525.Az

Mən aqronomam


 

Ovcumun içində buğda dənəsi...

Mən aqronomam<b style="color:red"></b>

(İkinci yazı)

Ötən yüzil, 80-ci illərinin sonlarında gənclərin müxtəlif vəzifələrə irəli çəkilməsi cəmiyyətdə  müsbət qarşılanırdı və mənim də karyeramda daha bir vəzifə sayılacaq sovxoz direktorluğu da varmış. Direktor olduğum sovxoz dörd kəndi birləşdirən kollektiv təsərrüfat idi, sahələrin çox böyük hissəsi demyə şəraitində yetişdirilən taxıl zəmilərindən və üzümlük sahələrindən təşkil olunmuşdu. Heyvandarlıq təsərrüfatında məhsuldar inəklərin sayı 100-dən bir qədər çox idi.

İlk tanışlığım fermalardan başlandı, erkən səhər tezdəndən şəxsi mal-qaranı (anahad) fermadan kənarlaşdırdım, heyvandarlığa verilməsi nəzərdə tutulan yemin rasiona uyğun miqdarda bütünlüklə ictimai mal-qaraya verilməsini təşkil etdik. İlk günlər süd satışındakı geriləmələr təbii idi, çünki "perepiska" deyilən  bu nəsnə ilə - qarışıq yemi sataraq əldə edilən paradan bir qədər emal sexinə verib süd yazdırmaq -şişirdilmiş rəqəmlərlə plan doldurmağın qarşısını almışdıq. Aprel ayının ilk günlərindən mal-qaranın yaylıma (gecələr örüşə çıxarmaqla yemləndirmək) çıxarılması gündəmə gəldi, naxırçıların və malabaxanın bütün sutkanı işləməsi qeyri-mümkün olduğundan növbətçilik cədvəli tərtib etdik . Bu məsələni asanlıqla həll etmək üçün mən özüm -  sovxoz direktoru əlimdə çomaq axşamdan mal-qaranı təbii otlaqlara çıxardım, ertəsi gün baş aqronom, daha sonra baş mexanik, beləliklə, bütün işçilər gecələr yaylıma çıxdılar. Növbəti aylarda süd satışındakı plan göstəricilər digər təsərrüfatların göstəricilərindən üstün oldu.

Əvvəl rüblük sonra  illik ət və süd satışında plan və öhdəliklər halallıqla yerinə yetirildi. Həmin ilin taxıl məhsullarını yığımın ilk günü dolu vurdu. Və barama planı yerinə yetirilmədi, bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardı. Tut bağları kütləvi şəkildə ləğv edilmiş, barama planı bağlara uyğunlaşdırılmamış və adamların ipəkqurdu saxlamağa həvəsi və marağı, eyni zamanda zəhmətlərinin dolğun ödənilməsinə etibarı qalmamışdı. Üzümçülükdə də xeyli irəliləyişlər oldu. Şişirdilmiş rəqəmlərin qarşısını almaq asanlıqla başa gəlmirdi, iş tələb ediləndə anonim məktubların sayı artırdı, əsas şikayət mənim haradasa şeir yazmağımın sanki qəbahət olduğundan ibarət idi.

Keçirdiyimiz mədəni tədbirlərdə bayağı siyasi şüarlar əvəzinə, el məsəlləri və  atalar sözləri yazılmış  plakat və lövhələr tərtib etdirdik. Fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılmasında süründürməçiliyə və əyintilərə yol verməmək üçün qərarlar və təhkim aktları adamlara poçt vasitəsi ilə göndərilirdi. İnsanlar özlərinə görgah tikir və alqış edirdilər.

... Burda bir el havasına o tayda da qol götürüb oynayan soydaşlarımız da vardı...  Sərhəd ciddi qorunurdu, Ərdəbilə, Təbrizə yollar bağlı idi. Ümidli idik. O böyük Ümidin yolu qəlbimizdən keçirdi.      

Ümiddən o yana umacağım yox,
Elə ümidim də məndən xətircəm,
Çağırsam o tayda eşidəcəklər,
Araza açılır qapı-pəncərəm... 

25 il sonra sonra internet səhifələrinin birində yazacaqdım ki:

Uşaqlıq arzumdu Təbrizə getmək,
Getdim 55-imdə
Dərdimə çarə üçün.

Arazboyu kənd məktəblərindən birinə Səməd Behrənginin adının verilməsi o dövrdə geniş əks-səda doğurdu. Məktəbin açılışına adlı-sanlı qonaqlar  - müxtəlif sənət adamları, alimlər, şair və yazıçılar, o cümlədən, Eldar Baxış və Tofiq Abdin də gəlmişdilər. Bu tədbir erkən, cavan yaşlarında rejimin Arazda boğaraq öldürtdüyü cənublu şair Səməd Behrəginin adına böyük sayğı və ehtiramın  nişanəsi idi ki, bəzi adamları qorxudurdu.  Yerli təsərrüfatın rəhbərliyi bu tədbirə hər hansı köməklikdən imtina etmişdi.

Məktəb direktorunu bu məsələdə maddi problemlə üz-üzə qoymuşdular, lakin bizim  müdaxiləmizin, qanuni maddi dəstəyimizin və Eldar Baxışla Tofiq Abdinin nüfuzu nəticəsində  tədbir  vaxtında və təntənəli şəkildə baş tutdu, əleyhdarlar bu tədbirdə qeyri-səmimi olduqlarından geri çəkildilər. Bu hadisə rayonda müstəqillik havasının Arazboyuna - Zəngilana gətirdiyi ilk əsintilərindən biri idi və bizim bu müstəqillik uğrunda mübarizədə ön sırada olmağımız da təbii idi.

lll

Dolu yağdı...  Kombaynın bunkerindən tökülən dən avtomobillə gətirilib anbarda hazırlanmış çadırın üzərinə tökülürdü. Sevinirdim. İlk dəfə dənli bitkilərdən məhsul yetişdirib yığımının sevincini yaşamaq  deyəsən, mənə də qismət deyilmiş. Sevincim çox az sürdü. Dolu yağdı. Texnikanın azlığından, toxumluq dənin çətinliklə əldə edildiyindən, üzümçülərin gücündən istifadə edərək toxumun əllə səpildiyindən,  nəzarətsiz buraxılan mal-qaradan zəmini  mühafizə etməyin çətinliyindən  deyəsən Yaradan da xəbərsiziydi.  Sünbüllər yerə sərilmişdi. Bir ovuc buğda dənəsi əlimdə qalmışdı. Arzularımın elə bu andan həyatda doluya düşəcəyindən üşəndim, lakin ümidsiz də deyildim, hələ qabaqda uzun illər vardı, növbəti mövsüm torpağa səpəcəyim elit toxumluq dənim - dözümlülüyüm vardı. Yaşım təzəcə 30 olmuşdu. Aqrar sahədə yenicə tanınmağa başlamışdım. Hələ cavankən mənə böyük vəzifə verildiyini (sovxoz direktorluğu) etimad göstərildiyini bildirən bəlkə də başıma qaxan ideoloqlara cavabım bu olurdu ki, siz yanılırsınız, mən bu yaşda nazir olmaq istəmişdim... Dolu yağan ilindən bir az əvvəl, deyəsən,  bu hissləri yaşamışdım, yazdığım bir şeir sanki bu fikirlərimin  ifadəsi idi...

Başımız deyəsən, yaman qarışıb,
Başımız bir az da plan qarışıq
Südümüz bir az da ... filan qarışıq
Qarışıq, bu dünya-zaman qarışıq
Ovcumun içində buğda dənəsi.

Başımız qarışıb bır az harasa,
Yuxumu danışa bilsəm Araza.
Torpağa səpilsə işə yarasa
Ovcumun içində buğda dənəsi.

Yalanlar özünü çox şirin salıb
Haçandı tutmuşam haçandan qalıb
Bəlkə də Adəmdən Həvvadan qalıb
Ovcumun içində buğda dənəsi.

Dəli  qız ərini tanımır, baba
Kimi sağ ol alır, kimi mərhaba
Kiminin əlində sarı kəhrəba
Ovcumun içində buğda dənəsi.    

İlişib kötüyə bivec nadana
Bir gözü qıpığa bir kor vicdana
Bu dünya yer tapmır bir ovuc dənə
Ovcumun içində buğda dənəsi.

Bəlkə də haçansa əkdim,  becərdim
Bəlkə də haçansa sözüm cücərdi
Hələ ki bu dünya dözüm cücərdir
Ovcumun içində buğda dənəsi.

Eldar Baxış bu şeiri çox bəyənmişdi və İsa İsmayılzadə Azərbaycan jurnalının 1991-ci il, 6-cı sayında çap eləmişdi. Allah hər iki şairə rəhmət eləsin.

Düşünürdüm ki, ölkədə bir rüşvətxorun yeri boş qalarsa bu mənim məmləkətə bir töhfəm olardı, bəlkə də. Sovxoz direktoru olduğum müddətcə rüşvət almadım, süründürməçiliyə,dağıntı və yeyintiyə yol vermədim, vəzifədən sui-istifadə etmədim. Təbii ki, bu fərqli düşüncə rayonda ilk nümunə idi, mən müstəqillik havasının gücünə arxayın idim. 20 Yanvar hadisəsi baş vermişdi. Ərazi bütövlüyünü qorumağın ağırlığı yerli sakinlərin üzərinə düşürdü. Və bu qarışıqlığın, bəzi qaragüruhçuların və xalq hərəkatındakı yerimdən ehtiyatlanan yerli rəhbərliyin təzyiq və təkidindən sonra öz ərizəmlə işdən uzaqlaşdırıldım.

Xosrov NATİL

 





11.03.2015    çap et  çap et