(Əvvəli ötən cümə sayımızda)
Kodeksdə göstərilirdi ki, "əgər bir adamın hərəkəti başqasının gözünü itirməsinə səbəb olmuşdursa, onun öz gözü də tökülməlidir. Əgər biri azad adamın dişlərini sındırmışdısa, buna bərabər olan qaydada, onun da dişi sındırılmalı idi". Bibliyanın "Çıxış" kitabında cəza verilməsi qaydası məhz bu kodeksə uyğun olaraq formalaşdırılmışdı: "Həyatı itirməyə görə həyat, gözə görə göz, dişlərə görə dişlər ödənilməli idi".
Hammurabi Kodeksi antik dövrdən olan qanunların tam şəkildəki kolleksiyası idi. Köhnə Babilistan hökmdarının stellada təmsil etdiklərinin dəyəri, Moiseyin, İudaizmdə və xristianlıqda ədalət nümunəsi hesab edilən Qanun cədvəlləri şəklini alması ilə müqayisə edilə bilər.
Nə sonralar Spartada meydana gələn Likurq qanunu, nə Afinadakı Solon qanunu Hammurabi Kodeksi ilə, ədalət ölçüsündə heç cür müqayisə edilə bilməz. Kodeksin daşda həkk edilməsinə gəldikdə, b.e.ə. VI əsrin sonu, V əsrin əvvəlində Persiyada hökmranlıq etmiş I Dara bu ənənəni davam etdirərək, Bisütun dağında "Nəqşi Rüstəm" adlı yazını həkk etdirmişdi. Lakin buradakı yazılar I Daranın fəaliyyətinin təbliğinə həsr edilmişdi. Həqiqətən də, b.e.ə. 521-ci ilində taxt-taca gəlməklə, öz Əhəməni dövlətinin qüdrətinin, ərazisinin böyüməsində, yeniliklərin tətbiqində Daranın xidmətləri olduqca böyük idi. O, Əhəməni imperiyasını Misirdəki Nil vadisindən Hindistandakı İndus vadisinə qədər genişləndirmişdi və Persepolis kimi gözəl şəhər tikdirmişdi. Buradakı Abaqama çar sarayı 30 min adam tutrdu. Az qala bir əsr sonra meydana gəlmiş Afinanın Parfenondakılardan ikiqat yüksək olan sütunlar şəhəri bəzəyirdi. Digər paytaxt Suzada ucaldılan saray binasının xarakterik xüsusiyyətləri olan frizlər, Babilin İştar qapısı kimi Berlinin Perqam muzeyində saxlanır. Luvrda isə saraya məxsus olan bir neçə yüz fraqment nümayiş etdirilir. Onu da yada salaq ki, Makedoniyalı Aleksandr Hindistandan qayıtdıqdan sonra abad şəhər olan həmin Suzada on min nəfər döyüşçüsünün yerli qızlarla evlənməsinə həsr olunmuş toy mərasimi keçirmişdi. I Daranın imperiyasının ikinci abad şəhəri, ondan daha gözəl paytaxt Persoplisi amansızcasına yandıran və bununla biabırçı vandalizmə yol verən Böyük Aleksandra, bu nəhəng tədbiri təşkil etmək üçün lazım olmuşdu.
Antik Yunanıstana aid olan Afinanın məşhur məbədi Parfenondan sökülmüş frizlər isə, İstanbulda ingilis səfiri olan lord Elgin, Yunanıstanın tabe olduğu Osmanlı imperiyası rəhbərlərindən aldığı icazəyə görə, oradan götürərək vətəninə gətirdikdən sonra Britaniya muzeyinə satmışdı. 1821-1832-ci illərdə müstəqilliyini elan edən Yunanıstan indiyədək dəfələrlə frizlərin qaytarılmasını tələb etsə də, onun hüquqi və milli harayına əhəmiyyət verilmədiyindən, "araba indi də oradadır".
B.e.ə. illərdə meydana gələn "Yatan Hermafrodit"in mərmər heykəli qədim Yunanıstana həsr olunmuş zalı bəzəyir. Onun uzanmış şəkildəki portreti, yarandıqdan sonra gözəllik simvolu kimi qəbul olunmuşdu. Allah Hermesin və ilahə Afroditanın oğlu olan Hermafrodit antik dünyanın başlanğıc miflərindən birini təcəssüm etdirir. Onun gözəlliyinə hətta nimfalar da vurulmuşdu. Oyunbaz Zevs iki bədəni, bir adamda, özü də sadə bir androgen formasında birləşdirmişdi. Mifə müvafiq olaraq, hermafroditlər bir bədəndə iki cinsi birləşdirməklə, onun ambivalent bir məxluq kimi formalaşması, heç də kişi və qadın cinsinin arasındakı məlum sərhədlər barədə suallar doğurmaya bilməz.
Samofrakiyalı Qanadlı Nika (Luvrda onu fransız dilində Viktor və ya Qalib adlandırırlar) mələklərin anası kimi tanınır. Əslində, o, allahların rəsulu olmaqla, göy məxluqlarının zəfərini eşidib, oradakı qaliblərə öz istəyinin və sevincinin nişanəsi kimi palma budağı, dəfnə çələngi və ya qənimət gətirmişdi.
Heykəlin qanadları yüksək dərəcədə stilizə olunmuş qaydada ifadə olunmuş, yonulmuşdur. Bu nadir əsər mərmərdən işlənilməklə, onun b.e.ə. 190-cı illərdə yarandığı güman edilir. Heykəldə təsvir olunan qadın döşləri heykəltəraşın məharətinin bəhrəsi sayıla bilər. Qanadlar isə mərmər lələklər hesabına olduqca heyrətamiz təsir bağışlayır.

("Samofrakiyalı Nika" heykəli)
Samofrakiyalı Nika heykəlinin qədim yunanlar mif əsasında yaratmışdılar və Qaliblərin zəfərinin yüksək qiymətləndirilməsi barədə bu əsər həm də insanlara ağıllı məsləhət verir. Müasir dövrdə elə igidlik nümunələri, arzulanan nəhəng qələbə hadisələri vardır ki, Qanadlı Nika tərzində də, onların müəlliflərinin döydükləri və istifadə etdikləri qalibiyyət qılıncı öz layiqli mükafatını, çaldıqları qələbənin böyüklüyünə müvafiq olaraq almalıdır. 2020-ci ilin 44 payız günündə Azərbaycan Ordusu Ermənistanın mənfur qoşunları üzərində parlaq qələbə çalmaqla, Azərbaycanın geniş torpaqlarını düşmən tapdağından azad etmiş, ölkənin sərhədləri çərçivəsində onun ərazi suverenliyini bütünlüklə bərpa etmişdi.
Azərbaycan xalqı bu qələbəni 30 il ərzində həsrətlə gözləməklə, sonda işğalçı üzərində qəti və tam zəfərin qazanılmasına, arzusunun həyata keçirilməsinə olduqca böyük sevinc hissləri keçirmişdi.
Ermənistan ordusu 1990-cı illərin əvvəllərində işğal etdiyi Azərbaycan şəhərlərini və kəndlərini xaraba qoymuş, törətdikləri vandalizmin nəhəng həcmi ilə kifayətlənməyib, abad yaşayış məntəqələrini yanğınlar qurbanına çevirmişdilər.
Azərbaycanın hərbi qələbə çalacağına düşmənin özü və onun hamiləri inanmırdılar. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəsinin iqtisadi və hərbi qüdrətini möhkəmləndirməklə, gələcək qələbənin möhkəm təməlini yaratmışdı. Ona görə də qələbənin əldə edilməsini hazırlayanlar, ən böyük minnətdarlıq ərməğanına sahib olmalıdırlar. Qələbədə sıravi əsgərdən, zabitdən tutmuş, Ali Baş Komandana qədər hər kəsin özünə müvafiq payı vardır və böyük xidmətə görə onlar ən yüksək tərifə layiqdirlər. Qələbədən üç il sonra separatçı rəhbərlərin Xankəndində olan kaftar yuvaları da dağıdıldı və Qarabağ azad nəfəs almağa başladı.
İkinci Qarabağ müharibəsindəki zəfərə həsr olunmuş Zəfər muzeyi və Qənimət parkı yaradılmışdır. Lakin Zəfər böyük olduğu kimi, öz ölçüsünə müvafiq qaydada daha geniş əbədiləşdirilməlidir. Şəhərin hər yerindən görünən uca nöqtədə Azərbaycanın qələbəsinə həsr olunmş heykəlin ucaldılması, bizim öz Nikamız, Zəfər Tağımız kimi qəbul olunardı. Bəlkə də, obeliskin üstündə bizim döyüşçülərimizi təmsil və təsvir edən qartal, öz caynaqlarında Azərbaycanda bubon çuması yaymağa çalışan siçovul timsalındakı düşməni, törəndiyi şər məkanına qaytarmaq üçün səmaya pərvazlanacaqdır. Bu, onu seyr edənlərin yalnız sevincinə səbəb olduğu kimi, həm də Zəfərin əbədiləşdirilməsi ilə əlaqədar olan arzulara aid versiyalar barədəki təkliflərdən biri kimi sayıla bilər. Abidəni yaradanlar, yəqin ki, daha yaxşı və uğurlu ifadə vasitələri tapa biləcəklər. Ən başlıca məqsəd isə, qaliblərə layiq daha parlaq abidənin yaranmasıdır.
Luvrdakı Qanadlı Nika yaxşı ki, bu şəkildə pozitiv və nəcib düşüncələrin də meydana gəlməsinə səbəb olur.
Luvrun tam gözəllik rəmzi isə, ellinist incəsənətin incisi olan Venera Miloslunun heykəlidir. Bu gözəl qadının fiqurası proporsional, simmetrik cizgiləri nümayiş etdirən sifətə, başa, bədən quruluşuna malikdir. Veneranın heykəldəki məhdud ölçüdə olan yumşaq döşləri qadın barədəki gözəllik təsəvvürlərini xeyli artırır, zənginləşdirir. Miloslu Venera heykəli 1820-ci ildə yunan kəndlisi tərəfindən Kiklad adalarının birində tapılmışdır. Fransız donanma zabiti, kəndliyə haqqını ödəyib, bu nadir xəzinəyə sahib olmuş və onu ölkəsinə aparmaq istəmişdi. Heykəl Tulona gətirilmiş, sonra kral XVIII Luiyə təqdim edilmişdi. Bu nəcib qadın heykəli, gözəllik simvolu kimi Luvr muzeyinə girişdə yerləşməklə, onun şöhrətini daha da artırmağa xidmət edir.

("Venera Miloslu" heykəli)
Veneranın bu heykəli heç vaxt öz cazibədarlığını və heyrətamizliyini itirməyən bir üslubun və zövqün məhsulu olmaqla, qədim heykəltaraşlığın, məhsuldarlığı ilə seçilən ən məşhur məktəblərindən birinin yaratdığı əsərdir. Bu, gözəlliyin kamilliyini fəth etmiş bir qadının mərmərdən baş qaldıran təsviridir. Əsər nadirliyi ilə yanaşı, həm də muzeyin ən qiymətli eksponatıdır.
Əlbəttə, Luvr I İmperiya dövründə dünyanın ən məşhur muzeyi idi. Vaterloodakı Napoleonun 1815-ci ildəki ağır məğlubiyyətindən sonra isə, Luvra da müəyyən ziyan dəydi. Muzey bir sıra qiymətli eksponatlarından məhrum olmaq məcburiyyətində qaldı. Məşhur Laokoon heykəl kompozisiyası, Belvederli Apollon və Mediçi Venerası kimi incilər İtaliyaya qaytarıldı. Laookon kompozisiyası Troya kahininin cəzalanmasına həsr olunmuşdur. O, yunanların hədiyyəsi olan Troya atının qəbul edilib, şəhərə buraxılmasına etiraz etmişdi. Allahlar onu cəzalandırmaq üçün ilan göndərmiş, ilanın çaldığı kahin və iki oğlu həlak olmuşdu. İndi əsər Uffutsi qalereyasında saxlanır.
Antik sənət əsərlərinin yerləşdiyi Luvrun otaqları bir qədər boşaldı və bu vaxt həm də böyük Avropa muzeyləri arasında milli ruhda olan rəqabətin yeni forması meydana gəldi. Əsərlərin, paytaxtların və onların müvafiq institutlarının şöhrəti birləşmək yoluna qədəm qoydu. Bu vaxt Napoleonun 1807-ci ildə satın aldığı Borgeze kolleksiyası da nümayiş etdirilirdi, çünki bu əsərlər Fransanı tərk etməmişdi. Venera Miloslu heykəlinin yunan orijinalı və ya Roma kopiyası olması barədəki mübahisələr də davam edirdi. Kimin və hansı dövrün yaradıcılığından asılı olmayaraq, heykəl, yüksək sənətin modeli xidmətini göstərməsini dayandırmadı və qadın gözəlliyinin şübhə edilməyən kanonuna çevrildi.
Miloslu Venera yunan gözəlliyinin yeni idealını təcəssüm etdirirdi. Romantik dövr ərzində onun barəsindəki fantaziya və dilə gətirilən tərif ifadələri daha da kristallaşdı. Balzak onun haqqında vurğunluq tərzində söhbət açmışdı, başqa bir fransız şairi ona xüsusi poema həsr etmişdi. Təəssüf ki, heykəli tənqid edənlərə də rast gəlinirdi. Bəziləri qadının başının ölçüsünü, yoğun boynunu və guya həyasızlıq xüsusiyyətini nümayiş etdirən döşlərini bəyənməyib, bu nadir əsəri ələ salırdı. Münasibətlərin kəskin fərqliliyindən asılı olmayaraq, qoy ona lap istehza etsinlər və ya gözəlliyini fantastikləşdirsinlər, bu qadın obrazı rəssamların kreativ dünyasına, yaradıcılıq axtarışlarına daxil oldu. Şair Mallarme onu "Yer üzərindəki gözəlliyin parlamasının ən böyüklərindən biri" hesab edirdi. Böyük heykəltaraş Ogyüst Roden isə onu "möcüzələr möcüzəsi" adlandırmışdı. Təsadüfi deyildir ki, sürrealist rəssamlar onu öz üslublarının muzası kimi seçmişdilər.
Çoxları, onun yarıçılpaq bədəninə və hissiyyatlı sifətinə görə, sevgi ilahəsi Afroditaya (qədim romalılarda bu qadın Venera adlanır) ünvanlanan çağırışın əks-sədası hesab edirdilər.
Luvrda Fransa tarixinə aid portretlər də vardır. Əlində hakimiyyət simvolu olan skipetri tutmuş qoca Şarlamanın heykəli ümumilikdə monarxiya barədə təsəvvür yaradır. Bu əsər VI Şarlın taclanması mərasimini əks etdirir. Napoleon Bonapart da imperator kimi taclanarkən, skipetrdən istifadə etmiş və rəssam David bunu özünün böyük həcmli məşhur tablosunda göstərmişdi. Günəş Kral XIV Luinin lovğalıqdan xəbər verən portreti də maraqlıdır.
(Ardı var)
çap et