525.Az

Muzeylər gözəllik və bilik məbədidir - Telman Orucov yazır


 

Muzeylər gözəllik və bilik məbədidir - <b style="color:red"> Telman Orucov yazır</b>

(Əvvəli ötən cümə sayımızda)


Diqqəti cəlb edən dini mövzudakı rəsm əsərlərindən biri "Müqəddəs Sebastyan" tablosudur. Bu səhnənin təsviri italyan Renessansının böyük əsərlərindən biri hesab olunur. Sarayın mühafizəsində xidmət edən Sebastyan Roma imperatoru Diolektian (b.e.243-316-cı illər) tərəfindən sadə əsgərlikdən komandir vəzifəsinə təyin olunmuşdu. Lakin o, bir sədaqətli xristian kimi inancına görə təqib olunan dustaqları müdafiə etdiyindən, özü ölüm cəzasına məhkum edilmişdi. Cəza kimi oxatanların atdığı oxlar onun bədənini tikanlar kimi örtmüşdü. Andrea Mantenyanın 1480-ci ildə çəkdiyi bu tabloda onun bədəninə sancılmış oxların sayı-hesabı yoxdur. Ona görə də sonralar Xristian kilsəsi onu Müqəddəslər siyahısına daxil etmişdi.

Luvrda həmçinin Sandro Bottiçellinin (Aleksandro Filipepinin) 1483-85-ci illərdə çəkdiyi "Gənc qadın Veneranın və üç qratsiyanın hədiyyələr verməsi" freskası nümayiş etdirilir. Görkəmli Florensiya rəssamı həm də hersoq Lorentso Mediçinin dostu idi, Leonardo da Vinçi isə onunla dostluğa nail ola bilmədiyindən, doğma şəhərini tərk edib, Milana köçmüşdü və hersoq Sfortsanın himayəsinə qısılmışdı.

Bottiçellinin daha məşhur əsərləri olan "Primovera" və ya "Bahar alleqoriyası" və "Veneranın doğulması" isə vətənindəki Uffutsi qalereyasında saxlanır və nümayiş etdirilir. Orada muzeyə gedənlər bu tablolar qarşısında heyrət və təəccüblərini gizlədə bilmirlər.

Gözəllik Bottiçelli rəngkarlığının ürəyini təşkil edir. O, özünün humanist baxışlarını əsərlərində ifadə etməyə müvəffəq olurdu. "Biliyə məhəbbətin" ilahəsi olan Venera kişilərin könlünə ölməzlik hədiyyəsi vermişdi. Onun əsərində qratsiyalar sevinc vermənin və almanın alicənablığını nümayiş etdirirdilər. Luvrdakı freska da ideal gözəlliyə nail olmuş gənc qadını təsvir edir, tabloda minnətdarlıq hissi ilə rəsmləri çəkilmiş fiquralar bu ideala olan yüksək baxışlara da yaxındır.

Rəssam Albrext Dürerin "Əlində qanqal çiçəyi tutan rəssamın portreti" əsəri də maraq doğurur. Dürer Almaniyanın milli xəzinəsi hesab edilirdi. Qanqal isə sədaqət rəmzi kimi göstərilsə də, bəlkə də Qolqofaya çarmıxa çəkilmək üçün aparılan Xristin başına, çarlığına istehza əlaməti kimi qoyulmuş tacın tikanlarını təcəssüm etdirirdi. Qanqal ehtiras simvolu rolunu da oynaya bilərdi. Onu da qeyd etmək lazım gəlir ki, qanqal çiçəyi şotlandların milli rəmzi rolunu oynayır.

Luvrun eksponatları arasında Leonardo da Vinçinin "Mona Liza" ("Cokonda") əsərindəki qadın obrazı ingilislərin təbirincə "Superstar" - (tərcümədə "Ali ulduz" mənasını verir) hesab olunur. Rəssam bu əsəri 1503-19-cu illərdə yaratmışdı. Dünyanın hər yerindən muzeyə gələn turistlər "Mona Liza"nı görməyə tələsir və portretin qarşısında toplanan böyük dəstə əsərə heyranlıqla baxmaqdan aldıqları mənəvi həzzi kəsmək istəməyib, onu tərk etmək istəmirlər. Elə təsəvvür yaranır ki, onların çoxu muzeyə yalnız da Vinçinin həmin incisini seyr etməyə, onu öz şüurlarına pozulmaz naxış kimi həkk etməyə gəlmişlər. Çoxları bu universal ikonanın fotoşəklini çəkməkdə rahatlıq tapa bilir.

Əsərdəki model gülümsəyir, ancaq heç kəs anlaya bilmir ki, bu gülüş xoş münasibətimi, ya da istehzanı ifadə edir. Lakin hamı bu qadının gözəlliyinə, həm də təsvirin detallarının mənasına, portretin arxasında təsvir olunmaqla nəzərə çarpan təbiət mənzərəsinə də valeh olur. Rəssam Corcio Vazarinin yazdığı kimi, bu möcüzəli şey həyatdan heç də fərqli olmadığını göstərir.

Tablonu 1518-ci ildə Fransa kralı I Fransisk almaq istəmişdi. Lakin yeddi il sonra italyan şəhəri Paviada məğlub olan kral şəxsi faciəsini də yaşayaraq, ispan kralı I Karla (Müqəddəs Roma imperatoru kimi o, V Karl kimi tanınırdı) əsir düşmüş, xeyli müddət Madriddə dustaq həyatı yaşamışdı. Lakin I Fransisk, ümumiyyətlə arxitektura məsələlərinə də xüsusi diqqət verirdi, Fontenblo sarayını tikdirmişdi.

Günəş kral XIV Luinin dövründə "Mona Liza" Versal sarayında kralın mənzilində divardan asılmışdı. Napoleon Fransanı idarə etdikdə, həmin əsər onun yataq otağını bəzəmişdi və imperator onu Luvra bağışlamışdı.

Jorj Sand kimi yazıçılar da Leonardo da Vinçinin universal dühasına böyük maraq göstərmişdilər. Xüsusən qadının sirli təbəssümü hamıda təəccüb hissləri doğururdu. Təbəssüm əslində bir anlığa tutulması mümkün olmayan mimika təsiri bağışlayırdı. Portreti seyr edənlər onun ağız nahiyəsinə tamaşa edəndə, həmin an rəsmdə təsvir olunan qadının dodaqlarının ifadəsi dəyişirdi. Rəssam bunun üçün ilk dəfə rəngin kölgəsindən istifadə etmişdi. Sfumato effekti (rəssamın özünün icad etdiyi "tüstü" üslubu, əşyaları azacıq tüstü əhatəsində göstərmək qaydası) bu möcüzəli ifadə tərzini təsvir etməyə imkan verirdi.

Mona Lizanın dodağına və ya üzünə diqqətlə baxdıqda, təbəssüm barədə hərəkət və ya işarələr barədə müəyyən maraq düşüncəsi yaranır.

Adam tablo qarşısında sağa və ya sola hərəkət etdikdə, elə bil ki, Mona Liza da tamaşaçını izləməyə başlayır. Bir sözlə, bu qəribə əsərin təsvir etdiyi qadın müəmmalarla, sehrlə dolu idi, onlardan baş çıxarmaq, araşdırmağa girişmək də asan məsələ deyildi. Başlıca möcüzə təbəssümün mənasını izah etməyin çətinliyində idi. Fiqura, ya stereotipə çevrilirdi ("Cokonda"nın mənası "xoşbəxtlik" kimi tərcümə olunur) və ya model rolunda çıxış edən vaxt hamilə olmasından qadının özünün şad olduğunu ifadə edirdi. Həm də ona diqqət verilir ki, üzün ölçüsü, forması oval olması ilə seçilir, rəssam hazırladığı mesajı gizlətmək üçün həndəsi ölçücülərə də əl atır.

Tarixdə rəssamlığı ilə Rafael kimi tanınan Rafaello Santso Urbinonun "Gənc baptist İoannla birlikdə, Madonna və uşaq" rəsmi dahi sənətkarın digər məşhur əsərləri ilə, xüsusən Drezden qalereyasındakı "Sikstin Madonnası" kimi füsunkar tablosu ilə müqayisədə nisbətən kölgədə qalsa da, muzeyə gələnlərin böyük marağına səbəb olur. Qısa ömür sürmüş (o, 1520-ci ildə 37 yaşında ölmüşdü) Rafael Renessansın uğurlar zəmisini xeyli zənginləşdirmişdi.

(Leonardo da Vinçinin "Mona Liza" əsəri)
 

"La Bella Jardiniera" kimi daha çox məşhur olan bu əsərdəki obraz Rafaelin təsvir etdiyi ən gözəl madonnalardan biridir. Əsər 1508-ci ildə yaranmışdır. Rənglərin parlaqlığı və işıq, bədənlərin və gözlərin hərəkəti düşüncəsi o dövrə məxsus olan xarakterik xüsusiyyətlərdən biri idi. Bu rəsm əsəri özünün xüsusi harmoniyası ilə seçilir. Mənzərə və arxitekturanın təsviri də əsərin dəyərinin yüksəlməsinə xidmət edir.

Həmin vaxtlarda Florensiya rəssamlığı səhnəsində Leonardo da Vinçi yüksək təsir gücünə malik idi. Onun "Bakirə və uşaq, müqəddəs Anna ilə birlikdə" tablosu gənc rəssamlar üçün model rolunu oynayırdı. Hər iki rəssam - həm Rafael, həm də da Vinçi Bakirənin paltarını sadə üslubda təsvir etmişdilər. Rafaelin istifadə etdiyi mənzərə və işıq bədənin hissələrini  təsvir etməklə, hadisənin dinc şəraitdə baş verdiyini göstərirdi.

Titsianın "Çoban konserti" əsərində (1509-cu il) dörd nəfərin çəmən üzərindəki konsertdə iştirak etdiyi təsvir edilir. Gənc oğlan əlində musiqi aləti olan öz lyunyasını tutmuşdur, qız fleytasını çaldığı vaxt təsvir olunur, digər qadın isə hovuza su tökməklə məşğuldur. Arxa tərəfdə göstərilən çoban öz sürüsünü otarır. Görən bu, çoban səhnəsidirmi? Əsər, şeir və musiqi üçün, əslində bir alleqorik forma təklif edir. Təqdimatın belə stimuliyasiyası görünən xarakter daşımaqla, həm də görünməyəndir. Çılpaq qadın gözəllik idealı olmaqla, iki musiqiçinin təxəyyülündən sıçrayıb çıxmışdır. Bu fiquralar arasında harmonik münasibət də mövcuddur.

Tablonu müşahidə edəndə digər hipotezalar ağıla gəlmir, əksinə, diqqətlə edilən seyr imkan verir ki, Venetsiya humanist dövrəsindən çıxan incəsənət növü qiymətləndirilə bilsin. Rəssama, təşəbbüs göstərən dostu bu barədə məsləhət vermişdi, onun təklifini Titsian da özünün "Çoban konserti" əsərində icra etmişdi.

Leonardo da Vinçini son incisi olan "Bakirə və uşaq, Müqəddəs Anna ilə birlikdə" tablosu olduqca böyük təsir gücünə malikdir. Bu əsər rəssamın bütün ömrü boyu öyrəndiyi anatomiyanı, rəsmdə sanki kristallaşdırmışdır. Burada həm də güclü iradə, botanika, geologiya nümunələri, suyun hərəkəti və perspektiv nəzərə çarpır. Əsər olduqca ambisiyalı bir kompozisiyadır və həmin dövrün ən nüfuzlu Florensiya tablolarından biri idi.

X əsrdən başlayaraq, fransiskianlar da daxil olmaqla xristian ordenləri düşünürdülər ki, Mariya həqiqətən bakirə olanda, məhz Müqəddəs ruhdan hamilə qalmışdır. Bu konsepsiya ilə həm o vaxt, həm də indi razılaşmayanlar da vardır və onlar iddia edirlər ki, iki cinsin intim yaxınlığı olmadan ana bətnində uşaq meydana gələ bilməz. XV əsrdə isə, teoloji arqumentlərə əsaslanan ideyada təkcə Mariyanın deyil, onun anası Annanın da mömin qadın olması fikri təsdiq edildi və onların kultunun çiçəklənməsi sahəsindəki dalğa, dini ehkamlara əlavə olundu. Onların populyarlıq qazanmasında rəssamlar olduqca fəal iştirak etdilər. Bu onlara üç nəslin nümayəndələri olan nənə Annanı, ana Mariyanı və körpə İisusu əsərlərində təsvir etməyə imkan verdi.

Leonardo ilk dəfə bu müxtəlif yaş həddində olan konfiqurasiyaları birləşdirməyə müraciət etmək qərarına gəldi. Əsərdə körpənin əlinin toxunduğu quzu, özünü qurban vermək üçün bu üçlüyün yanına gəlmişdir. Rəssam 1519-cu ildə ölənə qədər dəfələrlə bu tablonun üzərində işləməyə qayıtmışdı və həyatdan getməsi ona öz incisini tamamlamağa imkan verməmişdi.

Tabloda ana Mariya oğlunu, görən öz əllərindən azad etməyəmi çalışır, yoxsa onu geri, ağuşuna qaytarmağa cəhd edir. Bu barədə qərar vermək çətindir. Müqəddəslərin populyarlaşması üçün Yüksək Renessans dövrünün rəssamlıq dili yenidən canlandı. Ana Mariya körpə oğlu İisusu bütün analara məxsus olan bir qaydada qorumağa, əzizləməyə çalışır. Rəssam bunu ifadə etmək üçün simvolizmə də əl atır, onun yuxusunun yozulması da məhz buna əsaslanır.

Mikelancelo Buanorittinin (1475-1564-cü illərdə yaşamışdır) "Ölən qul" heykəltaraşlıq əsəri mərmərdə klassik əzab ağrılarını əks etdirir. Vazarinin yazdığı kimi, qulların son uyuduğu məntəqə (onların qəbirləri aşağı səviyyədə olurdu) nəzərdə tutur ki, onlar Katolik kilsəsinin təlqin etdiyi müxtəlif əlamətləri təmsil edirlər. Heykəldə qul çılpaq şəkildə təsvir olunur. Son anda köynəyini də çıxarmağa cəhd edir. "Ölən qul" da həyatı tərk etmək vaxtı, bu ağır anın yaratdığı kədər ekstazını təcəssüm etdirirdi. Həyatla vidalaşan adamın təsviri, bir daha xatırladır ki, bu taleyi o da, özü də təklikdə yaşamalı olacaqdır. Çünki ölümə heç bir şərik olmur. Daşdakı fiqura da, heykəltaraşın məharəti ilə son anda özünü oyanılması mümkün olmayan yuxu zəncirindən azad etməyə çalışır. Mərmər bu fərdi izahatı dəqiq, olduqca canlı surətdə ifadə etməyə qadir olur.

Görkəmli alman rəssamı Hans Holbeynin fırçasının məhsulu olan portret görkəmli humanist Erazm Rotterdamlıya həsr edilmişdir. Holbeyn öz qəhrəmanına elə bil ki, ölməzlik bəxş edir və bununla həm də özünün rəssamlıq istedadını nümayiş etdirir. Erazm sədaqətli katolik kimi, Martin Lüterin essesi ilə mübahisə etməyə girişmişdi. Lakin həm də o, bu vaxt sülhü və barışığı müdafiə etdiyini deyirdi. Bununla da, o, ənənəvi katolitsizmin ən qızğın tərəfdarı kimi çıxış edirdi. Bu uğuruna görə Holbeyn 1536-cı ildən İngiltərə kralı VIII Henrinin ölümünə qədər, on bir il ərzində onun rəsmi rəssamı olmuşdu.

(Ardı var)

 





17.07.2026    çap et  çap et