525.Az

Bu günə çatan, sabaha yönələn səs - Rafael Hüseynov yazır


 

Bu günə çatan, sabaha yönələn səs - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Tarix və tale dünyaya vəzifə ilə gətirdiyi insanları həmin tapşırıqları yerinə yetirməyə qadir olmaqçün tək özünün aça bildiyi qapılardan keçirərək yetişdirir və ən əvvəl onlara gərək olan mühiti yaradır, bu mühit içərisində elə şəxsiyyətlər də olur ki, tarixin və taleyin boynuna vəzifə qoyduğu şəxsiyyətləri yetişdirmək üçün əllərindən gələni əsirgəmirlər.

Cəfər Cabbarlı XX əsrin iyirmi-otuzuncu illərində Azərbaycanın mədəniyyət və zövq aləmində əhəmiyyətli dəyişikliklər edən bir şəxsiyyət kimi qaldısa, əlbəttə ki, bu nailolmada onun ömründən keçən insanların da müstəsna təsiri və izi var.

Bu gün Azərbaycan boyu kiçikdən-böyüyə hər kəs agahdır ki, millətimizin tarixində Cəlil Məmmədquluzadənin, Ömər Faiq Nemanzadənin yaratdığı bir söz möcüzəsi "Molla Nəsrəddin" olub ki, əks-sədası bu gün də eşidilir, hələ gələcək illərə də çatacaq. Ancaq "Molla Nəsrəddin"in önündə gedən, illər boyu onun əsas ağırlığını çiyinlərində daşıyaraq nəfəsini kəsilməyə qoymayan Mirzə Cəlillə Ömər Faiqdən savayı, fədakar, millətsevən, işıqla dolu bir qafilə "Molla Nəsrəddin"çi də vardı və Məhəmməd Əli Sidqi (adı rəsmən Məhəmməd Əli olsa da, onu həyatda "Məmmədəli" çağırırmışlar. Biz də yazı boyu həmin səslənişi saxlayırıq - R.H.) onlardan biri idi.

Bu gün adı seyrək, təsadüfdən-təsadüfə çəkilsə də, Sidqinin "Molla Nəsrəddin"in boynunda çox haqqı var və hətta bir ara - 1910-1911-ci illərdə o, "Molla Nəsrəddin"in müvəqqəti redaktoru da olmuşdu.

Cəlil Məmmədquluzadə və Ömər Faiq kimi xasiyyətcə də qəliz, son dərəcə vasvası, həm də hədsiz tələbkar insanlar "Molla Nəsrəddin"in ovsarını Məmmədəli Sidqiyə etibar etmişdilərsə, onun redaktorluğuna elə özlərinə inandıqları kimi arxayın olmuşdularsa, bunun mənası və hikməti dərindir. Daha çox hamının elə "Sidqi" çağırdığı  Məhəmməd Əli Səfərovun seçdiyi və təqribən elə adına çevrilmiş bu təxəllüsü birbaşa sədaqət, etibar, əhdə vəfa anlayışı ilə bağlı kəlmədir və sədaqətlilik, etibarlılıq, vəfalılıq da Məmmədəli Sidqinin ömrü boyu yol yoldaşı, həyat meyarı oldu - həm dostlarına, yaxınlarına, məsləkdaşlarına münasibətdə sədaqət, həm də qələmə, yaradıcılığa münasibətdə vəfalılıq.

Məmmədəli Sidqi "Molla Nəsrəddin"in Tiflis illərində dərginin bel sütunlarından biri idi. O, 1888-ci ildən idi və Azərbaycanda yeni əsrin başlanğıcının mətbuat fırtınası qopan çağlarda - 1906-1907-ci illərdə cavan oğlandı. Ancaq artıq yazı-pozu aləmində, mətbuat axarında idi. Əvvəl "Həyat", "İrşad" qəzetlərində çalışırdı, sonra da "Molla Nəsrəddin"ə bağlandı. Ancaq Sidqi 1912-ci ildə Tiflisdən Bakıya köçüb gəldi və daha qabaqkı mətbuat fəaliyyətləri, imzasının qəzet səhifələrində olması bir yana - ömrünün "Molla Nəsrəddin"ə həsr edilmiş illəri onu  Azərbaycanın oçağkı aparıcı ziyalılarının çoxu ilə yaxınlaşdırmışdı. Ona görə Bakıya yığışandan sonra özünü qəribçilikdə hiss eləmədi, evi ziyalıların vaxtaşırı toplaşdığı mehriban məkanlardan birinə çevrildi. Elə dolu bir həyat sürürdü ki, Məmmədəli Sidqi 30-40 yaşlarında olanda özünə ahıl, qocaman bir insan kimi baxırdı. Bir başqasının gözünə gendən müəyyən keyfiyyətlərinə görə cavan adam da sanbalına oturuşmuş ağsaqqal kimi görünə bilər, ancaq adamın özünü cavankən dünyagörmüş, ahıl kimi təsəvvür etməsi birbaşa onun yaşamış olduğu illərin insanlar və dairələrlə ifrat doluluğundan gələn xüsusiyyətdir. Həm də bu qocamanlıq etirafını qələmə aldığı xatirələrdə bəyan edən elə Məmmədəli Sidqinin özüdür. Bir tərəfdən çalxantılı, yeniliklərlə daşan, nəbzi sürətlə vuran vaxt, obiri tərəfdən də Sidqigilin nəslindən olan ziyalıların, sənət və ədəbiyyat adamlarının dincdurmazlığı, təklif gözləmədən görülməli işlərə doğru canatması onların ömrünü məcazi mənada deyil, elə gerçəkdən də yaşanıldığından daha uzun edirdi.

1916-cı ildə bu cavan, amma həm də qoca insan Cəfər Cabbarlı ilə tanış olur. Elə sözün birbaşa mənasında xeyli gənc olan, vur-tut 17 yaşlı Cəfərlə.

Məmmədəli Sidqi çox da uzun olmayan - 68 illik ömrünün lap bitəcəyində xatirələrini yazıb və o yaddaşların bir neçə səhifəsində Cəfər Cabbarlı ilə yan-yanadır.

Sidqi Cəfərlə 1916-cı ildə tanış olmuşdu və artıq parlamağa başlayan Cabbarlı elə həmin vaxtdan Səfərovların qonaq-qaralı evinin sabit gəlib-gedənlərindən birinə dönmüşdü, mahiyyətiylə "Sidqi ədəbi məclisi" adlandırıla biləcək bu məhrəm yığnaqlarda tezcə isinişmişdilər və Sidqi ona elə öz doğması kimi münasibət göstərməyə başlamışdı. Məmmədəli Sidqi evinə kimlərin gəlib-getdiyini özü sadalayır və "Rumi ki dedin, qəziyyə məlum" məsəlinin işarə etdiyi kimi, təkcə bu adlar cərgəsi o məclislərin hansı hüsnü olduğunu özücə əyan edir: millətin qaymaqlarının qovuşduğu, vaxtilə Avropada olmuş qapalı klublar kimi bir xudmani məclis - Mirzə Cəlil, Həmmal, Səməd Mənsur, Hüseyn Cavid, Həsən Səbri, Abbasmirzə Şərifzadə, Mustafa Mərdanov, Əbülhəsən Anaplı və daha neçə bu cür söhbəti tutan, zövqü bir-birinə yaxın, əqidəsi dürüst, işıqlı insan bir yerə yığışırdısa, təbii ki, söhbət ədəbiyyatdan, mədəniyyətdən, millət dirçəltmək, irəlilətmək yolunda daha nələr etmək gərəkdir kimi mətləblərdən gedirmiş (Sidqinin mənzilindəki məclisi ədəbi kluba bənzətməyimi də yersiz saymayın. Məmmədəlinin bacısı Dostuxanım xatirələrində bunu ayrıca yada salır ki, "qonaqlarımız bizim evi zarafatla "dostlar klubu" adlandırırdılar". Evin kluba dönə bilməsi isə, yəqin ki, Sidqinin ömründəki vərdişdən yaranmışdı - Tiflisdə kirələdikləri mülk həm "Molla Nəsrəddin"in redaksiyası idi, həm də orada yaşayırdılar. Yəni ora da daim get-gəlli idi. Sidqi Bakıya köçəndən sonra o hava başında idi, adətkərdə olduğu həyat tərzindən ayrılmaq onunçün çətindi, odur ki, tezliklə elə öz mənzili də dönüb olmuşdu "Molla Nəsrəddin"in redaksiyası kimi bir yer). 

Və taleyin Cəfər Cabbarlının yetişməsi, istedadının daha artıq cilalanması üçün bəxş etdiyi bir mühit elə Sidqinin mənzili idi. Amma Cəfər bu məclisə gələnlərin ən gənci olmasına rəğmən ağzını açan kimi, gedən söhbətlərə lap ani də olsa qoşulan kimi görünürdü ki, o kimdir və hal-əhlləri sezirdilər ki, onlarla oturub-duran, hələ özünü buradakıların hamısının kiçiyi kimi aparan bu cavan qələm sahibi sabahın ən böyüklərindən olmaq gücündədir. Həmin vaxt məhz bu cür düşünənlərdən biri Məmmədəli Sidqi imiş ki, bu qənaətini sənədləşdirib, qələmə aldığı xatirəsindəki bir cümlə ilə möhürləşdirib: "Cəfərin yaş etibarilə məclisdəkilərdən kiçik olmasına baxmayaraq, o, mübahisələrdə öz bacarıq və istedadı ilə hamını heyran edirdi. Onun həyat və cəmiyyət haqqında yürütdüyü fikirlər, doğrudan da, böyük zəka sahibinin kəlamlarına bənzəyirdi".

Bu, canlı şahidin təsdiqidir və Cəfərin orada söylədikləri, elə məclisdəki ulduzların hər birinin, indi kağız üstündə qarşımızda olarsa, şübhəsiz ki, riqqət oyadacaq düşüncələri, mülahizələri yazıya alınmayıb, efir boşluqlarında əriyib-itib. Ancaq heç də yox olmayıb. O mühitdən, o məclisdə keçən günlərdən Cəfərin də, digər iştirakçıların da hər birinin içərisində nəsə qalıb və nəsələr həmin kamil qələm və sənət sahiblərinin ömründə də, yaradıcılığında da mütləq izini qoyub, qaçılmaz təsirini göstərib.

Məmmədəli Sidqi Cəfərdən bəhs edəndə mühüm bir xəbər də verir, o məclisdəkiləri birləşdirən ümdə cəhəti də xələflərə çatdırır: "O da hamımız kimi dövründən narazı idi". Lakin dərhal da Cəfərin kəc dövr qarşısında bədbinliyə qapılmadığını, əksinə, çox nikbin olduğunu və bu ruh diriliyini başqalarına da ötürdüyünü, tez-tez bu fikri təkrarladığını məxsusi vurğulayır: "Baş vermiş bədbəxtliyi aradan qaldırmaq üçün ağlaya-ağlaya tədbir görməyin nə mənası?! Ölümü də gülə-gülə qarşılamaq lazımdır".

O evə gedib-gələnlərdən Cəfərin tezliklə bir başqa fərqi də yaranmışdı. Digərləri Sidqinin məclisinə dəvətlə, bəlli saatda təşrif gətirərdisə, Cəfər evin uşağı idi, bu simsar mənzilin qapısı gün boyu onun üzünə açıqdı - çünki Cəfər Sidqinin bacısı Dostuxanımla, kiçik qardaşı Rüfətlə Darülfünunun Tibb fakültəsində birgə oxuyurdular, "Kommunist" qəzetində bərabər işlədiyi böyük qardaş Məmmədəli ilə dostluğu öz yerində, yaşca özünə daha uyğun bu uşaqlarla tədricən bacı-qardaş kimi olmuşdular.

Dostuxanım da böyük qardaşı Sidqinin mühüm bir müşahidəsini - Cəfərin bu evdəki məclislərdə yaşından xeyli böyük olduğunu hər dəfə istər-istəməz nümayiş etdirdiyini xatırlayırdı: "Cəfər hamıdan kiçik olduğuna baxmayaraq, ağıllı fikirləri və mühakimələri ilə məclisdəkiləri heyran qoyurdu".

Ağlın yaşda yox, başda olmasının ayrı bir sübutu da Sidqinin ayrı xatirəsidir ki,  Cəfərin ona həmişə ehtiramla "Mirzə" deyə müraciət etdiyini yada salır və deyir ki, günlərin birində mən də ona "Mirzə" deyə üz tutdum.

Sidqinin ona belə müraciətini eşidəndə Cəfər duruxur, əvvəlcə elə zənn edir ki, Sidqi bunu elə məzə üçün deyir, dözməyib soruşur ki, niyə mənə "Mirzə" dedin? Tarixi dəqiqlik naminə Sidqinin sözlərini elə özünün yazdığı kimi verirəm: "Cəfər elə soruşanda dedim ki, sən yaşca kiçik olsan da, bizim hamımızdan böyük qələm yoldaşımızsan. Biz qocalmışıq, şəmimiz sönməkdədir, elə bir iş də görməmişik. Sənin isə istedad məşəlin indi alov saçır".

Sidqi Cəfərin için-için ağlamasımı, göz yaşlarını da görmüşdü. Yada salırdı ki, 1924-cü il günlərin birində Cəfər gəldi bizə və içəri girən kimi də hönkür-hönkür ağladı, onun ağlamağına ilk dəfə şahid olurdum - anası vəfat etmişdi.

Sidqinin anası Cəfəri balası kimi qucaqlayır, təsəlli verir, "Sən də mənim oğlum, - deyir, - hamımız gedəsiyik, qalan kim olacaq?" - söyləyir.

Cəfərin o kədərli gündə dediyi bu sözlər də Sidqinin hafizəsində biryolluq qalmışdı ki, ay İsmət xala, mənim anam əziyyət çəkmişdi, deyirdim əlim bir parça çörəyə çatsın, onu elə saxlayacağam ki, bütün dərdlərini yaddan çıxartsın. Neyləyim ki, olmadı.

Cəfər hər gələnin bir gün gedəcəyini gözəlcə bilsə də, anası üçün edə biləcəklərini edə bilmədiyinə görə qüssələnirdi.

Eyni və bəlkə də daha artıq acını Cəfəri qəfil itirəndən sonra onun nəyə qadir olduğunu bilən müasirləri yaşayıblar, Cəfəri görməmiş, fəqət qısa ömür möhləti ərzində yaratmağa macal tapdıqlarını oxuyan, onun nəhəngliyinin miqyaslarını aydın təsəvvür edən bizlər  yaşayırıq.

...Cəfər Cabbarlıdan məktublar qalıb. Həmin məktublarda zaman canlıdır. O məktubların bir qismini evə - Sona xanıma yollayıb, bir qismini teatra, bir qismini dostlarına-tanışlarına. Hamısında bəlli gün, o günün hadisələri, həmin günün ovqatı var. O məktublarda hər kəsə tanış gündəlik məişət qayğıları da var, gün-güzəranla bağlı sanki xüsusi bir ağırlığı olmayan adi Allah-bəndə söhbətləri də. Amma bu məktubları yazan Cəfər Cabbarlıdır axı! Qələm Cəfərin əlindədirsə, hər məktubun içərisində mütləq ictimai məna daşıyan hansısa mətləb də yer alır.

Evinə, həyat yoldaşına məktub yazır - Bakıda deyil, Azərbaycandan kənardadı. Təbii ki, ilk maraqlandığı uşaqlarının vəziyyəti, ailənin dolanışığının nə təhər keçməsidir. Bunları xəbər alandan sonra qohum-qonşunu, dost-tanışı, səfərdən qayıdıb gələndə ev üçün nələri alıb gətirməli olduğunu soruşur.

Sanki hər adamın öz ailəsinə, doğmalarına göndərdiyi saysız-hesabsız başqa məktublardandır, amma yazan Cəfərdir və birdən bu sırf şəxsi məktubun içərisindən bir işıltı keçir - Cəfər Azərbaycanın sənət tarixi ilə bağlı çox vacib mətləbin üstünə gəlir.

Azərbaycan mədəniyyəti və səhnəsi ilə bağlı olmuş bir para şəxsiyyətlərlə əlaqədar qaranlıq məqamların ayrı heç bir mənbədə tapa bilməyəcəyimiz aydınlatması və sübutları bu məktublardadır. Zövcəsinə məktub yazır, lakin mübhəm bir fəhmlə bunu da duyur ki, indi sevimli Sonasına tək onun oxuması üçün yazdığı bu məktubu haçansa çoxları hansısa gerçəklərin sorağı ilə oxumaq istəyəcək və oxuya da biləcək.

Reynqold Qliyerin "Şahsənəm" operasının Azərbaycan səhnə tarixində öz yeri var və "Aşıq Qərib" mövzusunda artıq Zülfüqar Hacıbəylinin müəllifi olduğu muğam operamız vardısa da, yeni tipli belə bir əsərin bəstələnməsinin Qliyerə sifariş edilməsi səbəbsiz olmamışdı, bunun arxasında çox ciddi siyasətlər dayanır.

1980-ci illərin ortalarında ozamanacan kimsəyə açılmamış Müslüm Maqomaevin arxivini ilk dəfə araşdırarkən onun 1920-1930-cu illərin olmuşlarını yerli-yataqlı əks etdirən gündəliklərini oxumuşdum və məlum əsərlərin bir çox qədər naməlum, amma bilinməsi gərək olan həqiqətlərinə gözüm açılmışdı.

Bunlar qeybət deyildi, görkəmli bir bəstəkarın kimsənin oxumasını da nəzərdə tutmadığı şəxsi yazıları, öz-özüylə dərdləşməsi idi.

Nəyə görə Qliyeri hökumət səviyyəsində Azərbaycana dəvət etmiş, ona hər cür şərait yaratmış və belə bir operanı bəstələməsini istəmişdilər?!

1920-ci ilin aprelində Cümhuriyyət devriləndən, bolşeviklər gələndən sonra Üzeyir Hacıbəyli ölümcül hədəfdə idi. Onu istənilən gün zindana ata, sürgünə göndərə, yaxud elə həyatının son nöqtəsini Bakıdaca qoya bilərdilər. Şura hökumətinin tam qəddarlığı ilə işləyən repressiya maşınının meyarları ilə buna bəs deyincə əsaslar vardı. Üzeyir bəy aşkar Cümhuriyyətçi idi, müstəqil Azərbaycanın  himninin müəllifi, o dövlətin qurucuları sırasında müstəsna əməkləri olanlardan idi, "Azərbaycan" qəzetinin redaktoru olmuşdu, bəy oğlu idi, böyük nüfuz sahibi, cəmiyyətdə sözü keçən ziyalı idi - ovaxtkı Kreml-NKVD ölçüləri ilə bunlardan bircəsi də onun dərhal həbsə alınması və "xalq düşməni" elan edilməsi üçün yetərli idi. Üstəlik, qardaşı Ceyhun Hacıbəyli Parisdə, siyasi mühacirətdə, sovetin ən qatı düşmənləri siyahısında idi.

Yəni hansı tərəfdən yanaşırsan-yanaş, bolşeviklər Azərbaycanda hakimiyyəti qamarlayandan sonra onun  öz siyasətinə uyğun olaraq məhv etməli olduğu ziyalılar içərisində ən birinci elə Üzeyir Hacıbəyli olmalı idi. O, həbs ediləcəkdisə, adına "düşmən" damğası vurulacaqdısa, söz yox, onun varlığından nişanə olacaq hər nə var hamısı, o sıradan səhnədəki bütün əsərləri də silinib-süpürüləcəkdi - "Leyli  və Məcnun" da gedəcəkdi, "Arşın mal alan" da olmayacaqdı, "O olmasın, bu olsun"un kitabı bağlanacaqdı.

Odur ki, 1920-ci ilin 28 aprelindən Üzeyir bəy həbsini hər an gözləyirdi və Qliyeri də Bakıya məhz buna görə gətirmişdilər. Məqsəd o idi ki, sabah Üzeyir bəy tutulandan sonra opera səhnəmizdə yaranacaq boşluğu dolduracaq bir əsər olsun. Həm də müasirləşmə gedirdi, istəyirdilər ki, muğam operaları keçmiş səhifəsi kimi örtülsün, Avropa tipli çağdaş Azərbaycan operaları bəstələnsin, Qliyerin yazdığı da bir örnək kimi götürülsün.

Qliyer 3-5 ay üçün deyil, uzun müddət yaşayıb-işləməkdən ötrü Azərbaycana gətirilmişdi. Yazacağı operada müəyyən milli ruh, yerli camaatın alışdığı muğam ahəngi də nə şəkildəsə hiss olunsun deyə Qurban Pirimovu da yardımçı kimi qoşmuşdular ona. Ancaq Qliyer 10 il əlləşdi, ortaya çıxartdığı "Şahsənəm" də sevilmədi, səhnədə də daimi lövbər sala bilmədi.

Heç kim deməz, desə də, insafsızlıq olar ki, "Şahsənəm" pis əsərdir. Peşəkar bəstəkar əlindən çıxmışdı, yaxşı alınsın deyə bacardığını əsirgəməmişdi, şübhə yox, Azərbaycan opera inciləri sırasında onun da özünə görə yeri var. Ancaq o əsərdə Azərbaycan insanının ruhunu tərpədən, qəlbinə elə ilk akkordlarındanca yol tapa bilən milli dad yoxdur, o tam ki Üzeyir bəyin bütün əsərlərində var və elə həmin məziyyətinə görə də Hacıbəyli yadigarlarının heç biri köhnəlmək bilmir, yüz min dəfələrlə səslənəndən sonra azərbaycanlıdan ötrü şirinliyini, cazibəsini, təravətini qeyb etmir.

Sən demə, Qliyer və onun "Şahsənəm"i Cəfər Cabbarlının da taleyindən keçibmiş.

Sona xanıma məktublardan birində Cəfər ailə-məişət məsələlərinə yekun vurandan sonra  keçir "Şahsənəm" məsələsinə. Yazır ki, indi yoldayam, Moskvaya gedirəm, orada 2 gün olacağam, səfərim də "Şahsənəm"lə bağlıdır. 3 gün o yana yol, 3 gün bu yana yol - üst-üstə 8 gün edir.  Nə var ki, 8-cə gündür, tez keçib gedəcək.

Bu müqəddimədən sonra hər sirrini bölüşə biləcəyi bəlkə də tək adam - əmisi qızı və xanımı Sonaya səfərinin səbəblərini açıqlamağa başlayır.

Belə məlum olur ki, "Şahsənəm"in librettosunu yazmağı moskvalı Qalperin soyadlı bir şairə tapşırıblarmış. Qalperin librettonun hamısını da yox, bir pərdəsini   rusca yazıb göndərir, Cəfər Cabbarlı da bunu Azərbaycan dilinə elə yazıldığı ölçülərə uyğun tərzdə şeirlə tərcümə edir.

 Ancaq Cəfər Cabbarlı o vaxt yalnız işin içində olmuş bir neçə nəfərə bəlli olmuş bu örtülü mətləbi də çatdırır ki, Xalq Maarif Komissarlığında librettonu bəyənmirlər, etiraz edirlər ki, niyə "Şahsənəm"in librettosunu bir rus şairi yazmalıdır, onu elə Cəfər Cabbarlının özü çox böyük müvəffəqiyyətlə yaza bilər, "Aşıq Qərib" bizim dastanımızdır; Lermontov da vaxtilə bu əhvalatı Qafqazda eşidib, o da həmin xalq motivlərini əsas götürərək əsər  yazıb, ancaq azərbaycanlı müəllif bu gün həmin mövzunu işləsə, əlbəttə ki, milli kolorit də, xalq ruhu da orada əsl təbiiliyi ilə əks olunacaq, odur ki, yaxşısı budur librettonu yazmaq Cəfər Cabbarlıya tapşırılsın.

Cəfər Sonası ilə dərdini bölüşməkdə davam edərək bu gizlinci də açır ki, mən Qalperinin verdiyi birinci pərdəni tərcümə edərək Qliyerə təqdim edəndən sonra o, musiqini bəstələdi, ancaq bu, "Narkompros"da bəyənilməyəndən və "Cəfər yazsın!" fikri səslənəndən sonra mən librettonu necə təsəvvür etdiyimi əvvəldən-axıracan Qliyerə söylədim, Qliyer də mənim dediklərimin hamısını Qalperinə danışır və o da götürüb artıq mənim Qliyerə nağıl elədiyim süjet əsasında təzə bir libretto yazır. Ancaq Xalq Maarif Komissarlığında bunu da qəbul etmədilər, mənə də tapşırdılar ki, Moskvada bu sözümüzü çatdır ki, bizə başqa müəllifin yazdığı libretto lazım deyil. Əgər Qliyer çox təkid edirsə, musiqini yazsın göndərsin, biz sözü özümüz burada yerinə qoyarıq. İşdi-şayəd, öz müəllifimizin librettosunı istəmirsinizsə, biz, ümumiyyətlə, "Şahsənəm"dən imtina edə bilərik.

Məsələ bunca böhran həddinə yetibmiş. Təbiəti etibarilə barışıqçı, höcətləşmələri daha yumşaq həll etməyin tərəfdarı olan  Cəfər həyat yoldaşına bunu da yazır ki, mən Qliyerin vəziyyətini başa düşürəm, o, Qalperindən bir qədər çəkinir, çünki "Şahsənəm"i yazmağa birlikdə başlayıblar, indi imtina eləmək də ona çox çətin gəlir. Ancaq Xalq Maarif Komissarlığı da məsələni qəti qoyur.

(Bu mübahisələrin cərəyan etdiyi vaxtlarda Azərbaycanın xalq maarif komissarı Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski (1902-1937) idi. Bu vətənpərvər, millətsevər şəxsiyyəti xalqın mənafeyinə uyğun bir çox belə addımlarına, nəhayət, 1937-ci il martın 14-də Azərbaycanın Sovetlər qurultayının partiya qrupunda çıxış edərək respublika konstitusiyası layihəsinə bəzi düzəlişlər təklif etdiyinə görə əzazil Birinci katib Mircəfər Bağırov qatı millətçilikdə günahlandırır, bir həftə içərisində onu tutduğu bütün vəzifələrdən və səlahiyyətlərdən məhrum edərək həbsə atdırır, 1937-ci ilin 13 oktyabrında isə elə Cəfər sinnində ikən - 35 yaşında güllələtdirir).

Cəfər Cabbarlı həyat yoldaşına məktubunda Cuvarlının ötkəmliyindən soraq verən bir məqamı da çatdırır. Yazır ki, Cuvarlı mənə "Sən heç onlarla söhbət eləmə, məsələni biz deyən kimi çatdır, - söylədi. - Sənin libretto yazmağına razıdırlarsa, əməkdaşlığı davam etdirəcəyik, istəmirlərəsə, bizə heç "Şahsənəm" lazım deyil. Onsuz da bizim "Aşıq Qərib"imiz əvvəldən də var".

Cəfər ömür-gün yoldaşına bu balaca məktubunda bir tərəfdən soruşur ki, balalarıma - Aydınıma, Gülarama nə alım, bir tərəfdən deyir ki, filankəsə pul vermişəm, ev üçün çay, qənd alacaqlar, bir tərəfdən bildirir ki, Moskvada qalacağım 2 gündə vaxtım olsa, şəhərə çıxacağam, görüm özümə bir cemper ala bilirəmmi - yəni təmiz ev-eşik söhbəti.

Məntiqlə elə buna oxşar başqa təfərrüatlarla bitirməli olduğu məktubunda Cəfər Cabbarlının "Şahsənəm"lə bağlı "gəzişmələri" vəziyyəti dəyişir, bu məktubu şəxsilikdən çıxararaq ictimai mənalı sənəd səviyyəsinə qaldırır, mədəniyyət tariximizlə bağlı neçə qapalı məsələnin ilk dəfə əsl həqiqəti ilə üzə çıxarılmasına meydan açır.

...Köhnə şeirimizin, el sözümüzün "sular sonası" deyilən göyçək gözəli var. Sonalar nəsil-nəsil şairimizin, aşığımızın qoşqularını, el bayatılarını bəzəyib.

Və Cəfər Cabbarlının da xoşbəxtliyiydi ki, ömür dəryasında onun öz "sular sonası" olmuşdu.

Əmiuşaqları - Sona ilə Cəfər uşaqlıqdan, yeniyetməlikdən bir yerdə olmuşdular və bəxt, tale onları qovuşdurdu. Mənəvi baxımdan onsuz da Cəfər Cabbarlı həmişə sağdır. Yaratdığı əsərlər hesabına əzəl başdan Cəfər Cabbarlı bütün gələcək zamanlarçün diriliyini özü təmin etmişdi, ancaq nə qədər ki Sona Cabbarlı həyatdaydı, Cəfər elə, həqiqətən də, sağ idi, yaşamaqda davam edirdi, canlı, sağ-salamat kimi insanlar arasındaydı.

Sona Cabbarlı məktəblərdə, ali təhsil ocaqlarında, kitabxanalarda, mədəniyyət evlərində, imkanı düşən hər yerdə Cəfərindən danışırdı, xatirələrini söyləyirdi,  dinlədikcə zənn edirdin Cəfər Cabbarlı lap yaxındadır, əbədi ayrılıq da olmayıb, hətta bu saat qapı açılar, ustad özü məclisə qatılar.

Sona xanım xatirələrini belə təsirli inandırıcılıqla dilə gətirirdi və danışdıqca sanki özü də Cəfərin getmədiyinə inanmağa başlayırdı.

Cəfər Cabbarlı həyatdan gedəndə Sona xanım cavanca xanımdı. Bir üzü qız, bir üzü gəlin! Ancaq ömrünün sonunacan onun həyatına Cəfərdən başqa girən olmadı. Cəfərinin yadigarlarını - uşaqlarını böyütdü, nə qədər ki canında can vardı, hər gün Cəfərin adı ilə, xatirəsi ilə yaşadı.

Sona xanımın bu səsli görüntüsü bir neçə dəqiqəlik kinolentdə qalıb və dinlədikcə, seyr etdikcə adamı hər yeni günün onlarçün, Müşfiq demiş, bir yeni nəğmə, bir yeni şeir kimi olduğu əziz əyyamlara aparır:

"O günün səhərisi dedi ki, Sonası, bilirsən nə var? Bu günləri heç kəsi buraxma gələn olsa yanıma. Qapını da döyməyin, içəri də girməyin. Mənə lazımdır, bu gün əsəri qurtaracağam. Mənimlə işiniz olmasın, heç kəs məni dindirməsin. Mən hələ oturmuşdum, Altıağacın bir dənə Düzəmə küçəsi var, hələ aşağıdan gələndə lap yuxarısı görsənir. Aydın da elə oynayırdı. Hələ bir də onu gördüm ki, demək olar da, aşağıdan bir nəfər bir tanış adam gəlir. Gördüm o, yavaş-yavaş, o adama gözaltı baxıram, görürəm adam gəlir, gəlir, gəlir... Fikirləşirəm, ay Allah, nətəər eləyim? Birdən gördüm o adam lap gəlib dayandı mənim qabağımda. "Sona bacı, salam-əleykum", baxdım gördüm ki, ən yaxın adamlarımızdan biridir. İndi mən onu içəriyə çağırmayım, rayon yerinə gəlib, mənim üçün bir az yaxşı olmaz. Əgər deyim Cəfər işləyir, genə nətəər deyim? Daha bütün canımı dişimə tutaraq dedim ki, "gedək də evə", elə könülsüz olaraq "gedək də evə". Yavaş-yavaş indi bir pilləkan var idi, veranda, küçə tərəfdən, yavaş-yavaş mən də pilləkanları çıxdım, indi bir əlim gəlir, bir əlim gəlmir, yavaşca qapını döydüm. Qapılar bağlı idi, pəncərələrin də taxtaları çəkilmişdi. Qapını döydüm yavaşca, Cəfərin səsi gəlir: "Kimdir?" Dedim: "Ay Cəfər, bəs bir yaxın adam gəlib, bəs qapını açginən". Cəfər hələ qapını açmamış mən götürüldüm ha, daha orda dayanmadım ki, çıxar mənə acıqlanar. Keçdim bu tərəfə, verandada əyləşdim. Cəfər onunla nə danışıb-danışmadı, xəbərim olmadı. Yadımda qalan budur ki, Cəfər onu yola salandan sonra mənə zəndlə baxıb şikayətəndi: "Deməmişəm sənə ki, mən işləyəndə yanıma adam gətirməginən, korladın işlərimi. Mən indi 2 səhifə üçün 2 gün oturum işləyim. "Sevil"in axırını korladın".

...Cəfər Cabbarlının heç də bütün əsərləri bizə bəlli deyil. Elə əsərləri var ki, adını bilirik, hətta məzmunundan xəbərimiz var, ancaq ortada yoxdur, tapılma ehtimalısa hər halda közərməkdədir, elə itkin əsərləri haqda da məlumatlıyıq ki, haçansa tapıla biləcəyinə də ümid belə azdır. Yeri-yurdu bəlli olan elə yazıları da var ki, indiyəcən geniş oxucu kütlələri onlara tamarzıdır. Əlimizdə-ovcumuzda olmayan Cabbarlı əsərlərinin hərəsini vaxtın bir təsadüfü aparıb. Ancaq onun  bir əsəri də olub ki, necə məhv olmasının tarixçəsi bəllidir. O əsəri məhv edənsə yad deyil. Bu günaha batan Cəfərin ən simsar adamı, könül hayanı Sona xanımın özüdür.

Sona xanım Cəfərin böyük qardaşı Hüseynqulunun qızı, yəni elə öz əmisi oğlunun övladı Törə xanımla əvvəlcə Bakıda, Hənifə xanımın məktəbində bir yerdə oxumuşdular və öz təsdiqincə, dağlı qızlar arasında məktəbə ilk gedən məhz onlar olmuşdular. Sonra isə, yenə öz yazmasınca, "qız məktəbini ikmal edib", Rəhilə xanım Hacıbababəyovanın məktəbinə yollanmışdılar.

Sona xanım onillər sonra - 1967-1968-ci illərdə qələmə alıb 1969-cu ildə nəşr etdirdiyi Cəfərli xatirələrində ömrün o səhifələrini də çevirirdi ki, Cəfər necə tez-tez məktəbə baş çəkirmiş, onların dərsləri ilə maraqlanırmış, yeri düşəndə Törəyə də, ona da dərslərini hazırlamaqda kömək göstərirmiş. Günlərin birində, məktəbi bitirmək ərəfəsində, Cəfərin Rəhilə xanımın məktəbinə növbəti gəlişi əsnasında  Törə ondan xahiş edir ki, özünün də, Sonanın da xatirə dəftərinə bir şeir yazsın.

Cəfər əvvəlcə Törənin dəftərini götürüb 8 misralıq bir şeir yazır və həmin dəftər-albomdakı misralar üstündən xeyli vaxt ötəndən sonra da Sona xanımın əzbərində idi və həmin sətirləri Cəfərə həsr etdiyi "Səni kim unudar" adlı xatiratında elə yaddaşına güvənərək kitaba daxil etmişdi.

Cəfər sonra Sonanın dəftərini götürübmüş, elə Törəyə yazdığı həcmdə - 4-5 beytlik şeir də bura yazıbmış.

Lakin Sona şeirin ilk sətirlərini oxuyan kimi hirslə albomdakı vərəqi cırır, tikə-tikə edib atır Cəfərin üstünə.

Beləcə, Cəfərin bədahətən yaranmış və kağıza da köçmüş bir şeiri yazılmasından saniyələr sonra məhv edilmişdi.

Sona xanım ömür qatarı o əziz illərdən xeyli aralanandan sonra keçmişləri anaraq vaysınırdı ki, kaş o vərəqin tikələri qalaydı, bir yerə yığıb yapışdıraydım. Şeirin ilk 2 sətrini hər halda unutmamışdı:

"Səni ol qədr ki, mən pək ürəkdən sevirəm,

Sevəcək başqa bir insan desələr, doğru deyil.

"Doğru deyil" sözləri məni şübhələndirdi. Öz-özümə düşündüm ki, necə yəni "doğru deyil", məgər mən sevilmyə layiq deyiləm?

Cəfər Sonanın hikkəsinə təbəssümlə cavab verir: "Sən indi belə şeyləri başa düşməzsən, böyüyəndə bilərsən", - deyir".

Sona xanım yada salırdı ki, zaman keçdi, Cəfərlə bir tavan altında yaşadığımız illərdə o sözlərin dərin mənasını başa düşdüm və həmin şeiri cırdığıma görə bitməz  peşmançılıq həmişə mənimlə qaldı.

Dəfələrlə ürəyindən keçsə də, sonralar Sona xanım yadında qalan tək beyti Cəfərə söyləyərək ardının bəlkə yadında qalmış olmasını soruşmağa daha heç cürət etmir.

Cəfərin ona yazdığı ilk məhəbbət şeirini Sona xanım cırıb atmışdı, ancaq Cəfərə böyük məhəbbətini və sədaqətini ömrünün son saatınacan bağrının başında yaşatdı.

...1926-cı ilin noyabrında Azərbaycan radiosu daimi yayımlarını başladı. O dalğalar əvvəlcə yaxın bir hüduda çatırdı. Asta-asta illər səsli o dalğaların fəth etdiyi kilometrlər artmağa başladı. 1920-ci illərin sonlarında, 1930-cu illərin əvvəllərində Azərbaycan radiosu ilə oturub-duran insanlardan biri də Cəfər Cabbarlıymış. Başqa cür də ola bilməzdi. Azərbaycan teatrı və ədəbiyyatının, bütövlükdə  mədəniyyətimizin təbliği üçün bunca geniş pəncərə açılmışdı. Mümkündümü ki, Cəfər Cabbarlı radionun yanında olmasın?

Cəfər Cabbarlıdan bir qalaq val da qalıb - Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyində. Cəfər Cabbarlının başqa şəxsi əşyalarının - tarının, qələminin, eynəyinin, portsiqarının, həyatının son günündə şalvarının cibində olmuş xərclənməmiş pullarının... yanındadır. Həmin vallar 1920-ci illərin sonlarında, 1930-cu illərin əvvəllərində buraxılıb. O çağlarda heç hər evdə də qrammofon, valoxudan yoxmuş. Cəfərin isə qrammofonu da varımış, vallara da həvəskarmış.

Axtarırmış, tapırmış, qulaq asırmış və bu valları Azərbaycan radiosuna da aparırmış. Bunun da şahidi unudulmaz diktorumuz Soltan Nəcəfov idi.

1979-cu il idi, radiodakı "Axşam görüşləri" verilişimin bir buraxılışını Cəfər Cabbarlının 80 illiyinə həsr etməyi qərara almışdım, ədibin radio fəaliyyəti ilə bağlı xatirələrini söyləməkçün Soltan müəllimi dəvət etmişdim. Səsyazma otağında bizə təyin olunmuş vaxta hələ yarım saatacan qalırdı, radionun fonotekasının qarşısında dayanmışdıq, Soltan müəllim siqaret çəkirdi, birdən gözləri yol çəkən kimi oldu. Qayıtdı ki, maşallah, bu fonoteka indi Azərbaycanın ən misilsiz xəzinələrindən biridir, burada ən müxtəlif səslərin yazıldığı yüz minəcən lent qorunur.  Ancaq 1920-ci illərin axırlarında, 1930-cu illərin əvvəllərində biz Azərbaycan radiosunda yolumuzu başlayanda fonoteka-filan yox idi. Azərbaycan radiosunun səs ehtiyatı cəmi 40 valdan ibarət idi. Bütün çalğıçılar, oxuyanlar onlara ayrılmış saatda, dəqiqədə studiyaya daxil olurdular, mikrofon qarşısında dayanaraq birbaşa efirə çıxırdılar - canlı ifa edirdilər. Ancaq hərdən bu vallardan da səsləndirirdik. Özümüzdəki 40 valın 10-15-i tez-tez fırıldadıldığından yararsız hala düşmüşdü, iynəsi addımbaşı ilişib bir yerdə dayanırdı. O dövrdə radioya mütəmadi gəlib-gedənlərin  bəzilərində nə qədər desən val da vardı, patefon da. Ancaq radioya xahiş gözləmədən kömək əlini ilk uzadan Cəfər oldu. Hər gələndə qoltuğunda vallar olurdu. Səsləndirərdik, gedəndə də yenə səliqə ilə vallarını götürərdi, hər birini səliqə ilə öz qabına qoyardı, aparardı.

Cəfər Cabbarlının Azərbaycan radiosundan gələn səsi unudulmaz maestro Niyazinin də qulaqlarında qalmışdı. Gənc oğlanmış, 18 yaşı ola-olmaya. Deyir, 17-18 yaşım vardı, radio təzə çıxmışdı, gələrdik Sabir heykəlinin yanına, orada dirəyə bənd edilmiş iri reproduktor vardı, dayanardıq, saatlarla qulaq asardıq.

Radionun özü də elə orada idi - İsmailiyyə binasının üçüncü qatında. Cəfər ora tez-tez gəlirmiş. Çünki ayrı-ayrı əsərlərindən parçalar ifa olunmasından savayı, radio üçün məxsusi səhnəciklər də yazarmış. Amma ayrı-ayrı verilişlər varmış ki, orada çıxış da edərmiş. Maestro Niyazi onun belə çıxışlarını eşitmişdi, ancaq Cəfər Cabbarlının Azərbaycan radiosundan aktyor kimi səsini eşitdiyini də söyləyirdi.

Yanılmırdı, həqiqətən, Cəfər öz radiosəhnəciklərinin bir neçəsində Bakı teatrlarının aktyorları, elə radionun diktorları ilə yanaşı rollar ifa edərmiş. Yol təzə başlanırdı, radionun inamla ayaqları üstündə dayana bilməsi üçün illər gərəkdi və radiotamaşaları hazırlayarkən çox olurmuş ki, hansısa aktyor ləngiyir, ya xəstədir, gələ bilməyəcək. Belədə "təcili yardım" işə düşürdü, diktorlardan da aktyorlara qoşulanlar olurdu. Cəfər Cabbarlı isə teatra beş barmağı kimi bələd olan insan, həm də radionun inkişafında maraqlı bir şəxs kimi dram əsərinin radiosəsləndirmələrinə xüsusi həssaslıqla yanaşarmış. İllah da öz əsərlərindən parçalar ifa ediləndə hansısa rolu ifa edəcək aktyor gəlməyəndə Cəfər ağırlığı öz üzərinə götürərmiş.

Azərbaycan radiosundakı səs yazılışları 1940-cı illərdən başlanır. Həmin səslər sonrakı neçə onilliklərə gəlib çatdı. Vaxtaşırı üzlərini köçürürdülər və təzələnmiş lentlər yeni ömrünü yaşamağa başlayırdı.

Cəfər Cabbarlı həyatdan bunca erkən getməsəydi, onun da səsi qalardı, canlı Cəfər Cabbarlını da eşidərdik. Ondan qalan ayrı-ayrı kinoxronika fraqmentləri var. Cəfər Cabbarlı dostlarının arasındadır, danışır, nələrisə müzakirə edir, həyat saçır. Ancaq o lentlər səssizdir. Fəqət Cəfər Cabbarlının səsi bizə çatmayıb da demək olmaz.

Cəfər Cabbarlının yaşayan hər şeiri, o şeirin hər misrası, Cəfər Cabbarlının səhnələrimizdə oynanmaqda davam edən əsərləri elə onun onillərin ardından bugünə çatan və sabaha yönələn səsidir.

19 iyun 2026

 





10.07.2026    çap et  çap et