Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Özbəkistan Respublikasının vətəndaşları – 1981-ci il təvəllüdlü Mirzaalimov Raxmatullo Nomancanoviç və 1976-cı il təvəllüdlü Toxtasinov Azamatcon Abduqapparoviçin cinayət məsuliyyətinə cəlb edilmələri məqsədilə ekstradisiya olunmalarına dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Belə ki, Özbəkistanda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə, habelə ağır nəticələrə səbəb olan bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətlərinin törədilməsində təqsirləndirilərək, beynəlxalq axtarışa elan edilmiş Raxmatullo Mirzaalimov və Azamatcon Toxtasinov 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, sonuncular Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanına təhvil veriliblər.
çap et