Müsahibimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının Geyim və səhnə tərtibatı şöbəsinin müdiri, Fəxri mədəniyyət işçisi İqbal Əliyevdir.
- İqbal bəy, rəssamlığa marağınız necə yarandı və sizi məhz teatr rəssamlığına gətirən nə oldu?
- Mən əslində, Mədəniyyət və İncəsənət Universitetində ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisasını bitirmişəm. İkinci kursda oxuyarkən bizə dedilər ki, Kukla Teatrında aktyorluq üçün müsabiqə keçirilir. 16 nəfər o müsabiqəyə qatıldıq, onlardan üçümüz seçildik. Həmin 3 nəfərdən də sona mən qaldım. Bir il idi ki, burada gənc aktyorların özlərini yoxlamaları üçün tamaşalar qurulurdu. Məndə rəssamlığa, kuklalara həvəs var idi. Rejissor Elşad Rəhimzadə məndəki bu həvəsi gördü və dedi ki, bəlkə səninlə bir tamaşa işləyək? Həmin vaxt "Sizin saat" şou proqramında işləyirdik. Orada müğənnilərin portret kuklalarını hazırlayırdıq. Onda bu layihə çox böyük səs salmışdı. Hətta bəzi müğənnilər özləri istəyirdilər ki, onların da kuklalarını hazırlayaq. Bu layihə ilə ilk addımlarımı atdım və beləcə, mənə teatrda həm rəssam, həm də aktyor kimi işləməyə icazə verdilər. Çox çətin, amma maraqlı dövr idi. Bəzən gecədən səhərə qədər teatrda qalıb işləyirdik. O dövrlərdə maaş da çox az idi. Ailəm belə artıq mənə dəli kimi baxırdı ki, kişi hara, teatr hara, özü də kukla teatrı, sən gələcəkdə nə edəcəksən, bu maaşla nə qazanacaqsan? Hətta atam buna görə bir il mənimlə danışmadı. Mən isə hər dəfə güzgünün qabağına keçir və özüm özümə deyirdim ki, hər şey yaxşı olacaq, səbir elə. Doğrudan da, o zaman çəkdiyim əziyyətlərin, zəhmətlərin hesabına bu gün istədiyim yerdəyəm. Bu yerə çatmağımda səbəbkar olan insanlar da var. Bu baxımdan teatrımızın direktoru Rəşad Əhmədzadəyə xüsusən təşəkkür edirəm. O, hər zaman istedadlı, həvəsli gənclərə dəstək olur. Bu gün Kukla Teatrı təkcə ölkəmizdə deyil, eləcə də ölkə xaricində tanınan teatrlardan birinə çevrilib. Kukla Teatrında bütün kukla növləri var və hamısı da burada hazırlanır.
- Bəs kukla düzəltmək həvəsiniz əvvəldən var idi, yoxsa Kukla Teatrında o prosesləri gördükcə bu həvəs baş qaldırdı?
- Yox, əvvəldən var idi. Əslində, çox qəribə uşaq olmuşam. Hamı öz işində-gücündə olarkən mən oturub taxtalardan kuklalar düzəldərdim. Həmişə də bunun üstündə danlanmışam. Mənə deyirdilər ki, oğlan hara, kukla düzəltmək hara? Orta məktəbi Yevlax rayonunda bitirmişəm. 10-11-ci siniflərdə məktəbdə keçirilən bütün tədbirlərin təşkilati işlərindən tutmuş səhnə tərtibatına qədər hər şeyi mənə tapşırırdılar. Uşaqlığımdan yaradıcı işlərə, incəsənət sahəsinə həvəsim çox idi. Amma ali məktəbə imtahan verəndə Mədəniyyət və İncəsənət Universitetində qabiliyyət imtahanından keçməmişdim. Hətta oradakı müəllimlərdən biri mənə demişdi ki, bu sənət sənlik deyil, özünü boş yerə yorma. Ancaq mənim məqsədim var idi və deyirdim ki, olacaq. Əsas məsələ özünə inanmaqdır. Kukla sənəti isə ümumiyyətlə çətindir və daim öz üzərində iş tələb edir. Çünki bu sənəti tədris edən bir ixtisas, məktəb yoxdur. Nə İncəsənət Universitetində, nə Rəssamlıq Akademiyasında kuklaçı rəssam, ya da kukla aktyoru deyilən bir ixtisas var. Buraya gələn aktyor hər şeyi sıfırdan məhz burada öyrənir. O baxımdan Kukla Teatrı bu sahədə bir sənət akademiyası rolunu oynayır. Kuklaçılar fədakardılar, çünki onlar 30-40 il səhnədə olsalar da, daim kukla arxasındadılar və bəzən tanınmadan bu dünyadan köçürlər.
- Yaradıcılığınıza ən çox təsir edən rəssamlar və ya sənət cərəyanları hansılardır?
- İlk növbədə həmin dövrdə buranın baş rəssamı olan Lətifə xanım Quluzadənin adını çəkməliyəm. Lətifə xanım bizim üçün böyük məktəb olub. Təməl bilgiləri ondan öyrənmişəm. O, 40 ildən çox Kukla Teatrının baş rəssamı işləyib. Onun kimi insanın yanında yetişmək özü universitet oxumağa təndir. Eləcə də mən hər şeylə maraqlanan biri kimi köhnə kuklaları açırdım, onların mexanizmalarını öyrənirdim. Hətta bəzən ora öz fikrimi də əlavə edirdim ki, bəlkə bunu açsam, bunu bu cür bağlasam, kuklanın ağzı daha rahat açılar və sair. Xaricə qastrollara gedəndə də ilk növbədə teatrların sexinə can atıram. Düzdür, teatrlar çox zaman öz mətbəxlərini açmırlar, amma nə öyrənə bilsək, qənimət hesab etmişik. Başlıca amil sevgidir. Sevgi ilə gördüyün işi harada necə də olsa öyrənirsən, inkişaf edirsən.
- Tamaşaçıların böyük hissəsini uşaqlar təşkil etdiyi üçün rəng və forma seçimində hansı məqamları nəzərə alırsınız?
- Uşaqlar üçün hazırlanmış tamaşada rəng seçimi böyük önəm daşıyır. Rənglərlə uşaqlara çox şey anlatmaq olur. Hətta mən istərdim ki, valideynlər hərdən evdə uşaqlarla nəsə cızma-qara etsinlər, rəngləmə ilə məşğul olsunlar. Uşaqların dünyasını açmaq, anlamaq üçün rənglər çox önəmlidir. Həmçinin, kukla hazırlayarkən onun necə obraz olmasından asılı olmayaraq, bir şirinlik qatmaq lazımdır ki, uşaq o obrazdan qorxmasın, ürpənməsin. Xalq artisti Həmidə xanım Ömərova bizə dərs deyərkən çox gözəl bir tövsiyə vermişdi ki, o zamandan yaddaşıma həkk olunub. O deyərdi ki, heç zaman mənfini tam mənfi, müsbəti də tam müsbət göstərməyin. Real həyatda tam mənfi, ya da tam müsbət deyə bir şey yoxdur, mənfidə müəyyən qədər müsbət, müsbətdə də mənfi var. Bunu kuklada göstərmək də həm rəssamların, həm də aktyorların üzərinə əlavə məsuliyyət qoyur.
- Kukla hazırlanarkən onun estetik görünüşü ilə texniki imkanları arasında balansı necə qurursunuz?
- Bədii şurada tamaşa təsdiqlənəndən sonra rejissorla rəssamın iş birliyi başlayır. Kuklanın estetik tərəflərini rəssam və rejissor birlikdə müəyyənləşdirir. Texniki rəssamla birgə kukla ən incə detallarına qədər hazırlanır. Bəzən ola bilər ki, rəssam eskizi verir, amma mexaniki baxımdan hazırlayarkən hansısa problem yaranır. Bu kimi hallar yaşanmasın deyə, rəssam, rejissor və texniki rəssam birgə çalışırlar.
- İndiyədək üzərində işlədiyiniz tamaşalardan və kuklalardan hansı sizin üçün daha doğmadır və niyə?
- Əslində, işlədiyimiz tamaşaların hamısı bizim üçün doğmadır. Amma ölçü baxımından, həqiqətən çəkilən gərgin zəhmət baxımından ən sevdiyim tamaşalardan birincisi "Qar kraliçası", ikincisi "Əlibaba və qırx quldur", üçüncüsü isə "Qızıl balıq"dır.
- Müasir texnologiyalar teatr rəssamlığını necə dəyişib?
- Teatr rəssamları, xüsusən də kukla rəssamı daim axtarışda olmalıdır. Şükür, indi elə bir dövrdə yaşayırıq ki, istədiyimiz hər şeyi internetdən araşdırıb tapa bilirik. Hazırlamaq istədiyimiz işlər üçün detalları buradan tapa bilirikmi, bax, əsas məsələ budur. Çünki bəzən o detalları burada tapmaq mümkün olmur. O zaman xarici ölkələrə üz tuturuq, ya da Rusiyaya, ya da başqa ölkələrə qastrola gedəndə özümüzlə alıb gətiririk. Tapa bilməyəndə isə burada özümüz hazırlayırıq. O da bəzən bizdən çox böyük xərc tələb edir. Təəssüf ki, Azərbaycanda nəinki biz, digər teatrlar da qrim baxımından qıtlıq yaşayırlar. Çox yaxşı olardı ki, sırf teatra aid detallardan ibarət bir mağaza açılsın. Tələbat da var, ehtiyac da.
- Sizcə, bugünkü uşaqların vizual dünyası əvvəlki nəsillərdən nə ilə fərqlənir?
- Əvvəllər passiv rəng tonları var idi. İndi isə texnikanın, dinamikanın təsiri ilə neon tonlar, işıqlı, fosforlu rənglər ərsəyə gəlib. Bu kimi rənglər uşaqların diqqətini cəlb edir. Biz də çalışırıq ki, həm səhnə tərtibatında, həm də kuklaları hazırlayarkən bunlara diqqət edək. Çünki uşaqlar böyüklər kimi deyil, əgər pərdə açılanda o dekorasiya, o tamaşa onun diqqətini cəlb etmədisə, heç nəyin xətrinə oturub tamaşaya baxmayacaq, ya çıxmaq istəyəcək, ya da fikri dağılacaq və baxanlara da mane olacaq.
- Milli kukla sənətinin inkişafı üçün hansı addımlar vacibdir?
- Çox təəssüf ki, indi milli geyim öz ilkinliyini itirib. İndi milli geyim deyəndə zərli, bərbəzəkli paltarlar yada düşür. Halbuki bizim hər bölgəmizin özünəməxsus kişi və qadın milli geyimləri olub. Eləcə də milli obrazlarımızda eyni vəziyyət müşahidə olunur. İllərdir biz teatr səhnəsində Cırtdanı, Göyçək Fatmanı niyə saxlayırıq? Çünki başqa obrazlar yoxdur. Dünyada hazırda elə qorxunc cizgi film obrazları meydana çıxıb ki, insan özü ona baxanda qorxur. Maraqlıdır ki, valideyn bir ətək pul töküb onların kuklalarını alıb öz uşağına verir. Sonrasını isə düşünmür. Çünki o obrazlar uşaqlara aqressiya aşılayır, gələcəyini məhv edir. Biz öz milli obrazlarımızı təqdim etməyi bacarmırıq. Bunu sistemli şəkildə etmək lazımdır. Nağıllarımızı cilalamalı və o cür təqdim etməliyik. Ən böyük problemlərdən biri də müasir nağılların yox səviyyəsində olmasıdır. Çünki uşaq yazarı çox azdır. Halbuki ən müasir tariximizdə Qarabağ kimi zəfərimiz var və bunu uşaq dilində yazıb azyaşlı tamaşaçılara təqdim etmək olardı. Təəssüf ki, yoxdur.
- Bu il Kukla Teatrı 95 illik yubileyini qeyd etməyə hazırlaşır. Necə gedir proses?
- 95 il heç də az zaman deyil. 5 ildən sonra 100 illik yubileyi tamam olacaq. Bir əsrdir ki, Kukla Teatrı bir mədəniyyət ocağı kimi uşaqların inkişafında, tərbiyəsində müstəsna rol oynayır. 95 illiyimizə çox yüksək səviyyədə hazırlaşırıq. İnşallah, maraqlı bir iş ortaya qoymağa çalışırıq. Detallar isə hələlik sirr olaraq qalsın.
- Digər teatrlarda tamaşa repertuardan çıxarıldıqdan sonra onun geyim və dekorları müəyyən əlavələrlə başqa tamaşalarda da istifadə edilə bilir. Bəs Kukla Teatrında tamaşa repertuardan çıxarılandan sonra onun kuklalarının aqibəti necə olur?
- Bizim balaca tamaşaçılarımızın yaddaşı çox güclüdür. O, əvvəlki tamaşada gördüyü kuklanı bunda da görsə, dərhal tanıyacaq. Məsələn, kukla seximizdə 7-8 ədəd dovşan kuklası var. Bir dəfə onları görən bir jurnalist soruşdu ki, dovşan dovşandır da, bunu o biri tamaşada da istifadə etmək olmaz? Dedim ki, yox, çünki hər dovşanın öz xarakteri var, kuklalar da o xarakterə uyğun hazırlanıb. Təbii ki, o kuklalar nazirliyin balansındadır, icazəsiz biz onlarla bağlı bir qərar verə bilmərik. Amma repertuardan çıxmış və hazırda bizim üçün yararsız olan kuklalar xüsusi icazələrlə, sənədlərlə bölgələrimizdəki kukla teatrlarına köçürülür.
- Əgər bir nağıl personajını yenidən yaratsaydınız, bu hansı obraz olardı?
- Elə bir şey olsaydı, Cırtdanı dəyişmək istəyərdim. Onu daha müasir və dəcəl uşaq obrazına çevirərdim. Fikrimcə, onu daha maraqlı və daha gözəl obraza çevirmək olar. Amma bilirəm ki, qəbul edilməyəcək, çünki Cırtdanı elə əvvəldən belə görüb, belə qəbul ediblər.
- Gənc teatr rəssamlarına hansı tövsiyələri verərdiniz?
- Gənclərə deyiləcək çox söz var. Amma ən əsası onu demək istərdim ki, işdən qorxmasınlar, risk etməkdən çəkinməsinlər. Daim işləsinlər, öyrənsinlər. Bu sənəti sevirlərsə, gəlsinlər. Maddiyyata qaçmasınlar. Nə qədər maddiyyata qaçacaqlarsa, pul da onlardan qaçacaq. Mən illərdir burada işləsəm də, kənardan o qədər sifarişlərim olur ki, əsas qazancımı da oradan təmin edirəm. Bura isə mənim üçün əsas iş yerim və ailəmdir.
Şahanə MÜŞFİQ
çap et