Ali təhsilin karyera yüksəlişi və şəxsi inkişaf üçün əhəmiyyətli olduğu indiki dövrdə getdikcə daha çox tələbə beynəlxalq təcrübənin gələcək peşə fəaliyyəti üçün yeni üfüqlər açdığını dərk edərək, xaricdə təhsil almağa, nüfuzlu ali təhsil müəssisələrinin bakalavr və magistr diplomlarına sahib olmağa çalışır.
Təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi və universitetlərarası əməkdaşlığın dərinləşməsi sayəsində dünyanın bir çox ölkələrindən, o cümlədən Çin Xalq Respublikasından Azərbaycanda təhsil alan gənclərin sayı ildən-ilə artmaqdadır. Onlardan bir qismi Bakı Slavyan Universitetində (BSU) "Rus dili" və "Rus dilinin xarici dil kimi tədrisi metodikası və metodologiyası" ixtisasları üzrə təhsil alır və magistr hazırlığı proqramı çərçivəsində elmi biliklərə yiyələnir. Aktual mövzularda dissertasiya üzərində çalışmaqla, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdə iştirak etməklə yanaşı, əcnəbi tələbələr semestr ərzində hər bir fənn üzrə sərbəst iş yerinə yetirirlər.

Cari tədris ilində BSU-da magistr təhsili alan bir qrup tələbə sərbəst işləri çərçivəsində yeniliyə imza atıb və nəticədə üçdilli terminoloji lüğət işıq üzü görüb. Fənn müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Oktay Səmədov bu barədə fikirlərini bölüşüb: “Ölkəmizdə təhsil alan çinli tələbələr çox zaman ixtisasa aid leksik vahidləri, metodoloji terminologiyanı mənimsəməkdə çətinlik çəkirlər. Müvafiq istinad materiallarının mövcudluğu, terminoloji leksikanı özündə cəmləşdirən iki və çoxdilli təhsil lüğətlərinin hazırlanması və təhsil prosesində sistemli şəkildə istifadəsi həm xarici dil kimi rus dili müəllimlərinə, həm də pedaqoji universitetlərdə təhsil alan tələbələrə müəyyən dərəcədə yardımçı ola bilər. Məhz bu niyyətlə tədris ilinin əvvəlində səsləndirdiyim təklifi tələbələrim həvəslə qarşıladılar... Lüğət vahidlərinin siyahısı hazırlandı, magistrantlar bu vahidləri Azərbaycan və Çin dillərinə tərcümə etdilər. Redaktə işi başa çatdıqdan sonra məlumat kitabçası çinli tələbələrin bakalavr təhsili aldıqları Harbin Elm və Texnologiya Universitetinin Xarici Dillər İnstitutuna göndərildi və lüğətə bu institutda rus dilini tədris edən filologiya elmləri doktoru, professor Chang Ying tərəfindən rəy verildi. BSU-nun Rus dili kafedrasında, fakültə Elmi Şurasında müzakirələrdən sonra universitetin Elmi-Metodik Şurası lüğətin çapa tövsiyə edilməsi barədə qərar qəbul etdi. Təşəbbüsümüzə dəstək verdiyinə görə tələbələrim adından universitet rəhbərliyinə minnətdaram... Düşünürəm ki, "Rus dilinin xarici dil kimi tədrisinin metodikası və metodologiyası" ixtisası üzrə təhsillərini başa çatdıran magistrantlar Li Na, Guo Jiahui və Kəmalə Əmiraslanova tərəfindən tərtib edilmiş "Rus-Çin-Azərbaycan dillərində qısa metodik terminlər lüğəti" müvafiq terminologiyanın mənimsənilməsində və elmi-metodiki ədəbiyyatın oxunmasında çinli tələbələrə üzləşdikləri çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər”.
Lüğət Çinin orta və ali təhsil müəssisələrində rus dilinin xarici dil kimi tədrisi metodikası ilə bağlı 800 söz və söz birləşməsindən ibarətdir. Lüğətdə rus dilində əlifba sırası ilə düzülmüş leksik vahidlər və ifadələr, onların Çin dilində ekvivalentləri və tələffüz xüsusiyyətləri, eləcə də Azərbaycan dilinə tərcümələri yer alıb.
Tərtibçilər Kəmalə Əmiraslanova, Li Na və Quo Ciahui Bakı Slavyan Universitetində "Rus dilinin xarici dil kimi tədrisinin metodologiyası və metodologiyası" ixtisası üzrə magistr təhsillərini başa vururlar. Onların hər biri iki elmi məqalənin və magistrantların elmi konfranslarında iki məruzə tezisinin müəllifləridir. Artıq həm də ISBN (Beynəlxalq Standart Kitab Nömrəsi) kodu almış lüğətin tərtibçiləri...
M.Məcidli
çap et