525.Az

"Xeyriyyə kampaniyalarımızda yığılan vəsaitlərin 75-80 faizi deputatların payına düşüb"


 

"Xeyriyyə kampaniyalarımızda yığılan vəsaitlərin 75-80 faizi deputatların payına düşüb"<b style="color:red"></b>

"Beynəlxalq aləmdə bizim statumuz məhz onun göstəricisidir ki,  bu tipli qanunlar nəinki bizdə, o cümlədən, digər ölkələrdə qəbul olunur".

Bunu mətbuata açıqlamasında Milli Məclisin (MM) deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti  Novruz Aslanov bir neçə il öncə rəhbərlik etdiyi qurumla bağlı qanunun qəbul olunmasına və ötən illər ərzində onun cəmiyyətin fəaliyyətinə necə təsir etməsi məsələsinə münasibətini bildirərkən dilə gətirib. Onun dediyinə görə, Azərbaycan parlamenti də bu məsələdə beynəlxalq təcrübədən yararlanaraq, bir necə il öncə müvafiq qanunu qəbul edib. "Hesab edirəm ki, Beynəlxalq Qızıl Xaç və Aypara  Hərəkatının statusu onu göstərir ki,  mütləq olaraq Azərbaycan da bu qanunu qəbul etməlidir və möhtərəm cənab Prezidentimiz özü öz imzası ilə bu qanun layihəsini Milli Məclisə təqdim etdi və biz onu qəbul etdik. Biz müharibə şəraitində yaşayan bir ölkəyik, qaçqın-köçkünlərimiz var, torpaqlarımızın bir hissəsi hələ də işğal altındadır. Bu baxımdan, müharibə hər an alovlana bilər".

N.Aslanovun sözlərinə görə, bu məsələdə məhz ayparaçıların üzərinə böyük missiya düşür: "Azərbaycanda olan hansı təşkilat cəbhə bölgəsinə gedib orada güllələrin altında fəaliyyət göstərə bilər? Müdafiə Nazirliyindən başqa heç bir qurum bu fəaliyyəti göstərə bilməz. Yəni, Müdafiə Nazirliyi də əsasən hərbi əməliyyatlarla məşğul ola bilər və olacaq. Ancaq hərb meydanında olan yaralıların daşınması, tibb məntəqələrinin qurulması, könüllülərin orada iştirakı və qarşı tərəfdən o insanlara hörmətlə yanaşılması, bizim emblemin istifadəsi və sair, bunlar ancaq bizim səlahiyyətimizdə olan bir məsələdir.

Döyüş bölgəsindən yaralıları çıxaran məhz bizim ayparaçılar olacaq. Adi əsgər yaralıları daşımaq üçün hansısa addım atsa, qarşı tərəf dərhal silaha əl atacaq, yenə qan tökəcək. Amma bizim könüllülərimiz-bizim işçilərimiz o yaralıları heç bir maneə olmadan oradan gətirəcək və müalicə edəcəklər.  O bölgəyə yalnız bizim emblem əks olunmuş bayrağımız daxil ola biləcək. O bölgəyə yalnız bizim statusumuz nüfuz edə biləcək. Bugünkü günün özündə bizim xeyli sayda hərbi əsirlərimiz-girovlarımız var, istər adi insanlarımız, istər əsgərlərimiz Ermənistanda hərbi əsirlikdədirlər. Hərdənbir deyirlər Beynəlxalq Qızıl Xaç Komitəsi fəaliyyətini yaxşı aparmır, ikili standartlardan çıxış edir və sair. Amma gəlin açıq danışaq, bizim son iki girovumuz - Şahbaz və  Dilqəmlə hansı qurumumuz gedib onlarla görüşə bilib, onlardan bir məlumat alıb, soruşub ki, necədirlər, bəlkə sizin ailənizə nəsə çatdırılası bir sözünüz var, heç bir qurumun adını çəkmək mümkün deyil,  burada yeganə pəncərə Beynəlxalq Qızıl Xaç Komitəsidir. O da bizim Hərəkatın bir hissəsidir və onların vasitəsi ilə biz gedirik,  məlumat alırıq və sair".

 Cəmiyyət prezidenti onu da qeyd edib ki, Cenevrə Konvensiyasına uyğun olaraq Beynəlxalq Qızıl Xaç  Komitəsi xüsusi  mandat qazanmış bir təşkilatdır. "Biz bunu anlamalıyıq.  Bizim bu il 95 illiyimiz yaxınlaşır. Ölkə Prezidentinin sərəncamı ilə hər il martın 10-u Qızıl Aypara Gününü qeyd edirik. Mən çox sevinirəm  ki,  bütün nazirliklər, bütün dövlət rəsmiləri  bizə artıq indidən təbriklər ünvanlayırlar. Biz bunları toplu şəklində öz yubiley  kitabımızda dərc edib ictimaiyyətə təqdim edəcəyik. Qeyd edim ki, bizim cəmiyyət bu 95 il ərzində çox şərəfli bir tarixi yol keçib. Mən inanıram ki, bundan sonra daha 95 il də bu şərəfli yolu keçə biləcəyik. Çünki bizim missiyamız xeyirxahlıq və mərhəmət üzərində qurulub. MDB məkanında yeganə cəmiyyət prezidentiyəm ki, məvacib almıram, uzun illərdir ki, könüllü şəkildə fəaliyyət göstərirəm, işə gəlirəm, gedirəm, amma maaş almıram.

MDB məkanında elə bir milli cəmiyyətin prezidenti yoxdur ki, bunu etsin. Dünyada belə faktlar var, amma onlar da digər sahədə çalışırlar, sadəcə, ictimai əsaslarla bu fəaliyyəti aparırlar, amma MDB məkanında biz bir nümunəyik. MDB məkanında biz yeganə  cəmiyyətik və qanun qəbul etmişik ki,  dövlət büdcəsindən bizə hər il maliyyə ayrılsın. Digər MDB dövlətləri də artıq bizim bu təcrübəmizdən istifadə etməkdədirlər.

Bu baxımdan hesab edirəm ki, belə bir qanunun qəbulu bizim fəaliyyətimiz üçün çox faydalı və əhəmiyyətli oldu. Ən üstün cəhət də odur ki, bugünkü gündə biz tarix yazırıq. Bildiyiniz kimi, bizim cəmiyyət hər zaman donorlardan asılı olub. Ancaq 2000-ci ildən bizim strategiyamız dəyişib. Biz işimizi elə qurmuşuq ki, özümüz-özümüzü maliyyələşdirək və donorlardan asılı olmayaq. Bu gün biz donorlardan asılı olmayan bir milli cəmiyyətik. Heç kimin puluna ehtiyacımız yoxdur. İki-üç layihəmiz var ki, onlar sadəcə  beynəlxalq federasiya vasitəsi ilə həyata keçirilir və onlar çox cüzidir. Ancaq yerdə qalan bütün layihələrimizi özümüz maliyyələşdiririk və hətta başqa ölkələrə də yardımlar edirik. Vaxtı ilə Türkiyə, İran milli cəmiyyətləri bizə yardım edirdisə, indi biz onlara kömək edirik. Biz bu gün Somaliyə,  Ukraynaya yardım edirik. MDB məkanında Ukraynaya yardım edən yeganə milli cəmiyyətik.  Biz xeyriyyə kampaniyaları təşkil edirik və sağ olsun deputatlarımız ki, onlar bu kampaniyalarda yaxından iştirak edirlər.
 
Bu günə kimi keçirdiyimiz 5 kampaniyada yığılan vəsaitlərin 75-80 faizi məhz bizim deputatların payına düşüb. Mən istərdim  ki, bizim jurnalistlər "yatan, ayıq, passiv, fəal" deputatlardan yazanda bunu da yazsınlar ki, bütün bu mərhəmət kampaniyalarında bizim millət vəkillərimiz yüksək səviyyədə iştirak ediblər. Pisini yazanda, yaxşısını da yazsınlar".

Kamil HƏMZƏOĞLU

 





11.03.2015    çap et  çap et