2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində magistratura səviyyəsində “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.
BDU-dan 525.az-a bildirilib ki, “Siyasi analitika və strateji araşdırmalar” ixtisaslaşması siyasi proseslərin elmi təhlili, strateji proqnozlaşdırma, qərarvermə mexanizmlərinin araşdırılması və siyasət sahəsində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına yönəlib
Tədris proqramı çərçivəsində magistrantlar siyasi təhlil metodları, strateji araşdırmalar, məlumatların analizi, siyasi risklərin qiymətləndirilməsi, dövlət və beynəlxalq siyasətin təhlili, ictimai rəyin öyrənilməsi, siyasi proqnozlaşdırma sahələrində nəzəri bilik və praktik bacarıqlara yiyələnəcəklər.
İxtisaslaşmanın əsas məqsədi siyasi prosesləri obyektiv qiymətləndirə bilən, analitik hesabatlar hazırlayan, strateji qərarların qəbuluna elmi əsaslarla töhfə verən yüksəkixtisaslı mütəxəssislər yetişdirməkdir.
Proqramın məzunları analitik mərkəzlərdə, dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, tədqiqat institutlarında, media qurumlarında və siyasət təhlili ilə məşğul olan digər müəssisələrdə peşəkar fəaliyyət göstərə biləcəklər
Yeni ixtisaslaşmanın ölkədə siyasi analitika və strateji araşdırmalar sahəsində elmi potensialın gücləndirilməsinə, müasir analitik yanaşmaların inkişafına və peşəkar ekspert kadrlarının hazırlanmasına mühüm töhfə verəcəyi gözlənilir.
çap et