2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində magistratura səviyyəsində “Türk dünyasının coğrafiyası” ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
525.az-a BDU-dan bildirilib ki, Türk dünyasının coğrafiyası türk dövlətləri və xalqlarının tarixi-coğrafi, iqtisadi və sosial inkişafını, təbii-coğrafi xüsusiyyətlərini, mədəni irsini, inteqrasiya proseslərini və geosiyasi əhəmiyyətini öyrənən mühüm elmi istiqamətlərdən biridir. Müasir dövrdə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi, ortaq elmi və mədəni layihələrin həyata keçirilməsi, eləcə də Türk dünyasının beynəlxalq münasibətlər sistemində rolunun artması bu sahədə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir.
Yeni ixtisaslaşma çərçivəsində magistrantlar türk dövlətlərinin və xalqlarının tarixi-coğrafi inkişaf xüsusiyyətləri, təbii ehtiyatları, iqtisadi və sosial coğrafiyası, regional əməkdaşlığı, mədəni irs və inteqrasiya prosesləri üzrə dərin nəzəri biliklərə və praktik bacarıqlara yiyələnəcəklər. Onlar Türk dünyası ilə bağlı elmi araşdırmalar aparmaq, analitik təhlillər hazırlamaq, müxtəlif layihələrdə iştirak etmək, əldə etdikləri nəticələri Azərbaycan və digər türk dillərində şifahi və yazılı formada təqdim etmək bacarığı qazanacaqlar.
Tədris prosesində magistrantlara müasir elmi metodologiyalar əsasında tədqiqat aparmaq, beynəlxalq elmi əməkdaşlıqlarda iştirak etmək, türk dövlətləri ilə bağlı elmi və tətbiqi layihələrdə çalışmaq, elmi məqalələr hazırlamaq və beynəlxalq platformalarda təqdimatlar etmək imkanları yaradılacaq.
“Türk dünyasının coğrafiyası” ixtisaslaşmasının məzunları Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının türk dövlətlərindəki səfirlik və konsulluqları, beynəlxalq təşkilatlar, elmi-tədqiqat mərkəzləri, ali təhsil müəssisələrində, turizm və mədəni irs sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumlar, qeyri-hökumət təşkilatları, eləcə də Türk dünyası ilə bağlı layihələrin həyata keçirildiyi müxtəlif platformalarda peşəkar fəaliyyət göstərə biləcəklər.
Yeni ixtisaslaşma Türk dünyasının tarixi, coğrafiyası və mədəni irsinin elmi əsaslarla öyrənilməsinə, bu istiqamətdə müasir çağırışlara cavab verən mütəxəssislərin hazırlanmasına, həmçinin türk dövlətləri arasında elmi, mədəni və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək
çap et