Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə 525.az-a ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi maziri Anar Əliyev əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan "Məşğulluğa Dəstək Layihəsi" özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm töhfə verib.
Görüşdə həssas qrupların kiçik biznes imkanlarına çıxışının artırılmasında layihənin rolu qeyd olunub, həmçinin əlilliyin qiymətləndirilməsi sisteminin və əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Diqqətə çatdırılıb ki, son illər ölkədə aparılan sosial islahatlar, DOST Konsepsiyasının tətbiqi, sosial sahədə rəqəmsal həllərin genişləndirilməsi, aktiv məşğulluq proqramlarının icrası və icbari tibbi sığorta sistemində aparılan islahatlar bu sahədə mühüm nəticələrin əldə olunmasına imkan yaradıb.
Roland Prays isə Dünya Bankı ilə birgə həyata keçirilən layihələrin, o cümlədən "Məşğulluğa Dəstək Layihəsi"nin icrası ilə bağlı müsbət fikirlərini bölüşüb.
Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
çap et