525.Az

Hələ nələr deyəcəksən...


 

Hələ nələr deyəcəksən...<b style="color:red"></b>

Söz qüdrətdi, bədii söz düşüncələrin qüdrətə yönəldilməsidi. Bu və ya digər mətləbin ifadəsi olan əsərlərin təxəyyül işığı sabahlar üçündü. Oxuyursan, özünü yaxşı əsərin əhatəsində hiss edirsən. Mahiyyəti zaman anlamında dünənlərlə bağlı olanların da, sabahlarda olacaqların da. Jurnalistikada da belədi. Əsasən, publisistikada. 

Son vaxtlar yazılan belə məqalələrin başlıca yönümü vətənpərvərlikdir. Mədəniyyətdən yazılanların da, iqtisadiyyatdan, müharibədən, döyüşlərdən yazılanların da. Bu gərəkli prosesdə Əli bəy Azərinin sözü də sezilir, duyulur, görünür. Zamanında özü döyüşçü olmuşdu, tərxis edilmişdi. Sözü xalq naminə, dövlət naminə, dövlətçilik naminə tərxis edilməyib, yenə sıradadı. Bu qənaətimi onun “Nə deyim?..” kitabı da təsdiqləyir. Bu kitab bir ömürə söz işığıdı. Təfəkkürün işığıdı, onun haqqında yazılanların işığıdı, bir də vətənpərvərliyin işığıdı... 

Mən də Zəngilanlıyam, Əli də, mən də zabit kimi xidmət etmişəm, Əli də, mən də Zəngilanda xidmət etmişəm, Əli də, mən də jurnalistika ilə məşğul oluram, Əli də, mənim də məqalələrim Vətəndən barınır, Əlinin də. Bu baxımdan özü könlümə yaxın olan bir yazıçı-jurnalistin kitabını da ruhumun doğması bildim...

“Nə deyim?”in başlıca mahiyyəti söz əsgərləri haqqında sözdü; özü də sözün əsgəridi və kitabda Əli bəy Azəri haqqında da işıqlı fikirlər könüləyatımlıdı...

“Son qor, son qığılcım qalana qədər...” məqaləsi Azərbaycanın tarixinə, deməli Azərbaycana heysiyyətin sözlə ifadəsidir. Sözə söykək kimi xatırlananlar dünyanın etiraf etdiyi gerçəkliklərdir. Əli bəy Azərinin qənaəti (“...İraqın, Suriyanın, İranın, Türkiyənin, Əfqanıstanın, Özbəkistanın və Rusiyanın ərazilərinə qatılan məmləkətlər bir vaxtlar Azərbaycanın əraziləri olub. Azərbaycan olub. Zaman-zaman qonşu dövlətlərin gücü ilə paralanan Azərbaycan ərazisində son olaraq XX əsrin əvvəllərində Ermənistan dövləti yaradılıb. Elə həmin vaxtdan da dünya əlində dəyənəyə çevirdiyi Er mənistan vasitəsilə Azərbaycanı döyəcləyir...”) bir əsrdən də çox çəkən milli qarşıdurmaların, milli münasibətlər müstəvisində döyüşlərin, müharibələrin siyasi-hərbi anatomiyasının annotasiyası kimi oxunur. Ermənistanın Azərbaycandan ərazi iddiası, iddanın nəticəsi olan ədalətsiz müharibə, döyüşlər, Ermənistanın hücumları, təxribatları. ... haqqında Əli bəy Azərinin yazdıqları Azərbaycan mət buatının əsgərləşmiş sözü kimi tarixləşib. 

90-cı illərdə başlayan, Ermənistanın siyasi, hərbi havadarlarının köməyi ilə apardığı müharibə Birinci Qarabağ müharibəsi adlandırıldı. Həmin vaxtlarda Azərbaycan Ordusu yaradıla-yaradıla for- malaşırdı, formalaşa-formalaşa yaradılırdı. Və formalaşa-formalaşa döyüşürdü. Yaradılan ərazi özünümüdafiə taborları düşmənin hücumlarının qarşısını ala bilsə də bu, yetərli deyildi. Düşmənlə əhali də döyüşürdü, milislər də. Belə bir şəraitdə Zəngilan taboru rayonun Ermənistanla sərhədini müdafiə edirdi. Əli bəy Azəri bu prosesin də təsvirini sözlə verib. Bu təsvir həm də Azərbycanda elan edilmədən başlamış müharibənin tarixi məqamlarının ifadəsidir: “Ərazi özünümüafiə taborunun mart 1992-ci ildə Müdafiə nazirinin birbaşa tabeçiliyindən ayrılaraq Füzuli rayonunda fəaliyyət göstərən briqada qərargahına, avqust 1993-cü ildə isə Qubadlı rayonunda fəaliyyət göstərən briqada qərargahına tabe edilməsi döyüşçülər arasında çaşqınlıq yaratmağa başladı. Qeyd etmək lazımdır ki, hər iki briqada istər idarəçilik, istərsə də nizam-intizam baxımından Zəngilan rayonunda olan döyüş səviyyəsindən, nizam-intizamdan və idrəçilikdən qat-qat aşağı səviyyədə idi. Həmin dövrdə hər iki rayonda beş motoatıcı taborun fəaliyyətdə olmasına baxmayaraq briqada qərargahı tez-tez Zəngilan rayonuna müraciət edir, komək göndərilməsini tələb edirdilər. Bu da döyüş hazırlığına mənfi təsir göstərirdi...”     

 Bu qeydlər Azərbaycanda ordu quruculuğu ilə bağlı xidmətdə olmuş zabit qeydləri kimi də dəyərləndirilə bilər. Bu zabit qeydlərini həm də təkcə tarixi faktlar kimi deyil, publisistik söz kimi təqdim edir. Hansı daha dəyərlidir? Biri ordu quruculuğunun tarixinə xidmətdə olan zabit münasibətidir, digəri vətəndaş-jurnalist münasibəti. Bu baxımdan SÖZ həmin faktın fövqündə dayanır. Niyə? – Əli bəy Azəri bu “niyə”nin cavabını oxucunun öz düşüncələrinə təslim edir. Və haqlıdır. “Nə deyim?..” deyir ki, oxucu desin... 

 “Ahın dağlara, dağlara...” məqaləsi Zəngilanın işğalının 25 illiyinə yazılıb. 25 il Əli bəy Azərinin qəlbinin göynəyi olan məqalədi. Sevgidi bu məqalə, sevgi fonunda təəssüf çalarları da var, inam işığı da. O inam da, o işıq da Zəngilanın qədim tarixinə heysiyyətdi, həm də sabahlarının yolunun səmtini nişan verir. Bu təəssüfün Şəhri-Şərifanın timsalında verilməsi isə qəbuledilən (və bəyənilən!) rəmzdi: “Şəhri-Şərifanın sorağı birinci minilliklərdən gəlir. Babək zamanında bir müddət ölkənin mərkəzi şəhərinə çevrilib. Səkkizguşəli sərdabə abidə kompleksinin qalıqları vardır. Deyilənə görə, yeraltı yolu Həkəri çayının altından keçməklə qarşı tərəfdə yerləşən Məmmədbəyli kəndindəki Türbəyə çıxırdı. Tədqiqat aparılmayıb...”. Təəssüf budur. Əli bəy Azərinin təəssüfü Zəngilanı (Azərbaycanı) sevənlərin təəssüfüdür... 

Əli bəy Azərinin Vətən anlayışı bütün vətənsevərlərin düşüncələriylə səsləşir. Vətən üçün sərhəd məfhumunu ruh müəyyənləşdirir. Ruhun müəyyənləşdirdiyi sərhəd tarixin gizlinclərində də var, o sərhədləri tanımağa da, milli-mənəvi dəyərləri ayırmağa, ayrı salmağa o sərhədlərin gücü çatmır. Bu baxımdan tarixin neçə yüz illərinin o üzündə qalanlarda da bu gün ruhunda yaşayan işığın izlərini görmək böyük vətənsevərlikdir. “Nə deyim?..” kitabında bu tezisin də izləri duyulur, görünür.

 Dərbəndi müqəddəs şəhər adlandıran (bəlkə də bu dərkə görə Dərbəndə sevgisi də müqəddəsləşən!) Əli bəy Azərinin “Dəmirqapı Dərbəndim” məqaləsi janr baxımından yol-səyahət qeydləri olsa da etnoqrafik çalarları ilə də diqqəti çəkir: “Dərbənd Azərbaycanın paytaxtı Bakı şəhərinin 250 kilometrliyində yerləşir. Üzü şimala sağdan Xəzər dənizi, soldan isə Böyük Qafqaz sıra dağlarından Çalqan dağ silsiləsi ilə əhatə olunur. Çox güman ki, Dərbənd etimologiyaya görə Dar və Bərə, yaxud Dar və Bənd sözlərinin birləşməsindən əmələ gəlib, dilin diffuziyası sayəsində Dərbənd kimi formalaşıb. İstər şimaldan cənuba, istərsə də cənubdan şimala yürüş etmək üçün hökmən bu dar bənddən keçmək məcburiyyətində qalıblar”. 

Əli bəy Azərinin tarixi hadisələr müstəvisində yazılan “Dəmirqapı Dərbəndim” məqaləsində qürur, ehtiram, ruh zərrələri də müşahidə olunur. Bu zərrələr də sevgidi, bu sevgidə sezilməsi çətin olmayan bir sorğu da var. Kimdən? – oxucu müəyyənləşdirməlidi; “Narın qala adlansa da bura bir qala deyil, bütöv bir qalalar sistemidir” qənaətində də bu sorğunun çalarları duyulur...

 Əli bəy Azərinin “Nə yaman dəyişib azman yerişim” məqaləsi Zəngilanlı şair Məhərrəm Mahinin şəxsiyyətinə və yaradıcılığına ehtiramın ifadəsidir və bu, vətəndaşlıq borcu kimi duyğusallıqla yazılıb. Oçerk-müsahibə də (janrı müəllif belə müəyyənləşdirib) bir təsəlliyə söykənir: azman yeriş yavaşıya bilər, dolaşmaz, azman yerişli kişinin sözü (bədii sözü) dəyişməz. Yenə əvvəlki salğarındadı, əvvəlki urvatındadı. Bu, ustadlıqdı! Yeriş yiyəsinin də ustalığıdı, yeriş yiyəsini bu səmimiyyətlə təqdim etmək də... 

Hər kitabın özünün yerinə yetirdiyi söz məsuliyyəti, söz missiyası var. Hər oxucu bu məsuliyyəti, bu missiyanı öz dünyaduyumuna, öz dərkinə görə müəyyənləşdirir. Bu və ya digər kitab haqqında oxucu (sərraf oxucu!) fikirləri istər əsərin (kitabın) ideya istiqamətlərinin, istərsə də əsərin (kitabın) bədii məziyyətlərinin (dəyərinin) işığının yolgöstərəninə dönür (buna rəy də deyirlər) . Əli bəy Azəri də Azərbaycanda çağdaş ədəbi prosesi məsuliyyətlə (ehtiramdan barınmış məsuliyyətlə) izləyir. Bu məsuliyyət (ehtiram) çağdaş ədəbiyyatımıza sevgidi. Oxuduğu, ədəbi prosesə yük olmadığına əmin olduğu kitablar haqqında rəylər də yazır. “Başsız qalan yurd yerləri sorağında” məqaləsi də, “Bu dünya yatanı oyadan deyil” məqaləsi də, “Niyə məhz kəpənək ömrü?” məqaləsi də düşündürücüdü, milli mənəvi dəyərlərə söz işığıdı. “Alovun şölələri sifətləri qarsıdır” məqaləsi gerçəkliyə gerçək münasibətin publisistik düşüncələrinin işığıdı. Nədi bu gerçəklik? – ədəbi prosesə qoşulan həvəslərin, nəfəslərin mövcudluğu, həm də əyalətdə. Nədir gerçək münasibət? – bu həvəslərə, nəfəslərə yaradıcılıq xeyir-duası vermək niyyəti. “Almanax jurnal deyil, məcmuədir, dərgidir, topludur. Müxtəlif müəlliflərin eyni mövzu və janrda yazılmış bədii, elmi əsərlərindən ibarət qeyri-dövri buraxılışıdır” deyən Əli bəy Azərin bu məqaləsi “Qızıl Zəngilan” almanaxının təəssübkeşliyidi, bu təəssübkeşlik SÖZə ehtiramdı, çağdaş ədəbiyyatımıza sayğıdı: “Qızıl Zəngilan” almanaxının yaranmasında məqsəd zəngilanlı yazarların yaradıcılığı ilə oxucuları geniş müstəvidə tanış etməkdir. Eyni zamanda, fürsətdən istifadə edib rayonun füsunkar təbiəti, coğrafi relyefi, toponimləri, ədəbi üsluba yaxınlığı ilə seçilən yerli camaatın dili, şəhidləri, qəhrəman döyüşçüləri, tanınmış simalrı haqqında məlumat mübadiləsi aparmaqdır”. Bu missiya “Qızıl Zəngilan”ın, ruhunu (SÖZə vurğunluğunu) “Qızıl Zəngilan”a da ad eləmək Əli bəy Azərinin ömür missiyasıdı. Bunlara dəyər vermək isə oxucuların... 

Məqalə yarımbaşlıqlar formatında hazırlanıb, könüləyatımlıdır, düşündürücüdür. Mənim könlümü “Vətəndən kənarda da vətənpərvər yetişdirmək olar” telləndirdi. Həm də bu qətiyyətin inamına inandım... 

Əli bəy Azərinin “Hərbi Zəngilan” kitabı nəşr edilib. Zəngilanın müharibə tarixi kimi oxunmalıdır. Özünün də xidmət etdiyi o illərdə olmuşlar haqqında danışmaq, olmuşları xatırlamaq onun üçün həm vətəndaş, həm də hərbçi məsuliyyəti, məsuliyyətə söykənən borc olub. Bunlar yazıçının (jurnalistin) sonrakı yaradıcılığında da davam etdirilib. İstər verdiyi müsahibələrdə, istər bu və ya digər əsər haqqında fikir bildirəndə, istərsə də sosial düşüncələrində... 

Əli Qurban oğlu Rzaquliyev (sözün Əli bəy Azərisi) 1966-cı il iyulun 15-də Zəngilanın Vejnəli kəndində anadan olub. Orta məktəbi 1983-cü ildə bitirib, 1984-cü ildə Xarkov şəhərində Qvardiya Ali Hərbi Tank Komandirləri məktəbinə daxil olub, 1988-ci ildən 1992-ci ilə kimi Kiyev, Şimali Qafqaz, Zabaykalye Hərbi Dairəsində xidmət edib. Rusiyaya sədaqət andı içmədiyinə və Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığına görə öz xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına göndərilib. 1992-ci ildən 2002-ci ilə kimi Zəngilanda və digər hərbi hissələrdə xidmət edib. Haramı döyüşlərinin iştirakçısıdır. Mayor hərbi rütbəsi ilə tərxis edilib... 

Zamanında respublikamızın qəzet və jurnallarında, “Krasnaya Zvezda” qəzetində məqalələri, “Oğul” pyesi 2019-cu ildə “Rusiya ədəbiyyatı” jurnalında dərc olunub. “Qərbin qərbi”, “Rəsmi Bakı” qəzetlərinin baş redaktoru olub. ”Xəzan” jurnalının baş redaktorudur...

Əli bəy Azərinin 60 yaşdan sonrakı yaradıcılığının da işıqlı olacağına əminik. Əli bəy bu gün “Nə deym?..” deyir, zaman anlamında qürurla “Nə dedim, nələr dedim!” deyəcək!.. 

Bayram MƏMMƏDOV, 

İstefada olan polkovnik-leytenant,

Əməkdar müəllim

 





15.07.2026    çap et  çap et