"Azərbaycanda istənilən mütərəqqi qanunvericilik aktının müzakirəsi üçün əlverişli mühit var".
Bunu Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin martın 10-da keçirilən iclasında "Reklam haqqında" yeni qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı sözügedən komitənin sədri, akademik Ziyad Səmədzadə dilə gətirib. Onun qeyd etdiyinə görə, komitənin müzakirəsinə çıxarılan qanun layihəsi də öz məzmunu və əhəmiyyəti baxımından ən mühüm və mütərəqqi qanunvericilik aktlarından biridir. "Bu, çox mütərəqqi bir qanundur və onun qəbuluna ciddi ehtiyac var. Qeyd edək ki, bu sənədin ilkin variantı komitəmizdə müzakirələrə çıxarılan zaman o, çox geniş və hərtərəfli müzakirələrdən keçdi. Deyərdim ki, bu müzakirələr ən dəyərli dinləmələrdən biri oldu. Müzakirələrdə iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da öz dəyərli təkliflərini, iradlarını səsləndirdi. Ümumiyyətlə, belə bir qanunun müzakirəyə çıxarılması gündən-günə dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının göstəricisidir. Dinamik inkişaf yolunda olan bir ölkənin, onun milli iqtisadiyyatının belə bir qanuna ehtiyacı var. Həmçinin, Azərbaycan dilinin qorunması, xalqımızın milli-mənəvi dəyərlərinin yad-zərərli elementlərdən, ünsürlərdən tənzimlənməsi, ikili standartlardan uzaq saxlanması üçün belə bir qanunun qəbulu olduqca vacibdir. Xatırladım ki, parlamentdə birinci oxunuşun müzakirələrindən sonra da İşçi Qrupu tərəfindən qanun layihəsinin üzərində ciddi işlənilib, ciddi təkmilləşdirmələr aparılıb. Bura gələrkən də qanun layihəsi ilə bağlı növbəti təkliflər aldım. Onlar da Azərbaycanda reklam bazarının, reklam mühitinin yaxşılaşdırılmasına, onu tənzimləyəcək hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edən təkliflərdir".
Sözügedən qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun rəhbəri Vahid Əhmədov öz növbəsində belə bir qanuna ciddi ehtiyac duyulduğunu bildirməklə yanaşı, köhnə-mövcud qanunun qəbulundan 18 il ötdüyünü də xatırladıb: "Azərbaycanda "Reklam haqqında" qanun 1997-ci ildə qəbul olunub və onun üstündən xeyli vaxt keçib. Yəni, dövrün reallıqları yeni qanunun hazırlanması və qəbulunu zəruri edib. Artıq yeni qanun layihəsi də xeyli vaxtdır ortadadır. Onunla bağlı həm komitəmizdə, həm də plenar iclasda ciddi müzakirələr aparılıb. Bu sənəd həmçinin, cəmiyyətdə maraqla qarşılanıb. Qeyd edim ki, plenar iclasda müzakirələr zamanı 20-yə yaxın millət vəkili öz təklif və iradlarını səsləndiriblər. Həmçinin, komitəmizdə geniş dinləmələr zamanı Prezidentin köməkçisi Əli Həsənovun iştirakı ilə müzakirələr aparılıb və ötən müddət ərzində də bir neçə dəfə Əli müəllimlə görüşmüşük, Administrasiyanın təkliflərini almışıq".
V.Əhmədov deyib ki, plenar iclasda spiker Oqtay Əsədov sosial reklam anlayışına aydınlıq gətirilməsini istəyib və artıq ikinci oxunuşda həmin məsələyə bir daha aydınlıq gətirilib: "Qanun layihəsinə edilən dəyişikliyə görə, ölkədə ümumilikdə yayımlanan reklamların ən azı 8 faizinin - əvvəllər bu 5 faiz idi - sosial reklamlara ayrılması nəzərdə tutulub. Yəni, səhər saat 9-dan axşam saat 12-kimi sosial reklamların yayımı nəzərdə tutulub. Halbuki indiyə kimi sosial reklamlar daha çox gecələr verilirdi və bunun da elə bir müsbət təsiri olmurdu".
V.Əhmədovun dediyinə görə, növbəti dəyişiklik idman-mərc oyunlarının yayımı ilə bağlıdır: "Dəyişikliyə əsasən, idman-mərc oyunların vaxtı axşam saat 11-dən səhər saat 7-cən məhdudlaşdırılıb, yəni, yalnız həmin vaxt bu verilişlər yayımlana bilər".
Millət vəkili Rüfət Quliyev isə reklamların dilinə xüsusi diqqət yetirilməsinə diqqət çəkib: "Bizdə reklamlar hind dilindən tutmuş nə bilim portuqal dilinə kimi efirə verilir. Bu, düzgün deyil. Ancaq xarici- brend reklamlar var ki, onları yalnız xarici dildə vermək olar, qalanları ancaq Azərbaycan dilində, özü də çox səlis şəkildə olmalıdır".
Komitə üzvü Xanhüseyn Kazımlı çıxışında daha çox reklam qiymətlərinin tənzimlənməsi məsələsini önə çəkib: "Ümumiyyətlə, Azərbaycanda bütün sahələrdə qiymətləndirmənin, qiymətlərin tənzimlənməsinə ehtiyac var, o cümlədən, reklam sahəsində də".
Müzakirələrdən sonra qanun layihəsi parlamentin plenar iclasının ikinci oxunuşuna tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
çap et