"Azərbaycanın şimal bölgəsi tolerantlıq və multikulturalizm baxımından bir modeli sayıla bilər".
525.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
G.İsmayılov bu gün din mövzusunun xüsusilə, rəqəmsal mühitdə ən aktual mövzulardan biri olduğunu bildirib: "Eyni zamanda, həssas mövzudur. Bu da həm cəmiyyətin həssaslığı, həm də sabitliyin qorunması baxımından media ilə dini qurumların, o cümlədən, dini icmaların və din xadimlərinin sıx əməkdaşlığını, birgə fəaliyyətini zəruri və qaçılmaz edir".
Sədr müavini konfransda müsəlman deyil, həm də sinaqoqlarda və kilsələrdə fəaliyyət göstərən din xadimlərinin iştirak etdiyini də qeyd edib:
"Azərbaycanın şimal bölgəsi tolerantlıq və multikulturalizm baxımından bir modeli sayıla bilər. Bu coğrafiyada həm müsəlmanlar, həm xristianlar, həm də yəhudi icması yaşayır. Media nümayəndələri həm məscidlərdə, həm sinaqoqlarda din xadimlərinin fəaliyyəti, ümumilikdə isə bu ibadət evlərinin işi ilə tanış ola biləcəklər. Əsas məqsədimiz həssas bir sahə olan dini məsələlərin rəqəmsal mediada, ümumiyyətlə, mətbuatımızda müzakirəsinin hansı kontekstdə aparılmasıdır. Eyni zamanda, məsuliyyətin doğurduğu bu həssaslığın obyektivliklə sərhədlərini birlikdə müzakirə etməyə çalışacağıq".
"525"
çap et