Bu ilin iyulun 7–15-də Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə genişmiqyaslı elmi-tədqiqat ekspedisiyası keçiriləcək.
525.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ekspedisiya Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun, həmçinin Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə baş tutacaq.
Ekspedisiya çərçivəsində Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə türkiyəli alimlər birgə elmi tədqiqatlar həyata keçirirlər.
Tədqiqatın əsas məqsədi balıq və digər su bioresurslarının ehtiyatlarını, populyasiya vəziyyətini, biomüxtəlifliyi və ekoloji durumunu qiymətləndirmək, əldə olunan elmi nəticələr əsasında 2027-ci il üçün balıq ovu kvotalarını müəyyən etməkdir. Ekspedisiyanın nəticələri əsasında hazırlanacaq elmi hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Nazirlər Kabinetinə təqdim olunacaq.
Qeyd olunub ki, ekspedisiyanın yekun nəticələri və aparılmış təhlillər barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
çap et