525.Az

Mars - Fantastik hekayə


 

Mars - <b style="color:red"> Fantastik hekayə</b>

Bir dəfə həqiqət axtarışına çıxan bir qarapaltarlı ağacın kölgəsində sake içən yaşlı bir samuraya yaxınlaşıb yerin mərkəzinə gedən yolu soruşub. Samuray onun səsindəki qəzəbi hiss etsə də üzə vurmayıb, zarafatca əlini elə gəldiyi istiqamətə tutaraq deyib ki, həqiqət arxada qaldı. Sən onu ötüb keçibsən. O, samurayın sözlərini özünə təhqir sayıb bir göz qırpımında ayağı ilə sakeni dağıdıb və qolunda gizlətdiyi kusunqobusunu dirəyib qocanın boğazına. Samuray əlini katanasına atsa da qınından çıxarmayıb. O, qorxmadan, sakit tərzdə deyib, “madam ki, sən bu qədər iddialısan, sənə həqiqətin yerini göstərəcəm. Yerin mərkəzində nüvə deyilən bir kürə var. Qaz, qaz, dayanmadan qaz və sonda o həqiqəti görəcəksən”. Qarapaltarlı qocanın yalan danışıb-danışmadığını dəqiqləşdirmək məqsədilə bir qədər də onu sorğu-suala tutub. Uzun-uzadı dialoqdan sonra, qocadan əl çəkib.

Orbital Qüvvələr Komandanlığının ikinci mərtəbəsində, alaqaranlıq bir otaqda idilər. Samuray missiya rəhbərinin uzun monoloqunu dinlədikdən sonra dedi:

– Sonra nə oldu?

– Bir neçə ildən sonra samuray eşidib ki, dərin bir quyudan həmin o adamın yanmış sümüklərini tapıblar. Əlbəttə ki, samuray ona həqiqəti tam söyləməyib. Yazıq, həqiqəti başa düşmədən ölüb. Heç lazım idi ona belə həqiqət? Amma, gör o bizə nə verir? Təmiz hava, yaşıllıq, su. Yaxşı düşünsəydi nüvənin yerini və nəyə xidmət etdiyini anlayardı. Bilərdi ki, həqiqətin bir ucu Ayda o biri ucu isə Günəşdədir.

– Cənab mayor, nağıl danışma. Gəlin keçək əsas məsələyə. Məni bura niyə çağırmısız?

Divara proyeksiya olunan Mars planetinin daşlı-dərəli relyefi qımışa-qımışa bığlarını tumarlayan mayorun üzündə naxış çəkirdi. O, ayağa qalxaraq:

– Mən Günəş sisteminin maqnit sahəsindən danışıram, – dedi.

Samurayın düyünlənmiş qaşları açıldı.

– Yaxşı, cənab mayor. Belə başa düşdüm ki, məni qırmızı planetə yollamaq fikrindəsiz.

– Hə, Samuray, hə. Sən Marsa uçacaqsan, özü də tək. – deyib qapıya tərəf getdi və otağın işığını yandırıb əvvəlki yerinə qayıtdı, – Təfərrüatları deyə bilmərəm. Tapşırıqları yerində alacaqsan. Yol uzundur. Hələlik get dincəl. Üç gün vaxtımız var. Söz verirəm tapşırığın öhdəsindən gəlsən Marsda sənin heykəlini ucaldacam.

Samurayın üzünə gülüş qondu:

– Mən öləndən sonra?

– Hər iki halda. Öldün, ölmədin, hesab elə ki, sənin üçün Marsda bir yer var.

Samuray məzəyə keçdi:

– Endiyim kraterə adımı verərsiz?

Mayor Hümbətov üzündəki qeyri-ciddiliyi necə yığışdırdısa Samuray əlavə sual verməyə ürək etmədi. Eləcə, “oldu cənab mayor” deyib, otaqdan çıxdı.

Samurayı liftlə birinci mərtəbəyə ötürdülər. O, binanın qarşısında saxladığı köhnə mersedesinə minib üzü Bakıya qayıtdı.

Sahil rayonu, köhnə binaların birində yaşayırdı. Tək yaşayırdı, çünki gördüyü iş onu insanlarla ünsiyyətdən məhrum etmişdi. Heç kimlə dostlaşmaq olmaz. Sevgili olmaz, yalnız bir gecəlik. Ən vacibi heç bir sirr vermək olmaz!

Evə qalxmazdan əvvəl o baş-bu baş sahil boyu gəzdi. Bulvar parkında üç-üç, iki-iki deyib-gülənlərin yanından ötərək bir anlıq xəyala daldı. Düşündü ki, necədə paxıl adam imiş. O, da başqaları kimi həyatın o biri üzündən bixəbər ola bilərdi.

Özündən asılı olmayaraq fikirlərini missiyaya yönəltdi. Fikirləşdiqcə beyni qara dəliyin nüvəsi kimi sıxılmağa başladı. Son həddə çatanda iti addımlarla evə sarı döndü.

Növbəti iki gününü pivəxanalarda və masajxanalarda keçirdi.

***

Mayor Hümbətov masaya düzdüyü qırmızı planetin maqnitosfer, hidro-geoloji xəritələrini nəzərdən keçirirdi ki, qapı döyüldü. Başını qaldıranda Samurayın inamlı baxışlarına tuş gəldi. Diqqətini işindən ayırmadan “yaxın gəl” deyib, Samurayın qarşısına planetin formasız peyklərinin fotoşəkillərini atdı.

– Bunu NASA-nın kəşfiyyat peyki çəkib.

– Çox gözəl. Mənim işim nədən ibarətdir?

Mayor Hümbətov tələsmədən çəkəcəkdə saxladığı şərab şüşəsini çıxardı və bir qədər üzərindəki etiketə tamaşa etdi: “Savalan”. Bir neçə saniyədən sonra otağa pıqqıltı səsi yayıldı. Ürəklər məst oldu, sonra şırıltı səsi və:

– İçək bunu Marsın sağlığına! – Qurtaqurtdan sonra üzünü turşudub sözünə davam etdi, – Yeri gəlmişkən, yunan mifologiyası haqqında nə bilirsən?

– Bircə onu bilirəm ki, Fobos və Deymos müharibə allahlarının adıdır.

– Elə bunu bildin bəsindi, – əlini dodağına çəkib sözünə davam etdi. – Sən Deymosu öldürməlisən.

– Başa düşmədim, necə yəni öldürməliyəm.

– Elə sözün həqiqi mənasında məhv etməlisən. Dağıtmalısan onu.

– Siz yəqin zarafat edirsiz. Deymos əfsanədir. Olmayan bir şeydi.

– Fərz elə ki, o diridi. Və sən gedirsən onunla vuruşmağa.

Bu dəfə Samuray lap özündən çıxdı:

– Cənab mayor, bilirsiz nə var?!

– Hazırlaş, gedirik Beyləqana. Yolda hər şeyi izah edəcəm.

Maşın onları binanın həyətində gözləyirdi. Samuray hələ Hümbətovun sözlərinin ciddiliyinə inanmırdı, buna görə də mayor bir az izahat verməli oldu:

– Yadındadır sənə yerin nüvəsi ilə bağlı bir əhvalat danışmışdım.

– Yadımda.

– Planetin nüvəsini isti saxlayan peykdir. Marsın iki peyki var. Fobos və Deymos. Fobos çox sürətlə fırlanır. Marsda olsaydın sən onu sutka ərzində iki dəfə görərdin. Amma Deymos hər şeyi qatıb-qarışdırır. O bir tərəfdən qardaşını sürətləndirir, digər tərəfdən yavaşladır. Fobos ona yaxınlaşanda sürət yığır, ötüb keçən kimi tormozlanma baş verir.

– Cənab mayor, tam başa düşmürəm sizi.

Mayor pəncərəni qaldırıb sözünə davam etdi:

– Fərz edək ki, Marsın nüvəsi maqnitin müsbət tərəfidir, peyklərin mənfi qütbləri isə planetə yönəlib. Onların üçü də bir-birlərini cəzb edir. Fobos yaxındadır, amma çox sürətlə fırlanır. Təbii ki, fırlanma momenti onu planetə düşməyə qoymur. Fobosun müsbət tərəfi, yəni arxası Deymosun mənfi qütbü ilə cəzb olunur. Marsın peyk sistemi, əgər belə demək olarsa, dinamo aparatı kimi işləyir. İndi başa düşürsən?

Samuray bir qədər fikrə gedib:

– Marsın maqnit sahəsində anomaliyalar buna görədir, – dedi.

– Bəli.

– Deymosu öldürməyin səbəbini indi anladım. – Samuray pəncərədən boylanan axşam günəşini seyr edərək əlavə etdi, – Deymos planetdə hərarətin qalxmasına maneçilik törədir.

– Bəli.

– Biz indi hara gedirik?

– Kosmik platformanın tikintisi bitmək üzrədir. Amma uçuş etmək olar. Gəmi də hazırdır, səni gözləyir.

Maşın Haramı düzündə yenicə salınmış asfalt yolla bir qədər gedib birmərtəbəli binanın qarşısında dayandı. Onlar maşından düşüb uçuş zolağına doğru addımladılar.

Günəşin son şəfəqləri 100 tonluq “Dan ulduzu”na sığal çəkirdi. Kosmik gəmi NASA-nın üçmərhələli “Şatl” sistemini xatırlatsa da uçuş şaquli deyil, təyyarələrdəki kimi üfüqi formada havaya qaldırılırdı.

Mayor Hümbətov skafandr geyinmiş Samuraya baxıb son tapşırıqlarını verdi:

– Bu həbi indi iç. Yuxuya qarşıdır. Sən ora çatana qədər yatmamalısan! Maqnit mühərrikləri səni 1 aya Marsa çatdıracaq. Yerlə əlaqəni kəsmə! Uğurlar...

Samuray pilot kabinəsində yerini tutdu. Sistem hazır vəziyyətə gətiriləndən sonra mühərriklər işə düşdü. Oksigenlə qarışan hidrogen necə alışdısa “Dan ulduzu”nu formula-1 bolidi kimi irəli atdı.

Gəmi artıq havanı yarıb qırx beş dərəcəlik bucaq altında səmaya qalxırdı. Ağır tonnajlı çənlər atılandan sonra gəminin burnu bir qədər də səmaya yönəldi. İkinci mərhələnin yanacağı bitəndə isə kənarlara bərkidilmiş qanadlar çənlərlə bərabər lazımsız əşya kimi kənara tullandı. “Dan ulduzu” artıq tam şaquli vəziyyətdə orbitə üz tutmuşdu. Bir neçə dəqiqədən sonra tam çəkisizlik yaranacaqdı.

– Samuray, qəbul. Vəziyyət necədi?

– Samuray qəbulda. Hər şey qaydasındadır.

– Yeri gəlmişkən, sənin adını niyə Samuray qoyublar?

– Atam qoyub, yapon mədəniyyətini sevdiyi üçün.

– Yeddi samuray filminə baxmısan?

– Xeyr.

– Qayıdanda baxarsan.

– Oldu cənab mayor.

– Marsa yaxınlaşanda ola bilsin gəminin naviqasiya sistemi işləməsin. Kompüterlərə çox etibar eləmə. Pilot-kabinədə kosmik kompas var, ondan istifadə et. İndi isə sağollaşırıq, üç günlük fasilə.

Samurayın yuxusu ərşə çəkilmişdi. İkinci gündən sonra beyninə qara-qura fikirlər dolmağa başladı. Üçüncü gün o, Yerlə əlaqə qurmağa cəhd etdi, amma sorğusuna cavab verən olmadı. Həmin gün Samurayın ən ağır günü oldu.

Mayor Hümbətov tapşırığı yerində alacaqsan demişdi. Bəs indi hardadır o? Nə üçün sorğuya cavab vermir? Belə vəziyyətdə nə etsin? Geri qayıtsın, yoxsa...

Sonrakı günlərdə öz-özüylə söhbət etməyə başladı. Çünki tənhalığın ən yaxın dostu adamın elə özüdür. 20 gündən sonra Yerdən siqnal gəldi. Mayor Hümbətov şəxsən onunla əlaqəyə girmişdi. Amma ənənəvi rabitə ilə yox...

İlk dəfə bunun necə baş verdiyini anlayanda Samuray bir qədər şok keçirdi. Amma rabitə gücü artanda bütün şübhələr aradan qalxdı. Telepatik rabitə, şüurun oyanışı zamanı baş verən beyin əlaqəsi, insan varlığının ən yüksək nöqtəsi...

– İndi sən əmin oldun ki, radio olmadan belə əlaqə qurmaq mümkündür?

– Sözün açığı mən bilmirəm, özümlə danışıram, yoxsa sizlə.

– Sən mənimlə danışırsan, mayor Hümbətovla.

– Mənə bir işarə verin.

– Oturacağın altına bir məktub yapışdırılıb.

Samuray cəld kəmərlərini açıb yerindən qalxdı və əyilərək mayorun dediyi məktubu tapdı.

Samurayın əlləri titrəyirdi. O, boğazını arıtlayıb konverti yavaşca açdı. İçində bir fotoşəkil vardı. Mayor Hümbətovla yanaşı oturmuş gülərüz bir kişi ona baxırdı. Şəklin arxasında isə “Sənin atan sağdır” sözləri yazılmışdı.

– İndi mənə inandın? Sən atan haqqında heç vaxt danışmamışdın. Amma o, indi mənim yanımdadır və sənin gəlişini gözləyir.

Bu zaman Samurayın vücuduna rahatlıq çökdü. Günlərlə içində daşıdığı qorxusunu bir ürək döyüntüsü ilə qovdu.

– Atam mən uşaq olanda anamı atmışdı. Hər halda anam belə deyirdi. Ancaq böyüyəndə başa düşdüm ki, atamda heç bir günah yoxdur.

Mayor Hümbətov bir qədər susdu, Samurayın qəlbindəki rahatçılığını pozmaq istəmirdi. Amma tapşırığı yerinə yetirmək lazım idi. O bir qədər ürək-dirək verəndən sonra davam etdi:

– Sənin missiyan Deymosu Marsın orbitindən uzaqlaşdırıb kosmosda itirməkdən ibarətdir.

– Yaxşı. – deyib əlini saçlarına çəkdi.

Samuray bir qədər fikrə getdi. Sonradan yadına düşdü ki, missiyadadır:

– Bəs, mən bunu necə edəcəm?

– Təsəvvür elə ki, Deymos iri bir dəmir parçasıdır. Maqnitləşmiş dəmir parçası. Sən onu beynin gücünə itələməlisən. Sən onu inandırmalısan ki, o formasız peyk Marsın maqnetik sahəsində artıqlıq edir.

– Mən 7 günə ərazidə olacam. Kosmik kompas artıq işə düşdü. Gör, Deymosun necə güclü maqnetik sahəsi var ki, kompas indidən onu tutur.

– Yadında saxla ki, şüur maqnitdən güclüdür.

Samurayın fikirləşməyə vaxtı bol idi. Ssenari get-gedə ona aydın olurdu. Hətta bir anlıq düşündü ki, mayorun verdiyi tapşırıq o qədər də ağlabatan deyil.

“Dan ulduzu” tormozlanma rejiminə keçmişdi. Mars gözünün qabağında o qədər böyümüşdü ki, səthindəki relyefini ayırd etmək mümkün idi. Hətta bir anlıq Samuraya elə gəldi ki, kraterlərə su dolub.

Samuray köməkçi mühərrikləri işə salaraq planetin orbitinə qondu. Fobosun yanından ötüb, istiqaməti Deymosa sarı götürdü. Bir anlıq içinə elə bir üşütmə doldu ki, tükləri yerində oynadı. Gəmi Deymosa yaxınlaşdıqca qorxu da çoxalırdı. Samuray isə gözünü qırpmadan ona baxırdı. Ürəyində deyirdi “Deymos, mən səndən qorxmuram. Yaxın gəl!”

Samuray bütün zehni ilə müharibə allahını danışığa tuturdu. Saatlara gözünü ondan çəkmirdi. Get-gedə fikirləri gerçəkliyə çevrilməyə başladı. Hiss etdi ki, qorxu ondan çəkilir, Deymos isə yaxınlaşırdı.

Bu zaman dövrəni başa vuran Fobosdan siqnal gəldi. Arada sanki bağlantı yaranmışdı, maqnetik bağlantı. İkinci dövrədən sonra Fobos Marsdan uzaqlaşdı, Deymos isə əksinə yaxınlaşaraq öz orbitində daha da sürətlənməyə başladı. Üçüncü dövrədən sonra hər iki peykin hərəkəti mexanizmdə yerinə oturan detal kimi sinxronlaşdı.

Samurayın beynində elə bir qıjıltı başlamışdı ki, özündən asılı olmayaraq panikaya düşdü. Fikirləşə bilmirdi, damarlarında təzyiq artmışdı, ayaqları ağrayırdı, ürəyi partlamaya düşmüşdü. O qədər gərgin idi ki, maqnetizmi saçlarında hiss edirdi.

– Cənab mayor, mən onların cazibəsindən çıxa bilmirəm. Mənə kömək edin. Vaxtım daralır.

Növbəti 3 dəqiqə Samuray üçün əzablı oldu: Psixoloji test, dözümlük imtahanı...

Kabinədə həyəcan işıqları yananda ortalıqda ləngər vuran və özünə qapanan Samuray gözlərini açdı. Qadın səsilə danışan bələdçi-robot avto-pilot rejiminin işə saldığını dedi:

– Kəmərlərinizi bərkidin! İstiqamət Yer. Köməkçi maqnit mühərrikləri sizi maqnit burulğanından çıxaracaq.

Mayor Hümbətov Samurayın həyəcanını duymuşdu. Samuray bunu sonradan hiss etdi. İndi vücuduna rahatlıq yayılmışdı.

Qayıdanda Yeri zülmət içində gördü. Gecənin səssizliyində mürgü vuran şəhərlərdə işıq yox idi. Radio ilə əlaqə qurmağa cəhd etdi, amma cavab verən olmadı. Cihaz sanki xarab olmuşdu. Bir saatdan sonra aydınlığa çıxan şəhərlərin lampaları domino daşları kimi yenidən yanmağa başladı.

– Mayor Hümbətov, dan ulduzu sizi çağırır, qəbul.

O başdan Mayor Hümbətovun xırıltılı səsi eşidildi:

– Qəbulda...

Samuray bəd xəbəri duyurmuş kimi dedi:

– Nəsə olub?

– Heç nə olmayıb, – o, bir qədər susdu. – Əsas odur ki, sən sağsan.

– Atam yanınızda?

Mayor Hümbətovdan səs çıxmadı...

Samuray donuq baxışlarla Yerə baxırdı. Üfüqdən boylanan Günəş də yavaş-yavaş qaranlığı qovaraq planeti öz işığına qərq edirdi.

Məmməd Məmmədli

 





09.07.2026    çap et  çap et