Cənub bölgəsinin tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətindən bəhs edən, uzun illərin zəhməti və geniş araşdırmaların nəticəsi olan “Doğma elin simaları” kitabının birinci cildi nəşr olunub.
Kitabın müəllifi cenubunsesi.az xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Mərhəmət Lələyevdir.
Mərhəmət Lələyev uzun illərdir Azərbaycanın cənub bölgəsində yaşayan, müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərən insanların həyat yolunun araşdırılması, onların cəmiyyət qarşısındakı xidmətlərinin ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. O, 2016-cı ildə təsis etdiyi “Masallının Səsi” informasiya resursunda, daha sonra isə fəaliyyətini genişləndirərək Cənubunsəsi Xəbər Portalında minlərlə insan haqqında məqalələr, reportajlar və müsahibələr dərc edib. Bununla yanaşı, bölgənin tanınmış simalarına həsr olunmuş çoxsaylı sənədli filmlərin müəllifi və layihə rəhbəri kimi də tanınır.
“Doğma elin simaları” kitabı müəllifin uzun illər ərzində topladığı materiallar, apardığı araşdırmalar və yüzlərlə görüş əsasında hazırlanıb. Layihənin əsas məqsədi cənub bölgəsinin ictimai-siyasi, elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman və digər sahələrdə mühüm xidmətləri ilə seçilən insanların həyat və fəaliyyətini sənədləşdirmək, onların zəngin irsini gələcək nəsillərə çatdırmaq və bölgənin tarixi-mənəvi yaddaşının qorunmasına töhfə verməkdir.
Üç cilddən ibarət olması nəzərdə tutulan nəşrdə ümumilikdə 3000-dən çox cənublu haqqında məlumatın yer alması planlaşdırılır. Artıq çap olunan birinci cilddə Lənkəran, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Astara və Cəlilabad rayonlarını təmsil edən 361 nəfərin bioqrafiyası, həyat yolu, peşə fəaliyyəti və cəmiyyətə xidmətləri barədə geniş məlumat təqdim olunur.
Bu nəşr yalnız bioqrafik toplu deyil, həm də cənub bölgəsinin tarixi salnaməsini özündə əks etdirən qiymətli elmi-publisistik mənbədir. Kitab bölgənin görkəmli şəxsiyyətlərinin tanıdılması, onların xidmətlərinin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Doğma elin simaları” kitabının işıq üzü görməsi cənub bölgəsinin tarixi yaddaşının qorunmasına, tanınmış şəxsiyyətlərinin irsinin təbliğinə və gələcək tədqiqatçılar üçün etibarlı mənbənin formalaşmasına mühüm töhfə hesab olunur.
çap et