525.Az

Tənha İnsanları Sevindirmə Günü - Əbülfəz Süleymanlı yazır


 

Tənha İnsanları Sevindirmə Günü - <b style="color:red"> Əbülfəz Süleymanlı yazır</b>

11 iyul dünyada “Tənha İnsanları Sevindirmə Günü” kimi qeyd olunur. Bu günün məqsədi tənhalıq yaşayan insanları xatırlamaq, onlara mənəvi dəstək göstərmək və həyatlarına kiçik də olsa sevinc qatmaqdır. Çünki tənhalıq artıq ayrı-ayrı insanların səssiz problemi deyil, müasir cəmiyyətlərdə getdikcə yayılan sosial fenomenə çevrilib.

İnsanlar əvvəlkindən daha çox ünsiyyət vasitəsinə sahib olsalar da, özlərini getdikcə daha tənha hiss edirlər. Bu tendensiya statistik göstəricilərdə də aydın görünür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər altı nəfərdən biri tənhalıq yaşayır.

Məhz buna görə Ümumdünya Səhiyyə Təşkilatı son illərdə tənhalığı həm fiziki, həm də psixi sağlamlığa təsir göstərən ciddi ictimai sağlamlıq problemi kimi gündəmə gətirir. Tənhalıq ürək-damar xəstəliklərindən depressiyaya, koqnitiv zəifləmədən sosial passivliyə qədər müxtəlif risklərlə əlaqələndirilir. Başqa sözlə, tənhalıq sadəcə “əhval məsələsi” deyil; insanın bədəninə, ruhuna və sosial həyatına təsir edən görünməz bir yorğunluqdur.

Burada mühüm bir fərqi də aydınlaşdırmaq lazımdır: tənhalıqla təkbaşına qalmaq eyni şey deyil. İnsan bəzən düşünmək, yazmaq, özünü dinləmək və həyatın səs-küyündən uzaqlaşmaq üçün tək qalmaq istəyir. Bu mənada təkbaşına qalmaq insanın özünə qayıtması, daxili səsini eşitməsi və mənəvi tarazlığını qoruması üçün dəyərli ola bilər.

Tənhalıq isə insanın seçdiyi sakitlikdən daha çox, istəmədiyi halda sosial bağlardan kənarda qalmasıdır. Təkbaşına qalmaq insanı dincəldə bilər, uzunmüddətli tənhalıq isə onu daxilən yorur və həyatdan uzaqlaşdırır.

Bəlkə də bu günün ən ağrılı sualı belədir: “Mən bu qədər insanın arasında niyə özümü tənha hiss edirəm?”

Müasir insanın əsas ziddiyyətlərindən biri də budur. O, əvvəlki dövrlərlə müqayisədə daha çox görünür, danışır və ünsiyyət qurur, amma hər zaman dərin və etibarlı münasibətlər yarada bilmir. Telefon susmur, mesajlar gəlir, sosial şəbəkələr yenilənir, görüşlər, dərslər və tədbirlər bir-birini əvəz edir. Lakin bütün bu hərəkətliliyin içində insanın ruhunda səssiz bir boşluq böyüyə bilir.

İnsan artıq yalnız dağ başında, kəndin kənarında və ya uzaq bir evdə tənha qalmır. O, böyük şəhərin tıxacında, metro vaqonunda, universitet auditoriyasında, iş masasının arxasında, hətta ailə süfrəsində də tənhalıq yaşaya bilər. Bəzən ən çox danışan, gülümsəyən və paylaşım edən insanın daxilində ən ağır tənhalıq gizlənir. Onun şəkillərinə baxanda hər şey qaydasında görünür. Amma insanın daxili dünyası həmişə şəkillərdə göründüyü kimi olmur.

Amerikalı sosioloq Erik Klinenberq müasir cəmiyyətlərdə “solo həyat” anlayışını önə çəkərək təkbaşına yaşamağın artıq yalnız məcburiyyət deyil, bir çox hallarda həyat tərzi seçiminə çevrildiyini göstərir. Xüsusilə böyük şəhərlərdə təhsil, karyera, fərdi azadlıq, gec ailə qurma, boşanma və mobil həyat tərzi insanların daha çox tək yaşamasına səbəb olur.

Bu proses bəzi insanlar üçün müstəqillik və özünüreallaşdırma imkanı yaratsa da, sosial bağların zəiflədiyi şəraitdə tənhalıq riskini artırır. Deməli, əsas məsələ insanın tək yaşaması deyil, onun etibarlı sosial dəstək şəbəkəsinin olub-olmamasıdır.

Tənhalığın geniş yayılmasının əsas səbəblərindən biri sosial bağların dayazlaşmasıdır. Ənənəvi cəmiyyətlərdə ailə, qohumluq, qonşuluq və məhəllə münasibətləri insanı müəyyən mənada qoruyurdu. İnsan bəzən bu münasibətlərin sıxlığından yorulsa da, onların içində görünür, tanınır və xatırlanırdı. Müasir həyat insana daha çox fərdi azadlıq verdi, lakin bu azadlıq bəzən onu daha müdafiəsiz buraxdı və tənhalığa düçar etdi. İnsanlar arasında inamın azalması, qarşılıqlı etimadın zəifləməsi və münasibətlərdə ehtiyatlılığın artması da səmimi sosial bağların qurulmasını çətinləşdirir.

Tənhalığın artmasında maddi çətinliklər və iqtisadi qeyri-müəyyənlik də mühüm rol oynayır. Gəlir qayğısı, işsizlik və gündəlik həyatın təzyiqləri insanı yalnız maddi baxımdan deyil, emosional cəhətdən də yoraraq sosial münasibətlərdən uzaqlaşdıra və təcrid edə bilir.

Həmrəyliyin, ailə-qohumluq bağlarının və kollektiv həyat tərzinin mühüm yer tutduğu Azərbaycan cəmiyyəti də bu dəyişikliklərdən kənarda deyil. Doğrudur, ailə, qohumluq, qonşuluq və xeyir-şər mədəniyyəti insanı sosial baxımdan qoruyan güclü dayaqlar olaraq qalır. Lakin digər tərəfdən, Bakı kimi böyük şəhərlərdə eyni binada illərlə yaşayıb bir-birinin adını bilməyən insanların sayı artır.

Gənclər gün ərzində onlayn olsalar da, üz-üzə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Övladları başqa şəhərə və ya ölkəyə köçmüş yaşlı valideynlər telefon zəngi ilə təsəlli tapmağa çalışırlar. Eyni evdə yaşayan ailə üzvləri isə bəzən ayrı-ayrı ekranların içində fərqli dünyalara çəkilirlər.

Hətta ənənəvi kollektiv dəyərlərin güclü olduğu Azərbaycan kimi cəmiyyətlərdə də tənhalıq tam Qərb tipli fərdiləşmə formasında təzahür etməsə də, sosial bağların zəifləməsi və gündəlik ünsiyyətin seyrəlməsi həyatın müxtəlif sahələrində hiss olunur.

Sosial media bu mənzərəni daha da mürəkkəbləşdirir. Bir tərəfdən insanlara əlaqə qurmaq, xəbər almaq və özünü ifadə etmək imkanı verir. Digər tərəfdən isə münasibətləri sürətli, səthi və parçalanmış hala gətirir. İnsan sosial mediada həyatının ən parlaq anlarını göstərir, yorğunluğunu və qorxularını gizlədir. Gülümsədiyi şəkli paylaşır, ağladığı gecəni isə göstərmir. Sonra başqalarının parlaq həyatlarına baxaraq öz həyatını natamam hiss edir. Beləcə ekran bəzən insanları birləşdirən vasitədən daha çox, onların daxilindəki çatışmazlıq hissini böyüdən aynaya çevrilir.

Bu mənzərənin yeni tərəflərindən biri də süni intellektdir. İnsan artıq yalnız dostlarına və yaxınlarına deyil, süni intellekt əsaslı danışıq sistemlərinə də üz tutur. Çünki burada gecikən cavab, yorulan dinləyici və mühakimə edən baxış yoxdur. Sistem dinləyir, cavab verir, hətta təsəlli də edə bilir.

Bu imkan müəyyən hallarda insana rahatlıq verə bilər. Lakin insan real münasibətlərin zəhmətindən qaçaraq daim süni ünsiyyətə sığınarsa, tənhalıq aradan qalxmaz, sadəcə daha gözəl cümlələrin arxasında gizlənər. Çünki insanın ehtiyacı yalnız cavab almaq deyil; o, başqa bir insan tərəfindən duyulmaq, anlaşılmaq və qəbul edilmək istəyir.

Təsadüfi deyil ki, dünyanın bəzi ölkələri tənhalığı artıq yalnız fərdi problem deyil, dövlət siyasətinin mövzusu kimi qiymətləndirirlər. Böyük Britaniyada tənhalıqla mübarizə üzrə hökumət strategiyası hazırlanmış və bu sahəyə məsul nazir müəyyən edilmişdi. Yaponiyada isə xüsusilə pandemiyadan sonra sosial təcridin dərinləşməsi, gənclərin qapanması, yaşlıların tək qalması və intihar hallarının artması fonunda tənhalıqla mübarizə dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Bu sahəyə məsul nazir təyin olundu və hökumət daxilində xüsusi əlaqələndirmə mexanizmi yaradıldı.

Bu nümunələr göstərir ki, tənhalıq artıq yalnız ailənin, dostun və qonşunun deyil, sosial siyasətin, səhiyyənin, təhsilin və şəhərsalmanın da mövzusudur. Şəhərlərin necə qurulması, ictimai məkanların əlçatanlığı, yaşlılara göstərilən sosial xidmətlər və gənclərin bir araya gələ biləcəyi mühitlərin yaradılması tənhalıqla mübarizədə mühüm rol oynayır.

Bununla belə, tənhalığın qarşısını almağın yolu yalnız böyük strategiyalardan keçmir. Bəzən kiçik insani davranışlar daha böyük təsir yaradır. Bir salam, bir zəng, bir ziyarət və ya “Səni çoxdandır görmürəm, necəsən?” sualı insanın daxilindəki qaranlığı azalda bilər.

Yaşlı qonşunun qapısını döymək, tələbənin susqunluğunu görmək, dostun gülüşünün arxasındakı yorğunluğu hiss etmək, ailədə eyni süfrəyə yalnız yemək üçün deyil, söhbət etmək üçün oturmaq lazımdır. Çünki tənhalığın ən təsirli dərmanlarından biri insanın görüldüyünü, eşidildiyini və xatırlandığını hiss etməsidir.

 





10.07.2026    çap et  çap et