"Biz bu gün fərqli bir müstəvidə, fərqli bir dövrdə yaşayırıq".
525.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov hazırda Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: Dini sabitliyin qorunmasında birgə məsuliyyət” adlı konfransda səsləndirib.
R.Məmmədov komitənin Azərbaycanda həyata keçirdiyi layihələrin bir neçə əsas məqsədinin olduğunu bildirib: "Onlardan biri milli-mənəvi dəyərlərimizin qorunmasıdır. Digər məqsəd dini tolerantlığın, həmrəyliyin və ictimai sabitliyin möhkəmləndirilməsidir. Bununla yanaşı, dövlətimizin həyata keçirdiyi rəqəmsallaşma siyasətinə uyğun olaraq Dövlət Komitəsinin və tabeliyində fəaliyyət göstərən qurumların rəqəmsallaşdırılması, eləcə də maarifçilik fəaliyyətinin daha da gücləndirilməsi əsas prioritetlərimizdəndir. Ümumilikdə isə bu layihələrin başlıca məqsədi Azərbaycanda həyata keçirilən və unikallığı ilə seçilən dövlət-din siyasətinin, eləcə də dünyəvilik prinsiplərinin bir-birini tamamladığını nümayiş etdirməkdir".
Komitə sədri Qusarın dövlət-din siyasəti baxımından daim diqqət mərkəzində saxladıqlarını bölgələrdən biri olduğunu qeyd edərək, bunu yalnız bölgənin həssaslığı ilə deyil, eyni zamanda dini və etnik müxtəlifliyi ilə bağlı olması ilə əlaqədar olduğunu söyləyib.
"Bu layihələr və təşəbbüslər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən dövlət-din siyasətinin müasir, innovativ və gələcəyə hesablanmış təqdimatıdır" - deyə, fikrinə davam edən R.Məmmədov Azərbaycanda mövcud olan məscidlərin tarixən yalnız ibadət məkanları olmadıqlarını, onların eyni zamanda elm və maarif mərkəzləri kimi fəaliyyət göstərdiyini, insanlarımızın burada maarifləndiyini, ziyalı kimi formalaşdıqlarını da bildirib.
"525"
çap et