525.Az

Peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı görüş keçirilib


 

Peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı görüş keçirilib<b style="color:red"></b>

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsi ilə bağlı peşə təhsili müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

525.az xəbər verir ki, tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman peşə təhsili sistemində həyata keçirilən islahatlar çərçivəsində ixtisasların təsnifatının yenilənməsinin əhəmiyyətindən bəhs edib.

O bildirilib ki, bu istiqamətdə aparılan işlər əmək bazarının mövcud və perspektiv ehtiyaclarına uyğun kadr hazırlığının təmin edilməsinə, təhsil proqramlarının təkmilləşdirilməsinə və peşə təhsilinin keyfiyyətinin daha da artırılmasına xidmət edir:

"İki ildən artıqdır davam edən işlər nəticəsində ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tamamilə yenilənmiş ixtisas təsnifatı hazırlanaraq müzakirəyə təqdim edilib. Yeni layihədə ümumilikdə 250-yə yaxın ixtisas yer alıb. Bu ixtisaslar müəyyənləşdirilərkən ölkə iqtisadiyyatının tələbatı, prioritet sahələr, eləcə də müasir əmək bazarının və texnoloji inkişafın yaratdığı yeni ehtiyaclar əsas götürülüb. Müzakirələrin yekunlaşmasından sonra yeni peşə təhsili ixtisas təsnifatının cari ilin sonunadək hökumət tərəfindən təsdiqlənməsi gözlənilir".

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə qeyd edib ki, yeni təsnifatın hazırlanması zamanı əsas məsələlərdən biri ixtisaslaşma istiqamətlərinin düzgün müəyyənləşdirilməsidir:

"Bu istiqamətdə geniş müzakirələrin aparılması nəzərdə tutulur. Təhsil müəssisələrinin maddi-texniki bazası, laboratoriyaların vəziyyəti və tədris prosesinin keyfiyyəti əsas diqqət yetirilən məsələlərdəndir. Peşə təhsili müəssisələrinin rəhbərlərindən gözlənti yalnız sənədlərin hazırlanması və ya təsdiq olunması ilə kifayətlənmək deyil. Əsas məqsəd ixtisasların inkişafına, tədrisin keyfiyyətinin yüksəldilməsinə və əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığının təmin edilməsinə rəhbərlik etməkdir. Bu baxımdan, mövcud vəziyyətin təhlil olunması və zəruri dəyişikliklərin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir".

Daha sonra Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva təqdimatla çıxış edərək yeni ixtisas təsnifatı layihəsi üzrə görülən işlər barədə məlumat verib.

Təqdimatda müxtəlif dövlət qurumları, işəgötürənlər və digər maraqlı tərəflər tərəfindən təqdim olunmuş rəy və təkliflər əsasında layihədə aparılmış dəyişikliklər, struktur yenilikləri, ixtisas istiqamətlərinin əmək bazarının mövcud və gələcək tələblərinə uyğunlaşdırılması, həmçinin beynəlxalq təcrübə ilə uyğunluğun təmin olunması istiqamətində görülən işlər iştirakçıların diqqətinə çatdırılıb.

Görüş zamanı peşə təhsili müəssisələrinin nümayəndələri ilə yeni ixtisas təsnifatının tətbiqinin praktiki aspektləri, müəssisələrin yeniliklərə adaptasiyası və təhsil proqramlarında zəruri dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda iştirakçılar tərəfindən layihənin təkmilləşdirilməsinə dair təkliflər səsləndirilib.

Sonda layihə üzrə görüləcək növbəti işlər, fəaliyyət planı və qarşıdakı mərhələlər müzakirə olunub.

 





13.07.2026    çap et  çap et