Hüseyn BAĞIROV
Vətən sevilməsə anadan artıq
Hər yerindən duran yağıya dönər,
Ömür başdan-başa ağrıya dönər,
Ana laylası da ağıya dönər,
Vətən sevilməsə anadan artıq.
Bilirəm, bu sözü nadan anlamaz,
Amma ki, neyləyim ürək deyir yaz.
Vətən göylərində ulduz da qalmaz,
Vətən sevilməsə anadan artıq.
Başımız dünyaya qarışıb gedər,
Hərə bir günaha bulaşıb gedər,
Millət yad əllərdə cırlaşıb gedər,
Vətən sevilməsə anadan artıq.
Göylərin bağrından bizi kim dərib?
Hansı niyyət ilə Yerə göndərib?
Vətən qürbət olar, sən də bir qərib,
Vətən sevilməsə anadan artıq.
Hər bəndə Allahın dediyin deməz
Sıfıra vurulan sıfır olacaq,
Heç nəyi sıfıra vurma, ay bala.
Bəd olmaz sıfırdan öndə dayanmaq,
Sıfırın ardında durma, ay bala.
Hər bəndə Allahın dediyin deməz,
Hər arif ruhunda gördüyün deməz,
Hər aşiq göylərdən dərdiyin deməz,
Bir sözü min dəfə sorma, ay bala.
Dərviş hər dövranla uyuşan deyil,
Şeytan hər yetənlə əyişən deyil,
Cahilin xisləti dəyişən deyil,
Boş yerə özünü yorma, ay bala.
Qəlbini əbədi eşqə ev eylə,
Bu günah əhlini bir-bir əfv eylə,
Bəsirət gözüylə baxıb kef eylə,
Dünya gözüylə baxma, ay bala.
Sən də hamı kimi öz kefindəsən
Sən də hamı kimi öz kefindəsən,
Nə yerə, nə göyə dayaq deyilsən.
Elə oturmusan dünya evində,
Elə bil ki, burda qonaq deyilsən.
Üz elədin qara üzün astarın,
Bilmədin məramı nədir məstlərin.
Sevincinə sevin barı dostların,-
Qəmə şərik, dərdə ortaq deyilsən.
Bəzən öz əliylə döyülür insan.
Bəzən öz diliylə söyülür insan.
Deyirlər öləndə ayılır insan,
Belə çıxır sən heç oyaq deyilsən.
Necə qurtaracaq fələklər məni
Halal eylə nolar, Allah eşqinə,
Bir ləçək qopardım gülündən sənin.
Ömürü sərərəm qədəmlərinə,
Bir kəlmə eşitsəm dilindən sənin.
Elə bil bir gülsən yaz içindəsən,
Nur kimi sanki bir göz içindəsən,
Dedim azdır məni öz içində sən,
Qoyma keçim gedim çölündən sənin.
Qatdı qabağına küləklər məni,
Yolumdan saxlamaz mələklər məni,
Necə qurtaracaq fələklər məni?!
Kəməndə dönən o telindən sənin.
Nə yerdən, nə göydən, nə məndən soyu,
Qurumaz heç zaman bu eşqin soyu.
Əllərim qoynumda bir ömür boyu,
Yanıqlı qaldım mən əlindən sənin.
Meytək badələrə süzdüm bu şeiri
Bir gün ürəyimdə, bir gün ağlımda,
Axtardım bu şeiri, gəzdim bu şeiri.
Kefim kök olanda yaza bilmədim,
Qanım qaralanda yazdım bu şeiri.
Sevgi üçün əhya saxlayanlara,
Qəlbini göylərə bağlayanlara,
Bu şeiri gül kimi qoxlayanlara,
Ruhumdan gül kimi üzdüm bu şeiri.
İçməsəz, əlbəttə, süst olacaqsız,
Nə yerə, nə göyə dost olacaqsız
İçdikcə hey içib məst olacaqsız,
Meytək badələrə süzdüm bu şeiri.
Ürək quşdu eşqin budaqlarında,
Ölməz bir nəğmə var dodaqlarında
Sırğa olsun deyə qulaqlarında,
Dünya kar olanda yazdım bu şeiri.
çap et