525.Az

Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisi təşkil ediləcək


 

Dövlət İmtahan Mərkəzində ali təhsil müəssisələrinin sərgisi təşkil ediləcək<b style="color:red"></b>

İyulun 29-dan 31-dək Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) ali təhsil müəssisələrinin sərgisi təşkil olunacaq. Sərgidə Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, "Abituriyent" jurnalı redaksiyası və ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi təmsil olunacaq.

Mərkəzdən 525.az-a bildirilib ki, sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, tədris proqramı, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər. Sərgidə, həmçinin ali təhsil müəssisələrinin qəbul şərtləri, elmi-metodiki bazası və digər imkanları təqdimatlarla nümayiş olunacaq.

Sərgidə abituriyentlər və onların valideynləri iştirak edə bilərlər. İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı da verilir.

 

 





08.07.2026    çap et  çap et