525.Az

Kim bilir sabahım necə gələcək


 

Kim bilir sabahım necə gələcək<b style="color:red"></b>

Tahir RZA

 

Kim bilir?

 

Kim bilir sabahım necə gələcək,

Bağlanan qapılar açılacaqmı?

Talelər üzlərə nə vaxt güləcək,

Dərdlərə bir çarə tapılacaqmı?

 

Kim bilir fikirlər sonsuzluğunda,

Həsrəti ovuda biləcəyəmmi?

Mərmilər qəlbləri odlayan anda,

Dərdin öhdəsindən gələcəyəmmi?

 

Yoxdur bu dünyanın sirrini bilən

Həyat möcüzədir - qaralı, ağlı.

Ötən günlərini tapa bilməzsən,

Min yol axtarsan da əli çıraqlı.

 

Hər anın mənası, öz istəyi var

İllərdir həyatı mənalandıran

İnsan yaşamırsa azad, bəxtiyar,

Özü günahkardır, nəçidir dövran.

 

Dar gündə şeytanı çəkmə ortaya,

Bir soluna boylan, bir sağına bax.

Sənsən əl aparan günəşə, aya,

Ey insan, Tanrının yaxasın burax.

 

Qarabağ

 

Mən dünyanın çox üzünü görmüşəm,

Biri bozdur, biri qara, biri ağ.

Ömrüm boyu çox yollardan keçmişəm,

Biri dərə, biri təpə, biri dağ.

 

Həssas qəlbim çox sirləri tez duyub,

Öz eşqindən nə yorulub, nə doyub.

Gözlərimi gözəlliklər mat qoyub,

Biri çəmən, biri oylaq, biri bağ.

 

Sanma könül hər insana can yanır,

Bilən varmı, axı kimi kim anır?

Çox dost-tanış xəyallarda canlanır

Biri ölüb, biri xəstə, biri sağ.

 

Azərbaycan ömrüm-günüm, həm canım,

Qibləm, Məkkəm, əhdim, andım, peymanım.

Son mənzilim, cənnət adlı məkanım

Qarabağdır, Qarabağdır, Qarabağ.

 

Atalar düzmü deyib?

 

"Düz düzdə qaldı" deyən,

Atalar düzmü deyib?

Dünyadan inciyənlər,

Belə bir sözmü deyib?

 

Düz üçün, əyri üçün,

Günahkar dünyamızmı?

Yalan, böhtan, şər, kələk

Dərd-azar dünyamızmı?

 

Dünya niyə düz deyil?

Cavab ver mənə insan.

Onu sən əymisən bil,

Tutaraq yaxasından.

 

Ürək dərd, qüssə bilməz,

Haqqın yoluna gəlsək.

Dünya heç vaxt düzəlməz,

Əgər biz düzəlməsək.

 

Yox

 

Tarix bizə dərs anladır,

Düşünməsək bərk danladır.

Mənim işim dövranladır,

Başqa kəsdən gileyim yox.

 

Nadan, zalım haqqı satır,

Halal mala haram qatır.

Gəmilərdə dənim batır,

Üyütməyə ələyim yox.

 

Haqqın yükü belimdədir,

Taleyim öz əlimdədir.

Nəyim varsa dilimdədir,

Ürəyimdə kələyim yox.

 

Tale verən baxtdan başqa,

Ədalətdən, haqdan başqa.

Vətənimdən, xalqdan başqa,

Özgə Tanrım, Fələyim yox.

 

Ağacdələn

 

Ağacdələn çox yorursan özünü,

Dimdiyindən qan süzülür nə işdi?

Qurd-birədən ağacların gözünü,

Təmizləmək de istəkdi, vərdişdi?

 

Hardan çıxdı, çoxalan bu qurdları

Kim yeritdi ağacların bətninə?

Nə qolu var, nə budağı, nə barı,

Yazıqları kim salıbdır bu günə?

 

Ağac dedi: öz içimdən oyuldum,

Öz bətnimdə mən böyütdüm qurdları.

Tamahıma, ad-sanıma qul oldum,

Məhv elədim öz canımı, həm barı.

 

Öz kökünə kim baxırsa qıyğaçı

Bil nadandır, nə danışdır, nə dindir.

Öz içindən qurdlar yeyən ağacı

Dər-bəladan qurtarmaq çox çətindir.

 

İnsan

 

Dünya başdan-başa cənnət olacaq,

İnsan olduğunu biləndə insan.

Solan talelərə gün doğulacaq,

İnsafa, vicdana gələndə insan.

 

Hələ çox ürəklər dəmirdi, daşdı

Sinələr dərdlidi, kipriklər yaşdı.

Dövran acizləşdi, yolunu çaşdı

Haqqı haqsızlarla böləndə insan.

 

Öz-özünü diddi, aldatdı, satdı

Halal çörəyinə zəhrimar qatdı.

Dünyanın bağrını yardı, dağıtdı,

Zalımın üzünə güləndə insan.

 

Tahir, dövr dəyişib, adam karıxır

Zülm, zillət ürəyi yandırır yaxır.

Çox heyf sağ ikən haqqa kəm baxır

Tanrıya üz tutur öləndə insan.

 

Bədbəxtlik

 

O, it küçüyünü məhəbbət ilə,

Sıxıb sinəsinə əzizləyirdi.

Ona nəvazişlə, bir ülfət ilə,

İstəyim, ürəyim, canım deyirdi.

 

Övlad istəmirdi, şux qamətini,

Qorxurdu əridər ağrı-acılar.

O qadın duymurdu qəbahətini,

Bilmirdi xoş günün pis anı da var.

 

Bala əvəzinə itə, pişiyə,

Bəzəyə-düzəyə meyl salmışdı.

Məhəl qoymamışdı evdə kişiyə,

Duyğu sozalmışdı, ruh qocalmışdı.

 

Dilə yad olmuşdu oğul, qız sözü,

Almışdı zövqünü itdən, pişikdən.

Heyvanlar olmuşdu evin əzizi,

İt eyvandan baxır, pişik beşikdən.

 

İnsan kimsəsizdir, övlad səsini,

Bala nəfəsini duymursa əgər.

Bədbəxtdir oğul, qız məhəbbətini,

İt ilə, pişiklə əvəzləyənlər.

 

Sevgim yoxsa

 

Sevərsən qırxda da, səksən beşdə də,

Ürəkdə titrəyiş, ruh olsa əgər.

Sığmaz nə ölçüyə, nə də ki həddə,

Sevgi məhəbbətdən doğulsa əgər.

 

Yaşı salma qənim, ruhun kordusa,

Sən duya bilməzsən gözəllikləri.

Sevgin alov deyil, küldü, qordusa,

Çatmaz köməyinə sevginin əli.

 

Sevgi də bir şıltaq uşaq kimidir,

Gərək ovudasan, inamla, sözlə.

Sevgi də alışan ocaq kimidir,

Yananda ayıq ol, özünü gözlə.

 

Həyata, dövrana, dosta, sirdaşa,

Sevginin gözüylə gərək baxam mən.

Ruhum titrəmirsə dönmüşəm daşa,

Sevgim sozalıbsa, demək yoxam mən.

 

Reallıq

 

Allah həyat verdi gülə-çiçəyə,

İnsanı, heyvanı, otu yaratdı.

Xasiyyət, bacarıq verdi hərəyə,

Zehni, düşüncəni, fikri oyatdı.

 

Ayı şükr eylədi ayılığına,

Canavar yaşadı canavar kimi.

Pələng dəyişmədi, girmədi qına,

Şir oldu həmişə meşə hakimi.

 

Şeytan da qalmadı şeytanlığından,

Qarışqa yem yığdı, çalışdı səylə.

Çöllərin mələyi sayıldı ceyran,

Arılar ad aldı öz zəhmətiylə.

 

Tükü də adını, tülkülüyünü,

Danmadı ömrünün sonuna qədər.

İstidə, soyuqda keçsə də günü,

Ətrin dəyişmədi güllər, çiçəklər.

 

Həyat süniləşər, zillətə dönər,

Varlıqlar nəslini, kökün dananda.

Haqqın, ədalətin çırağı sönər,

İnsan dəyişəndə, xırdalananda.

 

Yazıqdır

 

Öz kökündən güc almayan ucalmaz,

Özgələrdən pənah uman yazıqdır.

Sevən ürək heç bir zaman qocalmaz,

Sevməyən kəs kütdü, inan yazıqdır.

 

Mal-pul üçün adın satan alçalan,

Nadanlara tərif deyən, əl çalan.

Şad xəbərdən, xoş əməldən sarsılan,

Həqiqəti, haqqı danan yazıqdır.

 

Çətin anda durub dostun üzünə,

Başa keçib yer eyləyən özünə

Səd qoymayan əməlinə, sözünə,

Özün müdrik, böyük sanan yazıqdır.

 

Vara uyma, haram tikə yemə sən,

Qoy dərdini, sevincini dəmə sən.

Tahir, tabla heç bir zaman demə sən

Bu dünyanın dərdin qanan yazıqdır,

 

Söz istəyirəm

 

İnsanlıq naminə hər bir insanı,

Əhdə, sədaqətə düz istəyirəm,

Yaxşını-yamanı, haqqı, divanı,

Düz görüb seçməyə göz istəyirəm.

 

Şükür bu taleyə, alqış bu günə,

Yerini göstərdik zalım düşmənə.

Sevgiyə, ülfətə, imana, dinə

Hər qəlbdə odlanan köz istəyirəm.

 

Elmdən, idrakdan, eldən güc alan,

Amalı həqiqət, ədalət olan

Xalqımın başını göyə ucaldan,

Mərd oğul, ismətli qız istəyirəm.

 

Qəlblərdə sülh, inam böyütmək üçün

Səadət uğrunda yol getmək üçün

Tahirəm, zalımı xar etmək üçün

Tanrıya sözüm var, söz istəyirəm

 

Deyil

 

Dünya çox gözəldi, sən dediyin tək,

Nadanın küy-kələk tələsi deyil.

Haqq desən haqqını Tanrım verəcək,

Bəd olsan taleyin güləsi deyil.

 

Nəslinin, kökünün yolunu tut sən

Xalqa xidmətinlə bil ki, böyüksən.

Qanmazın yolunda min cəfa çəksən,

Yenə də qədrini biləsi deyil.

 

Malını-pulunu düşünsən ancaq,

Səni unudacaq bu el, od-ocaq.

Dövrəndən insanlar uzaqlaşacaq

Qonşun da hayına gələsi deyil.

 

Tahir, ötər illər, dəyişər zaman,

Ancaq unudulmaz sənətkar bir an.

Xoşbəxtdir xalq üçün yazan-yaradan

Sənət daimidir öləsi deyil.

 

Gecələr

 

Eşqin göylərində gəzdim, dolaşdım,

Mənə çox sirləri açdı gecələr.

Çətin dolayları, dağları aşdım,

Yoluma nur, işıq saçdı gecələr.

 

Qarşımda həm qışı, baharı gördüm,

Sevinci, kədəri, qubarı gördüm.

Əhdinə vəfalı o yarı gördüm.

Xəyalım min yerə uçdu gecələr.

 

Bir eşqin yolçusu yolunu çaşdı,

Qəlbim o kəs üçün yandı, alışdı.

Qovruldum, odlandım mən başı daşlı,

Gözümdən yuxu da qaçdı gecələr.

 

Sevinci, vüsalı, dərdi-səriylə,

Yaxşısı, yamanı, xeyri-şəriylə.

Şirin xəyalları, xatirələriylə

Tahirin ömrünə köçdü gecələr.

 

Sənə

 

Ömrünə özün yan, canıma ki, Tanrı

Yanmasan bəxtiyar baxt verər sənə.

Duyub çalışmasan, sevib seçməsən,

İnanma qurulu taxt verər sənə.

 

Saf əməl, eşq üçün yaranıb ürək,

Sevilib seçilsən çiçəklənəcək.

Ey insan, pak olsan Tanrı inam tək,

Daşlardan da keçən akt verər sənə.

 

Ömrün dəyəridir hər saat, hər gün,

Çalış əməlinlə, adınla öyün.

Tahir, səhvin olsa düzəltmək üçün,

Haqqa inam gətir vaxt verər sənə.

 

Bilməz

 

Xəyanət, iftira, böhtan, cəhalət

Sevən ürəklərdə yurd sala bilməz.

İnsana inamdı, ruhdu məhəbbət,

Sevib sevilməyən ucala bilməz.

 

Vəfa yox dünyanın pul-parasında,

Yer tut dost yanında, mərd sırasında.

Hörmət qazanmayan xalq arasında,

İstəyinə çatıb ad ala bilməz.

 

İnsana əməli, adı tac olar,

Sevgisi ömrünə bir əlac olar.

Tahir, dünya, dağlar, bağlar qocalar,

Söz, sənət heç zaman qocala bilməz.

 





10.07.2026    çap et  çap et