Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı zamanı ötən müddət ərzində regionumuzdakı geosiyasi proseslərdə baş verən mühüm hadisələrə toxunaraq Azərbaycanın “orta güc” qismində rolu barədə mühüm mesajlar verdi.
Sülh gündəliyindən danışarkən o, regionda yeni səhifə açıldığına diqqət çəkdi. Bəyan edildiyi kimi, ötən ilin avqustun 8-də Ağ Evdə keçirilən tarixi görüş zamanı sülh sazişinin paraflanması Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması, regional inteqrasiyaların və rifah arxitekturasının qurulması yönündə əməkdaşlıq mühitini möhkəmləndirir, etimadı artırır.
Azərbaycan regionda dayanıqlı sülhün və iqtisadi inteqrasiyanın təmin olunması istiqamətində ardıcıl siyasət yürüdür, nəticəəsaslı praktik addımlar atır, təkcə özünü narahat edən məsələlərlə məşğul olmur, həm də qonşuların və dost ölkələrin, qonşuların qonşularının da narahatlıqlarına həssas yanaşaraq konstruktiv mövqe nümayiş etdirir.
Məhz bu qlobal etimadın və hörmətin nümunəsidir ki, Avropa İttifaqı (Aİ) Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanı özünə ən vacib və yaxın tərəfdaşı seçib. Bu yaxın tərəfdaşlığın genişlənməsi isə Aİ ölkələrinə təbii qaz tədarükünün artması ilə müşahidə olunur.
Təəssüf ki, bu sarsılmaz uğurlar Avropadakı bəzi siyasi təsisatların, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən Qərb strukturlarının bəzi nümayəndələrinin narahatlığına səbəb olur, Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirilir.
Bu məsələ Şuşa Forumunda da gündəmə gətirildi və cənab Prezident adıçəkilən qurumların fəaliyyətindəki qüsurlu nüanslara toxunmaqla beynəlxalq media nümayəndələrinə əsl həqiqətləri təqdim etdi. Dövlətimizin başçısı Azərbaycana qarşı qarayaxma kampaniyası aparan həmin təsisatların qaranlıq keçmişinə nəzər salmaqla ölkəmizə yönəlmiş əsassız ittihamların əslində haradan qaynaqlandığına bir daha aydınlıq gətirdi.
Həmin qurumlardan biri – Avropa Komissiyasının (AK) vaxtilə ölkəmizə qarşı yürütdüyü çirkin siyasətin müəlliflərindən olan xarici siyasət və təhlükəsizlik məsələləri üzrə keçmiş ali nümayəndəsi Cozef Borrelin dağıdıcı rolu və məkrli fəaliyyəti Azərbaycanın bu quruma olan etibarı sarsıtmaq üzrə idi.
Korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Cinayət Məhkəməsinin 2003–2012-ci illərdə prokuroru olan Luis Moreno Okampo ilə qəti şəkildə əlbir olmuş Borrelin qeyri-şəffaf fəaliyyəti AK-nın həmin dövrdə xarici siyasətinin hansı maraqlar üzərində qurulduğunu göstərir.
Okampo özü də Borrelin pul qarşılığında ona xidmətlər göstərdiyini etiraf edib, həmin pul isə rus-erməni oliqarxlarından daxil olurdu. Bu, Avropa Komissiyasında olan anti-Azərbaycan qrupunun uzun zəncirini göstərməklə, yürüdülən siyasətin birbaşa erməni lobbisinin maraqlarına xidmət etdiyini təsdiqləyir.
Ümumiyyətlə, Avropanı bağ, dünyanı isə cəngəllik adlandıran Cozef Borrel kimi qeyri-sağlam təfəkkürlü şəxsin Avropa Komissiyasının xarici siyasət kursunda yer almasının özü bu təşkilatın adına ləkə idi.
Avropa Komissiyasının hazırkı tərkibi ilə qurulan münasibətlər Azərbaycanın bu təsisatla əlaqələrində də əsaslı dəyişikliklər yaratmaqdadır. Ölkəmizin regionda müəyyənləşdirdiyi yeni siyasi kurs – enerji və tranzit həmrəyliyi Komissiyanın və Avropa İttifaqının sıx tərəfdaşlığa maraqlarını daha da artırır.
Bir neçə il əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Azərbaycana səfəri zamanı Azərbaycandan Avropaya idxal edilən qazın həcminin artırılması ilə bağlı saziş imzalanması əlaqələrin müasir kursunu təsis etdi. Ötən aylar ərzində Brüsseldən ölkəmizə bir sıra mühüm səfərlərin gerçəkləşməsi, o cümlədən martda Avropa İttifaqı Şurasının prezidenti cənab Koştanın, mayda Avropa diplomatiyasının rəhbəri xanım Kallasın və cari ayda xanım Fon der Lyayenin səfərlərləri ikitərəfli sağlam münasibətlərin qurulduğunu göstərir.
Ancaq təəssüf ki, Azərbaycanın II Qarabağ müharibəsində öz ərazi bütövlüyünü təmin etməsindən, işğala son qoymasından sonra Ermənistanın özünün belə reallıqlarla barışaraq yaxın əməkdaşlığa başlamasına baxmayaraq, Avropa Parlamenti, AŞPA kimi təsisatlar ölkəmizə qarşı ənənəvi ədalətsiz və haqsız mövqeyindən əl çəkə bilmir, növbəti iftira kampaniyaları təşkil edir.
2023-cü ilin sentyabrında legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədikdən sonra AŞPA ölkəmizə qarşı uydurma sanksiya tətbiq etdi, 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydu, səsvermə hüququndan məhrum etdi. Parlament Assambleyası bunu Qarabağda yaşayan ermənilərin hüquqları ilə əlaqələndirdi, ancaq burada sifariş və niyyət başqa idi.
İlham Əliyevin qeyd etdiyi kimi, “bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi”.
Sözsüz ki, AŞPA-nın hansı qüvvələrə bağlı olması, necə idarə edilməsinə ən yaxşı bələd olan şəxs elə məhz cənab Prezidentdir. O, 2001-ci ildə Milli Məclisin deputatı olanda Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri kimi bu təşkilatda baş verən proseslərin ən yaxşı şahidi və xatırlayan şəxsdir. Həmin dövrdə bu təşkilat fərqli idi və Azərbaycan Avropa Şurasına Qarabağ münaqişəsinin həllində, suverenliyimizin bərpasında kömək etmək istəyi və ümidi ilə daxil olmuşdu.
Ancaq AŞPA nəinki münaqişənin həllinə kömək etdi, əksinə işğalçı Ermənistanı müdafiə edərək təcavüzkar siyasətinə qarşı hüquqi addım atmadı, işğal dövründə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün dözülməz insan hüquqlarına biganə qaldı. Azərbaycan isə BMT və bütün beynəlxalq qurumlar tərəfindən tanınan öz ərazilərini işğaldan azad etdikdən sonra AŞPA Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul edib.
Ona görə də, belə bir riyakar təsisatla əməkdaşlığı davam etdirmək mənasız olduğundan Azərbaycan nümayəndə heyəti müdrik qərar qəbul edərək iclaslarda iştirakını dayandırdı. Ayrı-seçkilik edən, müəmmalı və ultimatum formasında tələblər irəli sürən bu təşkilatın hədələyici ritorikasını və məkrli davranışını qəbul etmək mümkün deyil.
Ramid Namazov
Milli Məclisin deputatı
çap et