525.Az

“Günay” Uşaq Teatrı qastrol mövsümünü Gəncə tamaşaları ilə başa vurub


 

“Günay” Uşaq Teatrı qastrol mövsümünü Gəncə tamaşaları ilə başa vurub<b style="color:red"></b>

Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrı 23-cü mövsümünü Gəncə Dövlət Dram Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının qastrol tamaşası ilə başa vurub.

525.az-a Teatrın mətbuat xidmətindən verilən məlumata görə, kollektiv mövsüm ərzində paytaxtın müxtəlif teatr və mədəniyyət məkanlarında çıxış edərək aktiv yaradıcılıq və maarifləndirmə işləri ilə məşğul olub. Uşaqların və gənclərin mənəvi, əxlaqi, bədii və vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilib.

Ötən mövsüm ərzində teatr Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Gününə, Sergey Yeseninin anadan olmasının 130 illiyinə həsr olunmuş musiqili və ədəbi kompozisiyalar, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən “Qarabağ Azərbaycandır!” proqramı təqdim edib. Truppa, həmçinin Bakı Musiqi Akademiyasının Kiçik zalında keçirilən bəstəkar Vladimir Şainskiyə həsr olunmuş 100 illik yubiley gecəsində iştirak edib. Yeni il tətillərində gənc sənətçilər Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Qış möcüzələri” adlı canlı teatr tamaşası təqdim ediblər.

Teatrın repertuarında Zərəngiz Mansurovanın “Cavab ver!” şeiri əsasında hazırlanmış və Xocalı faciəsinə həsr olunmuş “Biz unutmuruq” tamaşası xüsusi yer tutur. Tamaşa Azərbaycan dilində səhnələşdirilir və mövsüm ərzində bir neçə dəfə tamaşaçılara təqdim olunub. Tamaşanın video versiyası ABŞ-də keçirilən Mark Tven Beynəlxalq Ədəbi Mükafatı Müsabiqəsinə təqdim edilib və “Günay” Uşaq Teatrı “Dram” nominasiyasında birinci dərəcəli diploma layiq görülüb.

Kollektiv, həmçinin Üzeyir Hacıbəylinin Ev Muzeyində və Rus Mədəniyyət Mərkəzində Novruz bayramı şənliklərini təşkil edib. Bayram proqramlarına aztəminatlı ailələrdən və valideyn himayəsindən məhrum olan uşaqlar, xüsusi qayğıya ehtiyacı olan azyaşlılar dəvət edilib.

Mövsüm ərzində teatr Kafedral kilsədə “Yer və səma” layihəsinin yekun konsertinə qatılıb, Beynəlxalq Uşaqlar Günündə İçərişəhərdə açıq hava məkanında konsert verib, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xeyriyyə konserti keçirib və “Ümid” uşaq sığınacağını ziyarət edib. Sığınacaqdakı uşaqlar üçün Azərbaycan dilində xüsusi proqram hazırlanıb.

Bununla yanaşı, teatr “Puşkinlə Nizami və bütün zamanların şairləri” layihəsi çərçivəsində keçirilən mədəni tədbirdə də iştirak edib.

Mövsümün son tamaşalarından biri Şuşa Musiqili Dram Teatrının səhnəsində nümayiş etdirilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” ölməz operettası olub. Tamaşaya müxtəlif qonaqlarla yanaşı, Daun sindromlu uşaqlar da dəvət edilib.

 





10.07.2026    çap et  çap et