525.Az

Son illərdə İqtisadiyyat İnstitutunda müdafiə edilmiş 64 dissertasiyadan yalnız 1-i təsdiqlənməyib


 

Son illərdə İqtisadiyyat İnstitutunda müdafiə edilmiş 64 dissertasiyadan yalnız 1-i təsdiqlənməyib<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun Dissertasiya şurasının Elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru Sevda Seyidovanın economics.org.az saytına müsahibəsi

- Əvvəlcə ümumən Dissertasiya Şuramız haqqında...

- Elmi fəaliyyətin keyfiyyətini yüksəltmək, elmi kadr hazırlığını təkmilləşdirmək və müdafiələrin obyektivliyini təmin etmək Şuramızın əsas hədəfidir. Müdafiələrin sayı kimi göstəricilər bizim üçün ikinci dərəcəlidir.
Şuramızda 3 ixtisas (İqtisadi nəzəriyyə, Ümumi iqtisadiyyat və Sahə iqtisadiyyatı) üzrə həm elmlər doktoru, həm də fəlsəfə doktoru dissertasiyaları müdafiə olunur. 2022-2025-ci illərdə Şura 21 nəfərdən ibarət idi (hər ixtisas üzrə 7 nəfər). Bununla yanaşı, həmin illərdə Dünya iqtisadiyyatı, Sənayenin təşkili və Dövlət siyasəti, Müəssisələrin təşkili və idarə olunması ixtisasları üzrə Birdəfəlik Dissertasiya Şuraları da fəaliyyət göstərmişdir. Birdəfəlik şuralarda ümumilikdə 15 dissertasiya müdafiə olunmuşdur.
2026-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə İnstitutda, yenə də İqtisadi nəzəriyyə, Ümumi iqtisadiyyat və Sahə iqtisadiyyatı ixtisasları üzrə yeni Dissertasiya Şurası yaradılmışdır. Hər ixtisas üzrə 7 nəfər olmaqla 21 üzvdən ibarətdir.

- Tərkib necə formalaşıb?

- Ümumən, Dissertasiya şuralarının səmərəli fəaliyyət göstərməsində, elmi ekspertiza prosesinin keyfiyyətli aparılmasında onların rəhbərliyinin peşəkarlığı və elmi nüfuzu böyük əhəmiyyət kəsb edir. Bizim Şuranın sədri – İnstitutumuzun direktoru, professor Nazim Müzəffərlidir. Hamı bilir ki, o, Azərbaycanın ən nüfuzlu iqtisadçı alimlərindəndir. Uzun illərdir ki, fundamental nəzəri və tətbiqi iqtisadi tədqiqatlar sahəsində ölkənin aparıcı elmi müəssisəsi olan İqtisadiyyat İnstitutuna uğurla rəhbərlik edir. Onun elmi maraq dairəsi təkcə iqtisadi nəzəriyyə ilə məhdudlaşmır, həm də ölkəmizin iqtisadi inkişaf problemlərini, iqtisadi siyasət və institusional islahatlarla bağlı məsələləri də əhatə edir. Ölkəmizdə və xaricdə maraqla qarşılanan ciddi elmi əsərlərin müəllifidir.

İstər mənim üçün, istərsə də İnstitutumuzun bir çox digər əməkdaşları üçün ən mühüm olanı Nazim müəllimin şüarıdır. O deyir ki, “VƏTƏNPƏRVƏRLİK DÜRÜSTLÜKDÜR!” və hesab edir ki, bu şüar yaxın illərdə ölkəmizdə milli inkişafın əsas hədəfi olmalıdır. İndi bu şüar hətta dəhlizlərimizdə də asılıb, onun bizim Dissertasiya şurasında da tətbiq edildiyini indi ölkəmizin elmi ictimaiyyəti yaxşı bilir.
Şuranın sədr müavini isə i.e.d., professor Rəna Sultanovadır. O, iqtisadiyyatın müxtəlif sahələri üzrə apardığı elmi araşdırmalar, elmi-pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə iqtisad elmi ictimaiyyətində tanınan alimlərdəndir. Elmi katib kimi mənim əsas vəzifələrimdən biri – dissertasiya müdafiələrinin normativ-hüquqi tələblərə tam uyğun təşkil edilməsini, sənədləşmə prosesinin operativ və şəffaf şəkildə həyata keçirilməsini təmin etməkdir.
Şuranın üzvlərinə gəldikdə, onların hamısı ölkəmizdə tanınan və hörmət olunan alimlərdir. Biz onları son dərəcə diqqətlə seçirik, obyektivlik və dürüstlük haqqında şərtlərimizi isə, necə deyərlər, “şumda kəsirik”. Şuranın 21 üzvündən 16 nəfəri (76,2%-i) iqtisad elmləri doktoru, 5 nəfəri isə iqtisad üzrə fəlsəfə doktorudur. Üzvlərimiz arasında AMEA-nın 2 müxbir üzvü var – Şahbaz Muradov və Əli Nuriyev. Hər ikisi uzun illər ərzində iqtisad elminin müxtəlif istiqamətləri üzrə fundamental tədqiqatlar aparmış, elmi məktəblərin formalaşmasına və yüksək ixtisaslı elmi kadrların hazırlanmasına mühüm töhfələr vermişlər.

- Heç plagiat halları ilə üzləşirsinizmi?

- AAK-ın bizdə müdafiə olunmuş dissertasiyanı plagiat səbəbi ilə təsdiq etməməsi axırıncı dəfə 2021-ci ildə olub. O vaxtlar biz dissertasiyaları yoxlamaq üçün kənar təşkilatlara göndərirdik və müdafiəyə onların verdiyi arayış əsasında buraxırdıq. Amma AAK daha ciddi yoxlama aparırdı və bəzən plagiat üzə çıxarıb təsdiqdən imtina edirdi. Onda biz özümüz İnstitutda öz Antiplagiat qrupumuzu yaratdıq, xüsusi “Qaydalar” hazırlayıb Elmi Şurada təsdiq elədik. Ondan sonra bu problemlər aradan qalxdı. Hazırda həmin qrupa gənc əməkdaşımız Dilman Əsədov rəhbərlik edir. Öz işlərini yaxşı bilirlər və vicdanla yerinə yetirirlər. Plagiat aşkarlanmış dissertasiyalarla və onların müəllifləri ilə bağlı qəbul etdiyimiz qərarlar çox sərt olur. Bunu iddiaçılar da gözəl bilirlər.
Amma bir dəfə, 2023-cü ildə bir doktorluq dissertasiyasının müdafiəsi gedişində Şura üzvlərindən biri (Azər Səfərov) dissertasiyada plagiat olması haqqında dəlilli-sübutlu bir çıxış etdi və Şura üzvləri də böyük çoxluqla əleyhinə səs verdilər. Müdafiə baş tutmadı.

- Antiplagiat yoxlaması bir yana, bəs bütövlükdə müdafiəyəqədərki ekspertiza necə aparılır?

- Qaydalar universaldır. Müdafiəyə qədər 2 əsas mərhələ var – ilkin müzakirə və Elmi seminar. Bizdə ilkin müzakirə, bir qayda olaraq, 2 dəfə keçirilir. İkinci müzakirədə iddiaçı dissertasiyada nəyi nəzərə aldığını, hansı dəyişikliklər etdiyini məruzə edir. Birinci müzakirədəki rəyçilər və çıxışçılar isə bu dəyişikliklərin yetərli olub-olmaması haqda qərar verirlər. Müəllif, əlbəttə, hansısa iradlarla razı olmadığını da bildirə bilər, amma bu halda mövqeyini dəqiqliklə əsaslandırmalıdır. İkinci ilkin müzakirədə xüsusi sənəd qəbul edilir. Biz onun adına “Protokola əlavə” deyirik. Rəyçilərin yekun fikri həmin sənəddə təsbit olunur. AAK-ın tələb etdiyi sənədlər arasında belə bir sənəd nəzərdə tutulmasa da, biz AAK-a onu da göndəririk.
Hər ixtisas üzrə ayrıca Elmi seminar fəaliyyət göstərir. Hər üçünün sədri ölkənin tanınmış alimləridir – Fuad Qəmbərov, Elşad Məmmədov və Tərbiz Əliyev. Bizdə seminar mərhələsini adlamaq o qədər də asan məsələ deyil (gülür).

- Ekspertiza dissertasiyanın avtoreferatına da aiddir, deyilmi?

- Əlbəttə. Həm ilkin müzakirədə, həm də xüsusilə Elmi seminarda avtoreferat ayrıca araşdırılır. Onun çapa getməsi haqqında son qərarı isə İnstitutun icraçı direktoru Famil Rüstəmov verir. Famil müəllim bu işə çox məsuliyyətlə yanaşır və əgər avtoreferatın üstündə “çapa gedə bilər” yazıbsa, demək ki, narahatçılığa əsas yoxdur.

- 2022-2025-ci illərdə İqtisadiyyat İnstitutunda ümumilikdə nə qədər dissertasiya işi müdafiə olunub? 

- Cəmi 64. Onlardan 8-i elmlər doktorluğu, 56-sı fəlsəfə doktorluğu dissertasiyası olub. Bunlar hamısı bizim doktorantlar deyil, aralarında Milli Aviasiya Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Memarlıq və İnşaat Universitetinin, Kooperasiya Universitetinin, Azərbaycan Turizm və Menecment Universitetinin, Bakı Biznes Universitetinin, Azərbaycan Texniki Universitetinin, Odlar Yurdu Universitetinin, Qərbi Kaspi Universitetinin, Gəncə Dövlət Universitetinin, Aqrar Universitetin, Mingəçevir Dövlət Universitetinin yetirmələri də var. İllər üzrə bölgü belədir: 2022-ci ildə – 12, 2023-cü ildə – 4, 2024-cü ildə – 16, 2025-ci ildə isə 32 dissertasiya.

- Amma say çox fərqlənir...

- Bizim üçün əhəmiyyətli olan say deyil, keyfiyyətdir. İş və onun müəllifi zəifdirsə, say azalsa da, önəmli deyil, müdafiə olunmamalıdır. Əksinə, dissertasiya və müəllifi güclüdürsə, sayın artmağı da problem deyil. Amma qeyd etməliyəm ki, əksər müdafiə şuralarından fərqli olaraq, bizim Şurada bir gündə 2 müdafiə keçirilmir, yalnız bir müdafiə olur. 2 müdafiəyə heç bir qadağa olmasa da, biz gördük ki, müdafiənin “çaparaq” keçirilməsi ona bir qədər, belə demək mümkünsə, formal xarakter verir, ciddi elmi müzakirələrə yer qoymur. İş burasındadır ki, biz Dissertasiya şurasına həm də ayrıca bir elmi müzakirə platforması kimi yanaşırıq. Bəzən orda çox sərt mübahisələr də düşür. İnanıram ki, belə də olmalıdır.

- Bayaq dediniz ki, Şura üzvləri bir doktorluq dissertasiyasının müdafiəsinə plagiat səbəbi ilə səs verməyiblər. Başqa belə hallar da varmı?

- Plagiat səbəbi ilə yoxdur. Amma dissertasiyadan və onun müəllifinin hazırlıq səviyyəsindən narazı qalanda Şura üzvlərimiz – Azərbaycan üçün tipik olmasa da – əleyhinə səs verməkdən çəkinmirlər. Axırıncı dəfə belə hadisə lap bu yaxınlarda, iyun ayında baş verib. Bir fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi zamanı Şura üzvləri iddiaçının cavablarından narazı qaldılar. Bilirsiniz, dissertasiya haqqında yekun rəydə yazılır ki, “dissertasiya mövcud tələblərə cavab verir və onun müəllifi iddia etdiyi elmi dərəcəyə layiqdir”. Bunların hər ikisi vacibdir – həm dissertasiyanın tələblərə cavab verməyi, həm də müəllifinin elmi dərəcəyə layiq olmağı. Biri olmadıqda dissertasiya müdafiə oluna bilməz.

- Müdafiəyəqədərki ekspertizaya və müdafiə prosesinin özünə belə ciddi yanaşanda AAK-la fikir ayrılıqları da yəqin ki çox olmaz...

- Doğrudur. 2026-cı ilə qiymət vermək hələ tezdir, çünki dissertasiyaların (və onların müşayiətedici sənədlərinin) çoxu hələ AAK-da baxılma mərhələsindədir. 2022-2025-ci illəri götürsək, bu dövrdə İnstitutda müdafiəyə çıxarılmış 64 dissertasiyanın 2-si müdafiə edilə bilməmişdir, yəni Şura bunların əleyhinə səs vermişdir. Qalan 62 dissertasiyanın 13-ü haqqında AAK-ın Ekspert şurası mənfi qərar çıxarmış, təsdiqdən imtina etmişdir. Və gözləniləndir ki, onların hamısının müəllifləri AAK-a apellyasiya şikayətləri vermişlər. Apellyasiya komissiyası 1 dissertasiya haqqında Ekspert şurasının qərarını qüvvədə saxlamış, 9 iş haqqında isə Ekspert şurasının qərarını dəyişərək, müdafiələri təsdiqləmişdir. Hazırda Apellyasiya komissiyasında daha 3 işə baxılmaqdadır. Beləliklə, AAK 2022-2025-ci illərdə İqtisadiyyat İnstitutunda müdafiə olunmuş dissertasiyaların yalnız 1-nin təsdiqindən imtina etmişdir. Bu, əlbəttə, olduqca yaxşı nəticə sayıla bilər.

- Özü də yekun nəticə sayıla bilər, elədirmi?

- Bəli, bu, yekun nəticədir. Amma bizim üçün əsas nəticə gördüyümüz işin keyfiyyətidir. Biz iqtisad elminin zəif, əslində elmə aidiyyatı olmayan adamlarla “çirklənməsinin” qarşısını almağa çalışırıq. Amma bundan da vacibi – istedadlı və zəhmətkeş tədqiqatçıların arxasında dayanmaq, onlara yol açıb elmə gətirməkdir. İstədiyimiz budur. Nə dərəcədə nail olduğumuza yalnız Hökumətimiz və elmi ictimaiyyətimiz qiymət verə bilər.

 





06.07.2026    çap et  çap et