525.Az

“15 İyulda Azərbaycan ilk andan Türkiyənin yanında oldu” - Səfir 


 

“15 İyulda Azərbaycan ilk andan Türkiyənin yanında oldu” - <b style="color:red">Səfir </b>

"Bu gün biz Fətullahçı Terror Təşkilatı (FETÖ) tərəfindən seçilmiş hökumətimizə, parlamentimizə və bilavasitə millətimizin iradəsinə qarşı həyata keçirilən xain çevriliş cəhdinin onuncu ildönümü münasibətilə burada toplaşmışıq. Həmin qaranlıq gecədə Vətən uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalan 251 Vətən övladını rəhmətlə anır, qəhrəman qazilərimizə isə minnətdarlığımı bildirirəm”.

525.az xəbər vetir ki, bunu Azərbaycan İstiqlal Muzeyində “15 iyul - Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım proqramında Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib. 

O bildirib ki, 2016-cı il iyulun 15-i gecəsi dövlətimizin ən həssas qurumlarına nüfuz etmiş xain bir qurum konstitusiya quruluşunu pozaraq ölkəmizi xaosa salmağa çalışdı. Təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında özünü maskalayan bu beynəlxalq cinayətkar təşkilat təkcə Türkiyə üçün deyil, həm də fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdidi yaradır. Təşkilat daxilindəki son açıqlamalar bu məkrli, kult tipli strukturun əsl simasını bir daha açıq şəkildə ortaya qoydu.

Diplomat söyləyib ki, FETÖ təkcə təbliğat yolu ilə deyil, həm də məkrli planlar, aldatma və casusluq yolu ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır. Unutmaq olmaz ki, Türkiyə bu qurumun yeganə hədəfi deyil. Xüsusilə xaricdə məkrli planları ilə idarə olunanlar dostluq adı altında aramıza soxulur, nüfuz qazanmağa çalışır və öz çirkin məqsədlərinə xidmət edən fəaliyyətlərdə davam edirlər. Hamımız onlara qarşı daim ayıq-sayıq olmalıyıq. 15 iyul prezident Ərdoğanın liderliyi ilə demokratiyanın, milli iradənin və müstəqil dövlətin, millətin şanlı zəfəridir.

“Biz 15 İyulda xain terror təşkilatı tərəfindən düzənlənən dövlət çevrilişi cəhdini ilk andan etibarən ən sərt şəkildə qınayan, ölkəmizin yanında möhkəm dayanan Prezident İlham Əliyevə, qardaş Azərbaycan xalqına və dövlətinə minnətdarıq. Həm o qaranlıq gecədə nümayiş etdirdikləri mövqe, həm də sonrakı yüksək səviyyəli qurumlararası əməkdaşlıq vasitəsilə "Bir millət, iki dövlət" şüarını bir daha möhkəmləndirən bütün Azərbaycan hakimiyyətinə minnətdarlığımızı bildiririk”, - səfir deyib.

Pərvanə Sultanova

 





15.07.2026    çap et  çap et