525.Az

Böyük Qayıdış: uğurlu dövlət proqramı, yeni parlaq nəticələr


 

Böyük Qayıdış: <b style="color:red"> uğurlu dövlət proqramı, yeni parlaq nəticələr</b>

Prezident İlham Əliyev iyulun 11-də Şuşaya səfərli çərçivəsidə Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən işlərlə tanış olub. Qeyd edək ki, Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı 10 bina inşa edilib. Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir.

Dövlət başçısı həmçinin Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub. "Yasəmən" hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilib. Orijinal görkəminə uyğun üslubda bərpa edilən "Yasəmən" hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə "Yasəmən" hotelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri görülüb.

Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb. Bərpadan əvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb. Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.

Eyni zamanda Prezident İlham Əliyev Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb. Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.

Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Xatırladaq ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.

Millət vəkili Fatma Yıldırım deyir ki, İlham Əliyevin Şuşada böyük tarzən, Azərbaycan tar məktəbinin banisi Sadıqcanın ev-muzeyinin açılışında iştirakı dərin rəmzi məna daşıyır. Bu hadisə bir daha göstərir ki, Qarabağda aparılan quruculuq işləri yalnız yolların, binaların və yaşayış məntəqələrinin tikintisi ilə məhdudlaşmır. Burada xalqımızın tarixi, mədəniyyəti və milli ruhu yenidən bərpa olunur. Bu böyük missiyanın həyata keçirilməsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyəti xüsusi təqdirəlayiqdir: "Son illərdə Qoruq tərəfindən Şuşanın tarixi-memarlıq irsinin qorunması, tarixi məhəllələrin, abidələrin, görkəmli şəxsiyyətlərin ev-muzeylərinin, mədəniyyət ocaqlarının və memarlıq nümunələrinin elmi əsaslarla bərpası istiqamətində görülən işlər şəhərin əsl simasının yenidən özünə qaytarılmasına xidmət edir. Şuşanın hər daşına, hər küçəsinə və hər tarixi abidəsinə göstərilən həssas münasibət dövlətimizin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymətin bariz nümunəsidir. İşğal illərində dağıdılmış, talan edilmiş, milli kimliyimizi hədəfə alan vandalizm aktlarının izləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyası çərçivəsində silinir. Şuşada ard-arda bərpa olunan tarixi abidələr, açılan muzeylər, yenidən həyat qazanan məhəllələr, inşa edilən yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və müasir infrastruktur bir həqiqəti təsdiq edir: Qarabağ artıq quruculuğun, inkişafın və dirçəlişin ünvanıdır. Sadıqcanın ev-muzeyinin yenidən qapılarını açması isə xüsusi qürur doğurur. Çünki Şuşanı Şuşa edən təkcə onun daş divarları deyil, yetişdirdiyi dahilərdir. Bu şəhər Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Sadıqcanın ruhunu yaşadan əbədi mədəniyyət beşiyidir. Bu gün Şuşada görülən işlərə baxdıqca aydın görünür ki, cənab Prezidentin rəhbərliyi ilə Qarabağ sadəcə bərpa edilmir, əvvəlkindən daha möhtəşəm şəkildə yenidən qurulur. Dünyada işğaldan azad olunmuş ərazilərdə bu qədər qısa müddətdə belə genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirilməsi nadir nümunələrdəndir. Şuşada açılan hər bir muzey, bərpa olunan hər bir tarixi abidə, ucaldılan hər bir bina gələcək nəsillərə verilən ən dəyərli mesajdır: Azərbaycan öz tarixinə sahib çıxan, mədəni irsini qoruyan və onu gələcəyə daşıyan qüdrətli dövlətdir. Məhz bu uzaqgörən siyasətin nəticəsidir ki, Şuşa bu gün yenidən Qafqazın mədəniyyət paytaxtı kimi öz əzəmətini dünyaya nümayiş etdirir".

Millət vəkili Kamran Bayramovun fikrincə, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri parlaq nəticələr verməkdədir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər və genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradıb. Hazırda azad olunmuş bir çox ərazilərdə keçmiş məcburi köçkünlər məskunlaşıb. Bununla yanaşı, bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə mütəxəssislər - müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar, turizm işçiləri və ictimai xidmət əməkdaşları daimi əsaslarla burada çalışır və yaşayır. Ümumilikdə, minlərlə insan artıq bu ərazilərdə həyatına davam edir ki, bu da Böyük Qayıdış prosesinin yalnız başlanğıc mərhələsi olmaqla yanaşı, real və davamlı uğurların əyani təsdiqidir. Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət və vətəndaş rifahı modelinin bir parçasıdır".

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan xalqının sarsılmaz iradəsini Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında aydın şəkildə görürük. Hər zaman irəlini hədəfləyən, strateji baxışla gələcəyə hesablanmış addımlar atan Azərbaycan bu gün təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi tanınır: "Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və inkişaf proqramları, "Böyük Qayıdış" çərçivəsində reallaşan sosial layihələr, beynəlxalq sülh və əməkdaşlıq təşəbbüslərindəki fəal iştirak ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, onu yeni dövrün çağırışlarına cavab verən güclü və müasir dövlət kimi formalaşdırır".

Sevinc QARAYEVA

 





17.07.2026    çap et  çap et