Kapitoli polisi ABŞ prezidenti Donald Trampın impiçmentini dəstəkləyən mitinqdə çıxış edən ABŞ Hərbi Hava Qüvvələrinin mayorunu saxlayıb.
525.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Qeyd olunub ki, hərbçi Ceyson Uotson çərşənbə günü Tramp və vitse-prezident Ceyms D. Vensin vəzifədən kənarlaşdırılması tələbi ilə keçirilən mitinqdə çıxış etdikdən sonra saxlanılıb.
Tədbir ABŞ Konqresindəki qanunvericiləri Trampı impiçment etməyə çağıran bir qrup fəalın birləşdiyi “Hakimiyyətdən uzaqlaşdırma koalisiyası” tərəfindən təşkil edilib. Orada Amerika liderinə qarşı dəfələrlə impiçment təklifləri irəli sürən demokrat konqresmen El Qrin də iştirak edib.
"Əgər Konqres onun [Qrinin] nümunəsini izləsəydi, bütün Tramp administrasiyasını vəzifədən uzaqlaşdıra bilərdik, lakin Konqres üzvləri vəzifə andlarına sadiq qalmağın zəruriliyinə hələ də əmin deyillər, ona görə də onları amansız və barışmaz vətəndaş müqavimətimizlə inandırmalıyıq", - Uotson deyib.
O, Trampı və Vensi İran və Venesueladakı əməliyyatlara, eləcə də hazırkı administrasiyanın miqrasiya siyasətinə görə tənqid edib.
Pərvanə Sultanova
çap et