525.Az

Həkim. Nazir. Vali. Şəhid - "Keçən keçdi, olan oldu" dastanından


 

Həkim. Nazir. Vali. Şəhid - <b style="color:red"> "Keçən keçdi, olan oldu" dastanından</b>

Məşhur vətənsevən Ələkbər Rəfibəylinin oğlu Xudadat bəy Azərbaycanın işğalı üzərinə Gəncədə vali ikən həbs olunmuş,  Gəncədə zühur edən üsyan əsnasında edam edilmişdir. Fədakar bir millət adamı idi.

Məhəmməd Əmin Rəsulzadə

 

Azərbaycanın üç böyük siyasi xadiminin - Məhəmməd Əmin Rəsulzadənin, Nəriman Nərimanovun, Heydər Əliyevin yüksək qiymətləndirdikləri və amansız qətlinə dərindən təəssüfləndikləri Xudadat bəy Ələkbər bəy Rəfibəylinin və Xeyrənsə xanımın yeganə oğulları idi. Xudadat 1877-ci il yanvarın 12-də Gəncənin Bala Bağban məhəlləsində dünyaya gəlib. Ələkbər bəy rus dilini yaxşı mənimsəməsi üçün oğlunu məktəbdən əvvəl rus ailəsinə verir ki, orda bir neçə ay yaşayıb dilə mükəmməl yiyələnsin. Rus məktəbinə qəbul olmaqçün bu, vacib şərt imiş. 1888-ci ildə on bir yaşlı Xudadat birinci sinifə girir.

Düz on il sonra isə 1898-ci ildə atasının tövsiyəsi ilə Xarkov İmperator Universitetinin tibb fakültəsində, cərrahiyyə şöbəsində təhsil almağa başlayır.

1904-cü ildə Universiteti əla qiymətlərlə bitirən Xudadat qaydaya görə Universitetin cərrahiyyə şöbəsində üç il işləyir.

1905-ci il mayın altısında 28 yaşlı Xudadat atasının əmisi oğlu Mirzə bəy Rəfibəylinin qızı 18 yaşlı Cəvahirlə evlənir. 1907-ci ildə Gəncəyə qayıdır.

Xudadatın vətənə dönən kimi qızğın fəaliyyətə başlaması o dövrün mətbuatında da əks olunub

"İrşad" qəzetində belə bir elan - çağırış çıxır: 

"Böyük millət atası Ələkbər bəy Rəfibəyovun oğlu Xudadat bəy  Rəfibəyov Rusiyada təhsilini bitirib doğma Gəncə şəhərinə qayıtmış və həkimlik fəaliyyətinə başlamışdır. Hər gün işdən sonra, yəni axşam saat 5-dən 9-a qədər öz evində xəstələrə məccani tibbi yardım göstərir. Həkim yardımına ehtiyacı olanlar ona müraciət edə bilərlər".      

"İşdən sonra", yəni Şəhər xəstəxanasında tam iş saatlarından sonra da yorğunluq-arğınlıq bilməyən Xudadat bəy həkim kimi işini davam edir, evində xəstələri qəbul edir. Bəzən hətta həkim çantasını götürüb gəlməyə halı olmayan xəstələrin evlərinə özü  gedərmiş. Onu da şəhadət edirlərmiş ki, heç vaxt kasıb adamlardan pul götürməzmiş. "Bu pula dərmanlar və xəstənin ehtiyacı olan qidaları alın" deyərmiş, çox vaxt dərmanları öz puluna alar, ya aldırarmış. Əlbəttə, bu xeyirxah messanatlığına görə deyil, yüksək həkim peşakarlığına görə Xudadat bəy qısa bir müddətdən sonra Afanasyev adına Yelizavetpol şəhər xəstəxanasının müdiri təyin edilir.

Xudadat bəydən on yaş cavan olan Cəvahir xanım ilk təhsilini atası Mirzə bəydən, ərə getdikdən sonra həyat yoldaşı Xudadatdan alaraq dövrünün savadlı və açıq fikirli qadını kimi yetişir.

Eyni zamanda Xudadat böyük həmyerlisi Nizaminin irsini  öyrənən cəmiyyət yaradır, özü də bu sahədə tədqiqatlar aparır.

Bu illərdə səmərəli tibbi fəaliyyətinə görə Xudadat bəy dövlətin bir çox ali nişanlarıyla və fəxri adlarıyla təltif olunur.

Xudadat bəy Birinci Dünya müharibəsi cəbhələrindən qayıdan yaralı rus əsgərlərini gecə-gündüz bilmədən əməliyyat edir, neçə-neçə yaralını ölümdən qurtarır.

1914-cü ildə, Birinci Dünya müharibəsinin ilk ilində cəbhədən  yaralı qayıdan rus əsgərlərini müalicə və xilas edən həkim Xudadat bəy, bu müharibənin axırında cəbhədən əli silahlı dönüb müstəqil Azərbaycan hökumətini devirmək istəyən rus əsgərlərini tərki-silah etməyi də bacarıb.

Babamın tərcümeyi-halının bu epizodu görkəmli yazıçımız İsmayıl Şıxlının son əsərində - "Ölən dünyam" romanında əks olunub.

Bir gün mənə zəng etdi. Xudadat bəy Rəfibəyli ilə bağlı məndə olan materialları ona çatdırmağımı istədi. Əlimdə olan bütün materialları ona yolladım. Bir müddət sonra "Ölən dünyam"  romanının əlyazmasını oxumaq üçün mənə göndərdi. Oxudum və dərhal ona təşəkkür məktubu yazdım. Gözəl əsər yazdığına görə təbrik etdim. Babamla bağlı yazdıqlarına görə bir daha təşəkkür etdim. Az sonra "Ədəbiyyat qəzeti"ndə romandan bir parça çap olunarkən mənim məktubum da əlavə olunmuşdu.

1918-ci il mayın 28-də yalnız Azərbaycanın deyil, bütün Şərqin  tarixində mühüm hadisə baş verdi. Azərbaycan öz müstəqilliyini elan etdi və Şərqdə ilk demokratik respublikasını yaratdığını bildirdi. Tiflisdə Milli Şuranın qərarıyla yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyskinin tərtib etdiyi  hökumətin tərkibində səhiyyə naziri vəzifəsi yox idi.

İyunun 16-da Tiflisdən müstəqil ölkəmizin ilk paytaxtı Gəncəyə  gələn hökumət üzvləri burada F.X.Xoyskinin başçılığı ilə Nazirlər şurasının ikinci kabinetini təşkil edirlər və bu kabinetdə Xudadat bəy Rəfibəyli Azərbaycanın ilk səhiyyə və himayədarlıq (sosial təminat) naziri təyin olunur.

Müstəqilliyin ilk ayları - Bakıda hələ də bolşevik-daşnak Stepan Şaumyan hakimiyyəti at oynadır. Bakı Kommunasının qoşunları Azərbaycan rayonlarına qanlı basqınlar edir. Ənvər paşanın kiçik qardaşı Nuru paşanın komandanlığıyla İslam ordusu Azərbaycana yardıma gəlir. Gəncədə yerləşir.

M.Ə.Rəsulzadəni Bayıl türməsindən çıxarıb qaçılmaz edamdan xilas edən, öz vaqonunda Moskvaya aparan Stalin onunla yol söhbətlərində soruşur: Bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz? Məhəmməd Əmin: - Çox şey verə bilmədik - deyə səmimi etirafdan sonra əlavə  edir: azca da olsa millətə azadlığın, müstəqilliyin dadını dadızdıra bildik.

Doğrudur, müstəqilliyin dadını azacıq dadızdıra bildilər, amma bolşeviklər doyuzdurmağa imkan vermədi. 70 illik yarımmüstəmləkə  şəraitində xalqın damağında azadlığın dadı qalmışdı. Yetmiş il sonra imkan düşən kimi Azərbaycan xalqı öz müstəqil dövlətini böyük çətinliklərlə olsa da, qura bildi.

Bakı azad edildikdən sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan hökuməti Gəncədən bura köçür. Hökumət indi Nizami muzeyi, o vaxtsa "Metropol" oteli olan binada yerləşir. Bəzi nazirlərin mənzilləri də burda imiş. Yadımdadır, anam danışırdı ki (o vaxt 5-6 yaşı vardı), Nizami muzeyi - Metropol otelində bir müddət yaşayıblar. O vaxtlar bu sözlərə o  qədər də diqqət verməmişdim. Hətta ilk iş yerimdə - bir il Nizami muzeyində bələdçi kimi çalışarkən fərqinə varmırdım ki, axı haçansa bu otaqların hansılarındasa babam, nənəm, anam, dayılarım yaşayıblar. Yalnız indi özüm də bilmədən genetik qan yaddaşımla buranın xüsusi aurasını pilləkanlarıyla qalxarkən duyuram. Nə isə... lirikadan reallığa keçək.

Xudadat bəy 1918-ci ilin iyunundan 1919-cu ilin martına qədər nazir vəzifəsində işlərkən tibb sahəsində gördüyü mühüm işlərdən söz açmaq istəmirəm. Bu barədə mətbuatda yetərincə yazılıb, Rafael Hüseynovun kitablarında da ətraflı əks olunub.

Nazir vəzifəsindən getməsini Baş nazir Fətəli xan Xoyski  hökumətinin istefasıyla əlaqələndirirlər. Yəqin ki, bu, əsas səbəb imiş, hökumət dəyişəndə onun nazirləri də dəyişir. Amma mənə elə gəlir ki, Xudadat bəy başqa bir səbəbdən ən yaxın dostlarından Nəsib bəy Usubbəyovun qurduğu kabinetdə qalmaq istəməyib. İki səbəbdən. Bir: atası Ələkbər bəy artıq çox yaşlanmışdı və xəstəydi, ona yaxın olmaq, yanında olmaq istəyir. İkincisi: bütün varlığıyla bağlı olduğu həkimlik peşəsindən uzaq düşməsi. Tibb naziri olmaq bir şeydir, təbib olmaq başqa. Təbir caizsə, Xudadat bəy anadan gəlmə həkim idi, cərrah idi. Pianoçunun pianoçu, skripkaçının skripkaçı  barmaqları olduğu kimi, nadir cərrahların da cərrah əli olur. Bu da Allah vergisidir. Təsadüfi deyil ki, Xudadat bəydən sonra Rəfibəylilər nəslindən istər Azərbaycanda, istər Türkiydə, mühaciratda istərsə Qırğızıstanda sürgündə neçə-neçə mahir cərrah çıxıb.

Xudadat bəy nazir vəzifəsiylə vidalaşıb Gəncədə həkimlik fəaliyyətini davam etdirir. Çox keçmir ki, Nəsib bəy Usubbəyov hökuməti ona Gəncə quberniyasının  valisi vəzifəsini təklif edir. O vaxt iki quberniyadan - Bakı və Gəncə quberniyalarından ibarət olan Azərbaycanda Gəncə quberniyası ölkənin yarısı demək idi. Xudadat bəy uzun zaman buna razılıq vermir. Amma hökumətin və yerli əhalinin inadlı təkidindən, atasının da məsləhətiylə bu işə bir şərtlə razı olur. Günün bir yarısını vali kimi, o biri yarısını həkim kimi işləyəcək.

1918-ci ilin dekabrında nazir vəzifəsindən istefa verən Xudadat bəy dörd ay Gəncə xəstəxanasının Baş həkimi kimi işləyəndən sonra Vali olmağa razılıq verir. Amma işə atasının qırxını verəndən sonra mayın 17-də başlayır.

Valiliyi dövründə Gəncədə Nuru paşayla, Mürsəl paşayla görüşür, Böyük Britaniya səfiri Vordropu qarşılayır.

Yazımın xronoloji ardıcıllığını pozaraq bir vacib məsələ üzərində xüsusi dayanmaq istəyirəm. Bu günlərdə (sentyabr 2025) hörmətli Prezidentimiz İlham Əliyev ərəb televiziyasına müsahibə verərkən qeyd etdi ki, 1920-ci ilin aprelində Azərbaycana soxulan sovet qoşunları müstəqil hökumətimizi devirdi.

Bu tamamilə haqlı sözlərdən cin atına minən Rusiya teleşərhçiləri  ağa qara deyərək çığır-bağır saldılar. "Bəyəm Azərbaycanın müstəqil dövləti olub ki, onu  devirsinlər?" kimi nadan fikirlər söylədilər. Belə səfsəfələri efirə çıxarmaqdan əvvəl tarix kitablarıyla - (olanları təhrif edən sovet kitablarıyla deyil), həqiqi tariximizi əks etdirən sənədlərlə, mətnlərlə tanış olsaydılar, bəlkə də belə çiy fikirlər söyləməkdən çəkinərdilər. Amma çətin. Yalan danışmaq, lovğalanmaq, məsələləri tərs yozmaq bu rejim telebülbüllərinin (daha doğrusu, telebayquşlarının) çörək ağacıdır.

Sovet vaxtı Azərbaycanda görülən müəyyən quruculuq işlərinə görə boynumuza minnət qoymasınlar. Mədəni inkişafımıza görə guya ki, sovet rejiminə borclu olduğumuza gəldikdə bir onu xatırladaq ki, ədəbiyyat, incəsənət, memarlıq tarixi min illəri aşan bir millətin   "mədəniləşməsinə" ehtiyac yox idi.

Əksinə, bu "mədəniləşmə" əlifbamızı iki dəfə dəyişdirməklə  bizi neçə əsrlik yazı irsimizdən ayırdı. Millətimizin tarixini azdırdılar, adını dəyişdirdilər. Erməni millətçilərinə züy tutan bəzi rus bisavadları da "sovet dövrünəcən "Azərbaycan" adlı millət yox idi" - deyirlər. Bəli, ta qədimlərdən bəri millətimiz əsl adını - türk adını daşıyırdı və məhz öz əzəli torpaqlarında - Azərbaycanda yaşayan türk milləti - səlcuqlardan, oğuzlardan üzü bəri neçə böyük imperiya yaratmışdı.

Mən heç vaxt sovet dövründə yaranmış yüksək elmi nailiyyətlərimizin, ölməz  ədəbiyyat, incəsənət əsərlərimizin yüksək dəyərini danmamışam,  danmıram. Bu uğurlarsız  mədəniyyətimiz şikəst olardı. Amma məgər 20-ci illərin, 37-ci ilin repressiyaları - görkəmli  ədəbiyyat, elm, teatr xadimlərinin məhv edilməsi millətin mənəviyyatına sağalmaz yaralar vurmadımı? Budamı sovet quruluşunun uğurlarından sayılmalıdır?

Bir anlığı təsəvvür edək ki, 1920-ci ilin aprel işğalı olmayaydı. Müstəqil Azərbaycanın öz hakimiyyəti işini davam etdirəydi. Nə Şimaldan, nə Cənubdan, nə Qərbdən hədələrlə qarşılaşaydı, müxtəlif xarici ölkələrə təhsil almağa yolladığı gənclər çeşidli ixtisas sahibləri kimi qayıdıb vətənlərinə namusla və peşəkarcasına xidmət edəydilər - Azərbaycan necə də möhtəşəm gücə, sənayeyə, elmə, mədəniyyətə malik ölkə olardı. Heyhat!  

Olardı. Amma ola bilmədi. Qoymadılar olsun. Səbəb xarici təcavüzdən başqa, Qafqazın öz içində daima təxribat törədən, özgələrini də, özlərini də yaman günə qoyan erməni millətçiləriydi. 

Xudadat bəyin də bir illik valilik müddətində qarşılaşdığı ən çətin məsələ erməni yaraqlılarının müsəlmanlara etdikləri zülmlərin qarşısını almaq idi. O vaxt Gəncə quberniyasının tərkibinə Gəncəbasar qəzalarından başqa, Qarabağ, Zəngəzur, Nuxa, Qazax, Ərəş mahalı da daxil idi və bütün bu ərazilərdə Andranikin, Amazaspın, Dronun quldur dəstələri dinc müsəlman əhalisinə olmazın qəddarlıqla divan tuturdular. Gəncə valiliyinin silahlı qüvvələri yox idi, odur ki, yaraq-yasaqlı erməni çetelərinə qarşı müqavimət göstərmək, günahsız insanları qorumaq üçün qaçaqların yardımına ehtiyac vardı.

Sovet dönəmində mübarizəsinin həqiqi məqsədi tamamilə təhrif olunmuş Qaçaq Nəbi kimi qəhrəmanlardan başqa, qaçaqlar mənfi səciyyələndirilirdilər. Qaçaq Nəbinin çar məmurlarına qarşı mübarizəsi (və onlar tərəfindən həbs olunması), onun bəylərə qarşı üsyanı kimi qələmə verilirdi. Ovaxtkı sovet tarixçilərindən fərqli olaraq ermənilər Qaçaq Nəbini məhz "erməni düşməni" sayaraq onun barəsində Bakıda film çəkilməsinin qarşını almaq məqsədiylə Moskvaya, MK-ya məktublar göndərirdilər.

Qaçaq Nəbi kimi başqa adlı-sanlı qaçaqların da çar dövründə  mübarizəsi, mövcud dövlət üsul-idarəsinə qarşıydı. Cümhuriyyət dövründə isə Gəncənin və başqa yerlərin məşhur qaçaqları əsasən xalqın erməni quldurlarından müdafiəçisi kimi çıxış edirdilər. Gəncənin Məmmədqasım, Qəmbər, Sarı Ələkbər, Dəli Alı kimi adlı-sanlı qaçaqları da məhz günahsız  əhalinin havadarları, müdafiəçiləri idi...

Azərbaycanın XI Qızıl Ordu tərəfindən işğalından və milli hökumətimiz devriləndən sonra həbs edilən, edam olunan, xain gülləsinə qurban gedən dövlət xadimlərindən qisas alanlar əsasən ermənilərdi. Ya rəsmi müstəntiqlərin hökmüylə, ya da muzdu qatillərin əliylə...

Soruşan gərək: axı nəyin qisasını? Nəyin intiqamını? Azərbaycan türklərinin axırına çıxmağa imkan vermədiyimizinmi? Ağsaqqaldan, ağbirçəkdən beşikdəki körpələrəcən bütün milləti qırıb çatmağa müqavimət göstərməyimizinmi? Ya sadəcə var olmağımızınmı? 

Aprel işğalından sonra Xudadat bəy də, yüz minlərlə günahsız insanlar da ermənipərəst sovet siyasətinin qurbanı oldular.

1920-ci il aprelin 28-də Gəncəyə xəbər çatır ki, Bakıda milli hökumət   devrilib, hakimiyyət bolşeviklərin əlinə keçib. Bu xəbəri eşidən kimi  Xudadat bəyin valiliyi dövründə heç bir təqibə məruz qalmayan, sərbəst gəzib dolaşan Gəncə bolşevikləri Fərhad Əliyev, İbrahim Əliyev və başqaları valiliyə gəlib Xudadat bəyə təklif edirlər ki, hakimiyyəti onlara təhvil versin. Xudadat bəy: - Hakimiyyət mənim cibimdədədir ki, çıxarıb sizə verim - deyir. - Mən bu vəzifəyə qanuni yolla, hökumətin sərəncamıyla gəlmişəm, qanuni yolla da getməyə hazıram. Bakıyla əlaqə saxlaram, Sizin dedikləriniz düz çıxsa, buyurun gəlin.

Bolşeviklər gedəndən sonra  Xudadat bəy Bakıyla əlaqə saxlayır. Səhih məlumat alandan sonra Vali Gəncə bolşeviklərini kabinetinə çağırır, Sərt şəkildə:

- Siz məni aldatmısınız - deyir. - Bakıyla əlaqə saxladım. Hökumət öz yerindədir.

Bolşeviklərin rəngi-rufu qaçır. Xudadat bəy sərt şəkildə: Bu yalan xəbərə görə məsuliyyət daşıyacaqsınız - deyə davam edir. Günahlarını boyunlarına alıb az qala valinin ayaqlarına yıxılacaqlarını görən Xudadat bəy qəhqəhə çəkir və ömrünün bu həlledici anında da yumor hissini itirməyərək: Qorxmayın - deyir. - Bakıyla xəbərləşdim. Hakimiyyət doğrudan da kommunistlərin əlinə keçib. Odur ki, sənədləri hazırlayıb istefa verirəm.

Ölüb-dirilmiş bolşeviklər sevincək özlərinə gəlib təklif edirlər ki, sovetlər yolunda həlak olmuş inqilabçıların xatirəsini bir dəqiqə  sükutla yad edək.

Sivil dövlətin sivil məmuru kimi Xudadat bəy istefasından əvvəl birlikdə işlədiyi insanlara müraciət ünvanlayır. Bu həm də valilik vəzifəsini tərk etməsi haqqında əmrdir (TARİXİ SƏNƏDDİR! - A.).

Əmr 66. Azərbaycan Respublikası Xalq Komissarlar Sovetinin müavininin və Azərbaycan parlamenti sədrinin təklifi ilə mən bu gün Gəncə  quberniyasının idarəçiliyini  Gəncə İnqilab Komitəsinin sədrinə təhvil verdim.             

Bir ilə yaxın müddətdə Gəncə qubernatoru vəzifəsini yerinə yetirərkən mən əmin oldum ki, istər Gəncə quberniyasının idarə heyəti və qubernator dəftərxanasının qulluqçuları, istərsə də mənə tabe olan polis məntəqələrinin işçiləri onlara tapşırılan vəzifələri vicdanla yerinə yetirir, quberniyada əmin-amanlığın, sülhün, sakitliyin bərqərar olması yolunda mənə kömək etmək üçün bütün qüvvələrini səfərbər edirlər.

Buna görə də qubernator vəzifəsini tərk edərkən mən sadalanan müəssisələrin qulluqçularına çəkdikləri əməklərə, sədaqətli xidmətlərinə görə səmimi təşəkkür etməyi özümə mənəvi borc sayıram. Əminəm ki, onlar bundan sonra da Azərbaycan Respublikasının çiçəklənməsi naminə öz vəzifələrini vicdanla və səylə yerinə yetirəcəklər.

Qubernator Rəfibəyov 

Xudadat bəy yəqin ki, özünü siyasətçi saymırdı. Siyasətçi saysaydı, hansısa partiyanın üzvü olardı. Heç bir vaxt nə "Müsavat" partiyasının, nə də hər hansı başqa  firqənin üzvü olan babam xalqa məhz həkim kimi xidmət etmək  istəyirdi. Amma daşımalı olduğu bütün vəzifələrdə - istər şəhər xəstəxanasının baş həkimi olsun, istər səhiyyə naziri, istər Vali  - dürüst, namuslu, vətənpərvər ziyalı kimi işinə peşəkarcasına yanaşırdı.

Valilikdə təslim-təhvil aktına qol çəkib Xudadat bəy evinə gəlir Bəlkə hətta sevinirdi də... artıq bütün vaxtını sevimli peşəsinə - həkimliyə sərf edəcək. Amma necə deyərlər, sən öz saydığını say, gör fələk nə sayır. Fəhlə kəndli hakimiyyətinə həkim, alim, müəllim, mühəndis, vəkil, ümumiyyətlə, savadlı adamlar lazım deyilmiş. Savadsızların əlindən hər iş gəlirmiş.

Əlqərəz, Xudadat bəy evində xörək yediyi yerdə qapı döyülür. Elə bilir xəstə var, vərdişi üzrə həkim çantasına yönəlir.

Üç nəfər içəri girir: - Gedək bəy - deyirlər - dalınca gəlmişik.

- Kimdir xəstə, hardadır?

- Xəstə-filan yoxdur. Bizimlə gedəcəksən.

Xudadat bəy dərhal hər şeyi anlayır, geyinib gələnlərin qabağına düşür.

Rafael Hüseynov "Yurdun adındakı can" kitabında bu faciəvi   hadisənin canlı müşahidəçisi qocaman müəllim Abbasəli Kərimlinin xatirələrini verir:

"Balabağban, Böyükbağban və şəhərin mərkəz hissəsinin sakinləri həyəcan içində idi. ...Dəmir körpüyə yaxınlaşanda gördük ki, üç nəfər döyüşçü əllərində silah Xudadat bəyi qabaqlarına qatıb dəmiryol stansiyasına aparırlar... Xudadat bəy, həmişəki kimi, başı silindirli, çiynində qara plaş, əlində əsa, başını uca tutub ətrafa baxmadan gedirdi. Bu zaman bir nəfər yaxınlaşıb ona pul uzatdı, Xudadat bəy götürmədi.

Kinoteatrın yanına çatanda bir nəfər yaşlı kişi ona dedi ki, səni stansiya ilə şəhər arasında olan bağların yanında qaçırmalıyıq, Xudadat bəy:

- Mən belə şeyə razı  deyiləm - dedi - Şəhərimizin adını, nəslimizin, atamın adını ləkələməyin, qan tökməyin. Nahaq yerə məni  təqsirləndirsələr də, iş versələr də, yenə həbsxanada həkimlik edərəm (saf və sadəlövh insan - A.). Hamıya xəbər verin ki, bu fikirdən əl çəksin. Mən qaçası deyiləm.

Tanıyanlar da, tanımayanlar da göz yaşları ilə onların dalınca gedirdilər. Heç kəsdən nə pul, nə də ərzaq qəbul edirdi. Əvvəl onu üç nəfər silahlı qabaqlarında aparırdı. Sonra ermənilər silahlı dəstəni artırdılar.

Daha onun dalınca adamları getməyə qoymadılar. Biz də göz yaşları ilə geri qayıtmalı olduq. Gizli erməni təşkilatının başçıları Gəncə camaatına, Xudadat bəyə, yerli bolşevik partiyası rəhbərlərinə böhtan atırdılar. Əlbəttə, onlar bu işdə tək deyildilər. Onlara Bakıdan da him edənlər olmuşdu. Ermənilər Xudadat bəyi təqsirləndirirdilər ki, o, erməni kəndlərini dağıtmağa icazə verib. Bu, düz deyildi, əksinə, Xudadat bəy nə şəhər ermənilərini, nə də erməni dağ kəndlərini qırmağa razılıq verib. Ondan xəbərsiz gedənləri də özü atla gedib qaytarmışdı. Mən buna canlı şahidəm

Gəncədən Cahangir Nağıyev, Məhəmməd Xəlilov, Fərhad Əliyev, bir də Cavad bəy Rəfibəyli doktor Nərimanovun yanına gedəndə Xudadat bəyin öldürülməsindən xəbər tutan Nəriman Nərimanov deyib: Heyif, Xudadat bəy kimi məşhur  cərrahı xəbərimiz olmadan öldürdülər. Bu işdə Həmid Sultanovun bağışlanmaz səhvi olub".

Babamın qətlində Həmid Sultanovun "bağışlanmaz  səhvinin" nədən ibarət olduğunu bilmirəm. Hər halda Nərimanov bu sözü boşuna deməzdi. Amma Xudadat bəyin istintaqında ancaq və yalnız erməni "şahidlərinin" dediklərinin nəzərə alınması,  müstəntiq Sofikyanın məhz bu saxta "şəhadətlərə" əsaslanması və Xudadat bəyin bu saxta ittihamlardan heç birini qəbul etməməsi protokollarda əks olunub.

Sovet məhkəmə sistemi hüquqşunaslıqda misli olmayan bir  "qanun" icad etmişdi. 30-cu illərin  Moskva proseslərinin cəllad-prokuroru Vışinskinin "ixtirasına"  görə məhkumun etirafı "sübutların tacı" sayılmalıdır. Yəni başqa sözlə, məhkumun günahı heç bir ayrı şəhadətlə, sənədlə, faktla təsdiq olunmursa, yalnız özünün  ağlagəlməz işgəncələrdən sonra   olmayan günahını məcburən  boynuna alması istintaqın tacı - yəni əsas sübutu sayılmalıdır.    Yaxşı ki, Xudadat bəyin istintaqının protokolları durur. Heç bir təzyiq, əzab, alçaltma üsulları onu özünü şərləməyə məcbur edə bilməyib.

Doğrudur, o vaxt "dünyada ən ədalətli sovet ədliyyəsi" hələ Vışinskinin "böyük kəşfinə" - müttəhim öz etirafıyla olmayan günahını boynuna götürməsinə yiyələnməmişdi. Həm də 20-ci illərin repressiyalarında hələ otuzuncuların ağlasığmaz işgəncələri tətbiq olunmurdu. Məhbuslara fiziki təzyiqlərdən daha çox mənəvi əzablar verilirdi. Ali təhsilli, yüksək savadlı mötəbər ziyalıları alçaltmaq üçün onları ayaqyolunu təmizləməyə məcbur edirdilər.

Sovet hüquqşünaslığının "icad" etdiyi unikal ədliyyə dəlili - "günahkarın" özünün öz günahını boynuna almasının - sübut kimi qəbul edilməsi "tələsi" belə burda işləməyib.

ÇK. müstəntiqi M.Safikyan tərəfindən X.Rəfibəylinin dindirləməsinin protokolundan (Xudadat bəyin rus dilində öz əliylə yazılmış mətndən):

Əleyhimə sürülən ittihamlarda (erməni kəndlərinin yandırılması və dinc əhalinin tərk-silah edilməsi) özümü günahkar saymıram: 1907-ci ildə Rusiyadan qayıdandan sonra həkimlik etmişəm, 1919-cu ilin mayında şəhər əhalisinin təkidi ilə Gəncə quberniyasına rəhbərlik etməyə razılıq vermişəm. Quberniyaya rəhbərlik etməyə başlayanda mənə təklif olunmuşdu ki, sakitlik yaradım. Belə ki, quberniyada anarxiya, hərc-mərclik hökm sürürdü. Quldur dəstələri bütün quberniyada özbaşınalıq və qarətlə məşğul idi. Rəhbərlik tərəfindən görülən tədbirlər nəticəsində bütün quberniyadakı quldur dəstələri ləğv edilmiş, beləliklə, nəzərə çarpan dərəcədə sakitlik əmələ gəlmişdi.

Ermənilərlə əlaqədar məndən asılı olan bütün tədbirləri görmüşdüm ki, onları incitməsinlər. Dekabrda Zəngəzur hadisələri baş verəndə erməni nümayəndələrini çağırıb onları sakitləşdirir, şəhərin erməni hissəsində onların qorunmasını gücləndirirdim. Özüm şəxsən Arakelovun tikdirdiyi ermənilərin toplaşdığı kilsəyə gedib onlara ürək-dirək verir, onlara arxa duracağımı  söyləyir, tam nizam-intizam vəd edirdim. Bunu şəhər əhalisinin yenidən evlərinə qayıtması da sübut edir. Oğurluq hallarına gəlincə, həm müsəlmanlar, həm də ermənilər arasında baş verən  belə hadisələrə görə tədbirlər görürdük.

Bolşeviklərlə əlaqədar onu deməyi lazım bilirəm ki, bolşeviklərin təqib olunmasında  qətiyyən əlim yoxdur. Buna sübut odur ki, Gəncə şəhər sakilərinin gözü qarşısında İbrahimbəyov, Fyodorov, Əliyev kimi məşhur  bolşeviklər açıq fəaliyyət göstəriblər. Mən heç bir siyasi partiyanın üzvü olmamışam, başqa partiya xadimlərini və onların ardıcıllarını təqib etməmişəm. Rəsmi şikayətlərə gəlincə, bildirirəm ki, məndə olan sənədləri təqdim etmək imkanım olsaydı, görərdiniz ki, Qaraçinar, Çaykənd kəndlərinin erməni əhalisini sülh yolu ilə birləşdirmək üçün bütün tədbirləri görmüşəm.

Bu kənd icmalarının əhalisi İrəvandan gəlmiş daşnak dəstələrinin təhriki ilə 1917-ci ildən bəri heç bir hakimiyyəti (Azərbaycan Cümhuriyyəti hakimiyyətini - A.) qəbul etmir, yerli ünsürlərlə birləşərək müsəlman əhalisinin başına bəlalar gətirirdilər. Arandan yaylaqlara köç etməyə maneçilik törədir, yolları kəsir, yerli hakimiyyəti tanımır və Qarabağ Milli Şurasına tabe olduqlarını bəyan edirdilər (XIX-XX əsrlərdə baş verən hadisələrin eyni - A.).

Onlara Qarabağın Gəncə quberniyasına aid olduğu barədə  qərarı göstərəndə deyirdilər ki, biz Gəncə və Cavanşir mahallarının hakimiyyətini tanımırıq və Ermənistandan yardım gözləyirik. Gəncə şəhər qlavasının müavini Ter Parseqova, Mnasakanova, Parlamentin (Azərbaycan Parlamentinin - A.) deputatı Ter Azaryana və başqaların müraciət etməli olduq, amma bütün səylərimiz nəticə vermədi. Bu barədə hökumətə də xəbər verildi və hökumət qəti şəkildə qanuni hakimiyyətə tabe olunması  barədə göstəriş verdi və bu sərəncam icrası üçün yerli  hakimiyyətlərə göndərildi. Əsgəran hadisələrindən sonra ermənilər Cavanşir mahalında və Qaraçinar rayonunda xüsusi fəallıq göstərməyə başladılar. Dövlətin qanunu hərbi hissələrinə qiyamçılar atəş açdılar və beləliklə, atışma başladı. Mənim  haqqımda rəyi tək bir ermənilər yox, ruslar, almanlar, gürcülər, yəhudilər və başqa millətlərin nümayəndələri də verə bilər.

Qatı daşnak, dəfələrlə cinayətlərinə görə həbs olunmuş Babakayevin bəyanatını isə diqqətə almaq və ciddi qəbul  etmək olmaz.

Mətnin altında iki imza var:

RAFİBEKOV

Müstəntiq M.SAFİKYAN         

Mükəmməl ali təhsilli, sabiq nazir, sabiq vali, uşaq kimi sadəlövh babam!

Məgər dərk etmirdinmi ki, həqiqətə tam uyğun, doğru şəhadətini - daşnakların fitnə-fəsadları haqqında sözlərini qarşısındakı adama - bolşevik maskası taxmış daşnaka, müstəntiq M.Safikyana söyləyirsən?

Erməni millətçilərinin (erməni xalqının yox, məhz ifrat millətçilərin) bir sifəti və bir neçə maskası var.

Əsl sifətləri - xalis daşnak  simasıdır. Maskaları isə bolşevik də ola bilər, menşevik də, oliqarx da, alim, ya şair də.

Söhbət siyasətdən gedirsə, ən populyar sifət-maska kommunist-daşnak maska-simasıdır.

Hər şeyi sonradan sonraya dərk etmiş bədbəxt Nəriman Nərimanov BK-nı (Partiyanın Bakı Komitəsini) ələ keçirmiş Mikoyanı, Mirzoyanı, Kasparovu, Sarkisi kommunist-daşnak adlandıranda yüzə-yüz haqlı idi. Lenin tərəfindən Qafqazın Komissarı təyin olunmuş Stepan Şaumyan da bu kommunist-daşnakların irisiydi. Qürurla: - "Biz sinfi mübarizəni milli qarşıdurmaya (yəni daşnaklarla əlbir olub müsəlmanların qırğınına - A.) çevirməkdən çəkinmədik" deyən Şaumyan rəhdərlik etdiyi Bakı Kommunasının əsl məqsədini və sifətini açıq göstərir.

Bolşevik rejimin öz yalan vədlərinə elə ilk gündən pozaraq Cümhuriyyət xadimlərinin hamısını məhv etməsi bir yana, qaçıb canlarını qurtaranları da erməni qisas təşkilatları öldürürdü. Tiflisdə Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi, İstanbulda Behbud xan Cavanşiri qətl etdikləri kimi.

Saysız-hesabsız çekist müstəntiqlərindən biri də elə bu M.Safikyan idi. Məgər M.Safikyan Xudadat bəyin kim olduğunu, kimin oğlu olduğunu bilmirdi? Bilmirdi ki, heç bir günahı yoxdur? Çox gözəl bilirdi və çox gözəl bildiyi üçün onu hökmən məhv etməliydi.

Məqsədinə savadsız erməni kəndlilərinin yalanlarıyla çatırdı. Azərbaycan siyasi xadimlərinin, o cümlədən elə kommunistlərin, az-çox üzdə olan ziyalılarımızın taleyini daşnak-kommunistlərə  tapşıran sovet rejimi eynən çar Rusiyasının üsullarıyla siyasət aparırdı: Millətləri bir-biriylə düşmən etmək - yəni "ayır-buyur", yaxud "parçala, hökm sür" üsulu...

Bəli, erməni müstəntiqin cəmi-cümlətanı altı savadsız erməni kəndlisinin yalan sözlərinə əsaslanaraq çıxardığı nəticə əsasında Xudadat bəyə ölüm hökmü kəsilir və o, 1920-ci il may ayının 27-də Nargin adasında güllələnir.

Bəzi məxəzlərdə Xudadat bəyin edam yerini "Xəzər adalarının biri", yaxud "kiçik Xəzər adası" yazırlar. Bilmirəm, Nargini (Böyük Zirəni) nə dərəcədə kiçik ada saymaq olar, amma babamın məhz bu adada qətl edildiyi dəqiqdir.

Xudadat bəylə birlikdə Nargində 79 məhbus - İsmayıl xan Ziyadxanov, general Usubov, general Qaytabaşı, polkovnik Xan Naxçıvanski, Bakının polismeysteri Quda Qudiyev və başqaları da edam edilirlər.

Bir neçə səhifə bu müsibətlər adası haqqında da yazmaq istəyirəm.

Mənzilimizin eyvanından şəhərə və dənizə baxarkən uzun zaman gözümü uzaqdan silueti görünən Nargin adasından ayıra bilmirdim. İzaholunmaz bir cazibəylə diqqətimi çəkən bu ada haqqında çox şey bilmirdim. Babam - Xudadat bəyin məhz bu adada güllələnməsi barədə də o vaxt  dəqiq məlumatım yoxdu. Amma hər halda onu bilirdim ki, bu məşum yerdə minlərlə insan dustaq kimi saxlanmış, güllələnmiş və cəsədləri dənizə atılmışdır. Rəssam dostum Toğrul Nərimanbəyov bu mövzuda şəkil çəkmək niyyətini mənə danışmışdı (Toğrulun valideynləri də sovet vaxtı sürgün olunmuş, Stalin dövründən sonra bəraət alaraq vətənə qayıtmışlar).

Toğrulun çəkmək istədiyi şəkildə öldürülüb dənizə atılmış insanların meyitləri, ya skeletləri suların altında təsvir ediləcəkmiş. Bu yaradıcılıq niyyəti baş tutsaydı, Bosx, ya Salvador Dali üslubundan dəhşətli bir mənzərə alına bilərdi. Hər halda Toğrulun söhbətindən sonra xəyalımda canlandırdığım bu tablo uzun zaman vahiməli  yuxularıma girirdi.

Haçansa hökman bu adanı ziyarət edəcəyimi düşünürdüm. Özəlliklə babamın bu adada qətl edildiyini  biləndən sonra bu niyyətim daha da gücləndi və nəhayət, bunu edə bildim.

Nargin adasının qədim adı Böyük Zirədir. Bu adın ərəbcə cəzirə (ada) sözündən yarandığı ehtimal olunur. Xəzərdə Kiçik Zirə, Qum Zirə, Daş Zirə adlı adalarının olması bu ehtimalı əsaslandırır. Narginin cəhənnəm rəmzi olması isə Birinci Pyotr dövründən başlanır. Məhz Petronun Azərbaycana, Xəzərə yürüşləri zamanı bu ada cəza yeri kimi istifadə edilən cəhənnəmə çevrilir.

Birinci Pyotrun Azərbaycana ilk yürüşü zamanı bu cəzirəni fin körfəzindəki bir adaya bənzədərək  Nargin adlandırıblar.

Bakı limanına gələn gəmilərə yol göstərmək üçün 1883-cü ildə  Nargində ucaldılmış mayak indiyəcən durur.

Artıq neçə əsrdir ki, bu ada gah işğalçı qoşunların yerləşdirilməsi üçün, gah da cəza yeri kimi istifadə olunub.

Birinci Dünya müharibəsində əsir düşmüş alman və türk əsgərləri bu adaya sürgün edilib. 1917-ci il 22 dekabr tarixli "Bəsirət" qəzetində belə bir məlumat verilmişdi:

"Adada 8 minədək əsir saxlanılır ki, bunların yarısı türklər, qalanlar isə alman və avstriyalılardır. Bakının xeyriyyə cəmiyyətinin əsirlərə yemək və geyimlə bağlı köməklərinə baxmayaraq, onların vəziyyəti çox ağırdır. Qış aylarında baraklar qızdırılmır, su çatışmır, yataq yerləri boş taxtalardan ibarətdir". 

"Həmin dönəmdə milli məfkurəmizdən, milli hisslərdən çıxış edən dəyərli ziyalılarımızdan Əlimərdan bəy Topçubaşov, Ələkbər bəy Rəfibəyli və başqaları Nargində saxlanılan türk əsirlərinin taleyi ilə maraqlanmaq, ianə toplamaq məqsədiylə bir neçə dəfə Qafqaz Canişininə müraciət edirlər. Amma Qafqaz Canişinliyi bu müraciətləri rədd edir. Sonda Ələkbər bəy Rəfibəyli hirslənib canişinə deyir:

  "Biz Azərbaycan türkləri sizə sədaqətlə xidmət edirik. Siz Osmanlı Türkiyəsiylə döyüşürsünüz, bu, sizin öz işinizdir. İmkan yaradın ki, əsirlərin baxımsızlıqdan ölüb getməsinə yol verməyək. Heç olmasa, ölənlərin kəfənlənməsinə, dəfn edilməsinə yardım edək". - Ələkbər bəy çox böyük nüfuz sahibi idi. Onun bu təklifindən sonra razılıq verilir. Bundan sonra Xosrov paşa Sultanovun rəhbərliyi ilə əsirlərə yardım mərkəzi yaradılır".

Yazıq Ələkbər bəy nə biləydi ki, beş-altı ildən sonra onun öz doğma oğlunu elə həmin bu adada güllələyib meyitini kəfənsiz-filansız  dənizə atacaqlar.

1917-ci ilin dekabrında şəhər idarəsi adadakı əsirlərin vəziyyətini öyrənmək üçün Narginə Nəriman Nərimanovun başçılığı ilə komissiya göndərir.

Mətbuat tariximizin görkəmli tədqiqatçısı Şirməmməd Hüseynov "Türkləri Nargin adasında kimlər qırırdı" adlı məqaləsində ("525-ci qəzet", 25 aprel 1998) yazırdı:

"Ermənilər hər il aprelin 24-ünü hay-küylə türklərə qarşı kin və nifrətlə qeyd edirlər. Adını genosid "qubanlarını" anma günü qoymuşdular. Türkiyə tarixçiləri  erməni uydurmalarını ifşa etmək üçün çox iş görmüşdür və görür...

Bunu bizim haqqımızda demək olmaz. Uzun müddət tarixçilərimizin xeyli hissəsi məcburiyyət qarsında qoyulub ermənilərə züy tutmuşlar".

Qəzetin elə həmin nömrəsində Ş.Hüseynov Nəriman Nərimanovun vaxtilə "Hümmət" qəzetində (28 noyabr 1917) dərc olunmuş "Göz yaşı tökdürən cəzirə" yazısını oxuculara təqdim edir:

"Kaş mən bu cəzirəyə getməyəydim. Kaş bir dəri, bir sümük bədənləri, sifətsiz gözləri, ah-zar edən insanları görməyəydim. Gah "əfəndim su, əfəndim yemək, əfəndim paltar" sözlərini eşitməyəydim. Min iki yüz insan balası hazır ölüm növbəsində durubdular. Altı min  də bu növbəyə hazırlaşır. Tifmi, vəbamı və ya qeyri-siraətedici mərəzmi bunları cəzirəyə qurban edəcəkdir? Yox, yox! Aclıq! Susuzluq və soyuq! Müsəlmanlar: əfəndim su! - deyib gözlərinizə baxdıqda guya demək istəyirlər: Siz insanmısınız? İnsanlara dair qanunlarınız varmı?

Mən - gündə mərəzlər içində gün keçirən, gündə dürlü-dürlü xəstələrin ahu-naləsini eşidən, onların axır dəqiqələrinə öyrənmiş adam, tab gətirə bilməyib ixtiyarsız ağladım. Ağlamamaq mümkünmü? Burada gündə azı 45-50 adam ölür".

Əgər sovet dövrünə qədər Nargin adası həbs, sürgün və dözülməz şəraitdən ölüm yeri idisə, bolşevik rejimi buranı edam məkanına çevirdi. 1920-ci ildən 1924-cü ilə qədər 43 min Azərbaycan ziyalısı qətl edilmişdisə, onların bir çoxu Nargində güllələnmişdi. Güllələnənlərin boğazlarına daş bağlayıb dənizə atırmışlar.

"İnsanın" insana, "insanların" insanlara qənim kəsildiyi məkanlar, yer üzündə cəhənnəmə çevrilmiş coğrafi adlar sırasında Osventsim, Buhenvald, Solovki, Kolımayla bir sırada Narginin də adı çəkilməlidir.

1917-ci ildə Bakıda "Qardaş köməyi" adlı bir məcmuə nəşr edilir. Məcmuənin məqsədi, kitabdan qazanılacaq gəlirləri yurd-yuvalarından didərgin düşmüş biçarələrə, o cümlədən Nargində saxlanılan türk əsirlərinə yardım  etmək idi. "Qardaş köməyi" bir çox cəhətdən unikal kitabdır. Bu topluda yazıları dərc olunmuş müəlliflər - XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının, elminin, siyasətinin ən mümtaz simalarıdır. Hüseyn Cavid, Abdulla Şaiq, Ömər Faiq, Əhməd Cavad, M.Ə.Rəsulzadə, Abbas Səhhət, Salman Mumtaz, Seyid Hüseyn, Şəfiqə Əfəndizadə, M.S.Ordubadi, Taği Şahbazi, Məmməd Yusif Cəfərov, Firudin bəy Köçərli, Cəfər Cabbarlı, Əbdürrəhim bəy Haqverdiyev...

2001-ci illərdə Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri və Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri olduğum zaman qərara gəldim ki, 1917-ci ildə ərəb əlifbasıyla çıxmış bu kitabı olduğu kimi yenidən latın əlifbasıyla nəşr edək. Tərtibçisi Nəzakət Qafqazlı, elmi redaktorları akademik Kamal Talıbzadə və Paşa Əlioğlu olan bu  kitabı öz şəxsi vəsaitimizlə nəfis  şəkildə nəşr etdik.

Çoxdankı niyyətimi də həyəta keçirə bildim, Nargin adasını ziyarət etdim. Həyat yoldaşım Zemfiranın qardaşı neftçi mühəndis Çingiz Səfərov Xəzərdə neft özüllərindən birinini rəisi idi. İş yerinə katerlə gedib-gəlirdi. Rəhmətlik Çingizdən xahiş etdim. Məni və Zemfiranı katerlə Narginə apardı. Bu bomboş, insansız, yaşıllıqsız, həyatsız, amma burda məhv edilmiş minlərlə günahsız, bədbəxt insanın ruhları dolaşan  adadan aldığım təəssürat neçə-neçə   əsərin mövzusu ola bilər.

Son vaxtlar hərbçilərin yerləşdirildiyi adada indi onlardan  da əsər-əlamət qalmayıb. Yalnız ənənəvi sovet üslubunda tikilmiş   Mədəniyyət (! - A.) evinin yarıuçuq divarları... Bir də həyəti hasar içində Mayak. Uzun illər uzaqdan uzağa mənə "göz vuran" - işığı yanıb-sönən Mayakın həyətinə girdik. Orta yaşlı bir rus kişi burda kim bilir neçə ildir yaşayır. Həyət isə neçə yüz boşalmış araq şüşələriylə doluydu...

Bu mənzərə elə bil Nargin adasının son bir neçə əsrdə sürdüyü həyatın rəmzi idi. Bura fateh kimi soxulmuş Pyotr qoşunlarının bizim günlərə gəlib çatmış törəməsi... Hardan gəlib hara getdiyini dərk etmədiyi gəmilərə nişan göndərən sərxoş mayakçı. Yüz minlərlə günahsız insanın sərgərdan ruhları dolaşan adanın yeganə "diri" və daima sərxoş sakini... Ömrünü müdhiş yalqızlıq içində, boşaldılmış araq şüşələriylə başa vuran zavallı...

Mənimçün bu həm də sovet dövrünün və indiki dövrün  rəmzidir. Uzaq Rusiyadan bu torpaqları və bu dənizi zəbt etmək, özünə qatmaq üçün gəlib qanlar tökmüş və qanı tokülmüş böyük və bədbəxt xalqın son aqibəti - YALQIZLIQ.

Öz ucbatından dözülməz Tənhalığının dəhşətini araq şüşəsinin dibinə səfərlə ovudan İnsanın-Xalqın qisməti. ...və onun sıravi bir övladı - uzaq Xəzər adasında ömrünü başa vuran daima dəm Robinzon...

1920-ci il mayın 27-də güllələnən Xudadat bəy Rəfibəylinin qətlindən iki gün əvvəl - mayın 25-dən 26-na keçən gecə XX əsr Azərbaycan tarixinin ən şanlı və ən qanlı hadislərindən biri baş tutur - bolşevik işğalına qarşı GƏNCƏ ÜSYANI.  

Jurnalist Əhməd İsayev "Gəncə üsyanı" adlı iri məqaləsində ("Azərbaycan" qəzeti, 8 avqust 2010) yazır:

"Mayın 23-də üsyan başçılarının geniş müşavirəsi keçirildi. Müşavirədə general Məhəmməd Mirzə Qacar, general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyanın komandiri Teymur bəy Novruzov, polkovnik Cahangir bəy Kazımbəyov və başqaları var idi. Qaçaq Qəmbər, Sarı Ələkbər, Qaçaq Qasım, Qaçaq Mikayıl və başqaları öz silahlıları və silahdaşları ilə birlikdə Gəncə üsyanın təşkilində xüsusi fəallıq göstərirdilər. Gəncə üsyanın əsas rəhbərlərindən biri, ilk Azərbaycan pilotlardan Cahangir bəy Kazımbəyli üsyan yatırıldıqdan sonra xaricə keçə bilib və bu tarixi hadisə haqqında "Gəncə üsyanı haqqında xatirələr"ini yazıb". 

Rafael Hüseynovun fikrincə,  "Gəncə üsyanının önündə getmiş Cahangir bəy Kazımbəylinin, Qaçaq Qəmbərin, Sarı Ələkbərin Xudadat bəylə həm inzibati, həm insani baxımdan yaxınlıqları, digər tərəfdən hərbçi qohumları Eyyub bəyin, Səməd bəyin üsyanın öndərləri sırasında getmələri Xudadat bəyin bu güclü və şərəfli vətəndaş hərəkatının təməlində duranlardan olduğuna inandıran əlamətlərdir.

Bu fərziyyəsini Rafael bir də onunla əsaslandırır ki, Xudadat bəyin mənzilində axtarış zamanı külli miqdarda silah tapılması da üsyana hazırlıqla bağlıymış. Ola bilsin ki, əmioğluları Eyyub bəy, yaxud Səməd bəy silahlarını Xudadat bəyin evində saxlayanda bu məsələ də müzakirə edilirmiş. Amma Xudadat bəyin Gəncədə həbs olunub dəmir yol vağzalına aparıldığı zaman onu qurtarmağa çalışanların qabağını alması, "qan tökülməsinin ailəmiz üçün ləkə olar" əqidəsi bu məsələdə qəti fikir söyləməyə imkan vermir.

Var qüvvələri ilə bu üsyanı yatırmağa çalışan işğalçılar 8,5 min qurban verərək iyunun 5-də üsyana son qoya bildilər. 12 min üsyançının şəhidliyi bahasına. Təkcə Azərbaycanda deyil, ümumən bütün sovet imperiyası ərazisində ən böyük etiraz, barışmazlıq, əyilməzlik örnəyi olan Gəncə üsyanı Cavad xan şəhərinin adını qeyrət və əyilməzlik rəmzi kimi tarixlərə həkk etdi.

O da maraqlıdır ki, mayın 25-26-da başlanan və iyunun 7-də görünməmiş qəddarlıqla yatırılan bu üsyan on bir günün içində xalqa  1920-ci il 28 mayıs fərəhini bir daha "dadızdırdı".

Ceyhun bəy Hacıbəyli 1952-ci ildə Parisdə çıxan "Azərbaycan" dərgisinin ikinci nömrəsində yazırdı:

"Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbi-etibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü".

Gəncəyə, gəncəlilərə və Gəncə üsyanına aid bir sıra qiymətli  yazıların müəllifi jurnalist Xanlar Bayramovun üsyanın səbəbləri haqqında qənaəti belədir: Birinci səbəb:  

Gəncədə milli azadlıq hisslərinin dərin kök salması, Bəndər üsyanının, Cavad xan hərəkətinin təsiri, qan yaddaşı...

İkinci:

Xalq Cümhuriyyətinin süqutu ilə may ayının 10-dan Gəncədə həbslərin başlaması, ən görkəmli şəxsiyyətlər Xudadat bəy Rəfibəylinin, İsmayıl xan Ziyadxanovun, Məmmədbağır Şeyxzamanovun həbs olunması, Nəsib bəy Usubbəylinin müəmmalı şəkildə yoxa çıxması, digər əsasən Gəncədən olan ictimai-siyasi xadimlərin - Həsən bəy Ağayevin, Xəlil Xasməmmədovun, Fətəli xan Xoyskinin, Nağı Şeyxzamanovun və başqalarının vətəndən uzaq düşməsi...

Xalq arasında "Xudu bəy"  adlanan Xudadat bəyin 1920-ci il mayın 10-da tutulub vağzala gətirilməsi və ordan da Bakıya yola salınması xalqın səbr kasasını tamam doldurub. Millət onu vağzaldan yola salanadək müşayiət edib, silaha sarılaraq onu azad etmək, son damla qanlarınadək döyüşmək istəsələr də, buna Xudadat bəy razılıq verməyib.

"Mən bütün həyatımı vicdanla yaşamışam. Məni heç vaxt həbs edə bilməzlər. Hərəkətlərimdə cinayət tərkibi yoxdur. Xahiş edirəm ki, artıq hərəkətlərə yol verməyin, evinizə gedin".  

"Azərbaycan" qəzeti, 8 avqust  2010

 

Son anınacan idealist ziyalı, haqqa, ədalətə inamını itirməmiş zədəgan, ailəsini, nəslini, millətini qoruyaraq özünü qurban verən əziz babam, iftixarım, qürurum... 

Azərbaycan SSR prokurorunun 1990-cı il 2 iyul qərarına görə heç bir cinayət tərkibi olmadığına görə Xudadat bəy Ələkbər oğlu haqqında cinayət işinə xitam verirdi.

Yəni adi dillə desək, edamından 70 il sonra heç bir günah sahibi olmadığı üçün tam bəraət qazanır.

Rafael Hüseynov kitabında tamamilə haqlı olaraq qeyd edir ki, Rəfibəylilər nəslinin layiqli nümayəndəsi, daxili işlər nazirinin müavini, əməkdar hüquqşünas, general Akif Rəfiyev "qapılar döyməsəydi, tələb etməsəydi, ağız açmasaydı" Xudadat bəyin bəraət kağızı illərlə yubadıla bilərdi.

Yeri gəlmişkən onu da deyim ki, Rafaelin Rəfibəylilərə həsr olunmuş kitablarının yaranmasında da Akifin xidməti var. Gəncədəki, Türkiyədəki, Qırğızıstandakı Rəfibəylilərlə əlaqələr yaratmaqda, müəyyən ailə sənədlərinin, fotoların tapılmasında və toplanmasında, Akifin Rafaelə böyük köməyi dəyib.

Ulu Öndər Heydər Əliyev bu kitabı dəyərləndirərək Rəfibəylilər nəslinin şəxsən Xudadat bəyi yüksək qiymətləndirirdi.

Yazımı yenə də Rafaeldən iki sitatla bitirmək istəyirəm:

Rafael yazır:

"Rəfibəylilər nəslinin layiqli davamçılarından olan dilçi alim Lətif Kərimli 1996-cı ildə "Rəfibəylilər kitabının nəşrindən az sonra Gəncədən gətirdiyi xəbər məni riqqətləndirdi: Lətif müəllim danışırdı ki, Gəncədə qohumlardan birindən "Niyə gedib bəraət kağızını almırsınız" soruşanda "Bala, bizə bəraəti Rafael Hüseynovun kitabı verdi. Daha ayrı sənədə etiyacımız yoxdur" - deyib".  

Rafael Hüseynovdan daha bir sitat:

"1995-ci ildə yeni müstəqillik dövründə yaranmış Azərbaycan Milli Məclisinin ilk iclası keçirilməliydi. Hələ parlament sədri yox idi və iclası, əlbəttə, kimsə açmalıydı.

Prezident Heydər Əliyev Anarı görüşünə dəvət edir. Azərbaycan müstəqilliyinin beşiyi başında duranlardan olmuş Xudadat bəy Rəfibəylinin nəvəsi Anarı.

Yeni müstəqil dövlətin yeni Parlamentinin ilk iclasını aparmağı məhz belə bir şəxsə həvalə etmək Heydər Əliyev kimi  müstəsna dövlətçinin ağlına gələ və qətiyyətli iradəsi ilə gerçəkləşə  biləcək dahiyanə həll idi.

O gün Xudadat bəy diri idi!"

 





10.07.2026    çap et  çap et