Bu gün sosial şəbəkə platformaları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu patformaların müsbət tərəfləri kimi, təbii ki, mənfi təsirləri də var. Təəssüf ki, uşaqlar daha çox həmin təsirlərə məruz qalırlar. Uşaqları bu potensial risklərdən qorumaq, onların təhlükəsizliyinin təmini bütün dünyada müzakirə olunur, bir çox aparıcı ölkələr artıq müvafiq qanunvericlik bazası formalaşdırıb. Məsələn, 2025-ci ildə Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qonşu ölkələr Qazaxıstan, Özbəkistanda da analoji qanunvericilik təşəbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Azərbaycan Milli Məclisi də məsələni müzakirə edərək üçüncü oxunuşda qanunvericilik dəyişikliklərini təsdiqləyib. Bu dəyişikliklər uşaqlar yetkinlik yaşına çatana qədər onların mənfi təsirlərdən qorunmasına, fiziki və psixoloji sağlamlığına, düzgün inkişafına və davranışına, sağlam baxışla yetişməsinə imkan verəcək.
Milli Məclisin deputatı Arzuxan Əlizadə mövzunu 525.az-a şərh edib.
O bildirib ki, sosial şəbəkələrdə yaş məhdudiyyəti ilə bağlı qanunvericiliyə təklif olunan dəyişiklikləri həm hüquqi baxımından, həm də sosial baxımından qiymətləndirmək mümkündür. Məsələ burasındadır ki, bu qanunvericiliyə təklif olunan dəyişikliklərin əsas məqsədi yeniyetmələrin, yəni müəyyən yaş həddinə çatmış şəxslərin, 16 yaşına qədər olan uşaqların rəqəmsal mühitdə daha təhlükəsiz şəkildə iştirakını təmin etməkdir.
“Qanunvericiliyə edilən dəyişikliklər sosial şəbəkələrdə iştiraka, istifadəyə qadağa qoymaq məqsədi daşımır. İlk növbədə məsələyə bu prizmadan yanaşılmalıdır və həm də onu xüsusi olaraq qeyd etmək lazımdır ki, bu, beynəlxalq təcrübədə də var və bir sıra aparıcı dünya ölkələrində artıq bir müddətdir sosial şəbəkələrdə yaş məhdudiyyəti tətbiq edilib, hazırda da bir sıra ölkələrdə də bununla bağlı müzakirələr aparılır, qanunvericiliyə dəyişikliklər edilməsi ilə bağlı artıq təkliflər irəli sürülüb. Qeydiyyat zamanı yaşın yoxlanılması və 16 yaşa qədər olan şəxslərə məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Eyni zamanda 16-18 yaş arası istifadəçilər üçün də valideyn razılığının mexanizminin tətbiqi nəzərdə tutulub. Və bu da uşaqların internet təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəyə uyğun formada təhlükəsiz olaraq sosial şəbəkələrdən, internet resurslarından istifadə imkanlarını müəyyən etmək məqsədi güdür. Bu məqsədlə irəli sürülən qanun layihəsi müsbət qiymətləndirilməlidir. Çünki sosial şəbəkələrin, internet resurslarının müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var və bir çox hallarda yeniyetmələr müəyyən kiberdələduzların toruna düşə bilərlər. Onların internet resurslarından istifadə sahəsində təcrübələrinin olmaması səbəbi ilə müəyyən təsir altına düşmə, zərərli vərdişlərə yönləndirilmələri ehtimalı var, - deputat deyib.
Onun sözlərinə görə, yaşa uyğun olmayan kontentlərə giriş imkanlarının məhdudlaşdırılması da nəzərdə tutulur ki, bu da yeniyetmələrin təlim-tərbiyəsi baxımından olduqca əhəmiyyətlidir. Qanunvericiliklə nəzərdə tutulan məhdudiyyətlər də məhz bu istiqamətdə yönəlib:
“Onu da xüsus qeyd eləmək lazımdır ki, bu qanunun qəbulunun əslində tam olaraq effektiv nəticə verə biləcək deyə bir fikir də yoxdur. Məsələ burasındadır ki, qanunun effektivliyini əldə etmək üçün nəzarət mexanizmləri lazımi səviyyədə işləməlidir, onun üçün təkliflər edilir. Qanun bir ildən sonra qüvvəyə minəcək və bu bir il ərzində də bu sahədə təkliflər irəli sürülməklə, mütəxəssislərin rəyləri nəzərə alınmaqla ciddi mexanizm formalaşdırılmalıdır ki, yeniyetmələr, 16 yaşına qədər olan şəxslər digər üsul və vasitələrdən istifadə etməklə bu qadağaları aşma imkanına malik olmasınlar. Həmçinin burada uşaqların, 16 yaşa qədər şəxslərin rəqəmsal savadlılığının artırılması, məktəblərdə kibertəhlükəsizlik mövzularının tədris edilməsi və bu sahədə biliklərin daha da artırılması, həmçinin valideynlərin bu sahə ilə bağlı maarifləndirilməsi olduqca vacib məsələlərdəndir ki, effektiv nəticə əldə etmək mümkün olsun. Bu baxımdan əslində, sözügedən təşəbbüs, yəni qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər uşaqların fiziki və psixoloji sağlamlığının qorunmasına istiqamətlənib. Onların rəqəmsal mühitdə, sosial şəbəkələrdə və internet resurslarında təhlükəsiz davranış vərdişlərinin formalaşmasına və uşaqların sağlam inkişafına yönəlmiş siyasətin tərkib hissəsi kimi də qeyd olunmalıdır. Bu sahədə beynəlxalq təcrübə də artıq var, formalaşmaqdadır və həmin təcrübədən də istifadə etməklə, mütəxəssislərin rəyləri nəzərə alınmaqla qanunun tətbiq mexanizmlərini o səviyyəyə çatdırmaq lazımdır ki, nəticə effektiv olsun”.
A.Əlizadə söyləyib ki, bu prosesdə dövlət qurumları ilə yanaşı, ailə, təhsil ocaqları, təhsil sistemi, bötövlükdə sosial şəbəkələri yönləndirən texnologiya şirkətlərinin də birgə məsuliyyəti olduqca vacibdir:
“Yekunda, məqsəd uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil. Qanunun qəbulunda məqsəd onları rəqəmsal mühitdə, internet məkanında və sosial şəbəkələrdə daha təhlükəsiz, məsuliyyətli şəkildə iştirak etməyə hazırlamaq və sövq etməkdir”.
Pərvanə Sultanova
çap et