525.Az

Azad edilmiş əraziləri canlandıran nəhəng quruculuq proqramı - Böyük Qayıdış


 

Azad edilmiş əraziləri canlandıran nəhəng quruculuq proqramı - <b style="color:red"> Böyük Qayıdış</b>

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi uğurla həyata keçirilir. Bu mərhələdə Cəbrayıl rayonunun Şükürbəyli kəndinə 46 ailə, ümumilikdə 223 nəfər köçürülüb. Ailələr yenidən qurulan kəndə qədəm qoyub və doğma yurdlarında yaradılan gözəlliyi seyr ediblər. Kənd tam müasir standartlara uyğun şəkildə yenidən qurulub və sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə hər biri 80 yerlik olmaqla, iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və "İP TV" şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.

Beləliklə, uzun illər həsrətlə doğma yurda qayıdışı gözləyən insanlar üçün Şükürbəylidə yeni həyat başlayıb.

Millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Böyük Qayıdışın növbəti köç mərhələsi Azərbaycanın dövlət siyasətinin strateji prioritetlərindən biri olaraq həm sosial, həm iqtisadi, həm də geosiyasi aspektlərdən böyük əhəmiyyət daşıyır. Bu mərhələnin uğurla həyata keçirilməsi təkcə əhali geri qayıdışını təmin etmir, həm də işğaldan azad edilmiş ərazilərdə dayanıqlı inkişafın təməlini qoyur. Sosial prioritetlər bu prosesin əsasını təşkil edir.

İnsanların öz doğma yurdlarına adaptasiya prosesinin rahat keçməsi üçün psixoloji dəstək proqramları, məşğulluq təşviqləri və icma quruculuğu təşəbbüsləri mühüm rol oynayır: "İqtisadi məsələ bu mərhələnin ən həlledici komponentlərindəndir. Azad olunmuş ərazilərdə yeni istehsal və xidmət sahələrinin, kənd təsərrüfatı layihələrinin yaradılması həm yerli məşğulluğu təmin edəcək, həm də regionu ölkənin ümumi iqtisadi dövriyyəsinə sürətlə inteqrasiya edəcək. Bu ərazilərin təbii resurs potensialı, kənd təsərrüfatı imkanları və turizm perspektivləri növbəti köç mərhələsini iqtisadi baxımdan daha səmərəli edir. Dövlət və özəl sektor əməkdaşlığının genişlənməsi bu prosesdə vacib rol oynayacaq. İnfrastruktur quruculuğu Böyük Qayıdışın mühüm tərkib hissəsidir. Artıq icra olunan genişmiqyaslı yol, tunel, elektrik təsərrüfatı, su və kanalizasiya xətləri, eləcə də "ağıllı kənd" və "ağıllı şəhər" layihələri növbəti köç mərhələsinin daha sistemli şəkildə həyata keçirilməsinə şərait yaradır. Rəqəmsal infrastrukturun qurulması isə həm dövlət xidmətlərinin əlçatanlığı, həm də investisiya cəlbediciliyi baxımından strateji əhəmiyyət kəsb edir. Bu mərhələ Azərbaycanın milli təhlükəsizlik və regional mövqeyini gücləndirən amillərdən biridir. Köç prosesinin ardıcıl aparılması demoqrafik balansın bərpası ilə yanaşı, azad olunmuş ərazilərdə sabitliyin möhkəmlənməsinə və dövlət suverenliyinin daha qəti şəkildə təsdiqlənməsinə xidmət edir. Regionda həyatın canlanması Ermənistanla sərhədyanı ərazilərdə təhlükəsizlik dinamikasına da müsbət təsir göstərir. Böyük Qayıdışın növbəti köç mərhələsi Azərbaycan üçün sadəcə humanitar məsələ deyil, milli inkişaf strategiyasının mühüm hissəsidir. Sosial rifahın yaxşılaşması, iqtisadi aktivliyin artması və müasir infrastrukturun qurulması ölkənin uzunmüddətli təhlükəsizliyi və dayanıqlı inkişafı baxımından həlledici rol oynayır. Bu mərhələ bölgənin tam dirçəlişinə, ölkənin isə strateji gücünün daha da artmasına şərait yaradacaq".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Nazirlikdən bildirilib ki, Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 10600-dək şəxsin məşğulluğu təmin edilib. Onlardan 881 şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik ailə təsərrüfatları yaradılıb. Habelə 505 nəfər müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına cəlb edilib. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına dəstək göstərilib.

Millət vəkili Fazil Mustafanın sözlərinə görə, "Böyük Qayıdış" prosesi artıq dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi formalaşıb və müəyyən olunmuş yol xəritəsinə uyğun şəkildə davam etdirilir. Cəmiyyətdə bu prosesin daha sürətlə həyata keçirilməsi ilə bağlı gözləntilərin olması təbiidir: "Lakin reallıqda, xüsusilə uzun illər işğal altında qalmış ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri olduqca mürəkkəb və vaxt tələb edən mərhələlərdən ibarətdir. İnfrastrukturun yenidən qurulması, kommunikasiya xətlərinin çəkilməsi, sosial obyektlərin tikilməsi və təhlükəsizlik tədbirlərinin təmin edilməsi böyük maliyyə və zaman tələb edir. Buna görə də tikinti və texniki proseslərdə müəyyən gecikmələrin baş verməsi qaçılmazdır və bunu obyektiv reallıq kimi qəbul etmək lazımdır. Bununla yanaşı, ümumi vəziyyət ümidvericidir və prosesin ardıcıl şəkildə irəlilədiyini göstərir. Artıq təxminən 70 min nəfərin Qarabağa köçürülməsi Böyük Qayıdış strategiyasının real nəticələr verdiyini sübut edir. Bu rəqəm sadəcə statistik göstərici deyil, həm də insanların doğma yurdlarına qayıtmaq istəyinin və dövlətin bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü siyasətin göstəricisidir. Ən mühüm məqam isə bu qayıdışın formal xarakter daşımaması, insanların həmin ərazilərdə real və davamlı şəkildə məskunlaşmasıdır. Qarabağa qayıdan insanların burada uzunmüddətli həyat qurması xüsusi əhəmiyyət daşıyır. Əsas təhlükə ondan ibarətdir ki, insanlar yeni mənzillərə sahib olsalar da, sosial-iqtisadi imkanların məhdudluğu səbəbindən yenidən paytaxta və ya digər iri şəhərlərə köçmək məcburiyyətində qala bilərlər. Buna görə də Qarabağ yalnız yaşayış və ya istirahət məkanı kimi deyil, həm də inkişaf və fəaliyyət üçün geniş imkanlar yaradan bir region kimi formalaşdırılmalıdır. İnsanlar burada işləməyi, ailə qurmağı və gələcək planlarını həyata keçirməyi real bir perspektiv kimi görməlidirlər. Bu baxımdan məşğulluq məsələsi Böyük Qayıdışın uğurunu müəyyən edən əsas amillərdən biridir. Qarabağda iqtisadi fəaliyyətin genişləndirilməsi, kənd təsərrüfatı, sənaye, xidmət və turizm sahələrinin inkişafı bölgədə davamlı məskunlaşma üçün vacib şərtlər yaradır. Dövlət tərəfindən yaradılan infrastruktur və təqdim olunan güzəştlər bu prosesə ciddi dəstək verir. Bununla yanaşı, cəmiyyətin, özəl sektorun və yerli təşəbbüslərin də bu siyasətə qoşulması mühüm əhəmiyyət kəsb edir. Yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və peşə hazırlığı proqramlarının həyata keçirilməsi insanların bölgədə sosial-iqtisadi sabitliyini gücləndirir. Eyni zamanda, Böyük Qayıdış prosesinin səmərəli həyata keçirilməsi üçün bütün mərhələlər diqqətlə izlənməli və ortaya çıxan problemlərə vaxtında reaksiya verilməlidir. Sosial xidmətlərin səviyyəsi, təhsil və səhiyyə müəssisələrinin fəaliyyəti, kommunal xidmətlərin təminatı və nəqliyyat imkanları insanların bölgədə qalıcı məskunlaşmasına birbaşa təsir göstərir. Qarabağda yaşayan insanların gündəlik həyatında rahatlıq və təhlükəsizlik hissinin yaranması onların bu torpaqlara bağlılığını daha da möhkəmləndirir. Böyük Qayıdış yalnız fiziki köç prosesini ifadə etmir. Bu, eyni zamanda sosial, iqtisadi və mənəvi dirçəlişi əhatə edən genişmiqyaslı bir layihədir. Prosesin uğuru təkcə yeni evlərin tikilməsi ilə deyil, həmin evlərdə həyatın canlanması və insanların öz gələcəyini bu torpaqlarda görməsi ilə ölçülür. Dövlət tərəfindən həyata keçirilən bu strateji siyasətin davamlı şəkildə dəstəklənməsi və cəmiyyət tərəfindən düzgün dərk olunması Qarabağın uzunmüddətli inkişafı və dirçəlişi baxımından böyük əhəmiyyət daşıyır".

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, artıq bir neçə ildir ki, Azərbaycan xalqı və dövləti işğaldan azad olunmuş torpaqlarda böyük quruculuq və bərpa prosesinə start verib. Ermənistanın işğal dövründə məqsədli şəkildə məhv etdiyi şəhərlər, yandırılmış kəndlər, dağıdılmış məscidlər, məktəblər və tarixi abidələr bu gün Azərbaycan dövlətinin gücü və xalqımızın iradəsi sayəsində yenidən dirçəlir. Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Laçın, Kəlbəcər və digər bölgələrdə yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış massivləri və sənaye parkları inşa olunur: "Azərbaycan hökuməti bu prosesə "Böyük Qayıdış" adını verib. Bu, təkcə binaların, yolların və infrastrukturların bərpası deyil - bu, həm də 30 ilə yaxın həsrətdən sonra həmin torpaqlara həyatın, mədəniyyətin və insan nəfəsinin qayıdışıdır. Bu gün azad edilmiş ərazilərdə aparılan hər bir layihə təkcə regionun inkişafına deyil, bütövlükdə Azərbaycanın iqtisadi, sosial və mənəvi gücünün artmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq tədricən yenidən Azərbaycanın ən gözəl guşələrinə çevrilir, yeni həyatın, dirçəlişin rəmzi kimi formalaşır".

Sevinc QARAYEVA

 





10.07.2026    çap et  çap et