Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müəssisələrin layihələndirilməsi zamanı Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) öhdəliyi üçün hədlər olacaq.
525.az xəbər verir ki, bu barədə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlara dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, həmin hədlər aşağıdakılardır:
- heyvandarlıq müəssisələri üçün layihə üzrə saxlama tutumu 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu heyvan 1 baş iribuynuzluya, digər dırnaqlı heyvanların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);
- quşçuluq müəssisələri üçün 40 000 baş toyuq ekvivalenti (1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla, inkubasiya mərhələsində olanlar istisna edilməklə);
- balıqçılıq (o cümlədən akvakultura) təsərrüfatları üçün illik məhsul həcmi 500 ton.
Aqroparklar isə göstərilən fəaliyyət növləri üzrə müəyyən edilmiş hədlərə bərabər və ya ondan çox göstəricilərə malik olduqda ƏMTQ-yə cəlb olunur
Siyahının qüvvədə olan redaksiyasında energetika, nəqliyyat, meliorasiya və digər sahələr üzrə ƏMTQ tələbi konkret kəmiyyət meyarları ilə (300 MVt güc, 20 km uzunluq, 1000 ha sahə və s.) müəyyən edildiyi halda, aqrar sektor üzrə 27-ci və 34-cü maddələrdə "ixtisaslaşmış" və "irimiqyaslı" kimi kəmiyyət göstəricisinə bağlı olmayan terminlərdən istifadə olunur. Nəticədə kiçik fermer təsərrüfatları iri sənaye tipli komplekslərlə eyni hüquqi rejimə düşür: fəaliyyət miqyasından asılı olmayaraq ƏMTQ sənədinin hazırlanması xərc və bir ilədək vaxt tələb edir ki, bu da kiçik və orta sahibkarlıq üçün ciddi inzibati və maliyyə yükü yaradır, sahənin investisiya cəlbediciliyini azaldır.
Layihədə tətbiq olunan yanaşma beynəlxalq təcrübəyə əsaslanır. Heyvandarlıq üzrə hədlər beynəlxalq səviyyədə qəbul edilmiş "Şərti Heyvan Vahidi" (Livestock Unit) metodologiyasına uyğun müəyyən edilib; bu metodologiya FAO-nun və Dünya Bankının ekoloji qiymətləndirmə sənədlərində tövsiyə olunur. Quşçuluq üzrə 40 000 baş həddi Avropa İttifaqının Sənaye Emissiyaları Direktivində (2010/75/EU, Annex I) intensiv quşçuluq üçün müəyyən edilmiş limitə tam uyğundur. Balıqçılıq və akvakultura üzrə miqyasdan asılı diferensial yanaşma Aİ-nin ƏMTQ Direktivinin (2011/92/EU), habelə Türkiyə (illik 1000 ton həddi), Norveç və Danimarka təcrübəsinin analoqudur.
Dəyişikliklərin qəbulu nəticəsində aqrar sahədə ƏMTQ-nin tətbiqi üzrə hüquqi müəyyənlik təmin olunacaq, subyektiv qiymətləndirmə aradan qalxacaq və inzibati orqanların qərarları proqnozlaşdırıla bilən olacaqdır. Kiçik və orta təsərrüfatlar əsassız inzibati və maliyyə yükündən azad ediləcək, dövlətin nəzarət resursları real ekoloji risk yaradan iri istehsal komplekslərinə yönəldiləcəkdir. Balıqçılıq sahəsində isə çevik nəzarət mexanizminin tətbiqi ekoloji, iqtisadi və ərzaq təhlükəsizliyi maraqlarının qorunmasını, bazarda sağlam rəqabət mühitinin formalaşmasını və beynəlxalq standartlara uyğun istehsalın təşviqini təmin edəcəkdir. Bütövlükdə layihə sahibkarlıq fəaliyyətinə dövlət müdaxiləsinin minimallaşdırılması prinsipi ilə strateji əhəmiyyətli sahələrdə effektiv nəzarətin təmin edilməsi arasında optimal hüquqi balans yaradır.
çap et