Azərbaycan və ABŞ arasında Orta Dəhliz və süni intellekt sahəsində əməkdaşlıq müzakirə olunub.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə birlikdə ABŞ senatoru Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Görüşdə Azərbaycan - ABŞ strateji tərəfdaşlığının hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişafı qeyd edilib. Eyni zamanda, ABŞ nümayəndə heyəti ilə ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
"Həmçinin Orta Dəhlizin beynəlxalq ticarət, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolunu vurğuladıq. Görüşdə Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığımızın əsas institusional platformalarından biri olduğunu vurğuladıq, birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.
çap et