Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Şabran rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
525.az-a bu barədə FHN-dən məlumat verilib.
“Açıq qapı günü”ndə “Panda School” Tədris Mərkəzinin azyaşlıları və tərbiyəçiləri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə üsulları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
çap et