Gəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan ilə Türkiyə arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsinin rəsmi açılış mərasimi keçirilib. Bölmə iki qardaş ölkənın mədəniyyət nazirliklərinin birgə həyata keçirdiyi layihə çərçivəsində həyata keçirilib .
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, həmçinin Türkiyənin Antalya Kəpəz Bələdiyyəsi sədrinin müavini Evrim Yalçın, həmin bələdiyyənin Mədəniyyət müdürü Birsen Atmaca, Antalya şəhərinin Mərkəzi Kitabxanasının müdiri Oğuzhan Ceylan, həmin şəhərdəki Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Azər İsmayıl və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Çıxışlarda bildirilib ki, həyata keçirilən layihə əsrlərə söykənən Azərbaycan–Türkiyə qardaşlığının, ortaq dil, tarix və mədəniyyət birliyinin növbəti təzahürüdür və Mərkəzdə yaradılan yeni bölmə hər iki qardaş ölkənin ziyalıları, tədqiqatçıları və gəncləri üçün mühüm mütaliə, elmi və mədəni əməkdaşlıq məkanlarından birinə çevriləcək.

Həmçininn vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kəlamı bu gün də iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və mənəvi birliyin əsasını təşkil edir.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzinin kitabxanasında yaradılmış “Türkiyə ədəbiyyatı” bölməsi ilə tanış olublar. Burada klassik və müasir türk ədəbiyyatının, eləcə də elmi və bədii əsərlərin seçilmiş nümunələri nümayiş etdirilir.

Səfər çərçivəsində qonaqlar dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin Məqbərəsini və Muzeyini də ziyarət ediblər.
Zakir Muradov,
Gəncə
çap et