Paris Apelyasiya Məhkəməsi “Milli Birlik” partiyasının parlament fraksiyasının lideri Marin Le Penin cəzasını üç ilə endirib.
525.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun cəzasının iki il şərti olacaq, daha bir il isə elektron qolbaq taxmalı olacaq. Məhkəmə, həmçinin Le Penin seçkilərdə iştirakına qoyulan qadağanı 15 aya endirib.
Xatırladaq ki, fransız siyasətçi parlament köməkçiləri işi üzrə cəzaya məhkum edilib. Belə ki, o, Avropa Parlamentinə üzv seçiləndən sonra sui-istifadə hallarına yol verib, özünə 4 köməkçi təyin edib. Partiyanın ştat strukturunun dərc olunmasından sonra şübhələr yaranıb. 16 Avropa Parlamentinin üzvündən əlavə, bu siyahıya partiyanın mərkəzi qərargahının işçiləri kimi 20 parlament köməkçisi də daxil idi. Aİ qaydalarına görə, bu köməkçilər Parisdə deyil, Brüsseldə və ya Strasburqda işə götürülməli idilər. AP dərhal Fransa ədliyyə sistemi ilə əlaqə saxlayıb və araşdırmaya başlanılıb.
Müstəntiqlər digər məsələlərlə yanaşı, 2010-cu ildə Le Penin parlament köməkçisi kimi siyahıya alınan Ketrin Qrizinin onun şəxsi köməkçisi olduğunu və Paris katibliyini idarə etdiyini, digər köməkçisi Terri Lije isə onun mühafizəçisi olduğunu aşkar ediblər. 2023-cü ilin iyul ayında Le Pen Avropa Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tələbi ilə AP-yə 326 min avron qaytarıb. Qurum onun köməkçilərinə ödənilən əmək haqqını qanunsuz hesab edib.
Pərvanə Sultanova
çap et