Çin Ukrayna münaqişəsinin hazırkı gedişatının narahatedici olduğunu bildirərək, gərginliyin azaldılmasına çağırıb.
525.az xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Sun Ley Təhlükəsizlik Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, münaqişə tərəfləri əvvəlki dövrlərlə müqayisədə daha yüksək intensivlik, daha geniş miqyas və əhatə dairəsi ilə fərqlənən hərbi hücumlar həyata keçirirlər ki, bu da mülki əhali arasında çoxsaylı itkilərə və infrastrukturun ciddi zədələnməsinə səbəb olur.
O əlavə edib ki, Çin mülki əhaliyə qarşı istənilən hücumları qətiyyətlə pisləyir və münaqişə tərəflərini dinc sakinlərə, mülki infrastruktura qarşı hücumları dayandırmağa çağırır. Diplomat, həmçinin tərəfləri təmkinli olmağa və vəziyyətin gərginliyini azaltmaq üçün bütün səyləri göstərməyə çağırış edib.
"Tərəflər sakitliyi qorumalı, təmkin nümayiş etdirməli, beynəlxalq humanitar hüququn normalarına ciddi şəkildə əməl etməli və gərginliyin azaldılması üçün bütün səylərini göstərməlidirlər. Bununla da atəşkəsin və hərbi əməliyyatların mümkün qədər tez dayandırılması üçün şərait yaradılmalıdır", - diplomat vurğulayıb.
Pərvanə Sultanova
çap et