525.Az

Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb


 

Dövlət icra məmurluğu üzrə test imtahanının keçiriləcəyi tarix açıqlanıb<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 12-də dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqədə qeydiyyatdan keçmiş namizədlərlə test imtahanı keçirəcək.

DİM-dən 525.az-a bildirilib ki, imtahan saat 10:00-da DİM-in Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək.

İmtahanda namizədlərə dövlət icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, ünsiyyət bacarıqlarını və dünyagörüşünü müəyyən edən 40 olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim ediləcək.

Qiymətləndirməyə əsasən, qanunvericilik üzrə hər düzgün cavab 1, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü üzrə hər düzgün cavab isə 0,5 balla qiymətləndiriləcək. Mümkün 80 baldan 55 və daha çox bal toplayan namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

Namizədlər imtahanı başa vurduqdan sonra və ya imtahan üçün ayrılmış vaxt bitdikdə nəticələri dərhal görə biləcəklər. Nəticələr daha sonra Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Namizədlər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Bu sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq aşkar edildikdə namizəd imtahana buraxılmayacaq.

Namizədlər imtahanla bağlı “Yaddaş kitabçası” ilə də tanış ola bilərlər.

 





10.07.2026    çap et  çap et