525.Az

"Bu, praktiki baxımdan idarəetmədə şəffaflığı artıran mühüm elementdir" - Hüquqşünas


 

"Bu, praktiki baxımdan idarəetmədə şəffaflığı artıran mühüm elementdir" - <b style="color:red">Hüquqşünas</b>

 «“Vətəndaşların müraciətləri haqqında” qanuna edilmiş dəyişikliklər müraciətlərin qəbulu, qeydiyyatı və baxılması prosedurlarının daha müasir və rəqəmsal əsaslara uyğunlaşdırılmasını hədəfləyir. Dəyişikliklərə əsasən, artıq vətəndaşlar müraciətlərinə necə cavab almaq istədiklərini – elektron ünvan, poçt və ya Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə, özləri müəyyən edə biləcəklər. Bununla yanaşı, bəzi hallarda fərdi identifikasiya nömrəsi (FİN) və ya vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) təqdim edilməsi də tələb olunacaq. əsas yenilik müraciət prosesinin rəqəmsallaşdırılması və fərdiləşdirilməsidir. Bu dəyişiklik vətəndaşı prosesin passiv iştirakçısından aktiv subyektinə çevirir”. 

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bunu 525.az-a bildirib. Onun sözlərinə görə, ikinci mühüm üstünlük müraciətlərin izlənilə bilməsidir. Elektron sistemdə qeydiyyata alınan müraciətlərin itirilməsi riski minimuma enir və onların statusunun izlənilməsi mümkün olur. Bu, praktiki baxımdan idarəetmədə şəffaflığı artıran mühüm elementdir: 

“Vətəndaş müraciətin təqdim olunma tarixi və cavablandırılma müddəti ilə bağlı rəsmi elektron iz əldə edir ki, bu da gələcək inzibati və ya məhkəmə mübahisələrində onun hüquqi mövqeyini gücləndirir. Bu üstünlüklərin real nəticə verməsi sistemin icra keyfiyyətindən asılıdır”. 

Sevinc Qarayeva 
 

 





15.07.2026    çap et  çap et