525.Az

Mundialda “qara ruzigar” və ya xarab “alman maşını” - İlqar Tağıyev yazır  


 

Mundialda “qara ruzigar” və ya xarab “alman maşını” - <b style="color:red"> İlqar Tağıyev yazır  </b>

Yuxuları ərşə çəkən mundial ekvator xəttini keçib. İştirakçıların yarıdan çoxu tamaşaçıya çevrilib. Artıq 1/8 final mərhələsinin astanasındayıq. Bu gecə keçiriləcək 3 oyunla 1/16 final mərhələsinə Avstraliya - Misir, Argentina - Kapo-Verde və Kolumbiya - Qana matçları ilə yekun vurulacaq və sabah Kanada - Mərakeş qarşılaşması ilə növbəti etap start götürəcək. Futbol tarixinin ən maraqlı mundiallarından biri. Bəlkə də birincisi. Bu çempionatı birinci edən məqamlarıdan bir neçəsindən - Afrika təmsilçilərinin uğurundan, rekordlardan, yeniliklərdən və sensasiyalardan - hərəsindən bir az...

Mundialda "qara ruzigar"

Bu dünya çempionatında Afrika qitəsi 10 komanda ilə təmsil olunurdu. Onlardan 9-u mundiala birbaşa, 1-i - Konqo Demokratik Respublikası millisi pley-offda Yamaykanı əlavə vaxtda vurulan qol sayəsində məğlub edərək vəsiqə qazanmışdı. 10 millidən 9-nun qrup mərhələsini adlayaraq pley-offa yüksəlməsi gözlənilməz olduğu qədər də qanunauyğun idi. "Qara qitə" təmsilçilərinin zaman-zaman dünya çempionatlarına rəng qatdıqlarının şahidi olmuşuq. Amma bu dəfə rəng deyil, rəngarənglik oldu. Yalnız Tunis millisi bütün oyunlarda məğlub olaraq turnirlə erkən vidalaşdı.

Bu fakt Afrika futbolunun qızıl dövrü kimi mundiallar tarixinə düşdü. İndiyə kimi 2 halda - 2014 və 2022-ci illərdə cəmi 2 Afrika təmsilçisi eyni vaxtda pley-offa yüksələ bilmişdi. Göstəricinin birdən-birə 4 dəfədən çox artması qitədə futbolun ilbəil inkişafından xəbər verir. Amma nə yazıq ki, həmin "doqquzluq"dan 5-i artıq mundialla vidalaşıb. Söhbət Seneqal, CAR, Konqo DR, Fil Dişi Sahili və Əlcəzair millilərindən gedir. Yalnız ötən turnirin yarımfinalçısı olan Mərakeş güclü Niderlandı yarışdan kənarlaşdıraraq nə qədər iddialı olduğunu ortaya qoyub. Digər 3 milli - Misir, Kabo-Verde və Qananın oyunları bu gecə olacaq.

Afrika ilə bağlı vəziyyət nə qədər ürəkaçandırsa, Asiya qitəsinin təmsilçiləri haqqında əksini demək məcburiyyətindəyik. 10 təmsilçinin 9-nun mundialla vidalaşması artıq faktdır. Yalnız Avstraliya və Yaponiya qrup ikinciləri kimi 1/16 final mərhələsinə vəsiqə qazandı. Yaponiya burada Braziliyaya (1:2) məğlub oldu. Tək "sağ qalan" Avstraliya isə bu axşam Misirlə qarşılaşacaq. Turnirdə asiyalıların həddən artıq zəif nəticə göstərmələrinin səbəbləri çoxdur. Ümumiyyətlə, Afrika və Asiya futbolunu müqayisə etdikdə birincilərin daha üstün olduğunu görərik. Təsadüfi deyil ki, Avropa ölkələrinin iddialı millilərinin hamısında Afrika köklü futbolçular çıxış edir. Məsələn, Fransada Kilian Mbappe, Osman Dembele, Maykl Olise triosu, Almaniyada Camal Musiala, İspaniyada Lamin Yamal, Belçikada Romelu Lukaku, İngiltərədə Bukayo Saka və b. Bu millilərdə Asiya kökənli futbolçular isə barmaqla sayılası qədərdir.

Qol krallığı uğrunda "qırğın"

Mundialı maraqlı edən amillərdən biri də bombardirlər yarışında gərgin mübarizədir. Hazırda argentinalı Leonel Messi ilə Fransa millisinin ulduzu Kilian Mbappenin aktivində 6 qol var. Norveçli Erlinq Holand və ingilis Harri Keyn isə 5 dəfə fərqlənib. Daha 3 futbolçu - Usman Dembele (Fransa), Vinisius Junior (Braziliya) və İsmaila Sarr (Seneqal) 4 qol vurublar. Seneqal turnirlə vidalaşdığı üçün Sarrı siyahıdan silə bilərik. Qalanlarının komandaları isə mübarizəyə davam edir. Düzü, adları çəkilənlərdən Messi və Mbappenin bombardir olmaq şansı daha çoxdur. Amma kiminsə Jüst Fontenin 66 il əvvəlki rekordunu qırması çətin görünür. 1958-ci ildəki mundialda Fransa millisinin hücumçusu 13 qolla adını futbol tarixinə yazdıra bilib. Həm də Fonten həmin vaxt meydana çıxdığı bütün oyunlarda fərqlənməklə yadda qalıb. Rekordların yeniləndiyi mundialda Fonteni keçən olacaqmı? Bunu zaman göstərəcək.

Başqa bir maraqlı məqam  məhsuldar ötürmələrlə bağlıdır. Fransa millisinin 24 yaşlı üzvü Maykl Olise bu turnirin 1 nömrəli tapıntısıdır. Sərgilədiyi futbolla gələcəkdə "Qızıl top"a namizəd olacaq Olise 4 oyunda 5 məhsuldar ötürmə ilə yadda qalıb. Bu isə qarşıdakı oyunlarda yeni rekorddan xəbər verir. Yeri gəlmişkən, indiyə kimi mundiallar tarixində ən çox məhsuldar ötürmə edən futbolçular Dieqo Maradona və Lionel Messidir - 8 assist. Rəhmətlik Maradona bunu 21, Messi isə 30 oyunda bacarıb. Amma Olise... Turnir hələ davam edir. Olisenin yeni rekordu bu mundialda olmasa da, 4 il sonra müəyyənləşdirəcəyi ehtimalı böyükdür.

FİFA-dan qadağa - "əlini aşağı sal"

Fikir verirsinizsə, bu dünya çempionatında oyunların gedişində dayanmalar xeyli azalıb. Adətən biz hesabda öndə olan komandanın futbolçularının vaxtı bilərəkdən uzatdıqlarının şahidi olurduq. İndi isə belə deyil. Bunun da səbəbkarı FİFA-dır. Məhz mundial zamanı tətbiq olunan yeni qaydalar komandaların vaxtı uzatmaq üçün əl atdıqları hiyləgərliklərin qarşısını alıb. Hansı qaydalar?

Birincisi, vaxt limitidir. Mundiala kimi müxtəlif turnirlərdə futbolçuların vaxtı uzatmaq üçün aut atışını gecikdirdiyini adi qəbul edirdik. FİFA buna əlac tapıb. İndi əgər futbolçu autdan topu 5 saniyə ərzində oyuna daxil etməzsə, bu hüquq rəqibə verilir. Qapıdan zərbə zamanı isə rəqibin lehinə küncdən zərbə təyin olunur. Əvəzetmələrdə meydanı tərk edən futbolçu qəsdən ləngiyərsə, hakimə oyuna qoşulmalı olan futbolçunu 1 dəqiqə kənarda saxlamaq hüququ verilib. Maraqlıdır ki, bu qaydalar sayəsində oyunlarda vaxt itkisi həqiqətən xeyli azalıb.

Başqa yenilik zədəli futbolçularla bağlıdır. Hesabda irəli olan komandanın üzvünün yerə sərilərək özünü zədəli kimi göstərməsi futbolun ən iyrənc məqamlarından idi. İndi isə belə deyil. Artıq özünü zədəli kimi göstərib vaxt udmaq dəbdən düşüb. Əgər futbolçu zədələnərsə və meydana həkim daxil olarsa, bu halda həmin futbolçu 1 dəqiqə meydandan kənarda gözləməlidir. Əlbəttə, əgər zədələndiyi anda hakim rəqibə rəsmi xəbərdarlıq etməyibsə.

Üçüncüsü, futbolçuların intizam və davranış qaydaları ilə bağlıdır. Belə ki, yeni qaydalara əsasən mübahisəli anlarda və gərginlik zamanı futbolçu əli, qolu və ya forması ilə ağzını örtərək danışırsa, birbaşa qırmızı kartla cəzalandırılır. Bu addım təhqiramiz və ya irqçi ifadələrin gizlədilməsinin qarşısını almaq üçün atılıb. Cari mundialda 2 belə hal yaşanıb. Qrup mərhələsində Paraqvay - Türkiyə oyununda paraqvaylı Mikel Almiron məhz bu hərəkət sonrası meydandan qovulmuşdu. 1-ci hissənin əlavə vaxtında Almiron türkiyəli müdafiəçi Mert Müldür ilə qayda pozuntusundan sonra mübahisə etmiş və bu zaman əli ilə ağzını qapadaraq nəsə demişdi. Müldürün dərhal salvadorlu hakim İvan Bartona etirazından sonra VAR işə qarışmış və hakim futbol tarixində ağzını bağladığı üçün verilən ilk qırmızı kartı göstərmişdi. Eyni hal 1/16 final mərhələsində Meksika - Ekvador matçında yaşandı. Ekvadorun 0:2 hesabı ilə uduzduğu və turnirlə vidalaşdığı oyunun son dəqiqələrində gərginlik pik həddə idi. Bu zaman ekvadorlu müdafiəçi Pyero İnkapye meksikalı hücumçu Santi Ximeneslə üz-üzə gələrək mübahisə etdi və danışarkən əli ilə ağzını bağladı. Matçın sloveniyalı baş hakimi Slavko Vinçiç epizodu görməsə də, VAR-ın müdaxiləsindən sonra İnkapyeyə birbaşa qırmızı kart göstərdi.

Maraqlıdır ki, qrup mərhələsində İngiltərə millisinin ulduzu Cud Bellingem də meydanda ağzını tutaraq danışarkən kameralara düşmüşdü. Lakin hakimlər korpusu tərəfindən edilən rəsmi açıqlamada bildirilmişdi ki, bu qayda yalnız rəqiblə və ya hakimlə aqressiv qarşıdurma zamanı tətbiq edilir. Bellingem isə komanda yoldaşı ilə söhbət etdiyi üçün cəza almayıb.

Bu dünya çempionatında VAR-ın da səlahiyyətlərinin artırıldığını qeyd etmək lazımdır. Haqq-ədaləti daha yaxşı qorumaq üçün VAR artıq səhv təyin olunmuş künc zərbələrini, futbolçuların səhv salınması hallarını və qırmızı karta səbəb ola biləcək ikinci sarı vərəqə epizodlarını yoxlaya bilir.

Mundialdakı yeniliklərin özünü doğrultması gələcəkdə onların digər böyük turnirlərdə və müxtəlif çempionatlarda tətbiq ediləcəyindən xəbər verir. Məsələn, vaxt limitləri və ağız bağlamaq qadağası 2028-ci ildə keçiriləcək Avropa çempionatında və bu il Çempionlar Liqası oyunlarında da böyük ehtimalla, qüvvədə olacaq. Bundan başqa, bu və digər qaydaların tətbiqi barədə bir çox böyük futbol ölkələrinin federasiyalarında artıq müzakirələr aparılır.

Xarab "alman maşını"

Turnirin ən böyük sensasiyası... Əlbəttə, əksəriyyət Almaniya millisinin mundialla erkən vidalaşmasını qeyd edəcək. Hələ qrup mərhələsində Ekvadora 1:2 hesablı yenilgi, 7:1 hesablı qələbə qazanmasına baxmayaraq, Kurasao kimi zəif rəqibin qapısına uzun müddət yol tapa bilməməsi, hər oyunda qapısında qol görməsi və bir çox başqa nüanslar almanların bu çempionatda çətinliklərlə üzləşəcəyindən xəbər verirdi. Belə də oldu. Paraqvayla oyunda rəqib qapısına yol tapmaqda çətinlik çəkən Almaniya işi penaltilər seriyasına kimi uzatdı ki, burada da şans cənubi amerikalıların tərəfində oldu. Komandanın uğursuzluğunun bir neçə səbəbi var idi. Birincisi, Almaniya millisi əvvəlki kimi əzəmətli deyil. 2014-cü ildə Braziliyada keçirilən mundialda dünya çempionu olduqdan sonra "alman maşını" xarab olub. 2018-ci il Rusiyada, 2022-ci ildə isə Qətərdə keçirilən mundiallarda qrup mərhələsini aşa bilməməsi, cari turnirdə 1/16 finalda dayanması bunu deməyə əsas verir. Uğursuzluğu nəsil dəyişməsinə bağlamaq lazımdır. Bu gün millinin heyətinə nəzər saldıqda bir vaxtların ulduz futbolçuları Filip Lamı, Bastian Şvaynştaygeri, Toni Krosu, Məsut Özili, Miroslav Klozeni və digərlərini layiqincə əvəzləyənləri sezmək mümkün deyil. Sırf budəfəki uğursuzluğun əsas səbəbini isə baş məşqçi ilə  bağlayardım. Yulian Naqelsman istedadlı ola bilər. Amma millini ona tapşırmaq səhv qərar idi. Fikrimcə, onu vaxtından əvvəl dağ başına qaldırmışdılar. "Leypsiq"də, "Bavariya"da uğur qazanmaq o demək deyildi ki, Naqelsman Almaniya millisi ilə də bunu təkrarlayacaq. Üstəlik, oyunların gedişində etdiyi hərəkətlər nəinki azarkeşlərdə, hətta futbol mütəxəssislərində də ikrah hissi yaradırdı. Bəlkə ABŞ-də uğursuzluq "Mini-Mourinyo"ya dərs oldu. Mundialla vidalaşdıqdan sonra Naqelsman istefa vermək fikrində olmadığını bildirmişdi. Amma bu gün səhər əksini gördük. Yulian Naqelsman artıq Almaniya millisinin baş məşqçisi deyil. Yeri gəlmişkən, bu posta ən real namizədlərdən biri Yurgen Kloppdur.

Digər sensasiya Niderland millisi ilə bağlıdır. Ümumiyyətlə, "narıncılar"ı mundiallar tarixinin ən bəxtsiz komandası adlandırmaq olar. 3 dəfə finala vəsiqə qazanasan, hamısında da məğlub olasan. Bu azmış kimi, komanda 2006-cı ildə Potuqaliyaya əsas vaxtda 0:1 hesabı ilə yenildikdən sonra  23 oyunda əsas vaxtda məğlub olmayıb. 2018-ci ildəki çempionatdan kənar qalan milli digər 4 turnirdə ya əlavə vaxtda, ya da penaltilər seriyasından sonra birinciliklə vidalaşıb. Hazırkı Niderland millisinin heyətinə nəzər salsaq, əvvəlki mundiallarla müqayisədə xeyli zəifləmiş olduğunu görərik. Dünyanın "futbol fabrik"lərindən biri hesab olunan ölkənin milli komandasında ciddi islahatların aparılacağı dəqiqdir. Artıq bu yöndə ilk addım atılıb. Komandanın baş məşqçisi Ronald Kuman istefa verib. Komandaya yeni kroyflar, sneyderlər, robbenlər, van bastenlər lazımdır. Bir də bir az bəxt.

İlqar Tağıyev

 





03.07.2026    çap et  çap et