Azərbaycanda vətəndaş müraciətlərinin idarə olunması sahəsində mühüm dəyişikliklər gözlənilir. “Vətəndaşların müraciətləri haqqında” qanuna edilmiş dəyişikliklər müraciətlərin qəbulu, qeydiyyatı və baxılması prosedurlarının daha müasir və rəqəmsal əsaslara uyğunlaşdırılmasını hədəfləyir. Dəyişikliklərə əsasən, artıq vətəndaşlar müraciətlərinə necə cavab almaq istədiklərini – elektron ünvan, poçt və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə, özləri müəyyən edə biləcəklər. Bununla yanaşı, bəzi hallarda fərdi identifikasiya nömrəsi (FİN) və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) təqdim edilməsi də tələb olunacaq.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev 525.az-a bildirib ki, sözügedən dəyişikliklər mahiyyət etibarilə müsbətdir. Onun fikrincə, bu yanaşma dövlət orqanlarının inzibati idarəetmə modelindən xidmət yönümlü idarəetmə modelinə keçidi baxımından zəruridir. Vətəndaşın müraciət hüququnun daha effektiv reallaşdırılmasına xidmət edir.
Ekspert qeyd edib ki, əsas yenilik müraciət prosesinin rəqəmsallaşdırılması və fərdiləşdirilməsidir. Bu dəyişiklik vətəndaşı prosesin passiv iştirakçısından aktiv subyektinə çevirir. Onun sözlərinə görə, ikinci mühüm üstünlük müraciətlərin izlənilə bilməsidir. Elektron sistemdə qeydiyyata alınan müraciətlərin itirilməsi riski minimuma enir və onların statusunun izlənilməsi mümkün olur. Bu, praktiki baxımdan idarəetmədə şəffaflığı artıran mühüm elementdir:
“Üçüncü üstünlük isə hüquqi sübut mexanizminin formalaşmasıdır. Vətəndaş müraciətin təqdim olunma tarixi və cavablandırılma müddəti ilə bağlı rəsmi elektron iz əldə edir ki, bu da gələcək inzibati və ya məhkəmə mübahisələrində onun hüquqi mövqeyini gücləndirir”.
Sevinc Qarayeva
çap et