Bu gün Atatürk Mərkəzində mərhum professor Valeh Hacıların müəllifi olduğu “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” kitabının yeni nəşrinin təqdimat mərasimi keçirilib.
525.az xəbər verir ki, mərasimdə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə iştirak edən Türk Dünyasının nüfuzlu elm xadimləri – Türkiyənin Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu, Ankara Universitetinin professorları Sema Barutçu Özönder ve Rıza Heyət, İstanbul Universitetinin professorları Mahir Aydın və Mustafa Tanrıverdi, Marmara Universitetinin professorları Gülşən Seyhan Alışık, Serdar Oğuzhan Çayçıoğlu və Mehdi Gəncəli, Hacəttəpə Universitetinin professoru Yunus Koç, Qars Kafkas Universitetinin professoru Hacalı Nəcəfoğlu, yazıçı-publisist Dr. Orxan Aras, Qırğızıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun professoru Kadırali Konkobayev, Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Gökhan Seyhan, eləcə də Azərbaycanın tanınmış alim və ziyalıları, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov tədbiri giriş sözü ilə açaraq qonaqları salamladıqdan sonra kitabın məzmunu barədə məlumat verdi. O, Mehralı bəyin Osmanlı və Türkiyə tarixində mühüm yer tutduğunu vurğulayaraq əsərin müəllifi bu il 75 illik yubileyi qeyd olunan professor Valeh Hacıların səmərəli elmi fəaliyyəti barədə ətraflı bəhs etdi.
Sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Türkiyə və Azərbaycandan olan tarixçi-alimlər Öztürk Əmiroğlu, Mustafa Tanrıverdi, Mahir Aydın, Nəsib Nəsibli, Nazim Mustafa, Fəxri Valehoğlu, məşhur qırğız türkoloqu Kadırali Konkobayev, türkiyəli filoloq alimlər Gülçən Seyhan Alışık və Orxan Aras Mehralı bəyin məşhur qaçaqlıqdan Osmanlı ordusu sərkərdəliyinə qədər uzanan ömür yolu və igidlikləri barədə ətraflı söz açdılar, Mehralı bəy kimi həqiqi qəhrəmanlarımızın üzə çıxarılıb təbliğ edilməsinin vacibliyinə toxunaraq təqdim olunan kitabı bu baxımdan yüksək qiymətləndirdilər.
Çıxış edən natiqlər eyni zamanda professor Valeh Hacıların uzun illər ərzində apardığı araşdırmalar nəticəsində ərsəyə gətirdiyi bu fundamental əsərin tarixi faktların obyektiv şəkildə öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıdığını vurğuladılar.
Qeyd edək ki, əslən qədim Borçalı mahalının Darvaz kəndindən olan Mehralı bəy dövrün məşhur qaçaqlarından olub. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsi başlayan zaman könüllü süvari dəstə yaradaraq Osmanlı ordusu sıralarında döyüşüb. Qars və Ərzurum şəhərlərinin müdafiəsində mühüm hərbi əməliyyatlarda iştirak edərək qəhrəmanlıqlar göstərib. Osmanlı sultanı tərəfindən 5-ci rütbədən Məcidiyyə nişanı ilə təltif olunub. Müharibə bitdikdən sonra Sivas vilayətində məskunlaşıb və orada yaradılan 40-cı Qarapapaq Həmidiyyə Alayının komandanı olub.
1905-1906-cı illərdə Yəməndə Osmanlıya qarşı baş qaldırmış üsyanın yatırılması zamanı şəhidlik zirvəsinə yüksəlib. Qars şəhərində Mehralı bəy adına məktəb və körpü var.
Onu da əlavə edək ki, professor Valeh Hacılar tərəfindən dövrün mətbuat materialları, arxiv sənədləri və digər ilkin mənbələr əsasında ərsəyə gəlmiş “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” əsəri ilk dəfə 2001 -ci ildə Tiflisdə kiril əlifbası ilə nəşr edilmişdir. Təqdimatı keçirilən yeni nəşr isə Atatürk Mərkəzinin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasında yenidən çap olunaraq oxucuların istifadəsinə verilmişdir.





çap et