“Bəzən insanın ən uzun yolu xəritələrdə deyil, uşaqlıq arzusu ilə onun gerçəkləşməsi arasında uzanır”.
Elə olur ki, bir dərs, bir şəkil, bir kitab insanın taleyində silinməz iz buraxır. Mənim üçün bu iz məktəb illərində səkkizinci sinifdə dərs otağında gördüyüm Karl Bryullovun "Pompeyin son günü" tablosundan başladı. Vezuvi vulkanının yaratdığı fəlakəti insanların sima və davranışlarında bütün dəhşəti ilə görmək olurdu. O əsərə baxarkən ürəyimdən keçmişdi: "Kaş bir gün bu şəhəri görə biləm..." O zaman bunun yalnız bir xəyal olduğunu düşünürdüm. Lakin həyat bəzən insanı ən gözlənilməz arzularına qovuşdurur. Səyahət həvəskarı olan oğlum bunu reallaşdırdı.
Səkkizinci sinifdə dərs otağında Karl Bryullovun "Pompeyin son günü" tablosunu seyr edərkən ağlıma belə gəlməzdi ki, bir gün həmin şəhərin küçələrində addımlayacağam. Qırx altı il sonra bu arzum gerçəkləşdi. O an müəllim kimi şagirdlərim haqqında düşündüm. Bəlkə də, bu gün onların sinif otağında gördükləri bir şəkil, oxuduqları bir mətn və ya dinlədikləri bir dərs illər sonra onları da öz arzularının ardınca aparacaq.
Pompey qədim Roma imperiyasının ən zəngin və inkişaf etmiş şəhərlərindən biri idi. Eramızın 79-cu ilində Vezuvi vulkanının qəfil püskürməsi nəticəsində şəhər bir neçə saat ərzində qalın kül və lava qatları altında qaldı. Faciə minlərlə insanın həyatına son qoysa da, təbiət sanki zamanı dayandırdı. Evlər, küçələr, məbədlər, çörək sexləri, mozaikalar, hətta insanların gündəlik həyatından qalan izlər iki min ilə yaxın bir müddətdə qorunub saxlanıldı.
Bu gün Pompey UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş ən möhtəşəm açıq səma altında arxeoloji muzeylərdən biridir.
İtaliya səyahətimiz ecazkar Amalfi sahillərindən başladı. Qatarla keçdiyimiz Cinque Terre, Kapri adası, Fransa, İspaniya, Danimarka, İsveçrə, Hallştat və Mont Sen-Mişel haqqında xatirələr bu səyahətin ən unudulmaz anları oldu.
P.S. Bu səyahət xatirələrini Antalyada olarkən qələmə almışam.
Xanım Qasımova
Filologiya üzrə fəlsəfə doktoru






çap et