toplusu deyil, bura bütöv bir nəslin, bir dövlətin hüquq sisteminin inkişaf tarixini özündə yaşadan canlı salnamədir. 1942-ci ildə Kürdəmirin sadə, zəhmətkeş mühitində dünyaya göz açan bir uşağın, illər sonra ölkənin ən mühüm məhkəmə instansiyalarının rəhbəri, SSRİ miqyasında tanınan "Ən yaxşı müstəntiq" fəxri adına layiq görülmüş bir peşəkar səviyyəsinə yüksəlməsi təsadüfi deyil. Bu, fitri istedadın, sarsılmaz iradənin və ən əsası, ədalət hissinə olan mütləq sadiqliyin nəticəsidir. Kürdəmirdən başlayan bu yol, Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən, prokurorluq orqanlarında müstəntiqlikdən, Bakı şəhər prokurorunun birinci müavini, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri kimi yüksək və məsuliyyətli pillələrdən keçmişdir. İkram müəllim hara gedibsə, hansı vəzifəni icra edibsə, oraya qanunun aliliyini və insan amilinə hörməti gətirmişdir. Həmkarları arasında etalon hüquqşünas kimi tanınan İkram Kərimovu Dövlətimiz də layiqincə dəyərləndirib. Ümummilli Lider Heydər Əliyev İkram Kərimovun peşəkarlığını hər zaman dəyərləndirib, ona "Respublikanın Əməkdar hüquqşünası" fəxri adına layiq görüb. Bu gün də təqaüddə olmasına baxmayaraq, İkram Kərimov xalqın və Dövlətin hörmət və ehtiramını qazanan şəxsiyyət kimi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 aprel 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İkram Heydər oğlu Kərimov "Şöhrət" ordeni ilə təltif edilmişdir.
"Zirvədən görünən ömür" kitabının giriş səhifələrindən birində yer alan, sanki ömrün fəlsəfi yekun hesabatı kimi səslənən bu sətirlər müəllifin həyat kredosunu bəyan edir: "Vəzifədə olduğun dövrdə əsas hansı vəzifəni tutmağın deyil, onu necə yerinə yetirməyindir. Təqaüdçü üçün başlıca amil asudə vaxtı ictimai mənafeyə sərf etməsi, fəaliyyətinin cəmiyyət üçün faydalı olmasıdır". Bu sətirlərin arxasından böyük bir müdriklik və dövlətçilik təfəkkürü boylanır.
Keçdiyi həyat yolunu sətir-sətir, vərəq-vərəq oxuduqca əmin olursan ki, İkram Kərimov vəzifəni heç vaxt bir imtiyaz, bir hökmranlıq vasitəsi kimi görməyib; onun üçün vəzifə xalqa, dövlətə və ədalətə xidmət etmək üçün verilmiş müqəddəs bir sınaq meydanı olub. 2013-2025-ci illəri əhatə edən təqaüd dövründə də onun enerjisinin, cəmiyyət üçün faydalı olmaq istəyinin zərrə qədər də azalmaması məhz bu fəlsəfədən qaynaqlanır. Vəkillər Kollegiyası Ağsaqqallar Şurasının sədri, Bank Ombudsmanı kimi fəaliyyətləri onun hələ də cəmiyyətin mənəvi və hüquqi dayağı olaraq qaldığını sübut edir. Ədalətin Səsi və Beynəlxalq Etiraf... İkram Kərimov təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da Azərbaycan hüquq elmini və təcrübəsini layiqincə təmsil etmiş bir simadır. Onun "Böyük Turan" ordeni, "Beynəlxalq Qızıl Ulduz" medalı, Hannover Avropa Elmlər Akademiyasının yüksək mükafatları ilə təltif edilməsi, Türk Dünyasının "Fəxri Ziyalısı" adına layiq görülməsi onun qlobal miqyasda qəbul olunan nüfuzunun bariz göstəricisidir. Lakin onun üçün bəlkə də ən böyük mükafat - yetişdirdiyi tələbələrin, hüquq müdafiəçilərinin onun yolunu davam etdirməsi, adının təmizlik və dürüstlük simvoluna çevrilməsidir. "Zirvədən Görünən Ömür" kitabı oxucuya təkcə quru faktları təqdim etmir, həm də İctimai TV-də yayımlanan "İstintaq davam edir" verilişinin mövzularına çevrilmiş real, mürəkkəb cinayət işlərinin pərdəarxası məqamlarını, peşəkar bir müstəntiqin analitik zəkasını açır. Bu mənada kitab həm gənc hüquqşünaslar üçün qiymətli bir dərslik, həm də geniş oxucu kütləsi üçün tarixin canlı şahidliyidir.
"Zirvədən görünən ömür" kitabının ilk səhifəsində qeyd edilir: "Kitab Əməkdar hüquqşünas, keçmiş İttifaq miqyasında tanınmış, 100 illiyi qeyd olunan vəkil Teymur İsmiyevin xatirəsinə ithaf olunur". Ölkə miqyasında, hətta beynəlxalq səviyyədə tanınan bir hüquqşünasın keçdiyi ömür yoluna həsr etdiyi avtobioqrafik kitabı özünə örnək, ustad hesab etdiyi birinə ithaf etməsi onun qədirşünaslığından, insanpərvərliyindən, dostluğa sədaqətindən nişan verir. Bu BÖYÜKLÜK hər kəsə məxsus xüsusiyyət deyil. Ölkə üzrə tanınmış vəkil kimi hüquq tariximizdə nüfuzlu ad-san qazanan Əməkdar hüquqşünas Teymur İsmiyevin 100 illiyinə həsr olunan kitaba yazdığı ön sözündə də İkram Kərimov örnək aldığı ustadının peşəkarlığını dəyərləndirir və dostuna sədaqətini inandırıcı səmimiyyətlə ifadə edir: "Müəllifi olduğum "Zirvədən zirvəyə" III cildlik bioqrafik memuarda mən iştirakçısı olduğum bir Plenum iclasında İsmiyevin çıxışını dinlədiyimi və qalib çıxdığı Rostov vilayət məhkəməsi tərəfindən əsassız ölüm cəzasına məhkum olunmuş azərbaycanlı barədə çıxarılmış məhkəmə hökmünün və SSRİ Ali Məhkəməsinin qərarlarının ləğv olunmasının şahidi olmuşam... Hesab edirəm ki, İsmiyev Teymur və onun kimi digər vəkillərin irsinin öyrənilməsi və gələcək nəslə çatdırılması zamanın tələbidir". Bu fikirlərlə İkram müəllim gələcək hüquqşünaslara örnək göstərməklə yanaşı, həm də ədaləti, hüququ təkcə kitablardan deyil, eyni zamanda peşəkarların təcrübəsindən öyrənmək mesajını ötürür.
Bu gün İkram müəllim arxaya boylananda təkcə şərəfli bir xidmət yolu deyil, həm də gözəl bir ailə - üç övlad və on nəvə bəxş etmiş bir ağsaqqal ömrü görür. "Zirvədən Görünən Ömür" sadəcə bir insanın zirvəyə ucalması deyil, o zirvədən gələcək nəsillərin yoluna işıq salan mənəvi bir çıraqdır.
Zirvədən zirvəyə addımlayan müdrik bir insanın zirvədən görünən ömrünü yazmaq, düzgün həyat yoluna çıraq tutmaq və bizlərə əmanət etmək İkram Kərimovdan, varaqlamaq, sətir-sətir oxuyub örnək almaq, nəticə çıxarmaq da biz oxuculardan, davamçılardan...
Yaqut BAHADURQIZI
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent
çap et