Hicran Hüseynova 1970-ci il noyabrın 7-də Füzulidə doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "P.S" qəzetinin ədəbi işçisi olub. 1999-cu ildən "Ulduz" jurnalında çalışıb, tənqid və publisistika şöbəsinə redaktorluq edib.
Ədəbi fəaliyyətə orta məktəb illərində başlayıb.
"Yaşıl eskiz" kitabının müəllifidir.
Hicran Hüseynova 2026-cı il iyunun 4-də vəfat edib.
Hicran HÜSEYNOVA
lll
Nəfəsi külək
Ulduzları çiçək
Günəşi göyçək TANRIm!
"Ucalardan ucasan,
Kimsə bilməz necəsən!"
Mən bilirəm: Qadirsən, Rəhman
Rəhim, Kərimsən!
Çiçək ulduzlarınmı soldu, TANRIm
Göyçək günəşinmi söndü
Günəş nəfəsinmi təngidi -
Səndən sevinc istəmişdim...
Nooldu?..
A-naa
Qara, qıvrım saçlar düşür yadıma,
Gördüm səni o ağrılı anımda.
Heç kim görmürdü məni
Çağırdım gəlmədin onda
Gələ bilməzdin axı.
Gördüm səni yuxu kimi gəlib keçən
Sevimli günlərimdə.
Hamı gördü məni,
"xoşbəxt" də deyirdilər.
Mənsə xoşbəxt deyildim -
Sən yox idin yanımda.
...Yenə görürəm səni
Hər gün olduğu kimi,
Ruhun mənim yanımda
Ölənəcəm ağlayacam səninçün
A-naa!
Çağırır torpağım, çağırır anam...
Açılır ömrümün səhifələri
hələ oxunmamış bir kitab kimi...
Açılır həyata şux ləçəkləri
hələ qönçə olan bir çiçək kimi...
Bəlkə, ucalacaq göylərə qədər
indi qönçə olan bu şux ləçəklər.
Bəlkə, əziləcək, tapdanacaqdı...
bir anda solacaq, məhv olacaqdı...
Yox, məhv olmayacaq mənim həyatım!
Arzular olacaq mənim qanadım.
Oxumaq həvəsi, yazmaq həvəsi
bütün kainatın qəlbinin səsi.
Çağırır həyata, çağırır inam
çağırır torpağım, çağırır anam.
İnam... inamdakı qüvvəyə inan
yaşadır insanı, yaşadır inam.
Adamlar ölür burda
Adamlar ölür burda -
Gözümün qabağında,
əllərimin içində.
Çoxu cavan yaşında,
Çoxu da uzun sürən
Ağır xəstəlikdən sonra.
Örtmək olmur gözlərini,
Bağlanmır heç cür xırdaca əlləri,
qırmızı dilləri,
ürəksə çoxdan dayanıb.
- Aldanıb cənnət adına
özünü öldürən adamlar.
İndi çətin diriləsiz,
Torpaq örtər gözünüzü,
Qulaqlarınızı da bir "rəhmətlik" sözü,
bundan sonra nə dirilmək...
Bilirəm sən nədən öldün
səni də bilirəm,
dostum, səni də,
səni də, səni də.
Sənsə ölü doğulmuşdun ölü atadan,
anadan, heç bir gün də yaşamadın -
Doğulandan dilindəydi
qəbir, kəfən.
...Adamlar ölür burda,
gözümün qabağında,
əllərimin içində.
Biri ölü doğulur,
biri özünü öldürür,
Birin öldürür ölülər!
Adamlar ölür burda!
Əlimdən heç nə gəlmir,
əlim cəsədlə doludur...
Gözlədiyim gün
Hardaydın, gözlədiyim gün,
Niyə belə gec gəldin?
Demirdin küsüb gedərəm,
Canımdan bezib gedərəm.
Düzü, gedirdim elə,
köhnə,
bozarmış günlər
dolaşdı ayaqlarıma,
qarşımı kəsdi nəsə,
özüm-özümdən utandım,
nə vaxtsa dediyim
sözdən utandım.
...Və sən gəldin
Heç gözləmədiyim gün...
Gəldin, xoş gəldin, nə deyim,
Sevinə bildimi amma
buna hər iki gözüm?..
Köhnə sözlər
Eh, o qədər deyiləsi sözüm var,
Gecələr sözə bürünüb yatıram.
Gündüzlər söz yeyirəm çörək əvəzinə.
Dilim qabar olub sözün
köhnəsini, yanığını yeməkdən.
Əlim qabar olub sözün
qarasın gizlətməkdən.
Eh, o qədər deyiləsi sözüm var,
asılıb əlimdən, ayaqlarımdan;
hamısı da ağır-ağır,
dözmək olmur.
Üzümdən, gözümdən tökülür sözlər,
səsimdən, baxışımdan tökülür,
Yox, dilimi dişləyim,
Neyniyəsən, hər sözü demək olmur...
çap et