Bu gün uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən, risklərindən qorunması, sosial şəbəkə təhlükəsizliyinin təmin edilməsi qlobal bir məsələyə çevrilib. Əksər ölkələrdə bu mövzu çox ciddi müzakirə olunur və müvafiq qərarlar qəbul edilir. Azərbaycanda da bu istiqamətdə işlərə başlanılıb. Milli Məclisin plenar iclasında üçüncü oxunuşda qəbul edilən dəyişikliklərlə artıq qeydiyyat zamanı yaşın yoxlanılması mexanizmi tətbiq ediləcək. Yeni tənzimləməyə əsasən, 16 yaşınadək uşaqlar sosial şəbəkə platformalarında hesab yarada bilməyəcək. 16-18 yaş arası yeniyetmələr isə valideyn razılığı ilə qeydiyyatdan keçə biləcəklər.
Bu dəyişikliklər uşaqlar yetkinlik yaşına çatana qədər onların mənfi təsirlərdən qorunmasına, fiziki və psixoloji sağlamlığına, düzgün inkişafına və davranışına, sağlam baxışla yetişməsinə imkan verəcək.
Qeyd edək ki, 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun ilə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar onların zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilib və bu sahədə yaranan münasibətlər tənzimlənib. Tənzimlənmənin davamı olaraq indiki dövrdə bu məsələlərin sosial şəbəkələrdə həllinə yönəlmiş addımlar atılır. Qanunvericiliyə edilən dəyişikliklər beynəlxalq təcrübə və yerli şərait nəzərə alınmaqla dünyada gedən inkişaf meyilləri ilə uzlaşır və müvafiq qanunvericilik çərçivəsində yeni tənzimləmə şərtləri yaradır. Qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcək.
Yuxarıda qeyd etdiyimiz kimi, dünyanın aparıcı ölkələri artıq sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi istiqamətində hüquqi addımlar atıblar. Məsələn, 2025-ci ilin dekabrdında Avstraliyada müvafiq qanun qəbul edilib. Yeni qanun platformalara istifadəçilərin yaşını yoxlamaq öhdəliyi qoyur və azyaşlıların qeydiyyatına imkan verən şirkətlər üçün yüksək məbləğdə maliyyə sanksiyaları nəzərdə tutur. Avstraliya hökuməti hesab edir ki, uşaqların təhlükəsizliyi artıq yalnız valideynlərin deyil, platformaların da hüquqi məsuliyyətidir.
Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti (15 yaş) tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub.
Hazırda müxtəlif ölkələrdə, o cümlədən Danimarkada 18 yaş, İspaniyada 16 yaşdan başlayaraq bu cür tənzimləmələrin tətbiqi imkanları nəzərdən keçirilir. İrlandiyada Online Safety Code və Böyük Britaniyada Online Safety Act kimi addımlar mövcuddur.
ABŞ-da isə federal səviyyədə 17 yaş həddi irəli sürülüb. Ştatlara gəlincə, Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada 18 yaş, Kolorado, Corciya və Luizianada 16 yaş, Florida isə 14 yaş həddi imüəyyən edilib.
Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib. Qonşu ölkələr Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbüsləri mövcuddur.
Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.
Sosial şəbəkələrin uşaqlar üçün yaratdığı təhlükələr dünya liderlərini də narahat edir, onlar bu mövzu ilə bağlı öz fikirlərini dilə gətirirlər.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqların zehnini pozduğu və sosial media platformalarının zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq: "İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır".
Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə deyib ki, məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır.
Norveçin Baş naziri Jonas Gar St?re: "Biz bu qanunvericiliyi uşaqların uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrü istədiyimiz üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib bir tədbirdir".
İspaniyanın Baş naziri Pedro Sançez: "Real dünyada qanuni olmayan şey virtual dünyada qanuni ola bilməz".
Göründüyü kimi, məsələ qlobal narahatlıq yaradır və artıq uşaqların sosial platformaların təhdidlərindən, təhlükələrindən qorumaq dövlət siyasətinin tərkib hissəsinə çevrilib.
Politoloq Şəbnəm Həsənova mövzu ilə bağlı "525"ə bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsi olduğu qədər, onların tənzimlənməsinin vacibliyi də artıq daha dərindən dərk edilir. Bu əhəmiyyət fonunda, uşaqların sosial şəbəkələrdən istifadəsinin lehinə və əleyhinə arqumentlərin səsləndirildiyini də görürük: "Lehinə arqumentlərə ünsiyyət və sosiallaşma bacarıqlarının inkişafı, təhsil məzmununa çıxış, müsabiqələrdə və sosial təşəbbüslərdə iştirak daxildir. Son vaxtlar müəllimlərin şagirdlərlə ünsiyyət qurmaq üçün sosial şəbəkələrdə qruplar yaratması da onları sosial şəbəkə istifadəçisi olmağa məcbur edən hallardan birinə çevrilib. Halbuki sosial media lüks deyil. Bir çox uşaq, xüsusilə də təcrid olunmuş və ya marjinal vəziyyətdə olanlar üçün bu, öyrənməyə, əlaqə qurmağa, oyuna və özünüifadəyə çıxış təmin edən bir vasitə kimi qiymətləndirilməlidir.
Əks arqumentlərə geniş onlayn təhdidlər və uşaqları qorumaq üçün etibarlı hüquqi və texniki vasitələrin kifayət qədər olmaması daxildir. Kontent risklərdən danışsaq, burada qanunsuz məzmundan söhbət gedir. Pornoqrafiya, irqçilik, qumar, zərərli məzmun, təcavüz, nifrət nitqi, zərərli məsləhətlər, məsələn, intihara sövq edən məzmun nəzərdə tutulur. İstənilməyən reklamlar da bu risklərə daxildir. Əlavə risklər də mövcuddur; kiberhücumlar, kibertəhqir, kibertəqib də daxil olmaqla təhlükəli qarşılıqlı təsirlər buraya aid edilə bilər".
Onun sözlərinə görə, sosial şəbəkələr üçün ən aktual risklərdən biri təhlükəli və zərərli əlaqələrdir: "Məsələn, "ölüm qrupları"nın yaradılması, müxtəlif adlar altında fəaliyyət göstərən bu qruplarda cinsi cinayətlər də daxil olmaqla bir sıra cinayətlərin törədilməsi və etibardan sui-istifadə halları müşahidə olunur. Təbii ki, ən geniş yayılmış təhlükələrdən biri uzunmüddətli nəticələrini qiymətləndirməyin çətin olduğu kiberhücumlardır. Psixoloji travmalar və informasiya asılılığı riskləri də nəzərə alınmalıdır. Bu, qarşısı alınması çətin olan asılılığa gətirib çıxarır. Nəticədə zehni, fiziki, emosional və bir çox digər zərərlər ortaya çıxır".
Ekspert əlavə edib ki, sosial şəbəkələrdən şəxsi və işgüzar münasibətlər qurmaq və saxlamaq üçün istifadə etmək çox faydalı ola bilər. Lakin bunun gizli hüquqi nəticələrinin çoxluğu da həmişə nəzərə alınmalıdır: "Avstraliya, ABŞ, Fransa və digər ölkələrdə bu istiqamətdə tədbirlər görülür. Burada iki əsas tənzimləyici istiqaməti müəyyən etmək mümkündür. Bunlardan biri giriş şərtlərinin, digəri isə istifadə şərtlərinin müəyyən edilməsidir. Girişin tənzimlənməsi istifadəçinin yaşına və valideyn razılığına aiddir. Pedaqogika və psixologiya uşağın reallığa son dərəcə hörmətlə böyüdülməsini vurğulayırsa, sosial media və sosial şəbəkələr məcazi mənada uşağın ayağını sanki reallıqdan kəsir. Kiçik və süni bir dünya yaradılır. Bu dünya ilk baxışda görünməsə də, dar, məhdud, kasad, real dünya isə daha geniş, daha zəngindir. Həddindən artıq qorunmanın özü də dar düşüncəli fərdin formalaşması riskini yaradır və artırır. Buna görə də uşağın inkişafına zərər verməmək üçün yaş həddinin müəyyənləşdirilməsi, zənnimcə, düzgün yanaşmadır. Hər bir halda hüquqi tənzimləmə zərurət və zəruridir. 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun ilə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilib və bu sahədə yaranan münasibətlər tənzimlənib. Azərbaycan bu istiqamətdə ağlabatan və düzgün mövqe tutur. Yaş məhdudiyyəti təkbaşına uşaqların onlayn təhlükəsizliyini təmin etmir. Bununla yanaşı, yaş məhdudiyyəti uşaqları müəyyən zərərlərdən qoruyur. Onların şəxsi həyat və iştirak hüquqlarına hörmət edir. Eyni zamanda, uşaqları tənzimlənməmiş və daha az təhlükəsiz məkanlara yönəlməkdən çəkindirir".
çap et